Əlibala Əhmədov - Gizlilik(hekayə)
- Hə, sənə dediyim o məşhur inanc və təsəvvür belədir. Qələm, göl, səma və Tanrı... Mənim əzizim, əvvəlcə sənə deyim - oranın, o ölkənin adı sənin şirin - şirin tələffüz etdiyin kimi heç də "Kostaka" deyil, Kosta - Rikadır... Kostaa - Riika... Bu ad çox gözəl səslənir elə deyilmi? Bu uzaq və gözəl ölkədə - Kosta Rikada bir göl var. Bir göl - tap görüm, onun suyu hansı rəngdədir? Hansı rəngdədir ki, insanlar ona bu cür məftun olub, onu sevib və haqqında öz qəlblərində bu cür inanclar yaradıblar? Qoy, mən sənə deyim - Mavi. Bu gölün suyu kənardan açıq mavi rəngdə görünür. Təmiz və mavi. Səmanın da rəngi belədir. Bir vaxtlar içindən uçan xalçalar keçən, sehirli səmanın... İnsanlar arasında inanc yaranıb ki, Tanrı bir vaxtlar dünyanı və onun ən gözəl sirli gerçəklərindən biri olan mavi səmanı yaradanda, öz qüdrətli fırçasını məhz haqqında sənə danışdığım gölün suyuna batırıb, sonrasa göldən aldığı rənglə, öz qüdrətli fırçası ilə sonsuz, mavi səmanı yaradıb...
Maraqlıdırmı? İndisə yat. Yuxuya get. Qoy səni öpüm. Gecən xeyrə qalsın, mənim sevimli yerfındığım.
Uşağı öpdü və kənara çəkildi. Ondan aralanan kimi üzünə sirayət edən və içində canlanan ötəri maraq və həvəs də dərhal yox oldu. Amma əhvalat doğrudan da maraqlıydı. Tanrının fırçasını suyuna batırıb, ondan bəhrələnib, mavi səmanı yaratdığı gözəl rəngli göl. Bir göl hansı ki, Tanrı səmanı onun mavi suyu ilə rəngləyib. Gülümsədi. Bəlkə də yaşlı qohumunun evinə getməlidir. Daha böyük mövzuları müzakirə etmək üçün. Hər şey yaxşıdır.Sabah.
***
Əyləşəndən sonra tezcə də gödəkçəni soyundu. Soba yanırdı. Ora yaxınlaşıb, əllərini qızdırdı.
-Yox-, öz - özünə düşündü-, Komissar Meqre hara, mən hara, - və gülümsədi.
- Bilirsənmi, amerikalılar və qərb istənilən uzunmüddətli mübarizədə qalibdir. Bu gün onlar dünyanı necə ələ keçirir? Ya da başqa cür desək, necə edirlər ki, hər kəs orada, onların qurduğu cəmiyyətlərdə, ölkələrdə yaşamağa çalışır? Onlar özlərinə yönəlik bu istəyi necə qazanırlar? Cavab çox sadədir, onlar başqalarının sevgisini qazanmaq üçün əvvəlcə özlərini seviblər. Özlərinə inkişaf etmiş, sivil dəyərlərlərlə yaşayan və öz vətəndaşını sevən ölkələr qurublar. Onlar bütöv dünyaya necə təsir edir? Zəngin iqtisadiyyatla, inkişsf etmiş təhsil və tibblə. Dünyanın ən sivil və sadə təbəqəni diqqətində, qayğısında saxlayan dövlətçilik və dövləti idarə etmə prinsipləri ilə. Yetərli sosial dəstəklə. Demokratik seçkilər və tutduğu vəzifəyə platonik məhəbbət elan edib ondan əl çəkmək istəməmək kimi insafsızlıq, hökmranlıq və tamahkarlığın bəsləyib ortalığa çıxardığı istəklərlə yaşamayan, vaxtında gəlməyi və getməyi bacaran rəhbərlərlə.. Əlbəttə, mən orada hər şeyin gözəl olduğunu deyə bilmərəm. Amma əgər dünyada cənnət varsa, məhz həmin cənnət oradadır.
Bəs ruslar və digərləri? Səncə niyə ruslar bu qədər çox raketlər barədə danışır? Bəlkə ona görə ki, dünyaya verməyə, vəd etməyə başqa heçnələri qalmayıb? Axı onlar öncə öz ideologiyası sonrasa özü çökmüş bir rejimin varisidirlər. Bəs onların himayəsi altına sığınmış liderlər? Öz ölkələrini atalarından qalmış sərvət kimi idarə edənlər?
Rusların aqressiyası bu gün onları bəzilərinin gözündə qalib kimi göstərir, gerçəkdəsə belə deyil... Gerçəkdə öz itirdiyini qazanmağa çalışan və müdafiə olunan tərəf onlardır. Getdikcə ABŞ və Qərbin "mirvarilərinə" aşiq olan müttəfiqlərini, təsiri altında olan ölkələri itirir və quduzlaşırlar.
Amma cənnət hər kəsi özünə çəkir. Və bu axını saxlamaq uzunmüddətli prespektivdə mümkün olmayacaq.
Biz hələ dünyanın ən böyük imperialist və avtoritarlarının havaya buraxdıqları nə qədər yeni raketləri görsək də...
Əlbbətə, mən sənə ümumi mənzərə haqqında fikirlərimi danışdım. Detallara keçmədim. Mübarizəni təsvir etmədim. Yoxsa, danışdıqca hər şey uzayar... Hər söhbətdən yenisi açılar.
- Amma mən yoruldum - dedi və gülümsədi.
Paltarını - papaq və gödəkçəsini geyindi. Əllərini sobada birazca isitdi. Getməyə hazırlaşırdı. Və sağollaşdı.
***
Evə qayıtdı. Gecənin içinə sanki biraz da çox susqunluq bəxş edən, kədəri aramlıqla özündə təcəssüm etdirən çinarların yanından keçdi. Onlar gecənin içində qatil köpəkbalıqlarına bənzəyirdi.
Papağını və gödəkçəsini çıxardı. Hiss etdi ki, hər şey tədricən daxilində öz yerinə qayıdır. Sıxıntılar, qorxular, psixozlar öz torlarını saniyə içində beynində bərpa edəcək. Sıxılmağa başlayır və sıxılmaqla yanaşı, bütün bədənini həm də eyni anda həm köhnəlmiş, həm də yeni olan qəzəb bürüyürdü.
- Bütün bunları niyə danışdım-, öz özünə düşündü.
- Amerikalılar, ruslar... Mövcud dünya dəyərləri, siyasi quruluşlar... Demokratik rejimlər, seçkilər... tibb, iqtisadiyyat... dünyanın cənnəti... avtoritarlar, tapdalanmış hüquqlar, şüur oyanışı.
Bəsdir. Bütün bunları niyə deyirəm... Bunları danışmaqla özümə nələri unutdururam? Bütün bu mövzuları, müzakirələri bir tərəfə qoyanda onları danışanın varlığından bu həyatda nələr qalır?
Beynindəki işgəncələr, müharibələr səni bezdirmədimi? Bəs tabletlər, antidepressantlar? Nevroloji xəstəliklər barədə sənədlər... Nəzəri olaraq çox şeyi bilib, yaşamağa gələndə yenə işgəncələrin qurbanına çevrilmək...
Güzgünün qarşısına keçdi. Gözlərinin altı bozarmışdı və varlığını bürümüş yorğunluğun ən aydın təcəssümü bəlkə də elə bu idi. Ağ əlini alnına dayadı. Sanki fikirləri ağrıyırdı... Sanki beynini ağrıdan şeylərin hamısı mücərrəd halında içində çoxlu əzab qaynatmış və dözməyib fiziki ağrılara çevrilmişdi. Ürəyi əzilmişdi sanki - bəbəkləri varlığına düşmüş çatlara tuşlanır, sanki inciyir və ona durmadan bütün bunları bitirməyi təlqin edirdi.
O yenidən əli ilə başını tutdu.
Bilmirdi, heç cür anlamırdı ki, bütün bunlarla intihardan uzaqlaşmağın yollarını, üsullarını öyrənir, yoxsa əksinə - getdikcə biraz da çox və səylə məhz buna hazırlaşır.