Edebiyyat.az » Proza » Herman Hesse - Çətin yol (hekayə)

Herman Hesse - Çətin yol (hekayə)

Herman Hesse - Çətin yol (hekayə)
Proza
admin
Müəllif:
16:11, 13 aprel 2023
1 404
0
Herman Hesse - Çətin yol (hekayə)




 

Qayalarla əhatələnmiş dərənin girəcəyində ehtiyatlı davranıb geri döndüm, arxamda qalanlara nəzər saldım.

Yaşıl, səfalı məkanda Günəş işıq saçır, çəmənlərin rəngarəng otları bərq vururdu. Orada həyat gözəl, rahat, isti idi, könülaçan ətirlərin, bənzərsiz çiçəklərin arasında yaşayan arı kimi, mən də dərindən, həm də rahat nəfəs alırdım. Bu yerlərdən uzaqlaşıb dağa qalxmaq istədiyim üçün bəlkə də bu dəqiqə mən dünyanın ən axmaq adamı idim.

Bələdçi yavaşca çiynimə toxundu. Qəlbimə yaxın olan bu mənzərədən gözümü çəkib özümü isti yatağından candərdi qalxıb qışın soyuğuna çıxmış adam kimi hiss etdim. İndi gün üşığının düşmədiyi zülmət dərəyə baxırdım. Buradan kiçik, tünd mavi rəngli çeşmə axır, onun kənarlarında qurumuş otlar gözə dəyirdi. Bulağın dibində bir vaxtlar mövcud olmuş, indi isə hətta yaddaşlardan belə silinmiş adamların sür-sümüyünü xatırladan solğun çınqıl dənələri ağarırdı.

– Bir az dincəlsək, yaxşı olardı, – bələdçiyə dedim.

O, təmkinlə gülümsündü, elə yerdəcə oturduq. Sərin idi, dərənin kənarındakı qayalardan yel vurur, ətrafa iliyi üşüdən hava axını yayılırdı.

Yol, həqiqətən, narahat, qorxulu idi. Özünü bu qayaların arasından keçməyə məcbur eləmək, soyuq bulaqların üzərindən adlamaq, uçurumun sıldırımlı kənarları boyunca alatoran içində irəliləmək çox əziyyətli idi!

– Təhlükəli yoldu, – titrədə-titrədə pıçıldadım.

Qəlbimdə isə sönməkdə olan bir şölə və inanılmaz, çılğın ümid parlayırdı. Ümüd edirdim ki, geri qayıtmaq hələ də mümkündür, bələdçini yola gətirmək asan olacaq, ikimizi də bu ağır sınaqdan qorumaq istəyəcək. Hə, niyə də qorumasın? Tərk elədiyimiz yerlər buradan dəfələrlə gözəl deyildimmi? Oradakı həyat, qapılarını sevgi üçün taybatay açaraq isti, gözəl hava ilə nəfəs almırdımı? Mən, qısa ömürlü, fani varlıq, adi insan deyildimi? Mənim adi bir insan kimi, azca xoşbəxtliyə, bir udum Günəş havasına, səmanın maviliyinə, otların çiçəklənməsinə işıqlı gözlərlə baxmağa haqqım çatmırdımı?

Yox, mən burada qalmaq istəyirdim. Özümü qəhrəman, əzabkeş kimi aparmağı zərrə qədər də arzulamırdım. Vadidə, Günəşin işıq saçdığı yerdə qala bilsəm, həyatımı rahatlıq, məmnunluq içində keçirəcəkdim.

Artıq əməllicə titrədirdim, belə yerdə çox qalmaq olmazdı.

– Əməlli-başlı donmusan, – bələdçi dedi, – yola davam etsək, yaxşı olar.

Bunu deyib qalxdı, dikəlib təbəssümlə mənə baxdı. Bu təbəssümdə nə istehza, nə şəfqət, nə ciddiyyət, nə də mərhəmət vardı. Bu təbəssüm yalnız sahibinin hər şeyi anladığını, bildiyini deyirdi. O təbəssüm sanki dilə gəlmişdi: “Səni tanıyıram. Qorxularından da xəbərim var, hər şeyi bilirəm, təbii ki, dünən-srağagün söylədiyin ağıllı sözləri də unutmamışam. Qorxu və ümidsizlik ucbatından qaçmağa çalışdığını, sənin orada, vadidə cəlbedici Günəş şüaları ilə əyləndiyini də bilirəm – bütün bunlar mənə sənin barəndə fikirləşənədək məlum idi”.

Bələdçinin təbəssümü mənə haradasa bunları söyləyirdi. Sonra uçuruma, qaranlıq dərəyə tərəf ilk addımını atdı. O məqamda hiss elədim ki, öz bələdçimə  edam cəzası almış caninin başı üzərində olan baltaya baxan kimi – nifrət qarışıq rəhm diləyi ilə baxıram. Amma hər şeydən çox, məni harasa apardığına, haqqımda hər şeyi bildiyinə görə ondan zəhləm gedirdi. Soyuqqanlığına, zəiflikdən xali olmasına həsəd aparır, bələdçimin hərəkətlərinə haqq qazandıran, məni onun ardınca aparan hər şeyə nifrət edirdim. O, daşların üzəri, tutqun görünən çeşmənn kənarı ilə xeyli irəliləmişdi, az sonra suyun döndüyü qayanın arxasında görünməz olacaqdı.

– Dayan! – qəfildən qışqırdım.

Qəlbimə hakim kəsilən qorxudan o an beynimdən yalnız bunları keçirə bildim: “Bu, yuxu olsaydı, dəhşətim çoxdan onun  dəmir qandallarını qırıb məni azad etmiş, oyatmışdı”…

– Dayan! – Yenə qışqırdım. – Bacarmaram, hələ hazır deyiləm.

Bələdçi dayandı, başım üzərindən yuxarı baxdı. Həddən artıq həssas, ağlasığmaz müdriklik və bəsirət dolu nəzərlərlə mənə baxdı.

– Bəlkə qayıdaq? –soruşdu.

Sözünü deyib bitirmişdi ki, qeyri-iradi “yox” deyəcəyimlə yanaşı, “yox” deməli olduğumu da anladım. Həmin məqamda bütün keçmişim, adət elədiyim, qəlbimə yaxın və sevdiyim hər şey mənə qətiyyətlə etiraz etdi: “Hə” de, “hə” de!” – sonra isə mənə dogma olan hər şey bir yükə çevrilib çiyinlərimdən asıldı.

“Hə” deyib, bağırmaq istəyirdim, amma, bilirdim, həm də dəqiq bilirdim ki, bacarmayacağam.

Bu vaxt bələdçi əlini vadiyə sari uzatdı. Sevdiyim, qəlbimə yaxın olan yerlərə bir də nəzər saldım. Həmin məqamda bütün ruhumla dəhşətli bir mənzərəni gördüm: sevimli və sevgili çəmənlərin, vadinin solğun, zəif Günəşin sönük, sevincdən məhrum şüalarına qərq olduğunu duydum; gözə girən, qeyri-təbii rənglərin bir-birinə heç cür uyuşmadığını hiss etdim, kölgələrin tüstüyə çevrildiyini, əvvəlki kimi, əsrarəngiz cazibəsiylə öz ağuşuna çağırmadıqlarını sezdim – bu dünyada həyat öz cazibəsini, gözəlliyini büsbütün itirmişdi – bezdiyimiz keçmiş gözəlliyin qoxusu və dadı hər tərəfi bürümüşdü. Bütün bunlar mənə tanış idi – bələdçinin xoş və sevimli olan hər şeyi dəyərsizləşdirmək, onları sıxıb şirəsini çıxararaq həyat enerjisindən məhrum etmək, qoxuları korlamaq, rəngləri sakitcə ləkələmək kimi xoşagəlməz xasiyyətinə yaxşı bələd idim! Yaxşı bilirdim ki, hələ dünən şərab olan bir nəsnə sonra sirkəyə çevriləcək. Sirkə isə heç vaxt şəraba çevrilə bilməz. Heç vaxt.

Susub kədərlə bələdçinin arxasınca gedirdim. Axı o, haqlı idi, həmişəki kimi düz hərəkət eləyirdi. Yaxşı ki, onu görə bilirəm, yaxşı ki, heç olmasa, adi vaxtlarda olduğu kimi, həlledici anda yoxa çıxmır, məni sinəmdən qopan yad səslə baş-başa qoymur, yanımdan çox aralanmır.

Susmuşdum, amma qəlbim elə hey ona yalvarırdı: “Təki, çıxıb getməyəsən, təki, məni tək qoymayasan, sənin ardınca gəlirəm axı!” Çeşmənin dibindəki daşlar həddən artıq sürüşkən idi, hər dəfə göz önündəcə kiçilən, ayağımın altından sürüşüb qaçmaq istəyən xırda daşların üstü ilə addımlamaq, üzərindən atıla-atıla hərəkət eləmək yorucu olması ilə yanaşı, həm də cansıxıcı idi. Üstəlik, cığır getdikcə daha sıldırımlı olur, qorxunc qayalar daha yaxına – düz üstümüzə gəlir, döngələr isə sanki geri qayıtmaq üçün görünən yolumuzu gizləyir, bizi daşların əsarətinə alırdı. Nəm, sarımtıl qayalardan qatı, seliyə bənzər su damcıları süzülürdü. Başımız üzərində nə mavi səma, nə də buludlar görünürdü.

Dayanıb-dincəlmədən  yola davam edirdim. Bələdçinin arxasınca addımlayır, qorxudan və nifrətdən gözlərimi qıya-qıya ətrafıma baxırdım. Budur, yolun üstündə qara bir çiçək – məxməri qaranlıq, kədərli baxış var. O çiçək çox gözəl idi, mənə gizlicə nəsə pıçıldayırdı. Lakin bələdçi addımlarını yeyinlətdi, hiss etdim ki, dayansam, baxışlarım bir anlıq o məxməri çiçəyə dikilsə, qüssə və ümidsiz kədər ağır yük kimi ürəyimdən asılacaq, qəlbim əbədiyyətədək divanəlik, puçluq uçurumunun əsiri olacaq.

İslanmışdım, üst-başım çirklənmişdi, amma hələ də irəli addımlayırdım. Yaş qayalar başımız üzərində birləşib bizi öz qaranlıq ağuşunda həbs edəndə bələdçi təsəlli nəğməsi oxumağa başladı. O, cingiltili, zil səsilə, addımlarının ritminə uyğun oxuyurdu: “Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm!” Bilirdim ki, məni ruhlandırmağa, tələsdirməyə, bu cəhənnəm əzabının xoşagəlməz sonsuzluğundan, ümidsizliyindən uzaqlaşdırmağa çalışır.

Bilirdim ki, mənim də  bu qəmgin nəğməni təkrar edəcəyimi gözləyir. Lakin oxumaq istəmirdim, ona bu qələbəni hədiyyə etmək fikrində deyildim. Əslində, nəğmə oxuyacaq halım da yox idi. Axı adi insan idim – iradəsindən asılı olmayaraq Tanrının ondan tələb eləməyə haqqı çatmayan işləri görməyə, qəhrəmanlıqlar göstərməyə sürüklənmiş zavallı, sadə məxluq! Bəyəm, çeşmə sahilindəki hər qərənfilə, hər yaddaş çiçəyinə taleyində yazıldığı kimi, bitdiyi yerdə qalmaq, çiçəkləmək və solmaq ixtiyarı verilməyibmi?

“Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm” – bələdçi israrla oxuyurdu. Kaş, geri qayıda biləydim! Lakin bələdçimin möcüzəli yardımı sayəsində artıq elə divarlara dırmanmış, elə dibsiz uçurumların üzərindən adlamışdım ki, geri qayıtmağım qeyri-mümkün idi. Az qala boğulur, boğazıma tıxanan qəhər nəfəs almağıma imkan vermirdi, amma ağlamaq olmazdı, bu barədə düşünməməliydim. Elə bu vaxt bələdçinin nəğməsini ucadan oxumağa başladım, eyni havanı eyni ritmlə oxuyurdum, lakin sözlər başqa idi. Fasiləsiz təkrar eləyirdim: “Mən bacaracağam, mən bacaracağam, mən bacaracağam!” Lakin yoxuşa dırmaşa-dırmaşa oxumaq çox çətin idi, tezliklə təngnəfəs oldum, öskürüb susdum. Bələdçi isə hələ də yorulmaq bilmədən təkrar eləyirdi: “Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm”, – get-gedə, yenə mənə üstün gəldi, səsinə səs verdim, sözlərini təkrar eləyə-eləyə oxudum. İndi yoxuşa dırmaşmaq daha asan idi, əslində, “istəyirəm” nəğməsi nəfəs almağıma qəti mane olmur, məni yormurdu.

Oxuduğum nəğmə sanki qəlbimə nur saçdı, içimdəki işığın zülmətə qalib gəldiyi məqamda hamar qayalar elə bil bizə yol verib geri çəkildilər, daha quru, daha xeyirxah oldular, başımız üzərində isə daş sahillər arasından mavi çeşmə kimi axan, getdikcə daha da aydınlaşan səma görünürdü və tezliklə, bayaq çeşmə kimi gördüyümüz nəsnə gözümüzün önündəcə genişlənərək kiçik, mavi gölə çevrildi.

Daha çox şeylər arzulamağa çalışır, öz istəyimə daha artıq can atırdım – mavi göl də tədricən böyüyür, cığırlar daha geniş, daha hamar olduğundan bəzən uzun müddət asanlıqla, heç bir güc sərf etmədən bələdçiylə ayaqlaşa bilirdim. Qəflətən lap yaxınlıqda, başımız üzərində hündür yamacları qızmar havada parıldayan bir zirvə gördüm.

Düz o zirvənin ətəyindəki dar dərədən çıxanda, parlaq Günəş şüaları gözlərimi qamaşdırdı, kirpiklərimi yenidən aralayanda isə qorxudan dizlərim əsdi: heç nə olmamış kimi dayaqdan-filandan tutmadan sıldırım qayanın lap kənarında dayanmışdım. Ətrafda ucsuz-bucaqsız səma görünür, qarşımda isə, yalnız şişuclu zirvə və o zirvəyə aparan yol ensiz kəndir pilləkən kimi uzanırdı. Lakin Günəş yenə işıq saçır, səma yenə parlayır və biz, həqiqətən sonuncu və çox təhlükəli zirvəyə dırmanırdıq – ehtiyatlı addımlarla qorxumuza var gücümüzlə qalib gələ-gələ  gözlərimizi o əlçatmaz zirvədən ayırmadan irəliləyirdik. Budur, artıq lap yuxarıda – darısqal daş meydançada quru, ağır, boğucu havanı ciyərlərimizə çəkə-çəkə dayanıb durmuşduq.

Can atdığımız çox qəribə bir dağ, tayı-bərabəri olmayan bir zirvə idi! Uzun müddət çılpaq qayalarla sürünə-sürünə dırmandığımız bu daşlı zirvədə qeyri-adi budaqları olan balaca ağac bitmişdi. Həmin qeyri-adi tənha ağac bərk-bərk qayadan tutaraq daşa söykənib durmuşdu, budaqları arasından soyuq, mavi səma görünürdü. Ağacın başına qonmuş, qapqara bir quş isə öz vahiməli nəğməsini oxuyurdu.

Qarşımda bir anlıq rahatlığın möcüzəvi mənzərəsi açıldı: Günəş işıq saçır, qayalar istidən yanır, ağac göylərə ucalır, quş ucadan oxuyurdu. O fasiləsiz təkrar eləyirdi: “Əbədiyyət! Əbədiyyət!” Qara quş oxuyur, bülluru xatırladan parlaq ciddi gözlərini bizdən bir an belə çəkmirdi. Bu baxışlara tab gətirmək asan deyildi, nəğməsini dinləmək də çətin idi, lakin ən cəzbedicisi bu yerin tənhalığı, apaydın səmanın ucsuz-bucaqsız, dərin, başgicəlləndirici mənzərəsi idi.

Burada, bu yerdə ölmək o qədər böyük səadət idi ki, bunu təsəvvürə belə gətirmək mümkün deyildi. Əslində, bu yerdə qalmağın əzabını da dillə ifadə eləmək çətin idi. Elə indicə nəsə baş verməliydi. Sanki, biz, bütün aləm, ətrafımızda olan hər şey dəhşətli iztirabdan daşa çevriləcəkdik... Fırtınadan əvvəl gələn mehi hiss edir, az sonra baş verəcək fəlakətin ağır nəfəsini duyurdum. O fəlakətin dözülməz bir hərarətlə ruhuma, canıma işlədiyini anladım. Fəlakət başımızın üstünü almışdı, artıq yaxındaydı, artıq bizi yaxalamışdı….

Quş bir göz qırpımındaca ağacdan ayrılıb daş kimi fəzaya yüksəldi.

Bələdçim də ox kimi səmaya uçub, yuxarıda bərq vuran ənginliyə qarışdı.

Nəhayət, ruhum dalğa kimi göylərə ucaldı, çəkib məni də ardınca apardı...

Artıq mən də uçur, harasa çırpılır, əyilir, süzürdüm. Soyuq hava axınının ixtiyarındaydım, səadət və əzabdan titrəyə-titrəyə sonsuzluqdan aşağı – anamın ağuşuna can atırdım.

 

Tərcümə edən: Nəriman Əbdülrəhmanlı

Mənbə: Aydınyol

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)