Edebiyyat.az » Proza » Azad Müzəffərli - Köhnəliyin qalığı(hekayə)

Azad Müzəffərli - Köhnəliyin qalığı(hekayə)

Azad Müzəffərli - Köhnəliyin qalığı(hekayə)
Proza
admin
Müəllif:
17:03, 24 mart 2022
1 321
0
Azad Müzəffərli - Köhnəliyin qalığı (hekayə)




  Hələ Nuh əyyamından belədir. Yəqinki bundan sonra da belə olacaq. Sonrakı nəsillər əvvəlkiləri köhnəliyin qalığı hesab edir. Yaşlılara da yeniyetmə və gənclərin həyata baxışları yad gəlir. Qarşılıqlı ittihamlar ara vermir. İş orasındadır ki, canbir doğmalar da dərindən götürdükdə, elə belədirlər. Biri-birini bağırlarına bassalar da, qayğılarını əsirgəməsələr də, di gəl, bu qəribə şakərlərindən əl çəkə bilmirlər ki, bilmirlər. Köhnə dərddir. Bu baxımdan nəsillərin barışmazlığı qanla, iliynən gəlir. Gələcəkdə də nəyinsə kökündən dəyişəcəyi heç cür inandırıcı görünmür.

       Doğum günüydü. Şükür Tanrıya. Sinni yetmişi haqlamaqda olsa da, canı hələ suluydu. Qələminin mürəkkəbi də qurumamışdı. Tarixçi idi, elmi məqalələrini əvvəlki təkin sıralayırdı. Növbəti kitabı haqqında da qafasında cızma-qaralarına ara vermirdi. Elmlə nəfəs alırdı. Qıvraqlığına görə də elə elmə borcluydu. O, belə düşünürdü.

      Odasına sığınmışdı. Dördbir tərəfdəki qalaq-qalaq kitablarla nəfəs alırdı. Bunların xeylisi öz zəhmətinin bəhrəsiydi. Mənəviyyat dəryasında var-gəl edirdi. Hədər yaşamamışdı. Dan yeri sökülər-sökülməz nəvəsinin onu təbrikə gəlməsi və hansısa beynəlxalq müsabiqədən qazandığı puldan beş yüz dollar hədiyyə etməsi onu göylərə milləndirmişdi. Bu pul xeyli karına gələcəkdi. Pensiyası ilə ayı güc-bəla başa vururdu. Qapıbir qonşusu oğlu Hidayət öz ailəsinin aylıq xərcinin öhdəsindən çətinliklə gəlirdi deyə indiyəcən ona heç cür yük olmaq istəməmişdi. Ən əsası bərkgedən mağazaların birində çoxdan gözaltı elədiyi ağayana paltonu nəvəsinin sayəsində bu gün-sabah alacaqdı. Xeyli vaxtdır utana-utana məcburən əyninə keçirdiyi hay-hayı gedib, vay-vayı qalan paltosuna nəhayət ki, “əlvida” deyə biləcəkdi. 

     Düzü, o, gənc nəslin əksəriyyətini heç cür anlaya bilmirdi. Bu baxımdan elə nəvəsi Həsən də matah deyildi. Onların gün ərzində noutbukları ilə bağırbadaş olmalarını, mobil telefondan asılmalarını qətiyyən qafasına sığışdıra bilmirdi. Əksəriyyət yeniyetmə və gənclər internet xəstəsidir. Bu binəvaların barı gözlərinə də yazıqları gəlmir. Çoxusu da mənasız oyunların qurbanlığıdır. Sosial şəbəkələrdəki dayazlıq da onu qətiyyən açmırdı. Saatlarla buna vaxt ayıranlara ögey baxırdı. Elmə maraq göstərənlərsə, barmaqla saya gələ, ya da gəlməyə. İllərlə olmazın zəhmətə qatlaşıb elmin dərinliklərinə baş vurmağa əksəriyyət gənclər birtəhər baxırlar. İndiki nəsil asan yolla varlanmaq sevdasındadır. Şübhə etmirdi, onun kimi arxeoloq olmaq istəyən tək-tük gənclərin də bir qismi dəfinə xülyasına qapılanlardır.  Onu ən çox ağrıdansa kitablara marağın sönmək üzrə olmasıydı. Əlinə kitab alanlara da artıq köhnəliyin qalığı kimi baxırlar. Nə yaxşı ki, heç olmasa bir qisim kəslər elektron kitablara üz tuturlar. Təəssüf ki, nəvəsi Həsən də kitablardan uzaqdı. Dərslərinə də ötəri yanaşırdı. Fikri-zikri elə hey internetdə nələrisə aramaqdır. Nə qədər tər töksə də, nəvəsini elmə, kitablara sarı yönəldə bilmirdi ki, bilmirdi.  

       Bir neçə ay əvvəl baş verənlərdən isə əməlli-başlı karıxmışdı. Alim olsa da, bunu səbəbini anlamaqda hələ də acizdi. Nəvəsinin ondan dünyanın ən qədim yaşayış məskənləri, say-seçmə maddi-mədəniyyət abidələri, möcüzəvi tikililəri barədə kitablar istəməsinə ağzıaçıla qalmışdı. Qəlbinin dərinliyində ümid qığılcımı közərsə də, fəhmiylə Həsənin elmə sarı istiqamət ala biləcəyinə nədənsə heç cür inanmağı gəlmirdi. Belədə təbii bir sual doğurdu, bəs, görəsən bu qədər kitab onun nəyinə gərəkdir? Həsən gecəsini gündüzünə qatmışdı. İş orasındaydı ki, nəvəsindən də bu kitabların onun nəyinə gərək olduğunu soruşmağa ürəyi gəlmirdi. Əzbər bilirdi ki, Həsən bildiyini heç dədəsinə də güzəştə getməz, onda qala  babası ola. Nəvəsinin ayıq-sayıq qafası olduğu hələ onun körpəliyindən bəlliydi. Ciyərparasına ümidi üzülməmişdi. Bəlkə, günlərin birində onun babasını eşidəcəyinə, elmə, kitablara doğmalaşacağına gümanı tam  qırılmamışdı. Ədalət naminə, nəvəsi ona Nuh əyyamının qalığı kimi baxsa da, hörmət-izzətini qədərincə saxlayar, bacardıqca doğmalığından da qalmazdı.    

       Günortaydı, oğlugilə nahara səsləyirdilər. Doğmaları onu bağırlarına basıb masanın başına keçirdilər. Necə lazımdı toqqasının altını bərkidəndən sonra maraq ona güc gəldi. Yeməyini yarımçıq qoyaraq bayaqdan noutbukunda canfəşanlıq edən nəvəsi Həsənə sarı dəbərdi.

-      Hə, babacan, gəl bax e, gör nəvən nələr yaradıb e... Dünya bu oyundan danışır, oynamayan qalmayıb...

       Özünü tezcənə nəvəsinin yanına verdi. Dedi, qoy bir mən də tamaşa eləyim. Görüm, əcnəbiləri də heyrətdə qoyan bu oyun nəmənədir, belə? Qəlbinin dərinliyində nəvəsinə “əhsən”lər yağdıran Qüdrət kişi gözlərini noutbuka zillədi.

       Cəngavər görkəmli qədimi insanlar pərən-pərən idi. Şahidi olduqlarına mat qalmışdılar. Ən dəhşətlisi o idi ki, əllərindən nəsə gəlmirdi. Nə baş verdiyini anlamaqda sadəcə acizdilər... Antik və sonrakı dövrün yaşayış məskənləri, say-seçmə tikililər - Xeops ehramı, İskəndəriyyə mayakı, Artemis məbədi, Misir piramidaları, Semiramadanın asma bağları, Ramzesin məbədi, Tutanhamonun məqbərəsi, Rodosun heykəli, Göbəkli təpə, Zevsin heykəli, Halikarnas mavzoleyi, Kolizey, Böyük Çin Səddi, Tac Mahal, Piza qülləsi... daha nə bilim nələr bir göz qırpımında göyə sovurulurdu. Bu sənət incilərini araya-ərsəyə gətirən qədimi insanlar isə əmud, nizə, ox-yay, təbərzin, sapand, balta, bıçaq, qılınc, qalxan, toplarla silahlanaraq  döyüşə hazır vəziyyətdə olsalar da, düşmən gözə çarpmırdı ki, çarpmırdı.

       Onların haradan ağıllarına gələ bilərdi ki, bu vəhşəti törədən bir qrup müasir insan olmazın həzz naminə canfəşanlıqlarından qalmırdı. Ən müasir silahlar susmaq bilmirdi. Pilotsuz uçuş aparatları, gözəgörünməyən təyyarə və helikopterlər, uzaqmənzilli qanadlı raketlər və uzaq məsafədən idarə olunan digər yüksəkdəqiqlikli innovativ döyüş texnikaları keçmişə qənim kəsilmişdi. Bu qeyri-bərabər “döğüş”ə rəvac verənlər birbaşa yayımı da unutmamışdılar. Ələlxüsus da, dünənlə bu günün qeyri-bərabər savaşını qabartmaq üçün dünyanın dörd-bir tərəfindəki modern, hay-tek, dekonstruktivizm, kitçi, ekspressionizm, postmodern, orqanik, dijital, brutalist, konstruktivizm və digər ən müasir memarlıq üslublarında nadir tikililərdə nəhəng monitorlar quraşdırmışdılar.  İnsanların bəziləri çaşqınlıq, əksəriyyəti isə tükənməz şövqlə Bürc-əl-ərəb, Quqqenhaym muzeyi, Lotos məbədi, Rotterdamdakı kub evlər, Follinqvotə bençmarkı, Habitat binası, Empayr-steyt-buldinq binası, Polşadakı Əyri Ev, Xabitat 67 sərgi kompleksi, Çexiyadakı Rəqs Edən bina, Tailanddakı Ağ məbəd, Tayvandakı Uçan Boşqab evlər, Fransadakı Günəş Sobası, Kanar adalarındakı Konsert salonu, Çindəki Musiqili bina, Malayziyadakı Petronas qülləsi və digər memarlıq möcüzələrində quraşdırılan monitorlar vasitəsilə əcaib “döyüş”ü izləyirdilər.

      Nəvəsi bu başıbəlalı kompyuter oyununu elə qurmuşdu ki, dəhşətli səhnələr süjet xətti boyunca yüksələn xəttə köklənmişdi. Əvvəlki insanlar heç cür təslim olmaq istəməsələr də, amma istər-istəməz bu gün qarşısında aciz durumdaydılar. Həmin məqamda onsuz da indiyəcən seyr etdiklərindən dəhşətə gələn Qüdrət kişi ekranda gördüyü növbəti kadrlardan az qala o dünyalıq ola, gücü yalnız ikiəlli gözlərini qapamağa yetdi. Dərd orasındaydı ki, bu dəfə külü göyə sovrulan Azıx mağarasıydı. Babasının ürəyini tutduğunu görən Həsən çaşqıncasına dilinə güc verdi:

-      Babacan, bu oyundu ey, sadəcə oyun...  

-      Hə, bala, düz deyirsən, bu doğrudan da oyundur, özü də lap zıppıltısından... Bunu siz qananda gec olacaq, çox gec...

-      Baba, ay baba, axı, dəmir yumruqla ermənilərin təpəsinə döyəcləyərək Azıx mağarasını biz geri qaytarmışıq... Orada, Qarabağda, yerindədi ey, yerində... Əcnəbilərin yaratdıqlarından istifadə edib özümüzünkünü verməsəm, heç cür yaxşı qarşılanmazdı, məcburən belə alındı... Bu adicə oyundu, oyun... Sadəcə şəkildi, şəkil...

-      Hm... Daha sənə, sözüm yoxdur...

-      Babacan, bu oyundan mən otuz min pul qazanmışam ey, düz otuz min dollar... Hər oğulun işi döyül, bunu eləmək... Nə qədər əcnəbinin göz dikdiyi çörəyini əlindən almışam, intellektual potensialım, diribaşlığım hesabına...

-      ...

-      Bax, görürsən, cəmi-cümlətanı hələ orta məktəbdə oxusam da, bu səhər səni əsl oğul kimi təbrik elədim, alın təri ilə qazandığım o pulların hesabına... Yoxsa, gözlərimi döyüb, utana-utana quruca bir-iki kəlmə təbriklə kifayətlənməliydim...

    Nəvəsinin son kəlmələri Qüdrət kişini sanki qəfil yuxudan ayıltdı. İlan çalan təkin kəlmə də kəsmədən dabanına tüpürərək qonşuluqdakı mənzilinə sarı götürüldü.

     Sən demə, qismət deyilmiş. Çoxdan gözaltı elədiyi o gözoxşayan paltonu daha alası olmadı.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)