Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - TAKSİ ÇƏRƏNÇİLƏRİ(Hekayə)

AZAD QARADƏRƏLİ - TAKSİ ÇƏRƏNÇİLƏRİ(Hekayə)

AZAD QARADƏRƏLİ - TAKSİ ÇƏRƏNÇİLƏRİ(Hekayə)
Proza
admin
Müəllif:
10:19, 29 noyabr 2022
1 974
0
AZAD QARADƏRƏLİ - TAKSİ ÇƏRƏNÇİLƏRİ( Hekayə)

                                    

 

 

 

 

                                                           “Müdriklik boşboğazlığın çiçəklədiyi yerdən başlayır...”

                                                                                                                 (Yazıçının cib dəftərindən)

 

 

 

 

            Bir əlhavası başlıq

            

         Taksinin pəncərəsindən boylanıram: boz yovşan çölləri uzandıqca uzanır və adama elə gəlir ki, bu çöllərin heç sonu olmayacaq; nə bir ins-cins, nə bir heyvan, nə bir yaşıllıq... əcaba, bu boyda boş torpaqlarımız varkən, biz niyə Bakıda bir-birimizi ayaqlayırıq? Sanki sehrli bir əl milləti çubuqlayıb töküb paytaxta ki, bu çöllərimiz belə boş qalsın...

         Günəşin qovurduğu bu yastı-yapalaq təpələrin yanıq qoxusu burnuma dəyir və taksidəki boğucu havayla birləşib sinəmə çökür. Bir az qurcuxub, bu dar yerdə özümü daha da narahat hiss edirəm...

        Taksi ki var...

        Taksi ki var, bir qutudur, içində oturanlar bir-birilərini ömür billah tanımazlar, yalvarsan, yaxarsan, əmr edib, güllə qabağına qoysan belə, başqa vaxt onları bir yerə yığa bilməzsən. Amma taleyin bir xoşmu, naxoşmu günündə, gördün, hərə bir tərəfdən gəlib, oturdu bu qutunun içinə, dedi, sür gedək...

        Taksi ki var, kəsilməmiş qarpız kimidir. Necə olacağını oturan kimi bilə bilməzsən. Gərək on dəqiqə-filan yol gedəsən ki, yolçuların, illah da taksiçinin nə yuvanın quşu olduğunu biləsən. 

        Taksi ki var... Bu faytonun müasir formasıdır. Adətən, bura əvvəllər bir az müasir, bir az intilgentsayaq adamlar minərdi; kasıbın nə işi vardı bahalı minikdə?! 

        İndi, ay başına dönüm, nə intilgentlik qalıb, nə müasirlik. Orta təbəqə yavaş-yavaş əriyib aşağı təbəqəyə qarışıb – ölkədə varlı var, kasıb var...

        İndi taksiyə əlacı kəsilən minir. Varlının burda nə işi? Hərəsinin qapısında neçə-neçə bahalı xarici maşın var. Yəni bu qutuya adamlar kefdən minmirlər. Minənin də əli qalır ürəyinin başında ki, ay allah, görəsən, yol yoldaşlarım kimlər olacaq? 

        Bildiniz ki, söhbət adi taksilərdən deyil, bir manatlıq, üç manatlıq, beş manatlıq, ya da on manatlıq taksilərdən gedir. Bir-birini tanımayan dörd adam minir, taksi düşür yola...

        Vay o günə ki, yol da ola uzaq, məsələn üç saat-zad. Yol yoldaşların bir ailə olsa, hələ uşaqları da olsa, sən batdın. Arvad bir yandan, uşaq bir yandan baş-beynini aparacaqlar, kişi də mal kimi baxıb-baxıb, hərdən həttənəcək, özünü o biri yad yolçuya göstərməkçün.  

        Hələ taksiçi! Ondan qorx ki, o da yava ağız ola. Beynəlxalq vəziyyətdən tutmuş, Qaloş pirinəcən hər şeyi müzakirəyə çıxardacaq, indiki televiziya şoumenləri kimi, danışıb, danışıb, axırda da sənin fikrini öyrənmək üçün mikrafonu... yox e, sözü ərklə sənə verəcək... 

        Bir iş də var: burdakılar bilirlər ki, bir də çətin görüşsünlər. Yəni kimin nə sirri-sirpici var, tökür ortaya. Sanki bura taksi deyil, İskəndərin sirli quyusudu – yumurlar gözlərini, açırlar ağızlarını – döşəyirlər eeee!.. Kimin yalan, kimin doğru danışdığını bilən də yoxdu. Gopa basan kim, qonşusunun başına gələni öz adına çıxan kim... Qoca Baydenin atabatasını qəbirdən çıxardan kim...

        Yaxşı olar ki, əvvəlcədən qulaqcıq götürüb, ucunu telefonuna taxasan, musiqidən-zaddan qoyasan, gözünü də yumub, özünü buraxasan fələyin badına...

         Amma mən sözə qail olan biri kimi belə söhbətlərin bazıyam. Bax, bu dəfə mənimki gətirmişdi. Taksi yoldaşlarım söz-bez adamı idilər. Üç saatlıq yolu necə getdiyimi bilmədim...

 

                                               ***

 

        ...Saat ikinin tamamında Şamaxinkanı keçmişik. Bir xeyli getmişdik ki, sürücü sürəti artırır və elə bu an sərnişinlərdən birinin halı pisləşir. Taksiçi sürəti azaldır, yanındakı adama butulkada su təklif edir. O, bir qurtum alıb, özünə gəlir və mızıldanır: 

         -Bir az yavaş sür, ürəyim qalxır, başım gicəllənir...

         -Ay kişi, ağsaqqal adamsan, yola çıxırsan, özü də içkili... İndi nə eliyim, düşürdüm səni? – Sürücü kefi qaçmış halda dillənir. 

        Ayağımı salona qoyanda ucuz araq iyi məni vurmuşdu. “Yəqin pandemiyaya görə sürücü salona spirt vurub” – pandemiya sovuşsa da, belə düşünmüşdüm. Amma budur e, qabaqda əyləşən kişidən gəlirmiş bu bəd qoxu. Bəd deyəndə ki, mən özüm də hərdən içirəm, amma daha yola çıxanda deyil.

       -Ay oğul, mənim çəkdiyimi sən çəksəydin, bəlkə sükan arxasında da içərdin vallah! – Kişi azaylanır. Hiss edir ki, sürücüqarışıq hamımız onun içkili maşına minməsinə qarşıyıq. Nə fikirləşirsə, üzünü bizə, arxa oturacaqda əyləşənlərə tutur:

       -Burdan İsmayıllıyacan azı üç saat yol gedəciyik. Qoy sizə bir əhvalat danışım, həm yola körpü salaq, həm də mənim içməyimin səbəbini anlayarsınız... – Sanki kişi özünü əff etdirmək üçün başına gələn hadisəni bizə rüşvət kimi təklif edir.

 

         Təndir-pendir söhbəti

 

         Kişinin olar 70 yaşı. Bığları siqaretdən sapsarı saralıb. Gözləri qoyun gözü kimi balaca və ifadəsiz, üzü çor vurmuş üzüm kimi bozalaq  və xal-xal, çənəsi saqqız çeynəyən adamınkı kimi hərəkətli. Danışanda gördüm, ağzı köz kimi yanır – dişləri tamam qızıl idi.

         Dodaqlarını yalayır, ağzını bir az marçıldadan kimi edir və başlayır söhbətə.

        -İndi sizə danışacağım əhvalat çap olunmamış bir məqalədəndi. Məqalə deyəndə ki… O yazının əsas məğzini sizə danışıram. Məqalə müəllifin dilinnən yazılmışdı…

        “Perestroykanın tüğyan eləyən, xalq hərəkatının təzə-təzə dirçələn vaxtları idi. Məni zor-xoş raykoma işə aparmışdılar. Bir gün katib çağırıb dedi ki, gedərsən pendirzavoda, ora yaxşı bir əl gəzdirərsən. Yoxla, gör vəziyyət nə yerdədir?

        Dedim, yoldaş katib, axı mənim pendirdən-süddən elə başım çıxmır, necə yoxlayım?

Gülüb, dedi, pendiri, südü deyil, müdiri yoxla. Deyirlər onun ayıx vaxtı olmur...

       Məsələ aydın oldu.

       ...Müdir idarədə tək idi. İdarə deyəndə ki... Bir daxma kimi yer idi. Amma yaxşı həyət-bacası vardı. Müdir məni qapıda qarşılasa da, ayaq üstdə dura bilmirdi. Adam büsbütün araq iyi verirdi.

      -Niyə içirsiniz? İndi mən katibə nə deyim? Deyim ki, alkaş müdirlə araq içməyə getmişdim? Cavan adamsan...

        -Bilirsiniz... - O, daxıldan beş-altı metrlik ip çıxartdı, mənə göstərib ağlamsındı. - Dəfələrlə istəmişəm bununla özümü... Amma uşaxlarım gözümün qabağına gəlib... Bir istəkan içib, çıxıb getmişəm süd qəbuluna... 

       -Niyə axı, səbəb nədir?

       -Mənim dərdim böyükdü, məəllim... Bunu hər adama demərəm… Bilirəm ki, siz raykoma təzə gəlmisiniz, cavansınız, haqqı nahaqqa verməzsiniz… Bax, onu görürsünüz? - O, küncə qoyduğu brezent çantanı göstərdi. - Hər həftənin sonu onu doldurub ora verməliyəm... Sizin idarəyə... İçməsəm, ürəyim partlıyar e, məəllim... Ya da gərək özümü bu kəndirlə... Mənə o meşokdan qalan bilirsiniz nə olur? Bir əllilik, bir də bu içdiyim boş araq şüşələri... Bir də mal yemi komikoru satıb, süd alan, südə su qatan, mənimlə ana-bacı söyüşünə çıxan ferma müdirlərinin ah-ufu... Katib özü bilir axı mən niyə içirəm, sizə niyə əziyyət verib ki?.. Bu onluğu taksiyə verərsiniz, bu onluğa da bazarlıq edərsiniz uşaqlara... İçən olsaydınız təzə araq açardım... İndi məni bağışlayın, axşam südü gələcək, mən həyətə çıxmalıyam...

        Əlbəttə, pulu almadım. Amma çağırdığı taksiyə minib, kənddəki evimizə yollandım.

        Səhər katibin yanına gedəndə məni gülə-gülə qarşıladı və soruşdu ki, aktın hanı bəs?

        Dedim, yoldaş katib, mən o adamı yerində tapa bilmədim, dedilər vacib işi çıxıb, harasa gedibmiş...

        Katib daha məni belə yerlərə göndərmədi…”

        Kişi gözlərini yumub, daha səsi də çıxmır. Mən əyilib üzünə baxıram ki, birdən yenə halı pisləşər. O isə qəfil gözlərini açıb, daha diri səslə deyir:

       -O pendir zavodunun direktoru mən idim... Həmin o zavoddan mənə üç şey qalıb: ağzımdakı qızıl dişlər, İsmayıllıda tikdirdiyim kasıbyana daça... Bir də bu araq qoxusu... Gündə ən azı yarım butulka içməsəm... İndi tay o qədər içə bilməsəm də…

            Səsi qırılır. Başını sağ pəncərəyə söykəyib birdəncə yatır...

            Hardansa burnuma pendir qoxusu gəlir...

            …-Mənim İsmayıllıda, maşın belə işləməyən, elektrik işığı olmayan Alaqaya kəndində  otuz baş qaramalım, yüz baş da davarım var... rayonumuz işğal olunannan sohra gedib orda bir balaca təsərrüfat qurmuşam... Mənim işçilərimin çaldığı pendiri dünyada heç kim çala bilməz... O katib də ölürdü mənim pendirim üçün... Üzlü pendir göndərirdim onun evinə səhər yeməyinə... Ola isti təndir çörəyi, mənim pendirimnən qoyasan arasına, çaydan da yarpız, qıcı  yığasan... Əh, qıcı burda olmur ki, bizim çaylarda olurdu… Qıcı deyirəm e saa, su qoxusu, çaylaq dadı…

            -Yanında da yarım litir... – kimsə dillənir.

            -O heç də, onsuz olmaz ki... – kişi yenə başını şüşəyə söykəyib yatmaq istəyir. 

            Sürücü iştahlanır elə bil. Maşının sürətini artırır.

            Kimsə şübhəli səslə azaylanır:

            -İnandırıcı deyil axı… Bu zəmanədə maşın işləməyən, elektrik işığı olmayan kənd var ki?

            Sürücü maşının sürətini bir az da artırıb, yanında oturmuş bu maraqlı adamı ilk dəfə görürmüş kimi çəpəki baxır, heyrətlə dillənir:

             -Deməyinə düz deyir… Alaqayayada işıq son vaxtlaracan yoxuydu… Mator işlədirdilər… Maşın isə… Niva-zad birtəhər gedirdi, onu da yayda-zadda… Dayan görüm e… Bıy səni! Həəəəə, əşi, o məqalədə ayrı şeylər də olmalıydı axı? – taksiçi açıq bir təşəxxüslə soruşur və əlini əlinə sürtüb, maşının qazını bir az azaldır, dönüb yatmaqda olan kişiyə baxır.

            Kişi özünü yuxuluğa vurmağa çalışsa da, anlayır ki, bütün taksi əhli ondan cavab gözləyir. Başını döndərib, heyrətlə sürücünü süzür və anlamaq istəyir ki, sürücü, həqiqətən, onun macərasından xəbərdardır, ya ona “yem” atır?

            Dərin bir ah çəkir və bu dəfə əvvəlki şövqlə deyil, taxtdan salınmış şah rolundakı aktyor kimi mızıldanır: 

          -Düzdü eeeee… O məqalədə yazılırdı ki, mən rayonun baş həkiminin bacısı oğlu imişəm… Ona görə də məni heylə məsul yerə qoyublar… Hətta o alçaq müəllif yazıda etikaya sığmayan şeylər də yazmışdı… Əşşi, bunlar hamısı şəbədə idi… Yaxşı, sən bunları hardan bilirsən? – Təəccübqarışıq qorxu ilə taksiçidən soruşur. Taksiçi taksinin sürətini bir az da artırıb bərkdən gülür. Elə gülür ki, elə bil taksi də bu gülüşdən diksinib, az qalır yoldan çıxsın. Araq iyi verən kişi bunu gözləyirmiş kimi bağırır: 

             -Ə, a bala, sənin qəsdin bizi qırmaxdı?! Yavaş ə, yavaş!..

            Bizim tərəfdən – arxa oturacaqdan kimsə həyəcanla dillənir: 

            -Buralarda ehtiyatlı olun… Qabaqda, hardasa… təhlükə…

            Taksiçi ayağını qazdan aralayır. Maşın şilxor yabı kimi ağır nəfəs alıb, yavaşıyır. 

            -Qorxmuyın, mən bu yolu gündə iki dəfən gedib-gəlirəm… Həəə, sənin işçilərinnən biri mənim dayimi müştərim olub… Elə səni də qabaxlar neçə dəfə aparıb-gətirmişəm… Çoxdandı görmürəm, onçün gec tanıdım… O danışırdı ki, o məqaləni yazan adam sizin rayonnanmış, qaşqınmış, hər il gəlirmiş İsmayıllıdakı fermana, səni şantaj eləyib, filan qədər pul alannan sohar çıxıb gedərmiş… Bir gün bizim bir taksi yoldaşımızın maşınında avariyaya düşür… Taksi şofiri şikəst olur, o jurnalistsə ölür… Jurnalistin papkasının arasınnan heç yerdə çap etdirmədiyi məqalə tapılır… Ha-haaaaa!.. Orda bir də yazılıbmış ki, sən o qlavvraçın starşı medsestrasınnan olan nizakonnı oğluymuşsan… Sən bunu bildiyin üçün içirmişsən… Pendir-təndir məsələsi də bəhanəymiş… ha-ha-haaaaa!.. Di yaxşı, zəhmət olmasa, yol pullarınızı çıxardın, yolumuzun üşdən birini getmişik…

             Bu vaxt arxada, o biri qıraqda oturmuş əyri burunlu, pırpız qaşlı birisi yerində qurcalanır, eşitdiklərindən həvəsə gəlmiş adam kimi bic-bic gülür, gediş haqqını çıxardıb sürücüyə uzadır və sözlü adam kimi mənə sarı əyilir:     

            -O jurnalisti mən yaxşı tanıyırdım. Bizim radioda da yazıları, reportajları gedərdi… Bicəngənin biri idi… Sonralar, nədənsə, birdən-birə yoxa çıxdı… Danışırdılar   ki, hansısa yağlı yerə ilişib, xımır-xımır yeyir… 

            -Siz radioda işləmisiz? – mən marağımı boğa bilməyib, soruşuram. - Deyirəm, bəlkə, birini də siz danışasız, yolumuz gödəlsin? - deyib, cavab gözləmədən boğazımı artlayıram.  

           Adam bir az duruxur. Sonra əli ilə üzünü qaşıyıb, lap uzaqdan başlayır...

 

            Orgiya

 

            “Universiteti bitirənnən sohra təyinatımı radioya verdilər. Yəni, Az.Tv-nin radiosuna, respublika radiosuna... Zaman elə zaman idi ki, bağışdıyın, kimin zadı kimin harasındaydı, bilən yoxuydu... Siz allah, üzürlü sayın, mənim bu söhbətim onsuz da biyabır söhbətdi, amma dəmi gəlib, danışacam... Jurnalistikanın qıbırdan düşən vaxtlarıydı... 90-cı illərin axır-uxuruydu...”

            Adam olar altmış yaşlarında. Bir gözü çəp kimidir, ya bəlkə şüşədəndir, çəpəki oturduğundan fəhm edə bilmirəm. Danışığı rəvan, səsi canayatandır. Hiss olunur ki, efir adamıdır.

            “Baş redaktorumuz şorgözün biri idi. Siz də bağışdıyın, itə də tamah salırdı. Bir şortu diktor vardı, onu görəndə özünnən gedir, adam içindəcə qadının ora-burasın əlləşdirirdi. Özü də o bunu elə eliyirdi ki, elə bil, bunnan fəxr duyur, ətrafdakılara, baxın, mən lotuyam demək istəyirdi…

            Redaksiyamızda bir starıdeva, bir də bir starıdevalığa namizəd olan 29 yaşında qız vardı. 45 yaşlı starıdevanın 29 yaşlı qızdan zəndeyi-zəhləsi gedirdi. Niyə, onunçün ki, baş redaktorumuz qızı yanına çağıranda az qala bir saat kabinetində saxlayar, nə barədəsə gic-gic danışar, qəhqəhələrinin səsi dəhlizin o biri başında eşidilərdi. Starıdevanı isə axır vaxtlar heç yanına çağırmır, ora-bura göndərmirdi…”

            -Ora-bura nə deməkdi? – mən soruşuram. Adam çəp gözünü qıyıb, mənə təəccüblə baxır, sonra elə bil içində nəyinsə qırıldığını hiss edib, bir az belini əyir, ortaya düşdüyü üçün narahatlıq keçirdirmiş kimi dərindən nəfəs alıb, gərnəşir. 

            “Bizə az maaş, onnan da az qanarar verirdilər. Dillənəndə də, deyirdilər ki, respublikanı vermişik sizə, gedin, çapın, talıyın, hələ bizə də gətirin. Bizim adamlar vizuallığı sevir deyə, səsə, sözə, danışığa bənd olmaz, televiziyadan gələnlərin ciblərini doldurar, biz radio işçilərini saya salmazdılar. Amma bizim də öz adamlarımız vardı. Bir qarın yemək, yüz qram araq, beş, bəzən də on şirvan verən tapılırdı. Nəysə, bu “ora-bura” isə baş redaktorun tanıdığı, zəng edib şəxsən bilgiləndirdiyi idarə müdirləri idi… Ora göndərdimi, heç olmasa, bir cəmdək ət, əlli dollaracan pul, yəni yaxşı yola salmaq vardı. Belə yerlərə əvvəllər o Starıdevanı göndərərdilər. O yaşlanıb dəbdən düşəndə isə Qızı göndərməyə başlamışdılar…

            Qız, nə qız! Baldırları par-par parıldayar, üzünün hərarəti uzaqdan adamı qarsar, səsi isə əsl seks simvolu idi. Kişilər deyirdilər ki, o, efirə çıxanda hamı tualetə qaçar, özlərini saxlaya bilmirdilər… Ən sadə mətnləri də elə ah-ufla oxuyardı ki, şalvarlarını isladardılar…

            Qərəz, bir gün baş redaktor həftəlik planlaşmada qıza üz tutub dedi ki, bəs sədr müavini tapşırıb, səni filan nazirliyə, şəxsən nazirin yanına göndərəcəyəm… Bilmirəm, nə eliyirsən elə, ordan yaxşı qayıt… Kişini razı sal… Müəllim istəyir ki, sən orda özünü elə aparasan ki… Belə, adam özü səni istəyib e, ay qız!..

            Qız başladı çəm-xəm eləməyə ki, mən qız uşağıyam, mənim orda nə işim var?! Göndərirsiniz, ode ha, bax onu göndərin! – barmağını düz Starıdevaya tuşladı…

            Əşşi, bir görəydiniz bu Starıdeva nə həşir çıxartdı! Dedi, aaz, mən nazirlərin otağında intervü verəndə, sən hələ anavın şeyinnən burnuvı çıxartmamışdın! Eeeey! Sən öləsən, sənə bir gəliş gələrəm, gəldiyin yolu yanılarsan!.. Nə özüvü mazamata qoymusan, get deyirlər, get, verməlivi ver, almalıvı al, çıx gəl bı yana!.. Yox, ciddisən, doğrudan qorxursansa, mən gedərəm müəllimin yanına, deyərəm özümü göndər!..

            Elə bil Qızın kürkünə birə düşdü; qorxdu ki, doğrudan, onun yerinə bu Qarıımış qızı göndərərlər. Tez qayıtdı ki, aaz, səni kimdi ora qoyan, sən ağzıvın sözünü bilmirsən e! Əvvala, intervünü vermirsən, alırsan… ikincisi isə… məni nazir şəxsən özü çağırıb e, şəxsən!..

            Və planlaşma bitdi…

            Səhər Qız işə gəlmədi. Redaksiyada pırtan-pırtan düşdü. Starıdeva danışırmış ki, mən bilirəm oranı, o dağılmış nazirlik deyil ki, orgiyadır. Nazir alır, bir sahat, iki sahat səninlə min əməldən çıxannan sohra verir müavininə, o da odun-atəşin söndürənnən sonar köməkçiyə ötürür… Az qala, qapıçıyacan səninlə yatırlar bir gecədə. Sohra da səni ora işə dəvət edirlər. Bir-iki il orda mətbuat xidmətinin katibi olursan, bütün nazirlik səninlə yatıb-durur, sohra səni təzədən radioya göndərirlər… İndi görərsiniz, bu üzübağlı qəhbəni də ora işə çağıracaxlar…

            Biri gün Qız çiynində bahalı şuba gəldi işə. Bütün radio o şubanı müzakirə eliyirdi. Bir gecəliyin qiyməti olan bu şubanın dəyərini hesablamağa çalışırdılar. O biri redaksiyadakı qız-gəlinlər bizim Qıza həsədlə baxırdılar…

            Və bir gün bizim şöbənin materiallarını əvvəllər makinada, sonar isə kompüterdə yazan Əntiqə xanım Qızın başına gələnləri mənə danışdı. Əvvəl danışmaq istəmədi. Yəqin yuxarıdakınnan – müəllimdən qorxurdu ki, söz yayılar, kimnən çıxdığını öyrənər, onu işdən qovar…

            Nə isə, Əntiqə xanımla aramız bir az açıq idi, bir-iki dəfə yaxın olmuşduq deyə, dilini sürüyə-sürüyə danışdı mənə. Deyir, o nazirin bağ evindəymişlər. Əvvəlcə, baseyndə süd gölündə çimiblər. Nazirin bir dostu varmış, bilirsən kimdi, o qumar üstündə bığı qırxılan nazir-müğənni vardı e, bax oymuş. O da öz aşnasıynan gəlibmiş. Süddə çimənnən sohra viski içiblər. Sohra bizimkinə “Yenə o bağ olaydı” şeirini deklamasiya ilə söylədiblər. O yanmış da yaman söylüyür axı, mən qadınlığımnan o efirə çıxanda özümü əldən qoyuram… Hə, sohra başlayıb qrup seks… Kim kiminlə olub, kim kiminlə nə qayırıb, day bunu bilən olmuyub. Bizimki danışırmış ki, mən nazirə dedim ki, bax, ehtiyatlı olun, mən qız uşağıyam… O da qayıtdı ki, narahat olma, hər şey nəzarət altındadır… Səhərəcən lüt-ətcəbala o süd dolu hövuzun içində, sohra da xüsusi otaqlarda min ounnan çıxıblar… Bizimkinin belə zəngin təcrübəsi yoxdu axı, deyir, iki dəfə qəşş elədim, özümü itirib yıxıldım yerə. Ayılanda gördüm ki, elə ölümümə eliyirlər… Sohra kəklik ətiylə Eravan konyakı içdik… Bax e, bu soxhasoxda, sən də bağışla, erməni konyakını hardan tapırlar?! Şərəfsizlər!.. Hə, deyirmiş ki, səhərə yaxın on dənə göy yüzlük, bir də çiynimə atılan o şuba ilə məni taksiyə mindirib yola saldılar…”

            Adamın çəp gözündən yaş gəlir. Bilirəm ki, şüşə deyilmiş. Başını aşağı salıb, elə bil danışdığı bu naxoş əhvalatın təsirindən çıxa bilmir. Və qəfil şeir deyirmiş kimi deklamasiya edir Əntiqənin sözü olmasın:

 

            Bilirsiniz sonar nə oldu?

            O oldu ki, qız… qızmı, gəlinmi?

            Gedimli-gəlimli… dünya…

            Deyib kin… Ölsün düşmən!

            Nə dedilər elədim

            Bircə Erivan konyakın 

            Nuş eləmədim!

 

             Taksiçi bir əli ilə sükanı tutur, o biri ilə sükana bərkdən çırpıb qışqırır: “Bay səni! Mən də deyirəm o nazirlikdəki qadınlarla yatan, şəklini çəkib paylaşan oğraş bunu hardan öyrənib?! Demiyəsən…” 

            Adam susur. Elə bil özünün də yorumundan xoflanır. Sonra mənim ona baxdığımı görüb yavaşdan deyir: 

            -Gədənin sənədlərini ora vermişik… Gedib bankdan da on min kredit götürmüşük… Ki, ataq ağızlarına, usagı işə götürsünlər… Neynim e, ayrı yerdə o qədər maaş vermirlər axı… Əşşi, cəhənnəmə ki, e!.. Basaq qaza, gedək, Yolun çoxun getmişik, azı qalıb…

            Sonra qəfil arxaya – bizə sarı boylanır, jurnalistə göz vurur:

            -Eşq olsun el qızına! Düşmən konyakın işmiyif!...

 

                                               ***

            Mən bu biri qıraqda oturmuşam. Ortadakı adam qurcuxur. Mürgüləyibmiş kimi gileylənir:

            -Ə, a qardaş, elə outrun, biz də adam kimi oturax dayna… Burda deyiblər e, qəbirdə də yerimiz dar olmasın… 

            Mən kişinin bərk-bərk sıxıb bağladığı qalstukuna, qalın geyiminə baxıb, gülümsünürəm. Kişi elə bil indicə kürsüyə çıxacaq. Və qeyri-ixtiyari dillənirəm:

            -Qardaş, birin də siz danışın, yolumuz qısalsın… Həm də narahatlığınız səngisin…

            Adam səy-səy mənə baxır, sonar gözünü qıyıb deyir:

            -Siz nahaq bu yolu gedirsiniz… Bakıda desəydiniz, qoymazdım minəsiniz… Verdiyiniz behi də götürüb aradan çıxıb… Sizin görüşmək istədiyiniz adam quyruq ələ verməyəcək, bax bu ölsün!

              (Adam şappıltı ilə əlini üzünə vurur.)

            -Nədən danışırsınız? Siz… Siz…

            -Hə, də, siz rayona ona görə gedirsiniz ki…İllərdir bu işlə… Maklerlik…Yox, yox, bunu deməyim… Qardaşım, adam gəlməyəcək…

            -Sən hardan bilirsən axı?! – Hirslə qışqırıram və adama sən dediyimin indi fərqindəymişəm kimi darılıram.

            -Dediniz ki, sən də bir şey danış, mən da danışıram… Başıma gələnlər bu görücülüyümnən, hoqqabazlığımnan, kəndirbazlığımnan, adını nə qoyursunuz-qoyun… Hamısı onnandı…

            Adam qalstukunu, nəhayət ki, boşaldır, gözünü yumub ağzını açır…

 

 

            Kəşf

 

 

            “Hər kəs birinci özünü tanımalıdı. Öz gücünü bilməlidi. 

            Təhsil illərində adam nə bilir-bilsin, nə oxuyur-oxusun, nə qazanır-qazansın, özünü tanımasa, dəyməz bir qəpiyə. Gərək gücünün, öcünün yerini biləsən ki, səni yıxa bilən selə girməyəsən, yerə çırpan ata minməyəsən, ağlın kəsməyən qadınla... Vallah bu da şərtdir, amma mövzumuz bu deyil deyə, cümləni yarımçıq kəsdim...

            Allah mənə bir qabliyyət verib ki, onu başqa cür istifadə etsəydim, indi məşhur gözübağlıca, kəndirbaz,  illizyonçu idim. Bəlkə, yaxşı pulum-zadım da vardı. Eşitmişdim ki, Bakıda Tofiq Dadaşov adında biri olub vaxtilə. Ezən mənim kimi illüziya ustası imiş. Uşaq vaxtı konfet kağızlarını dükançıya verib, konfet-peçenyə alar, həm özü yeyər, həm də məhlə uşaqlarına paylayarmış...

            Hələ məəən! Mən atamın verdiyi beş manatı aparardım mağazaya, verirdim satıcıya, deyirdim, dayı, üç kilo qənd ver. Sonra necə edirdimsə, o beş manatı da qəndqarışıq alırdım kişinin əlinnən, gəlirdim evə. Məhlə dostum Nağını da götürüb, gedirdik daha uzaq yerdəki mağazaya. İki manata çoxlu konfet-peçenye alar, bir şüşə də kola götürər, pulun qalığını da cibimə qoyub, dönərdim evə.

            Bir belə, beş belə, axırda anam bildi bu işi. Məni şiv çubuqla döyüb, dedi, danış görüm, nə hoqqadan çıxırsan? Sənin cibində bu boyda pul-para haradandır?

            (Əslində, hamıdan qabaq anam bilmişdi məndəkini. Yemək çəkəndə bircə dəfə çömçəyə baxmağım kifayət edirdi ki, arvad çaşıb, ətin çoxunu mənim qabıma qoysun. Atama deyirmiş ki, məni qınama, bu gədədə nəsə var. Üzümə baxanda, nə məsələdisə,  mən yekəlikdə arvadın dili dolaşır.)

            Cibimnən bir təklik çıxardıb anama uzatdım, dedim, bunu gizlət. Arvad pulu bilmirəm harasındasa gizlətdi, amma beş dəqiqə sonra mən o pulu anamın ayaqqabısının içinnən çıxartdım.

            Arvad az qala huşunu itirəcəkdi. Dedim ki, məmə, mənnik bir şey yoxdu, bu allah vergisidi.

            Sonra köhnə qayçımızı baxışlarımla əyib ikiqat elədim. Arvad qışıqırdı ki, ədə, sən neynədin, indi mən qeyçisiz  neynərəm!?

            Dedim, fikir eləmə, indi mən onu əvvəlki halına salaram. Və qaytardım qabaqki vəziyyətinə.

            Atam dənizdə idi. Qayıqla bir həftəliyinə balıq ovuna getmişdi. Kişi gələn kimi anam əhvalatı ona danışdı. Atam məni öz ağlı ilə imtahan eləyənnən sonra qolumnan tutub apardı akademiyaya - əmisi nəvəsi olan geologiya institutunun elmi işçisi Əhəd Əhədzadənin yanına. (Atamın  yoxlaması da gülməli idi: kişi qəfil soruşdu ki, bu gün mən nə qədər balıq tutmuşam? Bir az fikirləşib, dedim heç nə qədər. Sən əliboş gəlmisən. Doğrudan da, kişi o gün fırtınadan xilas olmaq üçün özünü güclə sahilə yetiribmiş.)

            Əhəd müəllim də məni öz ağlıynan yoxlayan kimi nöqtəni qoydu. (Bir ovcunda mis külçəsi, o birində gümüş külçəsi tutub, əllərini yumaraq demişdi: əllərimdə nə var? Mən də gözümü yumub, “siz ürəyinizdə deyin əlinizdəkiləri” dedim, təxminən, iki dəqiqə sonra onun tapmacasına düzgün cavab verdim.) Dedi, qoy uşaq orta məktəbi bitirsin, gətir yanıma, onu geoloq eliyəciyəm ki, allahın verdiyi istedad havayı getməsin. Yoxsa, bu gədə sənin başına oyun açacaq...

 

                                               ***

 

            Beləcə, sənədlərimi universitetin geologiya fakültəsinə verib, beş il oxuyannan sonra oldum geoloq. Özü də geoloq, nə geoloq! Camaat yeri qazır, nümunə götürür, laboratoriyada analiz edir, aylar sonra qərar qəbul edir ki, burda ya neft var, ya dəmir var, ya kömür var...

            Mənimki isə ayrı aləmdi. O universitetdə oxuduğum zamanlar da, əslində havayı gedib. Qardaş, mən dağa çıxdımmı, əlimi torpağa qoymağnan, yaxud burnumu bir-iki dəfə çəkməynən təyin edirəm ki, burada nə var, nə yox...

            Özü də, and olsun o bir allaha ki, hələ indiyəcən səhv-zad eləməmişəm. Sadəcə institutun direktoru iki dəfə cəhd elədi ki, məni işdən uzaqlaşdırsın, Əhədzadənin səyi ilə onun arzusu gözündə qaldı. Lap yuxarılardan gəlib, məsələni araşdırdılar və məni işimə bərpa elədilər. Nə bərpa canım?! Məni basıb maşına ora – lap yekə adamların oturduğu yerə apardılar.

            Əşşi, orda kef oldu, e, kef!

            İndi baş adam deyir ki, filan iş filandı, baxıb görürəm ki, bu yalan danışır. Qulağına pıçıldayıram ki, siz axı heylə demək istəmirdiniz? O da pıçıldayır ki, doğru, amma belə lazım. Adam hər düşündüyünü desə, dünya dağılar...

            Beləcə, mən oldum həm o yuxarıların sağ əli. Az sonra isə birincinin arvadının əmri ilə bir gün çıxdım dağlara qızıl axtarmağa...

            Pəh! Qardaş, bu balaca ölkədə nə qədər qızıl varmış, ay başına dönüm!

            İki yataq kəşf elədim, qazıntılar başladı, istehsal getdi və baxdım ki, mən cəhənnəm, xalqa bunnan heç bir fayda gəlmədi. Ona görə ürəyimdə söyüş qoydum ki, ən az qızıl olan yataqları göstərəcəyəm bunlara.

            Beləcə, harda ki, məsələn, əlli kilo qızıl olardı, o yatağı nişan verdim. Hardakı 10-20 ton qızıl ehtiyatı olardı, oranı işarələdim, amma xəbər vermədim...

            Və bir gün, necə oldusa, mənim geoloji atlasım keçdi bunların əlinə. Həmin institutun direktoru- na göstəriblər, deyib ki, bu sizə atıb. Harda az qızıl var, ora yönəldib. Çox qızıl olan yeri isə gizli saxlayıb...

            Soruşdular belədi, dedim, tutalım ki, belədir? Qoy o direktor bunu sübut eləsin.

            Ay zırt! Elədi ha. Mən özümün kəşf elədiyim geodeziya əlifbası ilə aparmışdım atlası. Bundansa ancaq mənim xəbərim vardı, qismən də Əhədzadənin. 

            Əhədzadənin üstünə qışqıran kimi, məni satdı. Amma əlifbanı sonacan yadında saxlaya bilmədiyi üçün, kəşfin abyomunu tam göstərə bilmədi. Nəticədə onun nişan verdiyi yerlərdən aliminium çıxdı.

            Əhədzadəni işdən qovdular. Direktoru taqaüdə göndərdilər. Mənə isə boş yeri göstərib dedilər ki, həm direktor olursan, həm də kəşfdən faiz alacaqsan. Buyur, başla işə...

            

                                                           ***

 

            Mənim elmi işim-zadım yoxdu ki. Nə müdafiə eləmişəm, nə bir məqalə-zad yazmışam. Mən Piyada Qaqarinəm, nənəm demişkən. Ona görə mən o boş yerə bir az baxannan sonra uca boyu, bozalaq saçı, amma qapqara bığları olan bir kişini gətirib bizə direktor qoydular. Kişinin işi-gücü təzə aldığı arvadıyla votçapda görüntülü danışmaq idi. Hərdən də məni çağırıb atçot-uçot istəyir, bir də yuxarıdan olan  əmrlərə cavab   hazırlamağımı tapşırırdı. Necə deyərlər, öz əlim, öz başım...

            Amma bu düzən düz bir il sonra pozuldu. Birincinin qızı məni yanına çağırıb dedi: “Bilirəm ki, sən zalotoyşiksən. Mənim uçaskamda qızılın miqdarı azalıb. Gedirsən ora. Axranlar səni salacaq partiyaya. Nə eləyirsən, elə, mənə qızıl tap!”

            Bir dəstə silahlı adam məni türmə maşınında gətirdilər yatağa. Qardaş, burda nələr etməmişdilər?! Torpağı köstəbək kimi sağdan, soldan, perpentikulyar, paralel tərzdə qazmış, altını üstünə çevirmişdilər. Qızıl isə yoxdur ki, yoxdur. Rus kəşfiyyatçı burada azı yüz ton qızıl olacağını bildirsə də, bu boyda həngamədən sonra üç il ərzində cəmi iyirmi kilo qızıl istehsal olunmuşdu. İndi isə istehsal tamam dayanmışdı...

            İlk təmasda harada isə dərinlikdə böyük qızıl təbəqəsinin olduğunu aşkar etdim. (Dedim axı, mən qızılı iyinnən tanıyıram. And olsun o bir allaha ki, taksiyə oturanda qorxudan düşmək istədim: elə ayağımı içəri qoyan kimi zəhrimarın qoxusu burnumu doğradı. Şüşəkəsən kimi, yox, qaz qaynağı dəmiri kəsən kimi kəsir adamı qızıl qoxusu. Metaldı də. Zarafat deyil, bahalığı bir yana, qoxusu da kəsərlidi… Elə ki, qabaqda outran  daydayı gördüm, dodaqlarının arasınnan qızıl rəngi gün şüası kimi içimə axdı, toxtadım.) Amma bunu onlara deməkmi olardı? Orada azı on ton qızıl vardı. Mən millətin malını bunlara necə nişan verim? Allahın mənə verdiyi bu qabliyyəti sağa-sola xərcləyə bilməzdim. Tarix üzümə tüpürərdi. Bakısında, Xəzərində qara qızıl, şoranlığında sarı qızıl olan bu məmləkətin əhalisi nə kökdə yaşayırdı?

            Partiayaya gedəndə yolda bir dəstə uşaq gördüm. Çiyinlərində torba dağa qalxırdılar. “Bunlar hara gedir” deyə bələdçidən soruşdum. “Dağlarda yaxşı çaşır olur. Onu yığıb partiyanın işçilərinə satırlar. Duza qoyub, şoraba düzəldirlər. Araqla yaxşı gedir” dedi bələdçi. “Bəs neçəyə satırlar o çaşır dediyni?”

“Kilosu iki manata... Yüngül şeydir. Bir uşaq, ilan çalmasa, axşamacan iki kilo ancaq yığa bilər...”

            Başımnan tüstü qalxırdı. Torpağın altı qızılla zəngin olan xalqın balaları kol-kosdan çaşır yığır, günə dörd manat qazanırdı - əgər ilan çalıb öldürməsə…

            Bu qızıl mədəninin yaxınlığında yerləşən kəndin əhalisi, demək olar ki, səfalət içində yaşayırdı. Mədənə görə, əhalinin mal-qarasını otardıqları örüşləri əllərindən alınmışdı. Kənddən cəmi altı adam burda işləyirdi. Səbəbini soruşanda “bir azdan onlar da olmayacaq, axı burda işləyənlər  uzağı on ildən sonra ağır xəstəliyə tutulur, bir neçə il sonra isə ölürlər” dedilər...

            İndi mən bu adamların haqqı olan qızıl mədənindəki qızılın yerini ya olduğu kimi göstərib, yaxşı qazanc əldə etməliyəm, ya da...

            Yolboyu əllərində kiçik plastik torbalarda qoz, fındıq tutmuş uşaqları görəndə havalandım. Az qala özlərini maşının altına atan bu balacalar “əmi, nə olar, mənimkini al” deyib yalvarırdılar. Meşələrdən tapdıqları bu qoz-fındığı özləri yeməyib, yoldan maşınla ötənlərə satmağa çalışan bu uşaqların içində bir qız usagı gördüm. Başı ülgüclə dibindən qırxılmış, əynindəki donun rəngi getmiş, yırtıq qaloşundan barmağı çölə çıxmışdı.

            -Sənin adın nədir? – deyə soruşdum. Cavab əvəzinə əlindəki fındıq dolu kiçik torbanı mənə uzatdı. Gözləri ilə “nə olar, mənim ləpəmi al” deyən bu mutsuzluq tablosuna baxdıqca ürəyim ağzıma gəlirdi.

            -O danışa bilmir… - Uşaqlardan biri açıq rişxəndlə gülərək dedi.

            Oradakı bütün uşaqların satdıqları ləpə dolu torbacıqları aldım. Ağlamaqdan özümü güclə saxlayaraq maşına əyləşdim. O qızcığaz isə ovcuna satdığı ləpənin onqatını edəcək qədər pul basdığıma görə heyrətdən böyümüş gözləri hələ də mənə baxmaqda idi…

            …Mən bunu edə bilmədim.

            Edərdim. Amma etmədim. Çünki bu qabliyyəti mən özüm qazanmamışam. Bunu mənə Tanrı verib. Verib ki, xalqıma xidmət edim. Mən isə bu qabliyyətimi ayrı-ayrı adamlara həsr edir, onların varlanmasına çalışırdım...

            O lal qızın gözləri isə arxamca baxır, məni sanki təhdid edirdi…

            Geri qayıdanda qəti fikir bildirdim: “Orada qızıl-zad yoxdur. Mədəni bağlamaq, tamam başqa yerlərdə axtarış aparmaq lazımdır.”

            Və bu mənə baha başa gəldi. 

             Səhər mədənin qonaq evində oyananda iki nəfər içəri girib, qışqırdı ki, sən bu gecə mədənin anbarınnan qızıl plitəsi oğurlamısan. Sonra da başladılar otağı axtarmağa və beş dəqiqə keçməmiş, çantamnan beş kiloluq qızıl piltəsi çıxardılar. 

            Yerin altından çıxıbmış kimi bir müstəntiq girdi otağa. Qolumu qandallayıb atdılar qaranlıq bir yerə... Hər gün bayılanacan döyür, üstümə su töküb ayıldır, “ərazidəki qızıl olan yeri düzgün göstər, işgəncəni dayandıraq” deyir, başımı bulayan kimi yenidən döyürdülər...

            Sonra qızıl oğrusu kimi səkkiz il iş verdilər. Sonra...

            -Hə, sonra?.. – Sürücü nəfəsi kəsilmiş kimi bağırır. Adam başını aşağı salıb dinmir. Hamımız bir ağızdan qızqırırıq:

            -Sonra???

            -Nə sonra canım?! Sonrası yoxdur ki... Beş il yatdım... Özümü dəliliyə vurdum... Bir il də dəli kimi dəlixanada yatdım... Axırı buraxdılar... İndi gəlib bir sürü keçi almışam, bu dağlarda keçi ferması düzəltmişəm... Ehtiyatlı ol, qabaqda yolda nəsə var, avariya edərsən!

            Taksiçi enişi təzəcə enmişdi ki, Ağsu çayının üstündəki körpüyə çatmamış yolda sürüşmə olduğunu görüb, əyləci sərt şəkildə basdı, biz arxadakılar qabaqda oturanların üstünə tökülüşdük. Təkcə illizyonçu geoloq ayağını qabaqdakı oturacağa dirəyib, yerində qala bilmişdi...

            Ağır qəzanın bir addımlığından döndük...

            Təxminən on kilometr getmişdik ki, adam maşını saxladıb düşdü və dedi:

            -Mənim keçi fermam buradadır. O dağın döşündəki kənd həyat yoldaşımın  kəndidir. Mollaya deyiblər, haralısan, deyib hələ evlənməmişəm... Hə, məni onlara satmağı ağlınızın ucunnan da keçirməyin. Əlimdə gül kimi dəlilik kağızım var... Bir də daha vergi-zad qalmayıb... başım ancaq keçiyə işləyir... Di sağlıqla qalın...

            -Adınızı demədiniz ha!.. – Taksiçi hırıldayır. Adam geri baxmadan “Keçisaxlayan” deyib pohrəliyə yönəlir... Və qəfildgeri dönüb barmağını mənə tuşlayır:

            -Sən qonşunun oğlunu əsgərlikdən kamsavat elətdirmək üçün burdakı hərbi hissəyə gedirsən… Becə yerə gedib-eləmə… Görüşəcəyin adamı tapa bilməyəcəksən… Dediyim kimi, behi də götürüb, aradan çıxıb…

            Taksiçi qarışıq hamı mənə baxır. Mən isə cinayət üstündə tutulan adam kimi başımı aşağı dikib, nə edəcəyimi düşünürəm. Tərslikdən döş cibimdə beş min manat da pul var – usagı xəstə çıxartmaq üçün rayon mərkəzinə aparırdım. İndi bu dəlixanada nə edəcəyimi bilmirəm. Sanki real dünya ilə parallel dünyanın arasındayam. Sərhəd-zad da itib. 

            Bu vaxt sürücü maşını saxlayır. Qabaqdakı aşırımda iyirmiyəcən maşın ilişib qalıb. Deyilənə görə, yolda yenə sürüşmə var.

 

            Harvard məzunu

 

            Yolda təmir gedir. Taksidən düşüb yol qırağında balaca bir ocaq çatmışıq. Taksiçi koldan kəsdiyi çubuq şişlərə sosiska taxır, közün üstündə bişirə-bişirə deyir:

            -Hamınız danışdınız, yüngülləşdiniz, qaldım mən. Təzə doğmuş qırxlı arvadın üstünə dualı adam gələr, qırxa düşür e, bax elənçinə olmuşam. Ağırlığınızı üstümə tökdünüz, yol-yolağa da götürmədi, sürüşdü, paralandı… yaxşı ki, maşın dağılmayıb…

            -Günah səndədi axı! Danış, yüngülləş də… Taksi deyil, elə bil istintaq təcridxanasıdır… Soruşdurma, sorğulama… Bə demirsən, bir gün sənin özünü də sorğulayarlar?! Danış… Kimsən? – Bunları mən deyirəm və yol yoldaşlarım da əl çalırlar.

            -Mən… Mən… - Qırx-qırx beş yaşlarında olan taksiçi sözünün dalını gətirə bilmir. “Mən” sözünü bir neçə dəfə təkrarlasa da, elə bil nəfəsi çatmır. Son dəblə vurulmuş saçına tumar çəkmək istəyir, əli titrəyir. Keçmiş pendirzavod direktoru cibindən bir yarımçıq şüşə çıxardıb ona uzadır və deyir:

            -Bircə qurtum iç, dilin açılsın…

            Taksiçi şüşəni alıb başına çəkir və “öhə” eləyib, mal kimi böyürür, kişiyə  həttənir:

            -Əşşi, sən nə eliyirsən, axı mən ruldayam… Bu ki araqdı?!

            Soyuq-soyuq gülüşürük. Taksiçi sosiska şişini yuxarı qaldırıb deyir:

            -Baxın, bu guya şişkababdır, amma şişkabab yox, onun parodiyasıdır… Biz hamımız həyat deyil, onun parodiyasını yaşayırıq… Martin Lüterin dində islahat aparmaq qərarı Qərbdə inguldensiyaya səbəb olmuşdu, yəni günahların bağışlanmasına dair qəbz alverinə. Eyni şey Şərqdə də olmuşdu: cənnətə qəbz satışı… Elə niyə baxırsınız? Hə, bildim… Siz mənim bir az əvvəl lağlağı danışığıma öyrəşmisiniz axı! O da parodiyadır. Mənim həqiqi yaşamağım mümkün deyil. Elə hamımızın… Bax, o Keçisaxlayan, əslində geoloq-alimdir, hələ üstəlik allah vergisi də var, gözübağlıcadır, illizyonçudur… Bax, sən pendir zavodunun direktoru idin, amma indi dana qovalayırsan, sən jurnalistsən, amma maklerlik edirsən - əsgərlikdən adam qaçırdırsan… Mən…Mən…Mən…

            Birdən onu ağlamaq tutur. Elə ağlayır ki, az qala biz də ona qoşulacaqdıq…

            -Mən isə Harvard məzunuyam!... Mikrobiologiya üzrə mütəxəssis idim. Doktoranturanı bitirib, müdafiə də etmişdim. Bir il əvvəl hamımızın yaşadığımız korona virus üzrə ölkədə yeganə uzmanam. Amma nə olsun? Bakıya gəldim, üç il az masala işlədim. Sonra TƏBİBdəkilər məni götürüb tamam başqa sahə üzrə bir idarəyə müdir qoydular. Tələb isə bu idi: elm-zad boş şeydir, idarənin məsrəflərini tala, bas, ye, gəlirinin tən yarısını da bizə gətir!.. Mən də görməmişəm axı?! Birdən-birə ayda əlimə az qala bir milyonacan pul gəlir. Atamın qəbiri haqqı zorla almırdım – adamlar özləri mənə rüşvət təklif edirdilər. Mənnən aşağı vəzifədə olanlar idarənin məsrəfi üçün ayrılan dövlət vəsaitini gözümün önündəcə talayır, ayın sonunda gəlirlərinin tən yarısını mənə verirdilər. Və mən də yığıb yığışdırıb, yarısını özümə götürür, yarısını da yuxarı ötürürdüm… Düz üç il belə davam etdi və bir gün qara maskalılar girdi kabinetimə, qolumu qandallayıb saldılar içəri. Nəyim vardı əlimdən aldılar… Düz iki il yatdım. Sonra, buradakı evimizdə anamın gizlətdiyi pullardan bir xeyli verib, özümü aministiyaya saldırdım…

            Yanıq iyi ətrafı bürüyür. Hamılıqla qalxıb bu qoxunun haradan gəldiyini öyrənməyə çalışarkən taksiçi ocaqda yanıb qaralmış sosiskaları alıb, qırağa qoyur və acı gülüşlə şaqqanaq çəkir.

            -Bax, görürsünüzmü? Hətta parodiya da bizə qismət olmadı!.. 

            -Dayan əşi, cəhənnəm olsun parodiya, de görüm sonra nə oldu?! – Bunu keçmiş pendirzavod direktoro təlaşıa soruşur.

            -Heç nə… Oradan çıxanda anam ölmüşdü. Amma yazıq arvad həbsxanaya yanıma gələndə ona verdiyim puldan bir qədərini harada gizlətdiyini demişdi. Gəldim kəndimizə. Rəhmətlik anam deyən yeri qazdım, şüşə balonun içərisindən dollar paçkalarını çıxartdım… O pula düz beş maşın almışam. Biri siz mindiyiniz KİA-dır, o birilərini də kirayə vermişəm. Hər həftənin sonu taksiçilər gətirib kira pulunu verirlər… 

            Adamın sifətində bir çapıq olduğunu indi görürəm və heyrətlə:

            -Bu yəqin türmədən yadigardır, hə? – soruşanda az qalır üstümə qışqırsın:

            -Nə türmə, a kişi?! Mən iki il qabaq könüllü davaya getmişdim… Şuşayacan döyüşmüşəm… Günahlarımı yumaq istəyirdim… Bu şramı əlbəyaxa döyüş zamanı almışam… Süngü yarasıdır… Düzü, arzum şəhid olmaq idi ki, bəlkə bu dünyadan təmiz adla köçəm… O da qismət olmadı… Əslində yaxşı oldu elə! Əgər şəhid olsaydım, o da şəhidliyə parodiya olacaqdı… Mikrobiologiya üzrə Azərbaycanın yeganə elm adamı necə rüşvətxora çevrilmişdisə, sonda ən böyük cəzanı tale verdi: taksiçi oldum…

            Adamın yanağındakı çapıq qızarıb, şişdi, birdən atmağa başladı. Dedim elə indicə qanı üzünə dağılacaq… Amma o birdəncə şaqqanaq çəkib güldü və artıq bir-bir yola düşən qarşıdakı maşınları göstərib dedi:

            -Durun, ə, durum! Bəsdi naqqallıq elədik… Yolçu yolda gərək.

            Qalın sis-duman Ağsu çayının üstündən qalxıb yolumuza doğru irəliləyirdi.

 

                                                                                                          Sentyabr – noyabr, 2022.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)