Türkan Nağıyeva - Tozlanmış xatirələr
Fincandakı çayından bir qurtum almışdı ki, telefonuna zəng gəldi. Azərbaycandan gəlmişdi, bacısı Natəvan idi:
- Vidadi, necəsən, başına dönüm? İşin, gücün necədi? Nataliya neynir, canı, başı nətərdi? Uşaqlar?
Natəvan sualının birinə cavab almamış digər sualını verirdi, ta ki, Vidadi sözünü kəsib cavab verənədək:
- Salam, bacı, Şükür, salamatıq hamımız. Siz necəsiz? Evdə eşikdə nə var nə yox?
- Şükür içində olasız, bacı qurban, biz də yaxşıyıq. Mənə bax e, Dursunla danışıb eləməmisən bu yaxınlarda?
- Yox, bacı, nə mətləbdən ötrü?
- Qadan alım, bizim ata evini sökəcəklər, deyiblər sənə?
- Yoox, səndən eşitdim indi, kim deyib ki, sənə?
- Bizim Qəmər xalanın nəvəsi vardıye, prorab Kərim, hə, bax o deyib ki, o tərəflər plana düşəcək. O evin də fərli-başlı bir kvadratı yoxdu heç, yaxşı pul inanmıram ki, verələr. Gələn ayın əvvəli sökməlidilər.
- Bir dəqiqə, Natəvan, bu söhbət nə vaxtdan var ki? Niyə mən indi bilirəm?
- Çoxdandan gəzirdi söhbət, ancaq biz dedik söz-söhbətdi də gəzir ortalıqda, çox vecə almadıq, əmmə məsələ ciddi imiş. İndi, qardaş, gəl özün dur onların başında, Dursun deyir, kvadratına aşağısı 1200 verməsələr deginən ki, sökmürəm.
- Dursun mənə ağıl verməkdənsə, bəlkə özü maraqlanardı, əgər söhbət çoxdandan gəzirdisə. Mənim atamın evidirsə, onun da atasının evidi, gedib oturub Gürcüstanda, bizə ağıl verir. Yenə mən üç-beş ildən bir gəlirəm, bəs ona nolub? Azərbaycandan çıxandan bir dəfə olsun gəlib ziyarət etməyib o rəhmətlikləri, indi ev kvadratının davasın eliyir.
- Qınama, başına dönüm. Sən urus qızına, o gürcü qızına ilişib qalmısız o qəriblikdə.
Bir neçə saniyə telefon başında səssizlik yarandı, Natəvan səhv etdiyini düşünüb mövzunu tez dəyişdirdi:
- Allah qoysa, gəl çıx, özün gəl dayan bu məsələnin üstündə. Allah amanında, ay qardaş, İnşallah tezliklə görüşərik.
- Hələlik, salam de məndən uşaqlara da, Məhəmmədə də - deyib sağollaşdılar.
İndi Vidadinin fikrini məşğul edən tək şey bu məsələ idi – ata-baba evi söküləcək, evdən gələn pul, içindəki əşyalar kimlər arasında necə bölüşdürüləcək. Böyük qardaş olaraq bu məsələ tamamilə onun üzərinə düşürdü. Həm də Dursun bu məsələdən ötrü Azərbaycana gələn deyildi, deməli bilet alıb getmək lazımdır tezliklə.
Vidadi Qəmər xalanın oğlu Kərimə zəng edib məsələ ilə daha yaxından maraqlandı. Ərazidəki evlərin söküləcəyi dəqiq tarixi də öyrəndi, ondan sonra biletini alıb vətəninə, doğma yurduna gəldi.
Rayona gələndə 2 gün kiçik bacısı Sahibəgildə, 2 gün böyük bacısı Natəvangildə qaldı. Sahibənin əri ilə lap gənclikdən yola getmirlər deyə onların evində qalmaq heç ürəyincə deyildi, amma Natəvan və ailəsi ilə daha doğma idi. Hələ o iki günü güclə dözüb oturdu onların evində. Bacısının yoldaşı Şirin harda tutsa Vidadini, yanında mütləq rus qızlarına ilişib orda qalan azərbaycanlı kişilərə söz atırdı.
Şirin Sahibəni qaçırıb evlənmişdi, ailələri evliliklərinə razılıq vermirdi. Rayonda Şirini hamı tanıyır, ustalığına söz ola bilməz, kimin rayonda tikinti işi olsa, o dəqiqə “Şirini çağırın, gəlsin, onun kimi usta var heç?” deyirdi. Sahibə qaçırılanda coşub özündən çıxan Vidadini sakitləşdirməyə çalışan qohum-qonşu da onu deyirdi ki, “əşi, boşla görək, Şirindən yaxşı oğlana qismət olasıdı bacın guya” deyirdi. Bu çağa kimi bu hərəkətini Şirinə hələ də bağışlaya bilməmişdi. Elə ona görə həmişə də sözləri çəp gəlir, yola getmirlər.
Səhəri gün ata-baba evlərinə gedəndə gördü ki, hasara alıblar, artıq səhər söküntü işləri onların da evinə çatacaq. Uzaqdan bir səs “Vidadi, ay Vidadi” deyə onu səslədi. Bu, onun məhlə dostu Akifin səsi idi, onun qalın səsini harda eşitsə tanıyar. Akif yeyin addımlarla Vidadiyə yaxınlaşdı, qucaqlaşıb görüşdülər. Axırıncı dəfə Vidadi rayona beş il qabaq elə Akifin oğunun toyuna gəlmişdi. Gənclik yaşlarında – Akif təzə evlənəndə bir-birinin arasında yarı zarafat, yarı ciddi bir söz vermişdilər ki, Akifin oğlu olsa, Vidadinin qızı olsa, onları bir-biri ilə evləndirəcəklər. Akifin toyundan üç il sonra da Vidadi elə Rostovda tanıdığı Nataliya xanım ilə ailə qurdu. Lakin Vidadiyə tanrı qız qismət eləmədi.
Elə ayaqüstü hal-əhval tutdular, yarım saat eləcə hasarların yanında keçmiş günlərini yad etdilər – bu məhlədə keçən günlərini, şirin xatirələrini canlandırdılar. Artıq 20 il idi ki, Vidadinin anası Minayə rəhmətə getmişdi. Ən çox da Minayə xanımla bağlı xatirələr unudulmaz idi, həm Akif üçün, həm Vidadi üçün. Akifin anası o lap körpə ikən dünyasını dəyişmişdi, Minayə xanım onu da öz balalarından ayırmırdı, Vidadi ilə də yaşıd idilər deyə elə qardaş kimi böyüyüblər. İndi isə həmin gözəl anları hər daşında, divarında yaşadan məhəllə, evlər cəmi bir neçə gün sonra tamamilə tarixə qovuşacaq.
- Akif, mən son dəfə evimə girməliyəm. Hələ də inanmağım gəlmir ki, birazdan yerlə bir olacaq evimiz, sonra da üstündə bina tikiləcək, o binada da bəlkə də heç tanımadığımız adamlar yaşayacaq. Düşünə bilirsən, Akif? Bizim xatirələrimizin üstündən bina inşa ediləcək.
- Vidadi, çox bədbin yanaşırsan e, pulunu verəcəklər, get başqa ev al, orda daha gözəl anlar yarat da özün üçün. Ya da ki, kimə nə deyirəm, sən birdə Azərbaycana gələnsən ki, rayondan ev də alasan. – zarafata salıb demək istədiyini dedi Akif, lakin fərqində idi ki, Vidadi 26 ilini bir anda itirəcəkmiş kimi hiss edirdi o an.
Vidadi Kərimlə danışıb içəri girməyə icazə aldı, söküntü işləri ora çatmamış çıxacağını desə də, gecəni orda qalmağı düşündü. Akiflə bir yerdə həyətin qapısını açıb içəri keçdilər. Həyətdə bitən alaq otları o qədər uzanmışdı ki, ayaq basmağa yer tapmaq müşkülə dönmüşdü. Qəhər onun ruhunu ələ aldı o anda. Atasının sağlığında bu otlar vaxtı vaxtında biçilərdi, indi otlar da onların yoxluğuna etiraz edib evin qapısını bürümüşdülər ki, heç kim girə bilməsin. Birtəhər otları qıra-qıra evə keçdilər. Vidadi anasının ölümündən sonra bu evə ilk dəfə idi ki, ayaq basırdı. Minayə xanım ölüm anında son dəfə oğlanlarını görmək istəmişdi, lakin ikisi də ancaq analarının dəfninə yetişə bilmişdilər.
Stulların üstünün tozunu əlləri ilə silib əyləşdilər, bir müddət sükut içində sadəcə ətrafa baxındılar. Saatlar sonra əsər-əlamət qalmayacaqdı bu evdən, hələ də Vidadi inandıra bilmirdi özünü ki, bu, onun evinə son gəlişidir.
- Vidadi, yadındadı, - Akif sükutu pozdu, - o pəncərəyə çıxıb əlimizi alma ağacına uzatmağa çalışırdıq, Minayə xala da görən kimi hirslənir di ki, düşün aşağı, yıxılacaqsız indi. Nə qədər arxamızca çağırsa da, heç vaxt əlimizə alma keçməmiş düşmürdük.
- Heç yadımdan çıxar? Hələ Dursun da gəlirdi yanımıza, çıxa bilmirdi o, bizə deyirdi ki, mənə də dərin. Ona dərməyəndə də ağlamağa başlayırdı. Uşaqlıqdan zırramanın biri olub elə, sonra mama deyirdi, tay çıxmışdın, uşağa da dərərdin də. Can, ay mama – bunu dodağının altında eşidilməyəcək pıçıltıyla dedi, sonra yenə qəhər basdı.
- Onda neçə yaşımız olardı, Vidadi?
- 14-15 olardı yəqin. Dursunun da 10-11.
Köhnə günləri yad elədilər, sonra Akif əlini Vidadininin çiyninə atdı, qalxdı və onu xatirələri ilə baş-başa qoyub evdən çıxdı.
Vidadi indi evin daşlarına, divarlarına toxunub, xalçanın naxışlarını belə bir – bir gözdən keçirib yaddaşında əbədi həkk etmək istəyirdi. Sobanın yanında anasının stulunda əyləşdi, çox vaxt bu stulda Minayə xanım qış gəlməmiş oturub uşaqlarına şərf, papaq toxuyardı. Sonra yatdıqları otağa keçdi. Otağa girməyi ilə xatirələr axınına qarışdı. Dörd uşağın dördü də bu otaqda yatardı, iki çarpayı var idi, bacılar orda yatırdılar, Dursunla Vidadi döşəklərdə. Bəzən gecə-gecə o qədər bir-birinə lətifələr danışar, danışıb gülərdilər ki, səslərindən anasıgil hirslənib gələrdilər ki, “ay bala, səhər dərsə gedəceysüz, yıxılun yatun da tay”.
Gecə olsa da, Vidadinin gözünə yuxu getmirdi. Heç özü də yatmaq istəmirdi. Bu evdə keçirdiyi 26 ilini Vidadi bir gecənin içində yenidən yaşayırdı, yaddaşının ən dərinlərində ilişib qalmış xatirələrini də oyadırdı. O gecə Vidadi hər şeyi unutmuşdu, Nataliyanı, övladlarını, iş-gücünü, Rusiyada keçən günlərini, lap elə evin plana düşməsini də. O gecə Vidadinin heç nə vecinə deyildi, nə ev söküləndən sonra verilən pul, nə Dursunun qarşısına qoyduğu tələb. O gecə Vidadinin ailəsi bütöv idi – atası, anası sağ idi. O gecə Vidadi ancaq uşaq yaşında idi, o gecə Vidadinin 26 yaşı var idi – evini tərk etdiyi yaşda idi. O gecə bütün dünya onun evindən, onun ailəsindən, onun xatirələrindən ibarət idi.
Səhərə yaxın bir-iki saat yuxuya getmişdi ki, Akifin səsinə oyandı:
- Vidadi, ədə, sən hələ içəridəsən?
Gözlərini ova-ova həyətə düşdü, Akifə salam verdi, sonra əl-üz yuyana yaxınlaşdı, əliylə dəmiri qaldırdı ki, su tökülsün. Unutmuşdu ki, Minayə xanım artıq 20 ildir ki, o qaba su tökmür.
- Ay kişi, indi gəlib sökəcəklər e buraları, dur çıx tay, yoxsa mən gedirəm, qalacaqsan daş-divarın altında. - Akif görəndə ki, Vidadi bikefdi, istədi bir az zarafat edib kefini açsın, lakin gördü ki, Vidadi heç o hayda deyil.
Pilləkənə qalxıb qapını bağlayıb çıxacaqdı ki, ona tanış, doğma bir səsin “Vidadi, Vidadi” deyə çağırdığını eşitdi. Əmin idi ki, bu səs evdən gəldi. Duruxdu, rəngi ağardı, nə edəcəyini bilmədi, çünki bu səs anasının səsi idi. Akif Vidadinin donuq vəziyyətini görüb soruşdu:
- Yaxşısan? Gəl çıxaq da.
- Akif, sən də eşitdin?
- Nəyi?
- Səsi.
- Nə səs?
- Mama məni çağırdı.
- Yuxusuzsan, Vidadi, olur belə hallar, fikir eləyirsən neçə gündü, ona görədi.
- Yox e, evdən məni çağırdığını eşitdim, əminəm, məni çağırdı, hə, məni...
- Vallah məncə yuxusuzluqdandı, məncə yox e, elə ondandı. Başqa nə ola bilər ki.
- Sən get, gəlirəm indi mən də.
- A kişi, başa düşmürsən sən? Deyirləm indi kranla, traktorla gələcəklər bura, deyirsən, get, gəlirəm. Deyəsən, doğrudan, başına hava gəlir ha sənin.
- Akif çıx get, gəlirəm dedim!
Vidadi qapını açıb yenidən evə daxil oldu. Minayə xanımın otağı qıfılla bağlı idi, heç gələndən o otağın qapısını açıb içəri girməmişdi. Bir əli ilə açarı, bir əli ilə qapıdakı qıfılı tutub dayanmışdı, bədənindən soyuq tər axırdı, açıb-açmamaqda hələ də tərəddüd edirdi. Bu vəziyyətini görən Akif yenə dilləndi ki, “çıx, gəldilər tay”.
- Adə, çıx get də dedim sənə! Nə qovhaqovdu, gəlirəm də dedim!
- Tay özün bil!
Akif çıxdı, Vidadi qıfılı açıb otağın qapısını yavaşca araladı. Gözünün qarşısında başqa bir dünya var idi. Gənc atasını, gənc anasını görürdü, uşaqlığını görürdü, bacı-qardaşlarını görürdü.
- Minayə, mən düşürəm aşağı, maşını xoddayam, sən uşaqları beş dəqiqəyə hazır elə, göndərginən. – atası Əşrəf kişi Vidadinin yanından ötüb keçdi qapıdan. Vidadi bu doğma mənzərənin içində həmişəlik qalmaq istəyirdi.
Minayə xanım uşaqları geyindirirdi, qızlar da dərslərini təkrar edirdilər.
- Vidadi, öyrəndiyin şeiri de hələ, qadan alım, görüm yadında qalıb?
- Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan,
Eşitmişəm uzaqlardan... ımm, eşitmişəm... uzaqlardan...
- Hə, oğlum, “sakit axan arazları”,
- Hə, hə, yadıma düşdü, “sınamışam dostu, yarı”...
- Afərin balama. – Minayə xanım balaca Vidadi şeirini deyə-deyə onun əyin-başını düzəldirdi, jiletini geyindirirdi. Otaqda aləm dəymişdi bir-birinə, biri deyir çantam hanı, biri deyir corabımı tapmıram, Natəvan da kitabı əlinə alıb ora-bura gedir, dərsini təkrar edirdi.
- Uşaqlar, atanızı gözlətməyin, kim hazırdı, yavaş-yavaş çıxsın.
Hamı bu qapıdan bir-bir Vidadinin yanından ötüb gedirdi. Balaca Vidadi də çantasını belinə alıb çıxdı bu qapıdan. Otaqda bir Minayə xanım qaldı, bir də ona kənardan tamaşa edən Vidadi. Minayə xanım uşaqların tökdüklərini yığışdıranda, əli divardan asılan aynaya toxunur, ayna yerə düşüb parçalanır. Vidadi bu anda xəyaldan ayılır. Haçan düşüb sındığı bilinməyən qırılmış tozlu aynaya baxır, baxır, parçalarını toplamaq istəyərkən həyətdən Akifin səsi gəlir:
- Vidadi, gəldilər, gəldilər.
- Çıxıram – deyib hay verdi.
O anın təlaşı ilə Vidadi əlinə aldığı qırıq ayna parçasını cibinə salıb otağı tez-bazar tərk elədi. Həyət qapısından bayıra çıxanda son dəfə dönüb evlərinə baxdı, əl elədi – atasının, anasının ruhuna, uşaqlığına, 26 ilinə əl elədi, qapını örtüb çıxdı.
Artıq vədə yetişmişdi, kranlar söküntü işlərinə başladılar. Vidadi evlərinin yerlə bir olmasına dolmuş gözləri ilə tamaşa edirdi. Akif əlini Vidadinin çiyninə qoyub “hər şey yaxşıdır” deyən gözləri ilə ona baxdı. Vidadi əlini cibinə salıb bayaq anasının otağından götürdüyü qırıq ayna parçasını çıxardı, baxdı. Fəqət tozlanmış aynadan öz əksini görə bilmədi.