Edebiyyat.az » Proza » Fridrix Dürrenmatt - Oğul

Fridrix Dürrenmatt - Oğul

Fridrix Dürrenmatt - Oğul
Proza
admin
Müəllif:
23:11, 29 oktyabr 2022
1 669
0
Fridrix Dürrenmatt - Oğul


 Təkcə məşhur bir klinikanın baş həkimi kimi yox, həm də özünün elmi araşdırmaları və yoxsullara yardım fəaliyyəti ilə də hamının rəğbətini qazanan bir cərrah öz karyerasının zirvəsində ikən dostlarının və həmkarlarının dərin təəssüf hissinə, heyrətinə baxmayaraq, günlərin bir günü öz işini-gücünü atdı, ölkənin bütün qəzetlərində özünün evlənmək istəyini açıqlayan elanlar çap etdirdi, aldığı çoxsaylı təklifləri ən incə təfərrüatlarına qədər araşdırdı, şəhərin bütün işrətxanalarındakı qadınlarla birbəbir, uzun-uzadı söhbətlər apardı və bu yolla həyatda rastına çıxacaq istənilən qadının xasiyyətinə bələd olmağın sirlərinə yiyələndi, subaylığın məhz sultanlıq olduğundan əminlik duyulan bu davranışıyla o, hamını hədsiz dərəcədə karıxdırdı və ən nəhayət, varlı bir fabrik sahibinin on səkkiz yaşındakı, həm də özünə zərrəcə rəğbət bəsləməyən qızının könlünü almağa girişdi, onu hansısa bəhanə ilə evinə gətirib, kobud şəkildə zorladı, sonradan bu qadının onun öz klinikasında və şəxsi həkim nəzarəti altında dünyaya gətirdiyi oğlan uşağını - zahı qadının qanaxmadan ölməsinə heç bir məhəl qoymadan - əlüstü maşınına qoyaraq, yaşadığı şəhərdən əlli kilometr aralıda, kol-kos basmış bir parkın içində tikdirdiyi villaya apardı, orada onu hər hansı kənar köməyə ehtiyac duymadan, hətta dayə də tutmadan, xüsusi şəraitdə böyütdü; uşağın yanında özü daima çılpaq dolaşırdı, hər arzusunu qeyd-şərtsiz yerinə yetirdiyi bu uşağa o, xeyir ilə şərin, yaxşı ilə pisin fərqi barədə heçcə nə öyrətmədi, onu digər insanlarla ünsiyyətdən nə dərəcədə uzaq tutdusa, oğlan dünyada atasından və özündən başqa birisinin olmadığına, dünyanın isə içində yaşadıqları o parkdan ibarət olduğuna inandı, bu vəziyyət oğlan on beş yaşına dolduğu zaman atası hansısa adi işrətxanadan onun üçün bir fahişə tapıb gətirənə qədər beləcə davam elədi, sonra oğlan lüt anadangəlmə evi tərk etdi, ancaq bir saat sonra əyninə paltar geyinməkdən ötrü, sonrakı gün isə əlləri və üz-gözü qan içində evə döndü, sən demə, ona müftə yemək verməkdən imtina edən birisini soyuqqanlı şəkildə qətlə yetiribmiş, izinə düşən polislərdən və itlərdən qurtulmaqdan ötrü o, doğma atasının evinə sığındı, atası da ondan heç nə soruşmadan pulemyotla polisləri güllə yağmuruna tutdu, qarşı tərəf cavab atəşi açanda isə otaqlardan birini oğluyla özünə sığınacaq seçən ata son gülləyə qədər polislə atışmağına davam elədi, həm də o, ara əl qumbaralarının yarımxaraba vəziyyətə gətirdiyi villanın alovlara bürünməsinə də məhəl qoymadı, sayca qat-qat çox olan düşmənə hər cür müqavimət göstərdi, onların üstünə hücuma keçənləri dəfələrlə geriyə oturtdu, evinin həndəvərində cəsədlərin qalaqlanması da onu əsla üşəndirmədi, ən nəhayət, atılan güllələrlə çiynindən ağır yaralanan oğlunun nəfəsi olduqları otağa dalğa-dalğa dolan bayıldıcı tüstünün təsirindən daralmağa başladı, atasını ən ağır şəkildə lənətləyən oğlan onu əsl yırtıcı kimi tərbiyə elədiyinə, başqa insanların onu vəhşi heyvan kimi, itlərin köməyi ilə izlədiklərinə görə məhz atasını günahlandırdı və bunun ardınca ata gözünü belə qırpmadan doğma oğlunu güllələdi.

Tərcümə: Azad Yaşar

“Ədəbiyyat” qəzeti



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)