Qustavo Adolfo Bekker: Ay işığı(hekayə)
İspancadan çevirdi,
Məmməd Məmmədli
Bilmirəm danışacağım əhvalat hekayəyə, yoxsa əksinə, hekayə əhvalata oxşayır. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə kədərli bir həqiqət dayanır.
Başqası bu ideyanı götürüb bəlkə də kədərlə dolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə bir az əylənib vaxt keçirə bilsinlər.
O, bir zadəgan ailəsindən idi. Top-tüfəng səsinin, döyüşdə çalınan cəngi zamanı əsgərlərin çıxardığı qəribə səslər arasında anadan olmuşdu. Müharibə vaxtlarında gözünü perqamentdən çəkmədən sonuncu nəğməsini oxuyaraq döyüşçüləri ruhlandırırdı.
Onu tapmaq istəyənlər yaşadığı geniş sarayda, rəiyyətin bəslədiyi dayçalar, ona xidmət göstərən qulluqçuların əhilləşdirdiyi yırtıcı quşlar arasında axtarmalı deyildilər. Onu hətta bekarçılıqdan nizələrini itiləyən əsgərlər arasında da görmək mümkün olmazdı.
—Manrike hardadır? Sizin senyor haradadır? -Hərdən anası narahatlıqla xəbər alar, suallar verərdi.
—Bilmirik, -xidmətçilər də belə cavab verərdi, - yəqin Penya monastırındakı qəbirlərin yanında oturub olülərin danışıqlarına qulaq asır. Yaxud da körpüdə arkanın arasından ötüb keçən çayın dalğalarına baxır. Bəlkə də çökək bir qayada uzanıb ulduzları sayır, göydə axan buludları seyr edir, suyun ləpələrini alışdıran ay işıgına baxır. Başqa sözlə, o, hamının olduğu yerdə olmurdu.
Həqiqətən də, Manrike tənhalığı sevirdi, hətta o qədər sevirdi ki, öz kölgəsini belə görmək istəmirdi. Çünki kölgəsi onu daim izləyirdi.
Tənhalığı sevirdi, çünki tənhalıqda xəyala dalır, özlüyündə fantastik dünya yaradırdı. O dünyada qəribə canlılar yaşayırdı, sayıqlamaların görüntüləri, şairin arzuları. O dərəcədə ki, heç nə onu qane etmədiyi üçün dünyasını yenidən qurub-yaradır, təkmilləşdirirdi, düşüncələrini gizli saxlamırdı.
İnanırdı ki, ocağın közündə min rəngə çalan alovda ruhlar dolaşır. Onlar həşərat kimi bir közdən o birisinə keçir, yaxud da közdən çırtlayan qığılcımlar kimi alovun uclarında rəqs edirdilər. Və bütün günü ocağın yanındakı skamyada sönük, ölü saatlarını keçirirdi.
İnanırdı ki, çayın dərinliklərində, mamırların arasında, həmçinin də göldə mistik qadınlar, su pəriləri, ruhlar yaşayır. Onlar məyus qalanda köks ötürür, yaxud da mahnı oxuyurdular. Suyun monoton səsində gülüşürdülər. Bütün bunları tam səssizlikdə eşitmək olardı.
Səmadakı buludlarda, meşənin dərinliklərində, qayaların çatlamış yerlərində müəyyən şeyləri təsəvvürünə gətirib nəyisə görmək, mistik səslərə qulaq asmaq istəyirdi. Qeyri-adi məxluqları görmək arzusunda idi. Mənası anlaşılmaz olan sözləri eşitməyə ümid bəsləyirdi.
Sevmək! O, sevgini duymaq üçün deyil, arzulamaq üçün doğulmuşdu. Bütün qadınları eyni zamanda sevirdi. Birisini sarışın olduğu üçün, o birisini bal dodaqlarına görə, üçüncüsünü isə yeriyərkən küləkdə əsən qamışa bənzədiyi üçün.
Hərdən o qədər sayıqlayırdı ki. Bütün gecəni bayırda keçirib göyün üzündə səyahət edən və ətrafında tir-tir əsən, bahalı daş-qaşlar kimi müxtəlif rəngə çalan ulduzlar altında aya baxardı. Belə gecələrin birində o deyirdi:
—Hə, bu həqiqətdir. Ola bilsin ki, ulduzlardan gələn işıqların hərəsi bir dünyadır. Orada insanlar, qadınlar, gözəl qadınlar yaşayır. Mən onları görə bilməyəcəm, sevə bilməyəcəm! Görəsən, onların gözəlliyi necədir, sevgisi necə olur?…
Soriada tünd daşdan tikilmiş divarların yanında bir körpü var. Bu körpü qədim şəhərdə olan Templario monastrına aparır. O monastrın torpaqları çayın o tayı boyu uzanırdı.
Keçmiş dövrün atlıları öz qalalarını artıq tərk etmişdilər. Ancaq onların qalıqlarını indi qəsrlərin divarlarında görmək olardı. Öz ağ gülləri ilə divara sarmaşan bitkilər oranı zəbt etmişdi. Silah-sursat saxlanılan həyətdə külək sanki mızıldanır, sarmaşığı tərpədirdi.
Bağlarda, həyətlərdə illər boyu tapdalanmayan cığırlar, unudulmuş, yiyəsiz qalmış kollar sanki insan əlindən, budanmadan qorxmadan özlərini göstrirdilər. Sarmaşıq güllər yaşlı ağacların gövdəsindən qalxır, ot basmış küçələr dolaşaraq bir-birləriylə toqquşur, vəhşi qanqallar, gicitkanlar çirkli, natəmiz küçələrdə cücərərək əsl xarabalığı xatırladırdı.
Gecə idi. Aylı bir yay gecəsi. Yumşaq, ətirli, zərif gecə.
Manrike körpünü keçib, qaranlıq şəhərin cizgisini bir qədər seyr edib, arxasında olan buludlara tamaşa edə-edə poetik düşüncələrə dalırdı.
Gecə yarı idi. Ay yavaş-yavaş göyün üzünə qalxmış və özünün ən hündür zirvəsinə çatmışdı. Qovaq ağaclarının sıx olan yerinə çatanda Manrike özündən ixtiyarsız qışqırdı.
Ağacların fonunda ağ bir ani kölgənin keçdiyini sezdi. O, yenidən görünərək birdən də qaranlıqda gözdən itdi. Manrike onun naxışlı paltarı olan qadın olduğunu düşündü. Bu, xəyalpərəstin ağaclar arasına girib xəyallara daldığı an baş verdi.
—Axx, naməlum qadın! Belə bir yerdə! Ozü də belə bir vaxtda! Bu mənim axtardığım qadındır. -Manrike öz-özünə danışaraq, ox kimi sıyrılıb, onun dalısıyca düşdü.
Nəhayət, müəmmalı qadının ağaclar arasında gözdən itdiyi yerə gəlib çatdı. İndi hara getsin? Ora, uzağa, gözün görəcək son məsafəsinəcən, ağacların sıx olduğu yerə qədər.
—Bu odur, odur! Ayaqlarında qanadları olan, kölgə kimi hərəkət edən qadın! -deyib tez onu axtarmağa başladı. Əlləriylə qovaq ağaclarına dolaşan sarmaşıqları aralayıb özünə yol açırdı. Yol gedə-gedə ağacların budaqlarını, sarmaşıqları qıraraq sonda açıqlığa çıxdı. Aydın səma yeri işıqlandırırdı… Heç kim yoxdur!
—Ah, bu tərəfə, bu tərəfə, -öz-özünə dedi.- Onun yerdə xəzəl olmuş quru yarpaqlara necə ayaq basdığını, uzun paltarının yerlə necə süründüyünü eşidirəm, -deyib, dəli kimi qaçmağa başladı.- Oraya doğru getsə də heç nə görmürdü. Amma onun ayaq səslərini eşidirəm, -deyib, bir daha mızıldandı. Deyəsən danışdı, hə danışdı… Budaqlar, yarpaqlar arasında vıyıldıyan külək onu eşitməyimə mane oldu. Ancaq heç bir şübhə yoxdur. Oradan səsi gəldi, danışdı… danışdı… Hansı dildə? Bilmirəm, ancaq bu əcnəbi dildə idi… Dönüb həmin istiqamətdə qaçmağa başladı. Hərdən ona elə gəldi ki, qadını bir daha gördü, hətta onu eşitdi. Fikir verdi ki, qadının itdiyi yerdə budaqlar tərpənir. Hətta onun ayaq izlərini də gördüyünə inandı. Sonra onun istifadə etdiyi ətri də burnuna dəydi. Mənasız arzu!
Ozündən çıxmış halda bir neçə saat ora-bura getməyə başladı. Hərdən dayanıb bir də qulaq asırdı.
Çayın sahiliylə uzanan, ucsuz-bucaqsız bağçalarda gəzərək sonda bir qayanın üstündə tikilən kiçik bir San Saturio kilsəsinə çatdı.
—Bəlkə buradan bu mürəkkəb labirintə təhqiqatımı davam etdirərəm, -deyib əlində tutduğu xəncərlə qayalara dırmaşmağa başladı.
Qayanın ən uca nöqtəsində durub, şəhərin ən uzaq evlərini, küçələrini görürdü. Dueronun böyük bir hissəsi onun ayaqları altında idi.
Qayanın başında ətrafına göz gəzdirdi. Baxdıqca heç bir yerdə kafirlik gözə dəymədi.
Göyün üzündə işıq saçan ay, o biri sahilə üzən gəminin özündən sonra buraxdığı izi aydın göstərirdi.
O, gəmidə deyəsən həmin qadını gördü. Şübhəsiz, bu o qadın idi, ağacların arasında gördüyü qadın. Onun arzuladığı qadın… ən dəlisov arzuların reallaşdığı an… Keçi kimi qayadan düşəndə papağını yerə saldı. Papağın üstündəki lələyi onun qaçmasına mane olurdu. Əynindəki gödəkçəni çıxarıb, külək kimi körpüyə doğru qaçdı.
Fikirləşirdi ki, gəmi sahilə yan alana qədər tezcə şəhərə çatacaqdır. Bu bir dəlilikdir! Manrike təngnəfəs və tər içində gəminin yan aldığı yerə çatanda sərnişinlər artıq darvazadan keçib Soriyaya gedirdilər.
Qapıdan keçib-gedənləri görmək ümidini itirsə də onların şəhərdə hansı evə düşəcəklərini də bilmək arzusunu itirdi. Onları görmək fikrini beynindən çıxartmadan küçələri dolaşmağa başladı.
Soriyanın küçələri hər zaman olduğu kimi dar, qaranlıq və müəmmalı idi. Orada qulaqbatırıcı bir səssizlik hökm sürürdü. Bu səssizliyi hərdən it hürüşmələri, yaxud da hansısa bir qapının örtülərkən cırıltı verməsi, atın kişnəməsi və qabaq ayaqlarını qaldırarkən bağlandığı zəncirdən gələn səs pozurdu.
Manrike gecənin hənirinə — kiminsə küçənin başından dönərkən eşidilən ayaq səslərinə, onun arxasınca danışanlara qulaq asaraq bir tərəfdən o biri tərəfə gedirdi.
Sonda daşdan tikilmiş qaranlıq və köhnə evin yanında dayandı. Dayanan kimi gözlərində sevinc və təsvirolunmaz ifadə parıldadı. Həmin evdə, kiçik sarayda, əgər belə demək olarsa, yuxarı pəncərələrin birindən işıq gəldiyini gördü. Mülayim və yumşaq işıq zərif qızılı tül pərdədən keçib evin qarşısındakı kiçik həyəti işıqlandırırdı.
—Artıq heç bir şübhə qalmır. Mənim müəmmalı xanımım bu evdə yaşayır- cavan oğlan belə düşünüb, gözlərini pəncərədən çəkmədən astadan dilinin altında mızıldandı. O, şəhərə girişi olan qapıdan keçmişdi… Oradan da qəsəbəyə doğru gəlirdi… bu qəsəbədə bir ev var və gecədən keçməsinə baxmayaraq, həmin evdə yaşayan qız oyaq idi və otaqda şam yandırmışdır. Hə, bu onun evidir.
Bu fikirdə qaldıqca beynindəki fantaziya yenidən cücərməyə başladı. Sübhə qədər qotik pəncərənin altında gözlədi. Səhərə qədər də həmin otaqdakı işıq yanılı qaldı.
Günəş çıxanda evin taxta qapısı yavaş-yavaş, cırıltı ilə açıldı. Oradan gözlərini ovuşdura-ovuşdura əlində bir topa açar tutmuş bir silahdaşıyan çıxdı. Əsnəyəndə ağzındakı dişləri timsah dişlərinə bənzəyirdi.
Manrike adamı görən kimi onun üstünə atıldı.
—Bu evdə kim yaşayır? O qızın adı nədir? Haralıdır? Soriaya nə üçün gəlib? Əri var? Cavab ver, cavab ver heyvan, -bu, bir növ onun salamı idi, qolundan yapışıb silkələyə-silkələyə yazıq silahdaşıyana aramsız olaraq suallar yağdırırdı. O da qorxmuş gözlərlə Manrikeyə bir qədər baxıb tutula-tutula dedi:
—Bu evdə Alonso de Valdekueyos adlı çox hörmətli bir senyor yaşayır. O, ərəblərə qarşı döyüşdə yaralanmışdır.
—Bəs onun qızı var? -Cavan oğlan səbirsizcəsinə onun sözünü kəsdi. -Onun qızı, bacısı, yaxud da arvadı fərqi yoxdur.
—Onun heç bir qadını yoxdur, senyor.
—Yoxdur!… Bəs həmin otaqda kim yatır? Səhərə qədər ordan işıq gəlirdi.
—Orda? Orda mənim senyorum Don Alonso yatır. Xəstə olduğu üçün işığı səhərəcən yanılı goyur.
Onun bu sözləri Manrikeni o qədər təəccübləndirdi ki, sanki ümidi bir işıq şüası kimi ayaqlarının altına düşdü.
—Mən onu tapmalıyam, tapmalıyam. Əgər onu tapsam… əminəm ki, onu tanımalıyam… Necə? Bunu deyə bilmərəm, amma onu tanımalıyam. Onun ayaq səsləri, onun dediyi sözlər… onun paltarını bir də görsəm bu mənə onu tanımağıma bəs edəcək. Gündüz, ya gecə, fərqi yoxdur, onun ağımtıl paltarı gözümün qabağındadır. Günün hansı vaxtı olursa-olsun, yerlə sürünən paltarın xışıltısı, onun səsindəki anlaşılmaz ifadələr hələ də qulağımda səslənir… Nə dedi?… Nə dedi?Ah! Kaş ki onun dediklərini başa düşəydim. Amma dediklərini anlamasam da onu tapacam… onu tapacam. Bunu mənə ürəyim deyir. O məni heç zaman aldatmır. Amma düzdür ki, boş yerə Soriyanın küçələrini dolaşdım. Bütün gecəni oyaq qaldım. İyirmi doblas xərclədim. Evin xanımlarını, silahdaşıyanları danışdırdım. San Nikolasda bir qocaya su verdim. Fikirləşdim ki, bu Allaha xoş gedər. Kollecdən çıxanda oranın rəhbərinin faytonunun arxasınca düşdüm. Onun paltarının mənim müəmmalı xanımıma mənsub olduğunu düşünmüşdüm. Ancaq fərq etməz. Mən onu tapmalıyam. Və bilirəm ki, əziyyətim yerdə qalmayacaq.
Görəsən, onun gözləri necədir? Çox güman ki, mavidir. Mavi və səma kimi nəm. Belə gözlər mənim xoşuma gəlir. Onlar çox ifadəlidirlər, melanxolikdirlər. Hə, yüz faiz gözləri mavidir. Və onun qapqara uzun saçları külək əsəndə sanki dəniz tək dalğalanırlar. Mənə elə gəldi ki, o gecə onun saçlarını gördüm. Hə, saçları qara idi.
Ona mavi gözlər necə də gözəl yaraşır. Saçları isə açıq, dalğalı və tünd. Özü də hündürboy idi. Mələklər kimi hündür və qamətli idi. Onun səsi!… Onun səsini eşitdim. Qovaq ağaclarının yarpaqlarında əsən küləyin vıyıltısı kimi çox yumşaq səsi vardır.
Və bu qadın mənim arzularımın ən gözəlidir. O da mənim xoşuma gələn şeyləri xoşlayır, mənim kimi fikirləşir, nifrət etdiyim şeylərə də mənim kimi nifrət edir. Onun qəlbi mənim qəlbimdəndir. O məni görəndə qəlbi titrəyəcək? O məni onu sevdiyim qədər sevməsə də olar. Amma mən onu bütün qəlbimlə sevirəm.
Gedək, onu ilk dəfə gördüyüm yerə gedək… Kim bilir, bəlkə o da mənim kimi şıltaqdır? Mənim tənhalığımın dostu. Arzulayan qəlblərin yoldaşı. O da mənim kimi xarabalıqda, gecənin səssizliyində gəzməkdən zövq alır?
Don Alonso Valdekueyosun silahdaşıyanı Manrikenin gözlərini açmaqdan, ona həqiqəti söyləməkdən düz iki ay keçdi. Bu vaxt ərzində o göydə buludların arasında xəyallara dalır, özünü aldadırdı. Gerçəklikdə isə bu xəyallar uçub yox olurdu. Düz iki ay ərzində həmin müəmmalı qadını axtardı. Onun qəlbindəki xəyali sevgisi get-gedə böyüyürdü. Sonda bu cavan oğlan bağlar, küçələr arasında itib azdı.
Gecə sakit və gözəl idi. Ay səmanın ən ucqar nöqtəsində bütün gücü ilə işıldayırdı. Külək sanki ağacların yarpaqları arasında dolaşırdı.
Manrike monastıra gəlib arkalar arasından oraya boylandı. Heç kim yox idi.
Oradan çıxıb, Dueroya aparan küçə ilə getdi. Az qala qışqıracaqdı.
Orada onun gözü dünyalar qədər sevdiyi həmin o ağ paltarlı qadını sezmişdi.
Yenə onu tapmaq ümidiylə qaçmağa başlayır. Onu gözdən qaçırdığı yerə gəlib çatır. Ancaq ora çatanda dayanır. Yerə baxıb bir qədər hərəkətsiz qalır. Birdə-birə ona əsəb, qorxu gəlir. Bu qorxu onun bütün bədənini titrədir. Hətta qıcolma da yaranır. Sonda dəhşətli bir qəhqəhə çəkir.
Bu zaman gözünə görünmüş həmin o ağ paltarlını bir anlıq yenə də gördü.
Ah! Bu, ayın şüası idi. Külək ağacın budaqlarını tərpətdikcə qaranlıqda ay öz şüası ilə oradan sivişib özünə yol taparaq yerə şöləsini salırdı.
Bir neçə il keçdi. Manrike oz sarayında gotik üslubunda olan odun peçinin yanında hərəkətsiz oturmuşdu. Küt baxışlarını boşluğa zilləmişdi. Anasının nəvazişlərinə, qulluqçuların məsləhətlərinə heç fikir vermirdi.
—Sən cavansan, gözəlsən, -anası ona deyirdi.- Nəyə görə tənhalıqda özünü əldən salırsan? Niyə özünə sevimli bir qadın tapmırsan ki, o da səni sevib xoşbəxt etsin.
—Sevgi!… Sevgi ayın şöləsidir, -oğlan dilinin altında mızıldandı.
—Nəyə görə bu yuxudan ayılmırsınız? -Xidmətçilərdən biri ona dedi -Ayaqdan başa qədər dəbilqələrinizi geyinmirsiz? Öz bayrağınızı qaldırıb döyüşə getmirsiz? Döyüşdə qələbə qazanırlar.
—Qələbə!…Qələbə ayın şöləsidir.
—İstəyirsiniz sizə Arnaldonun bəsdələdiyi sonuncu mahnısını oxuyum?
—Yox! Yox! -Cavan oğlan etiraz etdi- Heç nə istəmirəm… Yəni istiyirəm məni rahat buraxasınız. Mahnılar… Qadınlar… Qələbə… Xoşbəxtlik… Hamısı yalandır. Xəyalımızda qurduğumuz şeylərdi. Boş və mənasız yerə onların dalısıyca düşürük. Nə üçün? Ayın şöləsini tapmaq üçünmü?
Manrike dəli olmuşdu. Ən azından hamı onun barəsində belə fikirləşirdi. Ancaq mən belə düşünmürəm. Hesab edirəm ki, o, yuxudan ayılmışdır.