AYAZ İMRANOĞLU - DOĞULMAYAN KÖRPƏ
Gündə bir neçə dəfə evə zəng etmək onda adət halını almışdı. Müharibə başlayanda isə...
Müharibə başlayan gündən başı qarışıq olsa da fürsət tapan kimi zəng edir, adətinə xilaf çıxmırdı. Axı Zəminəsi ikicanlı idi. Yaxın günlərdə ilk övladını dünyaya gətirəcəkdi. Bu şad xəbəri elə səbirsizliklə gözləyirdi ki... Ata olmaq sevincini, səadətini yaşamağının dadını çıxaracaqdı. Ata, anasına bir dəfə demişdi:
-Yaxınlarda ata sənə babalıq, ana sənə də nənəlik diplomunu verəcək oğul dünyaya gələcək.
Valdeynləri bir ağızdan:
-İnşallah, - deyib Allaha dua edirdilər.
Sonra ata oğluna:
-Oğlum, general olmağı yaddan çıxarmamısan ki?
-Hər bir zabitin arzusudu general olmaq - Bəkir atasına cavab verdi.
Qanlı-qadalı müharibə günlərində isə atası ilə telefonla danışanda:
-Ata sənə söz vermişdim ki, general olacam. General olmaqdan da üstün ad var. O şərəfə layiq olmaq Allah yanında taxt qurmaq deməkdi. O məqamın adı bilirsən nədir ata?
Ata dili, dodağı titrəyə - titrəyə:
-Bil...ir...əm, o...ğul, bilirəm, - güclə dilləndi.
-O məqama yetməyin şərəfi mənə də qismət olsun.
-Elə demə oğul, sağ-salamat ailənin yanında olmağını istəyirəm.
-Şəhidlik hər adama qismət olmur...
Oğulla telefon söhbətini həmişə bittə-bittə arvadına danışan Fariz bu dəfə nəmli gözlərini gizlətmək istəsə də:
-A kişi, Bəkir nə deyir?
Susdu. Deyə bilmədi ki, hamımızın arzusunda olduğumuz general rütbəsini Bəkir şəhidliklə əvəz edə bilər.
***
Zəminə hər gün körpəsinin neçə dəfə bətnində tərpəndiyini Bəkirə telefonla“hesabat”ını verirdi. Bir dəfə isə:
-Yaman dəcəl oğlandı. Dinc dayanmır, elə hey tərpənir. Anan deyir sən doğulanda baş-ayaq, yəni tərsinə doğulmusan. Uşaq vaxtları da çox nadinc olmusan.
-Eləmi?!.. Onudamı anam sənə danışıb?!..
-Hələ çox şeylər danışıb e…
-Daha de, gizlədəsi bir sirrim qalmayıb səndən.
-Oğlun da sənə oxşayıb.
İkisi də güldülər.
***
Bəkirgil döyüş tapşırığını yerinə yetirib geri dönürdülər.
Helekoptoru hərbi aerodoroma endirib komandanlığa məruzə etməyə getdilər. Onlar verilən tapşırığı uğurla yerinə yetirib düşmənin silah anbarını göyə sovurmuşdular. Komandanlıq onlara təşəkkür elan edib növbəti əmr gəlincə istirahət etməyə vaxt verdi. Fürsətdən istifadə edib Zəminəyə zəng etdi.
-Qələbə xəbərlərini eşitdikcə sevincim yerə - göyə sığmır. Hər gün yeni ərazilərimiz düşmən tapdağından azad olur. Bu qələbələrdə sevgilimin də payı olduğundan qürur hissi keçirirəm, - dedi Zəminə.
-Çox tərifləyib qoltuğuma qarpız vermə. Yerə düşər sınar.
-Cənab leytenantım şöhrət azarkeşi deyil. De görüm indi bekarsanmı?Unutma bekar durmaq olmaz. Oğlumuz dünyaya gələnə kimi Qarabağ azad olmalıdır.
-Sən oğlumuzu dünyaya gətir, mən də Qarabağı azad edim.
-İnşallah, arzumuz çin olar.
- Gedirik düşmənin tülkü yuvasını cəhənnəmə çevirməyə, - Bəkir sevincək dedi.
-Gedin dualarım sizinlədir.
Getdilər. Və...
***
Hamiləliyinin doqquz ayı tamam olmuşdu. Narahatçılığı başlamışdı : ”Qaqaş, niyə bu dünyaya gəlməyə gecikir.” – özlüyündə fikirləşdi. Fikrini baldızı Yaquta dedi. O da Zəminə ilə birgə əvvəldən təyin olunmuş doğum evinə gəldilər. Həkim onun sancısı olmadığını görüb:
-Gecikmələr olur. Tənbəl övladdı də. Get ağrıların başlayanda gələrsən, - dedi.
Evə gəlib gözlədi ki, Bəkir zəng edə. Bəkirin zəngi isə gecikirdi. Hamiləliyinin narahatçılığının üstünə daha bir narahatçılıq əlavə olundu.
Birdən havalanan kimi oldu. Səhərdən uşaq tərpənmirdi. Əlini qarnına sürtdü. Elə bil körpəsi qarnında şirin yuxu tapıb yatmışdı. Hətta istədi qarnını sığallayıb körpəsinə layla çalsın. Bu fikrindən yaz keçdi. Axı bu gün çox gəzmişdi. Yorğun olduğu üçün ”Elə yaxşısı məndə uzanb bir hovur gözümün acısını alım” – deyib divana uzandı.
***
Bəkirin qardaşı Vüqar telefon əlində internetə başı qarışmışdı. Bayaq televizorda xəbərlərə baxanda diktor xanım dedi ki, helekopurumuz dumana düşüb, dağa çırpılmışdı. Şəhidlərimiz var. Şəhidlərin ad, familyasını demədiyindən Vüqarın ürəyinə şübhə toxumu səpdi. Bir andaca elə tez-tez darıxmağa başladı. Ürəyi sıxılır, havası çatmadığını hiss edib həyətə düşdü. Yaxınlıqdakı oturacaqda oturub yenə telefonda axtarışını etməyə başladı...
Əvvəl gözlərinə inanmadı. Gözlərini yumub açdı ki, həqiqətən gerçək dünyadadı, yuxu – zad deyil. Ayağa durub evlərinə qaça-qaça qıyya çəkdi.
***
Axşamüstü idi. Bəkirin yaşadığı həyətə doğru insan seli gəlirdi. Əllərində Azərbaycan, Türk bayraqları, dillərində “Şəhidlər ölməz, Vətən bölünməz” kəlamı ucalırdı. Zəminə səsə yuxudan ayılıb əllərini qarnına daraq edib pəncərə önünə gəldi. İnsan seli düz onların binaları qarşısında idilər. Kimisə gözləyirdilər. Qaynı Vüqarı adamlar içində görüb dəhşətə gəldi. Vüqar ağlayırdı.
Bir azdan insan selinin arasına polis maşını, onun ardınca təcili yardım gəlib binaları qarşısında dayandı. Adamlar təcili yardım maşınını dövrəyə alıb vətənpərvərlik ruhunda çağırışlar edirdilər. Zəminə hələ də nə baş verdiyini dərk etmirdi. Ta o vaxta kimi ki, qapı döyüldü. Açdı. Qaynanası idi:
-Belimiz qırıldı, qızım, - deyən qaynanası Zəminəni bağrına basıb, - Bəkirim!.. Bəkirim!..
Zəminənin bütün bədəni titrəyir, dili söz tutmurdu. Güclə:
-Ona noolub? Təcili yardım bizim qapımıza niyə gəlib, adamlar nə deyirlər?
-Bəkirimi gətirdilər bala.
-Günahlarım nə idi ay ana? Allah dualarımı niyə eşitmədi, - deyən Zəminə bayıldı.
Təcili yardım maşınından Bəkirin tabutunu endirib, gəlini mindirib doğum evinə apardılar.
Qonum-qonşu doğum evinin həyətinə toplaşıb Bəkirin övladının dünyaya gələcəyini gözləyirdilər.
Yaşlı qadın həkim qapıda göründü. Onun üzündə peşmançılıq hissi olduğundan başını qaldırıb adamlara baxa bilmirdi. Hamı həkimin verəcəyi xəbəri gözləyirdi. Nəhayət o:
-Şəhidimizə Allah rəhmət eləsin. Gəlin özünə gəldi.
-Həkim bəs uşaq?
-Doğuşun gecikməyi məlum oldu. Uşaq ana bətnində boğulub tələf olmuşdu...
***
Şəhidlər xiyabanında bir qəbir var. Baş daşına “Şəhid Bəkir” adı yazılsa da çoxu bilir ki, məzarda iki nəfər yatır. Ata və onun doğulmayan körpəsi.
01.03.2023.
Atakənd (Bakı). Gözətçi odası.