Səlim Adnan - Ana
Proza
Onlara ayda bir dəfə görüş verirdilər. Belə günlərdə tutqun və boş görünən, hündür daş divarla əhatə olunmuş həbsxananın həyəti həmişə adamla dolurdu. Sonra onları çıxarırdılar; arıq və solğun dustaqları. Qəfil sevincdən işıqlanmış gözləri camaatın içində yaxın adamlarını arayırdı. Bütün görüş günlərində olduğu kimi, bu gün də həyət canlanmışdı. Dustaqların qapıdan çıxdığını görən camaat hərəkətə gəldi. Günəş də əzab çəkmiş bu adamları salamlayırmış kimi şüa əllərini onlara uzatmışdı
Onlara ayda bir dəfə görüş verirdilər. Belə günlərdə tutqun və boş görünən, hündür daş divarla əhatə olunmuş həbsxananın həyəti həmişə adamla dolurdu. Sonra onları çıxarırdılar; arıq və solğun dustaqları. Qəfil sevincdən işıqlanmış gözləri camaatın içində yaxın adamlarını arayırdı. Bütün görüş günlərində olduğu kimi, bu gün də həyət canlanmışdı. Dustaqların qapıdan çıxdığını görən camaat hərəkətə gəldi. Günəş də əzab çəkmiş bu adamları salamlayırmış kimi şüa əllərini onlara uzatmışdı. O boşalmış kamerada tək qaldı. Çarpayıda böyrü üstə uzanıb, uzun-uzadı kələ-kötür və soyuq divarlara laqeydcəsinə baxdı. Onun yanına heç kim gəlməmişdi. Aşağıdan ayrılıq çəkmiş adamların həyəcanlı səsi eşidilirdi. Bu səs-küy onun qəlbini kövrək, qərib hisslərlə doldururdu. O bəxtəvər günlərini xatırlamağa çalışırdı. Oğlan çətinliklə nəfəs alıb, gözünü yumdu. “Görəsən o niyə gəlmədi? Axı, söz vermişdi. Bəlkə bir hadisə olub?”.
Bütün gecələri onun haqqında düşünürdü. Bir ay idi ki, bu günü gözləyirdi. Ancaq anasından mehribanlıqla dolu, həyəcanlı məktub gəldi. O yarımqaranlıq kamerada artıq pozulmuş vərəqləri dönə-dönə oxuyurdu. Hər dəfə də səhifələrdə anasının göz yaşını görürdü.
“ Oğlum, orada tək-təhna necə dolanırsan? Bizdən nigaran qalma, yaxşıyıq. Uşaqlar sağ-salamatdır. Məktəbə gedirlər. Hamı səndən ötrü darıxır. Yoldaşların hər gün bizə baş çəkirlər. Tezliklə evimizə qayıdarsan, hər şey düzələr. Bizdən arxayın ol, oğul ”
O məktubu kənara qoydu. Xatirələrdən ağsaçlı qoca anasının kədərli, mehriban gözləri göründü. Ana! O elə bil bu soyuq təhnalıqla dolu kamerada anasını, üzünün dərin qırışlarını, dodaqlarında ağır günlərdən yadigar qalmış acı təbəssümü gördü. Körpəliyini, anasının sakit, həzin səslə oxuduğu laylaları xatırladı. Ona elə gəldi ki, sərçə balası üçün çıxıb yıxıldığı və anasının alnına soyuq dəsmal qoyduğu günlər də uzun illər arxasında qalmayıb, lap bu yaxınlarda olub. O, unudulmaz keçmişinin xatirələri ilə təkbətək qalmağın əzabını, ağırlığını hiss edirdi.
Dörd körpəni dolandırmaq nə qədər çətin idi. Həyatda nə ağır gün yadına düşdü...
***
...Pəncərədən görünən səma işıqlanırdı. Ulduzlar əriyib yoxa çıxırdı. O arxası üstə uzanmışdı. İşıqlanan otağın əşyalarına baxırdı. Köhnə saatın dairəsi gözünə sataşdı: elə bil ki, saat təzə günün dəqiqələrini sayırdı. O, əqrəbləri görmür, ancaq onların titrək hərəkətlərini hiss edirdi. Saatın səsinə qulaq asa-asa özü haqqında düşünürdü. Artıq səhər açılmışdı.
Birinci iş günü! Ən çətin gün! O, bu gün arzusuna çatacaq, evlərinə pul gətirəcəkdi. Pul! Xışıldayan balaca kağız-ona hər şey almaq olar; ət də, çörək də, yarma da. Atasının ölümündən bir il keçdi, onun tutqun, sərt gözlərinin ifadələri oğlu üçün aydın idi. Atasının səsi indi də onun qulaqlarında səslənir: “Oğlum, sən zadəgan nəslindənsən və bu nəslin layiqli sələfi olmalısan”.
Qəribədir, görəsən ata oğlunu həbsxanada görsə, nə deyər? Sonra atası öldü. Onunla birgə səs-küylü qonaqlar da yoxa çıxdı. Daşqəlbli müamiləçilər onları zinhara gətirdi. Evləri yavaş-yavaş boşaldı. Otaqlara həzin, qüssəli sakitlik çökdü. Anası şorba bişirər, göz yaşlarını gizlədər və deyərdi ki, tezliklə məktəbi bitirib, atan kimi böyük adam olacaqsan, hər şey düzələcək. O, qardaş və bacılarının işıqlı gözlərinə, onların buğlanan şorbanı necə içmələrinə baxar və kədərlə düşünərdi ki, anası deyənlər uzaq illərin söhbətidir. Ailədə böyük uşaq o idi və bilirdi ki, anasını, körpələrini, o dolandırmalıdır. Bir vaxt evlərində yanmış sarı işıqlı şamların sevinc və şadlığını ancaq o, geri qaytara bilər. İşə girmək istəyirdi. Anası bu haqda eşitmək belə istəmirdi.
O, tələsik saata baxdı. Otaq işıqlanmışdı. Saatın əqrəblərini aydın görmək olurdu. Beşə on beş dəqiqə qalmışdı. O, yorğanı kənara atdı. Geyinib, pəncələri üstə qapıya yaxınlaşdı. Hamı yatmışdı. Bacısının üstünü örtmək üçün ona yanaşdı. Körpə, dodaqlarını marçıldadaraq nə isə mızıldadı, o biri üstə çevrildi. Dönüb getmək istəyəndə, ehtiyatsız hərəkət etdi. Ayağı döşəmənin üstündəki kuklalara toxundu. O, kuklanı əlinə götürdü. Oyuncağın baxışları buz kimi soyuq idi. Bu an kiminsə on baxdığını hiss etdi. Arxaya çevrildi. Anası kədərlə oğluna baxırdı. Onun yanaqlarından yaş axırdı. Anası oğlu görməsin deyə, tez üzünü örtdü. O, qapını açıb, təzə günün səhər soyuğunda küçəyə çıxdı.Döngəyə qədər gəlib, geri qanrıldı. Evləri ona kibrit qutusu kimi kiçik göründü. Evləri pəncərə gözləri ilə onun arxasında baxırdı.
Bağdad onu qızaran səma və təzə çıxan günəşin şüaları ilə qarşıladı. Sükutu zəif küləyin minarədən gətirdiyi azan səsi pozurdu: “Allahu-əkbər”
O axşam evlərinə yorğun halda qayıtdı. Ancaq şad idi. Bir günün ərzində qazandığı pulu mizin üstünə qoydu. Əlləri ağrıyırdı. Anası onu qucaqlayıb, başını sinəsinə sıxdı. “Oğlum!”. Sonra diqqətlə oğluna baxdı. Oğlunun baxışları qəti və inamlı idi. Anası tez çevrildi, qonşu otağa getdi. Oğlan onun ardınca qaçdı; qadın dizi üstə Quranın qarşısında yerə çökmüşdü. Namazı yarımçıq kəsmək olmazdı.
***
“ Ana! Anacan!”. O, anasının doğma, isti əlini elə yaxşı xatırlayır ki... Polislərin yaralı halda onu qovduğu gün həmin əllər onu qucaqlamışdı. Ana oğlunu nə gözlədiyini bilirdi və bu haqda ondan heç nə soruşmurdu. Həmişə onun başını sinəsinə sıxar və uşaqlıqda olduğu kimi pıçıldayardı: “ Allah, sən özün mənim balama kömək ol!”. Ana oğluna inanırdı və bilirdi ki, onun oğlu heç kəsə pislik etməz.
O, cuna ilə oğlunun kürəyindəki güllə yerini sarıyırdı. Səssiz-səmirsiz axan göz yaşları onun yanaqlarından aşağıya damcılayırdı.
Oğlu anasının vəziyyətini fikirləşdi. Yəqin ki, ağır düşüncələr onu üzdü. Dörd körpəni dolandırmaq çətin idi.
Görəsən , indi adamlar ona necə baxır? Axı, o devrimçi anasıdır. Amma o, bir şeyi bilirdi ki, indi anası qara saçlı, balaca bacısını qucağında yırğalana-yırğalana bir neçə il əvvəl oğlunu da beləcə yatızdırdığını düşünür. Çörək yeyəndə, qaşığı ağzına yaxınlaşdıran kimi, acı qəhər ananı boğur.
“ Ah! Anamın müqəddəs göz yaşları. Nə çox axıbsınız: uşaq doğulanda, sevincdən, nənninin başında deyilən laylalardan, yuxusuz gecələrdən, həyəcanlardan. Övladlarıyla fəxr edəndə də müqəddəs göz yaşları axır. Ancaq bu cür yaşları nədənsə az görürük və yaxud görmək istəmirik...”
***
O, kameranın görüşdən qayıdan yoldaşları ilə dolduğunu hiss etmədi. Doğma adamlarıyla görüşün sevinci onların üzündən çəkilmişdi. Həbsxananın o tayından- azadlıqdan gəlmiş xəbəri bir-biri ilə həvəslə bölüşürdülər. Onlar bu xəbəri nə qədər gözləmişdilər. iyasi məhbusların yazılmayan qanununa görə, doğma adamların gətirdiyi yenilikləri hamı bilməliydi. Axı, yanına heç kim gəlməyənlər də var. Birdən hamı sözləşibmiş kimi, susdu. Hər şey aydın idi. Gözü yoldaşının əlindəki kitaba sataşdı. O, yalnız kitabın üz qabığındakı yazını oxuya bildi: “ Maksim Qorki”. Qaranlıqdan kiminsə səsi eşidildi.
- Şam hardadır?
Çörək olan yerə baxın. Bəlkəm ordadır. Gecə... Artıq kameralarda işıq keçib. Yanan kibritin zəif alovunda şamın zərif silueti göründü.
- Nədən başlayırıq?
Hamı işığa yaxın oturdu. Zəif yanan şamın başına toplaşdılar.
“ Fəhlə məhəlləsi üzərində, tüstülü və yağlı havada hər gün fabrik fitinin titrək səsi eşidilir.yuxudan doymamış qaşqabaqlı insanlar, bu çağırışa tabe olaraq hürküdülmüş tarakanlar kimi, alçaq və boz evlərdən küçəyə tökülüşdülər”.
Ayaq səsi eşidildi. Kimsə ağır addımlarla kameraya yanaşdı. Kitab oxuyan susdu. Şam söndürüldü.
Addım səsi uzaqlaşdı. Hər şey yenidən başlandı. “ Yoldaşlar! Deyirlər, dünyada müxtəlif millətlər yaşayır: almanlar və yəhudilər, ingilislər və tatarlar. Mən buna inanmıram. Ancaq iki xalq var; iki barışmaz xalq- varlılar və kasıblar! Bu insanlar başqa cür geyinir, başqa cür danışırlar. Görün, varlı fransızlar, almanlar, ingilislər fəhlə ilə necə rəftar edir?”.
O, yoldaşlarının üzünə baxdı. Hamı kitab oxuyanın həyəcanlı səsinə qulaq asırdı. Növbə ilə oxudular. Şamın titrək işığı sönməsin deyə tez-tez piltəni gödəldirdilər. Növbə ona çatdı. O, ehtiyatla kitabı yoldaşından aldı və oxumağa başladı.
“Nilovnanın həyatı qəribə sakitliklə davam edirdi. Bu sakitlik onu təəccübləndirirdi. Oğlu həbsxanada idi və o bilirdi Ki, Paveli ağır cəza gözləyir”.
Onun səsi qırıldı. Az sonra özünə gəldi. Üzü birdən-birə daxilində yaranan hansısa bir hissdənsə işıqlandı. O, oxuyur və anasını görürdü. Bəli, bu onun anası idi.
“ Hərdən oğlu onun gözündə nağıllardakı qəhramanlara bənzəyirdi. Elə bil, oğlu onun eşitdiyi bütün yaxşı sözləri bilirdi. Bütün qəhrəmanlıqları bacarırdı. İndiyə qədər adamlarda yaxşı nə görmüşdüsə, sanki hamısı oğlunda birləşmişdi. Yalnız bundan sonra ana dincələrək qürur və ümidlə düşündü. “Hər şey yaxşı olacaq”.
***
O, oxuyub qurtarandan sonra kitabı yanındakına verib, anasını xatırladı. Axırıncı görüşləri yadına düşdü. Hiss edirdi ki, anası üçün ağırdır. Anası bilirdi ki, əgər anası cavanlığına görə bağışlanmasını xahiş etsə, fikrindən döndüyünü etiraf etsə, onların yeməyə çörəkləri, yaşamağa evləri olacaq, oğluna iş verəcəklər. Amma o, susurdu. Anasının sonuncu görüşdə dediyi sözlər onun qulaqlarında səslənirdi. “Hər şey yaxşı olacaq, oğul. Hər şey!”.
Səhər tezdən qorxmuş nəzarətçi həbsxana rəisinin otağında idi. Elə bil, rəisin bədəninə cərəyan buraxdılar:
-Nə? Kitab oxuyurdular? Tez kameranı axtarın.
Kitabı onun döşəyinin altından tapdılar. Onu təkadamlıq kameraya apardılar. Üşümüş halda soyuq döşəminin üstündə oturdu. Donmuş əlləriylə dizini qucaqlayıb, küncə sıxıldı. Soyuq idi. Birdən o, sövq-təbii şəkildə içində şadlıq, xoşbəxtlik hiss etdi. Haradasa mahnı eşidildi, getdikcə güclənib, xora çevrildi. Səslər divarları, tavanları yarıb keçirdi. “Beynəlmiləl”in gur və əzəmətli sədaları otağa yayıldı. O gözlərini yumub, fəhlələrin qələbə himninə qulaq asdı. Köhnə Bağdadın küçələrinə axışan xalq kütləsini gördü. Ardı-arası kəsilməyən insan axınına baxdıqca hiss edir ki, nümayiş həbsxanaya yaxınlaşır. İndi camaat onu da azad edəcək. Oğlan qəti və inamlı addımların səsini eşidildi. Biraz da keçəcək, o azadlığa çıxacaq və bu insan dənizinin dalğaları ilə birgə bütün qaranlıqların qapılarını darmadağın edəcək.
O, açılan qapının və kiminsə kobud səsindən ayıldı. Nəzarətçi onun qarşısında dayanmışdı. O, nə isə dedi. Oğlan nəzarətçinin qan sağalmış gözlərinə baxıb, nə dediyini başa düşmədi.
- Niyə çığırırsan? Nə istəyirsən? Dustaq yavaşs əslə dilləndi:
- Heç nə.
Nəzarətçi narazı halda ona baxıb getdi. Oğlan qaranlıqda bardağı tapdı: iylənmiş sudan bir neçə qurtum içdi. Dişləri sızıldı. Bədəni titrədi. Hiss etdi ki, bütün əzaları, əli, ayağı keyləşdi. Gözlərini yumub, and içirmiş kimi “Beynəlmiləl”in sözlərini pıçıldadı. Hiss etdi ki, qəlbindən gur çayların daşmasına bənzəyən bir sevinc axır.
Tərcümə etdi: Vidadi Məmmədov
“Ədəbiyyat və incəsənət”
30 noyabr 1968-ci il
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
Kamran Səməd - Azaliya