Edebiyyat.az » Proza » Kənan Hacı - Fəna fasiləsi(roman, üçüncü hissə)

Kənan Hacı - Fəna fasiləsi(roman, üçüncü hissə)

Kənan Hacı - Fəna fasiləsi(roman, üçüncü hissə)
Proza
admin
Müəllif:
11:48, 05 dekabr 2021
1 733
0
Kənan Hacı - Fəna fasiləsi(roman, üçüncü hissə)
                       
                     
(davamı)


Əliyar bəyin mülkündə həmin gecəki məclisin səsi-sorağı səhərisi günü ətraf kəndlərə, ordan da Şirvana yayıldı. Dükan-bazarda, karvansaralarda camaat Əliyar bəyin Aleksandr Dümanın şərəfinə düzənlədiyi ziyafətdən danışırdı. 
-Deyirlər Səttar o məclisdə bir oxumaq oxuyub ki, gəl görəsən! Zalım oğlunun səsi şax-şax vururmuş. 
-Görənlər danışır ki, Əliyar bəy qonaqlara qiymətli əşyalar bağışlayıb. 
-Dümanın özünə daş-qaşla bəzənmiş qılınc hədiyyə edib. 
Bu söz-söhbətlər Bakı polismeysteri Piqulevskinin də qulağına gedib çatmışdı. Əliyar bəyi gözü götürməyənlər, mərdiməzarlar onun qulağını doldurmuşdular ki, özünü kəndxuda kimi aparır, heç kəsi, hətta sizi də saymır. 
“Əliyar bəy yaman saymazyanalıq edir. Bu nə özbaşınalıqdır? Bizim başımızın üstündən iş görür, heç kəslə məsləhətləşmir. Onun dərsini vermək lazımdır”. 
Kabinetində oturub qəzəbindən zəncir çeynəyirdi. Əliyar bəy üçün xəbər göndərdi ki, bir kontora baş çəksin. Xəbər Əliyar bəyə çatanda o saat bildi ki, Piqulevski onu nədən ötrü çağırır. Atlanıb arxayıncasına kontora üz tutdu. 
Məmurların, sahibkarların özbaşınalığı, yarıac, yarıtox güzəran fəqir-füqəranı cana gətirmişdi. Fəhlələrin, savadsız kütlənin hüquqsuzluğu onları kölə halına gətirmişdi. Çar hökümətinin müstəmləkəçilik siyasəti sahibkarların vəziyyətini gün-gündən ağırlaşdırırdı, yerli feodallar isə rəiyyəti istismar edirdi. Töycünün yığılması o qədər insafsızcasına həyata keçirilirdi ki, kəndli evinə bir urvalıq un belə apara bilmirdi. Vergi yığılmasında vahid qayda yox idi, hər feodalın özünün kəndliləri istismar etmək metodu vardı. Rəncbərlərin istismarı biyar formasında həyata keçirilirdi, var-yoxdan çıxmış rəncbərlərin çoxu daxma və zirzəmilərdə qalırdılar. Bu ürəkgöynədən mənzərələr Əliyar bəyin ürəyini sıxırdı, düşünürdü ki, Piqulevski bu məsələlərlə məşğul olmaq əvəzinə iş görmək istəyən sahibkarları gözümçıxdıya salır, özünü təkəbbürlü aparır, mülkədarlara yuxarıdan aşağı baxır. Camaat bilmir dərdini kimə desin. Mülkədarlar da halal-haram bilmirlər, zalım uşaqları. Hərə bir tərəfdən çapıb talayır. Nə Allah tanıyırlar, nə din bilirlər. Təhkimçi çar mütləqiyyətinə də bu vəziyyət sərf edirdi, rəiyyəti öz feodallarından asılı vəziyyətdə saxlamaqla etirazların kökünü kəsirdi. Buna görə də kəndlinin şikayətinə baxan yox idi, kəndli də mülkədardan qorxduğu üçün hər zillətə dözüb səsini çıxarmırdı. 
Piqulevski əzazil adam deyildi, qanun-qaydaya riayət edən adamlarla mehriban rəftar edirdi. İpə-sapa yatmayanlara qarşı isə amansız idi, verdiyi sərt qərarlar çoxunu qorxuya salmışdı. Hökümətə ağ olanları ölüncəyə qədər şallaq vurdurub dama saldırırdı. Qoçular onun adı gələndə zağ-zağ əsirdilər, uzaqdan onun faytonu görünəndə qaçıb gizlənirdilər. Küçədə təsadüfən üzbəüz gələndə isə onun qarşısında təzim edirdilər. Bozumtul, xırda gözləri həmişə ifadəsiz olardı, qarşılaşarkən onun hansı əhval-ruhiyyədə olduğunu müəyyən etmək çətin idi. Polkovnik libası şax qamətinə çox yaraşırdı, çiynindən asılmış enli baftadan sallanan şaşkanın ucu yerlə sürünürdü, çox vaxt çəkmələrinə məhmiz taxırdı.  Boynundan asdığı zağlı polad xaç par-par parıldayırdı, polad xaçın çox böyük imtiyazları vardı. 
Əliyar bəy gözətçi qaradovoya dedi ki, onu rəis özü çağırıb. Qaradovoy yuxarı mərtəbəyə adam göndərib xəbəri dəqiqləşdirəndən sonra Əliyar bəyi içəri buraxdı. Piqulevski kabinetində Qubernator bağına baxan pəncərənin önündə əlləri arxasında dayanıb çölə diqqət kəsilmişdi. Qapının səsinə çevrilib Əliyar bəyi görüncə masanın arxasına keçib kresloya əyləşdi.
-Buyurun, gəlin, - dedi. 
Rəisin narazı tövrü Əliyar bəyin nəzərindən qaçmadı. Yaxınlaşıb göstərilən yerdə əyləşdi.
Piqulevski eynək arxasından onu süzüb kinayə ilə: - Deyəsən bizi tamam unutmusunuz, Əliyar bəy, - dedi. – Dəvət etdim ki, sizə xatırladım, bu şəhərin də bir yiyəsi var.
Əliyar bəy bu sözdən tutuldu, rəngi qaraldı. Piqulevski bunu hiss edib vəziyyəti nisbətə yumşaltmaq məqsədilə sözlərinə əlavə etdi:
-Yəni demək istəyirəm ki, bizi bura təyin ediblərsə, şəhərdə nələrin baş verdiyindən xəbərdar olmalıyıq. Mənə dedilər ki, fransız yazıçısının şərəfinə ziyafət təşkil etmisiniz. 
-Qəbahət iş görmüşük? – deyə Əliyar bəy soruşdu.
-Çox yaxşı etmisiniz. Aleksandr Düma bizim evimizdə də qonaq olub. Amma ziyafət verəndə gərək bizə də xəbər edəydiniz. Hər halda bu, sizə əskiklik gətirməzdi. 
Bir müddət bundan öncə Piqulevski Dümanın Dərbənddən çıxıb Bakıya doğru gəldiyini eşidincə onu qonaq etmək qərarına gəldi. Həmin hadisəni Dümanın öz dilindən eşidək:
Səhər açılar-açılmaz yuxudan oyanıb ətrafa nəzər saldıq. Nə azərbaycanlılar, nə də onların dəvələri vardı. Lələ köçüb, yurdu qalmışdı. Çöl də dəniz kimi bomboş idi. Gəmisiz dəniz nə dənizdir? Mən bundan ağır, bundan kədərli heç nə təsəvvürümə gətirə bilmirəm. 

Biz hələ durmamış atları hazırlamışdılar. Bircə onları faytonlara qoşub yola düşmək qalırdı. Ətrafı bürümüş ağımtıl duman çox yaxşı hava olacağından xəbər verirdi. Dumanın arasından bərk qaçdıqlarından sanki ayaqları yerə toxunmayan dağ keçiləri görünürdü. O qədər ürkək, o qədər qorxaq idilər ki, bir az yaxınlaşıb bircəciyini də vura bilmədim. Dağların güneyi çəhrayı, quzeyi isə bənövşəyi rəngə çalırdı. Qəribə bir mənzərə ilə qarşılaşmışdıq. Bir yanda qızıl kimi parıldayan qum səhrası, o biri yandan mavi Xəzər! Biz Bakıya qədər bu mavi dənizi — gəliş-gedişi az olan, unudulmuş, itirilmiş, insanlara az bəlli olan, ünvanına çox böhtanlar yağdırılan yazıq və məsum Xəzəri bir daha görməyəcəkdik. Əslində isə Abşeron yarımadasının elə bir nöqtəsinə çatmışdıq ki, Qızılburundan bura qədər yol Xəzər dənizinin sahili boyu uzanıb gəlirdi. Buradan yol gözlənilmədən sağa burulub çöllüyə sarı irəliləyir və sanki nizə şəkilli yarımadanı dənizdən asılı qoyurdu. Beş-altı kilometr hamar yoldan sonra enişər, yoxuşlar gəlirdi. Hiss olunurdu ki, Qafqaz sıra dağlarının son aşırımlarını arxada qoyuruq. 

Bizim Burqund yaylasına bənzəyən bu yerlərdə yolboyu kiçik kəndlər gözə dəyirdi. Evlərin bacalarından tüstü çıxır, biçənəkdə sürülər otlayırdı. Arpa-buğda cücərib qalxmışdı. Orda-burda boz dağların döşünə elə bil qeyri-bərabər biçimdə xalılar döşənmişdi. Hər halda bu, bir mədəniyyət idi. Əkin-biçin, qorxusuz otlayan sürülər, evlər, sakitlik insanların dinc həyat sürdüyünə dəlalət edirdi. Dərindən nəfəs aldım. Neçə vaxt idi ki, mədəniyyət barədə heç bir söz eşitməmişdim. Özümü rahat hiss etdim.

— Görəsən, yolun mənzərəli və təhlükəli hissəsi birdəfəlik arxadamı qaldı?

— Bəli, — deyə azərbaycanlı bələdçimiz cavab verdi.

Lakin Qafqaz dağlarının o biri ətəyində biz gözəl mənzərələr və təhlükə məfhumlarının ikili xarakter daşıdığını duyub razı qaldıq. Təhlükə, qorxu yolçunun qəribə bir yol yoldaşıdır. Əvvəlcə adam çəkinir, çalışır ki, qorxuyla üz-üzə gəlməsin. Sonra ona alışır və nəhayət, onun yaxında olmasını arzulayır. Bu, elə bir təsiredici qüvvəyə malikdir ki, yaxında olanda insan hər şeyin qiymətini, dəyərini ikili duyur. Təhlükənin olmasına adam sevinir, o sovuşanda təəccüblənir. Hətta yolunu dəyişib təhlükəli, qorxulu yolla getmək istəyir. Biz istəməzdik ki, onunla birdəfəlik vidalaşaq. Ona görə də «hələlik» deyirəm... 

İlk baxışdan adama elə gəlirdi ki, Bakı iki hissədən ibarətdir: Ağ şəhər, Qara şəhər. Bakı Rusiyanın tərkibinə daxil olandan sonra şəhər ətrafında meydana gələn tikililər Ağ şəhəri təşkil edir. Qara şəhər isə şəhərin qədim hissəsidir. Bu şəhər də Dərbənd kimi divarlarla əhatə olunmuşdur. Dərbənd qalasının divarları qədər gözəl və mənzərəli olmasa da, bu divarların özünəməxsus xüsusiyyətləri var. Aydın məsələdir ki, bu divarlar artilleriyadan deyil, soyuq silahdan müdafiə olunmaq üçün ucaldılmışdır. 

Şəhərin mərkəzində nəzəri Xan sarayı cəlb edirdi. Buradan qədim məscidin əyilmiş minarəsini və ayağını Xəzərin suları yuyan Qız qalasını da görmək olur. Bakıya daxil olmaq orta əsrlərin alınmaz qalalarından birinə girmək təsiri bağışlayır. Divarları üçqat olan qalanın qapıları o qədər dardır ki, üç at qoşulmuş arabanı qapıdan keçirmək üçün yan atı açmalı olduq. Şəhərin Şimal qapıları yanında böyük bazar, Şərq memarlıq üslubundan daha çox Qərb memarlıq üslubuna yaxın, daha doğrusu, Avropasayağı tikilmiş binalar və sağ tərəfdə xristian kilsəsi vardı. 

Bizi birbaşa M. Piqulevskinin iqamətgahına apardılar. O, qapının ağzında bizi salamladı, lakin evə dəvət edə bilmədi. Çünki evində iki azərbaycanlı qadın qonağı vardı. Müsəlman dini qadınların yad kişilərin yanında üzü açıq oturub söhbət etməsinə yol vermir. Bu yandan da bizə uzun səfərdən sonra yuyunub-rahatlanmaq vacib idi. Bizi öz adamlarından biri ilə yaşayacağımız «Avropa klubu»na yola salan M. Piqulevski yuyunub-rahatlandıqdan sonra onunla nahar etməyimizi xahiş etdi. Xristian kilsəsinin yanında şəhərin ən mənzərəli yerlərindən birində yerləşən bu klubun salon və otaqlarını mənim sərəncamıma vermişdilər. Göstərilən qonaqpərvərlik üçün söz tapa bilmirəm. Bircə onu deyə bilərəm ki, bütün yolboyu bizə göstərilən qonaqpərvərlik gözlədiyimizdən də üstün idi. 

Yuyunub-rahatlanmaq üçün M. Piqulevskinin bizə çox vaxt verməsinə ürəkdən sevinirdik. Lakin yenicə yuyunmuşduq ki, Piqulevski özü iki faytonla arxamızca gəldi. Azərbaycanlı xanımlar öz milli və dini qanunlarını pozaraq mütləq məni görmək istəyirdilər. Biz hazırlaşana qədər M. Piqulevski gözlədi. O, gözəl adam idi. Onun haqqında bir neçə kəlmə deməyə dəyər. O, Bakının həm bələdiyyə, həm polis rəisi, həm də hakimi idi. Bu ucaboy, enlikürək adamın qırx yaşı olardı. Əynində rus forması, başında azərbaycanlı papağı vardı. Xəz papağını gözlərinin üstünə elə basmışdı ki, gözlərini güclə görmək olurdu. Gözlərindən səmimilik oxunurdu. Fransızca bir kəlmə də bilmirdi. Rusca isə elə aydın, elə ifadəli danışırdı ki, nə demək istədiyini tamamilə başa düşürdük. 

Onun sifətindən xoşbəxtlik yağırdı. Elə bil Babil qüləsinin dağıldığı gündən bu günə qədər alimlərin yaratmaq arzusunda olduğu beynəlxalq əlifbanın ilk hərflərini bu xoşbəxt adam kəşf etmişdi. 

Faytonlara əyləşib M. Piqulevskinin iqamətgahına gəldik. Mən onun üz-gözündəki sevinci indi anladım. Onun on altı yaşında gül kimi zərif və gözəl qızı, otuz iki-otuz dörd yaşında, anadan çox öz qızının bacısına oxşayan çox cazibədar bir qadın əlimizi sıxaraq bizi salamladı. Ailənin iki-üç uşağı da vardı. Heç vaxt ağrı-acı dadmamış bu ailə həyatın pillələri ilə dərdsiz-qəmsiz irəliləyirdi. Səbirsizliklə gözləndiyimiz, hörmətlə qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və onlardan birinin, gənc xanımın əri də iştirak edirdi. Çadra örtmüş bu xanımların biri Qarabağın axırıncı xanı Mehdiqulu xanın arvadı, o biri qızı idi. Anaya qırx, qızına isə iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Qəşənglikdən daha çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən gənc xanımın yanında iki uşağı da vardı. Anası kimi milli geyimdə olan üç-dörd yaşlı qız uşağı maraq dolu, böyük, qara gözlərini bizdən çəkmirdi. Beş-altı yaşlı oğlan uşağı isə nənəsinin dizinə sıxılmış və sövqi-təbii ilə kiçik əlini belindən asılan xəncərin üstünə qoymuşdu. 

Mən mat qalmışdım. Bu, fransız qadınının uşağın oynamasına icazə verə biləcəyi oyuncaq xəncər deyildi, oğlanın belindəki əsl iti xəncər idi. Azərbaycanlı qadınlar üçün bu, birinci uşaq oyuncağı hesab olunurdu.

Gənc xanımın həyat yoldaşı Xasay xan Usmiyev ürəyəyatan, gözəl insanlarla yolda baş çəkdiyimiz Andreyevo kəndində anadan olmuşdur. Otuz beş yaşlı Xasay xan qədd-qamətli idi. Alışıb-yanan gözlərində nəsə bir narahatlıq duyulurdu. Qapqara saqqalı onun dişlərini daha ağ göstərirdi. Başına qıvırcıq quzu dərisindən tikilmiş gözəl papaq qoymuşdu. Uzun, qara çərkəzi çuxa geyinmişdi. Çuxaya qızıl sapla naxış vurulmuş, yaxasında ətrafı qızıl və gümüşlə haşiyələnmiş iki patrondaş, belində saf qızıldan olan gözəl kəmər vardı. Kəmərdən fil sümüyü və qızılla işlənmiş zərif bir xəncər asılmışdı. Əynindəki şalvar İran qumaşından tikilmişdi. Dağlılar arasında dəbdə olan qumaş şalvarı dizdən aşağı sıxmışdı. Fransızca parislilərdən heç də pis danışmayan Xasay xan ləyaqətli adam idi. Mən onun mədəniyyətinə, ağlına, fransızca təmiz danışmağına heyran qalmışdım. Xanımlar əvvəlcədən nahar etmələrinə baxmayaraq, məclisi tərk etmədilər. Onlar bizim söhbətimizə diqqətlə qulaq asırdılar. Deyilənləri onlara hərdənbir Xasay xan tərcümə etsə də, nahar başlanandan qurtarana qədər dilmancımız M. Piqulevskinin gözəl qızı idi.


Düma Natavanla Piqulevskinin evində şətrənc taxtası arxasında görüşüb onu məğlubiyyətə uğratmışdı. Qonaq pərtliyini biruzə verməsə də, Şərq qadınının bu qədər mükəmməl şətrənc oynadığına heyran qalmışdı. Xan qızı fransalı qonağa Şah İsmayılla Sultan Səlim arasındakı şahmat oyununun tarixçəsini danışmışdı. Vaqeə belə baş vermişdi: Şah İsmayıl ilə Türkiyə sul¬tanı Səlim arasında hələ uşaq vaxtlarında qızğın şahmat yarı¬şı keçirilərmiş. “Sonralar Türk sultanı olacaq Səlim Trabzon va¬lisi vəzifəsində işləyən zaman bir dəfə Təbrizə gəlir, Şah İs¬mayılın şahmata böyük maraq göstərməsini bilib onu oyuna dəvət edir. Şah İsmayıl bu təklifi qəbul edir. Çox keçmədən şahmat taxtası gətirilir. Oyun başlanır. Hər iki tərəf əvvəlcə öz qüvvələrini səfərbərliyə alır. Şah İsmayıl bir neçə fənd iş¬lədərək qalib gəlir. Bir oyunda isə Səlim İsmayılın şahı¬nı sıxışdırıb ona mat elan edir və ucadan qışqırır: “Şah mat ol¬du!”. 
Bu sözü eşidən kimi Şah İsmayıl sol əlinin arxası ilə Səlimin sinəsinə vurub onu itələyir: “Heç şah da mat olarmı?”  Hamı Xətainin bu hərəkətinə təəccüb edir, çoxları bu məsələnin əsl kökünü anlaya bilmir. Əslində Xətai çox incə bir mətləbi burada ustalıqla və diplomatik yolla izah etmişdi. Xətai “şah mat oldu” cümləsinin hərfən “şah öldü” mənası verməsindən istifa¬də edib başa salır ki, şah ölmür, o, ancaq ümidsiz vəziyyətə salınır, yolları bağlanılır. Oyunda şah öldürülmür, başqa daş¬lar kimi vurulub kənara qoyulmur. Şah İsmayıl Xətai orta əsr müharibələrində bir zamanlar döyüşdə, ümumiyyətlə, şahla¬rın öldürülməməsi qaydası ilə şahmatın şahının öldürülməmə¬si arasındakı müəyyən uyğunluğu görür və eyhamla başa sa¬lır ki, şahmatın şahı öldürülmədiyi kimi, Səfəvilər xanədanı da məhv edilə bilməz. 
Şahmat taxtası üzərindəki gedişlər dənizin üstündə cövlan edən külək kimidi. Dəniz buralarda asanlıqla durulmaz, rüzgarın nəfəsini başı üstündə hiss edincə qıvrıla-qıvrıla sahilə çırpılar. Sular didərgin ruh kimi sahillə üfüq arasında var-gəl edər. Buralarda rüzgar quzey demək idi, quzey isə açıq dənizdir. Xırçınlı oyanışlar öz bətnində fırtınalar gizlədir. Havada asılı qalan yosun qoxusu... Dəniz balıqların vətənidir, insan da balıq kimi üzə bilirsə, dəniz ona qucaq açar, üzə bilməyənləri sularında qərq edər. Şahmat zəki insanların məşğuliyyətidir. Bu oyunda fiqurların hərəkət qaydasını bilməklə heç nəyə nail ola bilməzsən. Riyaziyyatı bilməyən adam şahmat oynaya bilməz. Burada Natavanla Dümanın zəkası toqquşmuşdu. Fərqli beyinlərdə fərqli strategiyalar müxtəlif kombinasiyalar qurmuşdu. Qonağın qələbə üçün lazım olan bütün ehtiyatları tükəndi. Xan qızı vəzirini qurban verməklə üstünlüyü ələ keçirdi. Nəticədə bu mücərrəd döyüşdə Natavan tərəfdən əsən rüzgar Dümanın şahını mat etmişdi. Xan qızı “Dürri yekta” olduğunu bir daha sübuta yetirmişdi. 
-Napoleonun məşhur əhvalatından yəqin ki, xəbəriniz var, – Düma öz pərtliyini aradan qaldırmaq məqsədilə gülümsəyib rəqibini söhbətə çəkməyə çalışdı.
Natavan qalib əda ilə başını tərpətdi:
-Bilirəm. Yelena adasında sürgündə olarkən yaxın dostu ona fil sümüyündən hazırlamış şahmat göndəribmiş. At fiqurunun içində sürgündən qaçmaq üçün yol xəritəsi qoyulmuşdu. Napoleon hər gün özü özüylə şahmat oynayırmış, belə demək mümkünsə, öz kölgəsi üzərindən hoppanmaqla məşğul imiş. Amma təəssüf ki, Napoleon o xəritədən xəbər tutmamışdı.
Xan qızının həddən artıq məlumatlı olması, kübarlara məxsus davranışı qonağı məmnun etdi. Əliyar bəylə ünsiyyət də onun yaddaşında dərin iz buraxdı. Onun elmə, mədəniyyətə bu qədər önəm verməsi Dümada xoş hislər oyatdı. Ayrılanda onu Parisə dəvət etdi:
-Əliyar bəy, sizi Parisdə gözləyəcəm. Mütləq gəlin. Bizə şərəf vermiş olarsınız. 
Əliyar bəy: - Qismət Allahındır. Qismət olarsa, gələrəm, - dedi. –Dəvət üçün təşəkkür edirəm! 
-Mən Şərq insanını bu cür təsəvvür etmirdim. Deyirdilər, müsəlmanlar xürafatın əsiridirlər, maarifdən uzaqdırlar, orda cəhalət at oynadır. Amma mən bunun tam əksini gördüm və gördüklərim təsəvvürlərimi alt-üst etdi. Sizin məmləkətdə böyük zəka sahibləri varmış. –Aleksandr Düma düşündüklərini dilə gətirdi. 
-Şərq böyük xəzinədir, müsyö. Avropanın bütün mütəfəkkirləri Şərq xəzinəsindən öyrəniblər, hələ də öyrənirlər. Şərqin böyük filosofları olub. Bəhmənyar, Fərabi, İbn Sina... Saymaqla qurtarmaz. Bizim böyük şairlərimiz Nizami Gəncəvi, Nəsimi, Füzuli Şərq poeziyasının dahiləri hesab olunurlar, - Əliyar bəy öz xalqının zəka sahibləri haqqında  iftixarla danışırdı.
İndi Piqulevskinin kabinetində oturub millətinin maarif işığına çıxması üçün hələ nə qədər çalışmaq lazım gəldiyini düşünürdü. Piqulevski və onun kimi imperiya çinovnikləri bu xalqı əsarətdə saxlamaqla onun milli şüurunun oyanmasına imkan vermirdilər. 
Onda Mirzə Fətəli Axundzadə “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah”ı yenicə yazmışdı. Şərqi qaranlıqlar içində saxlayanları ifşa etmişdi. Qurnaz və kələkbaz müsyö Jordan özü kimi şeytanməcaz ruhlarla əlbir olub Şərəfnisələrin avamlığından istifadə edir, Parisi “dağıdır” ki, Şahbaz bəy gedib orda oxuyub adam ola bilməsin. Dünyanın bu ən zarafatcıl və şən cadugəri müsəlman qövmü ilə əməlli-başlı məzələnir. Bu, müsyö Jordanın günahı deyildi, avam kütlə ilə hər kəs bu cür məzələnə bilər.     
 
(Ardı var)
    



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)