Tahir Həsənli - XX əsrin Leylisi-Yarqunat
Cavanlığında sevgi şeirləri əzbərləyən, qocalığında sevgi şeirləri yazan bir müəllim yoldaşım mənə
zəng edib dedi: -Youtubda əla bir film var. “Soyuq günəş”. Tap, bax.
Əhəmiyyət vermədim. Bir neçə aydan sonra təsadüfən televiziya kanallarının birində həmin filmin
nümayiş etdirildiyini gördüm. Yarımçıq da olsa baxdım. Yaşımın kövrək vaxtında Yarqunatın taleyinə
biganə qala bilmədim. Bir neçə dəfə toxdaqlıq eləməyə çalışdımsa da qeyri-ixtiyari göz yaşlarım
yanaqlarımı islatdı. Səhəri gün youtubda filmə tam baxdım. Nəsə yazmamış sakitləşmədim.
Əsərin əvvəlində Yarmətlə Yarqunatın bir-birlərini sevməsi səhnələri verilir. Toy səhnəsində Osmanın
Yarqunatı oynamağa dəvət etməsi ilə konflikt başlayır. Ata, ana, hətta qardaş da Yarqunatı dinləmir,
onu Osmana nişanlayır və göz yaşları içərisində gəlin köçürürlər. Elə bu səhnələrə baxdıqca Füzulinin
Leylisi yada düşür; rəyi soruşulmur, İbn-Səlama verilir. Amma artıq o dövr deyil. Yarqunat etiraz edir,
Osmana onu sevmədiyini deyir. Xəncəri verib onu öldürməsini istəyir. Yarqunat güman edir ki, bu yolla
onu atası evinə qaytarmalı olarlar. O, Yarmətə qovuşa bilər. Amma müharibənin başlanması, Yarmətin
cəbhəyə göndərilməsi bu ümidin sona çatdığını bildirəndə heç nə düşünmədən ər evindən qaçır.
Müharibənin başlanma xəbəri tamaşaçıya əsərdən gələn kədəri daha da ağırlaşdırır. Yarqunat Yarməti
görmək ümidi ilə kəsə yolla maşının qarşısına çıxmaq istəyir.
Bu epizodda Yarqunat bütün qadınların qəbul etdiyi çərçivələri dağıdır. Onun hərəkətlərini ailə
üzvləri asanlıqla qəbul edə bilmirlər. Qardaşı evdən gedir, atası vəfat edir. Yarmətin də bacısı ailə
qurur, anasi isə oğul həsrəti ilə həyatdan köçür. Yarqunat Yarmətin boş qalan evində yaşamağa qərar
verir. Bu, Məcnunun insanlardan uzaqlaşıb səhraya getməsinə bənzəyir. Artıq Yarqunat sevgisi
yolunda məcnuna çevrilir. Yarmətin sönmüş ocağını işıqlandıran, yaşadan Yarqunat çoxuşaqlı ailədən
bir yeni doğulmuş körpəni alıb onun adına övlad böyüdür. Bu məcnunluq hissi ötəri olmur, Yarqunatı
sonadək aparır.
1941-ci ildə müharibə başlayanda nişanlı olan, nişanlısı döyüşə gedib həlak olan, heç kimlə ailə
qurmayıb ömrünü tək-tənha başa vuran qızlar olub. Tanıdıqlarımızdan qubalı Bikə müəllim yaşlı
insanların yadından çıxmayıb. Yarqunat isə təkcə bu əzabı daşımayıb. Zorla verildiyi evdən bütün sozsöhbətləri, qarşılaşacağı çətinlikləri eyninə almayıb mübarizə aparan, ata evini tərk edib özünü fəda
etməyə hazır olan bu qız eşqi yolunda bir çoxlarının rəva bilmədiklərini qəbul edir və özünü haqlı bilir.
Q. Xəlilovun”Yaşamaq istəyirəm” əsərində müəllifin özü, N. Ostrovskinin “Polad necə bərkidi”
əsərində Pavel, B. Polevoyun “Əsl insan dastanı” əsərində isə Aleksey Meresyev kimi insanlar əksər
insanların yaşadıqları çərçivəyə sığa bilməyən, fərqli düşüncəyə, iradəyə malik qəhrəmanlardır.
Yarqunat da öz eşqi yolunda mövcud çərçivələrdən kənara çıxan, onları qırıb-dağıdan aşiqdir.
Yarqunatın “Yarmət” deyib nalə çəkərək maşının arxasınca qaçması, atası evində ayılanda da
“Yarmət” deyib huşunu itirməsi, Yarmətin boş qalan evində yaşamağa qərar verməsi, ona elçi
düşənlərə “Mənim üstümdə bir adamın adı var. O da Yarmət. Mən subay deyiləm ki, Yarmətin
nişanlısıyam,”- deməsi onu dastanlarımızda buta verilmiş aşiqlərə bənzədir. Demək olar ki, Yarqunatın
eşqi cismani eşq deyil, ilahidən gələn bir güc kimi təsəvvür edilir. Ona görə də ömru boyu tükənmir,
sönmür. Bu qüvvə bitdikdə Yarqunatın həyatı da sona yetir. Onun taleyi başqalarına bənzəmir. Leyli
taleli Yarqunatın yaşadıqları Qeysin məcnunluğuna bənzəyir. Belə insanlar rahatlıga can atmır,
ətrafındakıların, ailə üzvlərinin də necə əzab çəkdiklərinin fərqində olmur, öz istəkləri uğrunda son
nəfəsədək çarpışırlar.
Əsərdə Yarmət də Yarqunatın sevgisinə cavab verə biləcək bir gəncdir. Müharibə olmasa idi, bu
gənclərin sonrakı taleyi başqa bir istiqamətdə olacaqdı. Lakin müharibənin başlanması ilə onun
məhəbbəti bir xatirəyə çevrilib qəlbində bir nisgil olaraq qaldı. Yarmət öz taleyini yaşadı, Məcnun ola
bilmədi.
Filmin sonunda Yarqunat deyir: “Get, Yarmət, get. Elə zənn edirdim ki, həyatıma isti günəş kimi
qayıdacaqsan. Sən demə, sən soyuq günəşsənmiş.” Bu sözləri eşidəndə Məcnunun “Sən Leyli
deyilsən, get ey pərizad” kəlməsi yadıma düşdü. Yarmət etiraf etməli olur: “Heç düşünməzdim ki,
mənə görə bu qədər əziyyətə dözərsən,”- deyir.
Məcnun öldükdə Leylinin qəbri ilə yanaşı dəfn olunur. Şahidi olduğumuz İlhamla Fərizə də elə. Hətta
Qarabağ uğrunda döyüşlərdə nişanlısının həlak olduğunu eşidən qızın, canına qəsd etdikdən sonra,
yanaşı dəfn olunduqlarını gördük. Lakin Yarmət öz ata-anasının qəbirləri yanında özünə yer gözaltı
elədiyini söyləyəndə Yarqunatın ümidləri bir daha qırılır. “Görürsənmi etibarını, yenə məni yaddan
çıxardın,- deyir. Bu dünyada bir ola bilməyən Yarqunat o dünyada da bir ola bilməyəcəyini bilərək
deyir: “Bu vaxta qədər necə yaşamısansa elə də yaşa.” Yarmətin adına oğul böyütmüş Yarqunat ümidi
olduğu oğlunun da “əlindən alınacağını” duyur. Onun bu vaxta qədər yaşatdığı sevgisi bitir. Sanki
qəmli bir sevgi hekayəsinin yaranması üçün yaşamış Yarqunatın – XX əsrin Leylisinin həyatı sona yetir.
Filmdə mənə inandırıcı görünməyən məqamlar da oldu. Yarqunat Yarmətin boş qalan evinə gedib,
övladlığa uşaq götürəndən sonra onun dolanacaği tamaşaçı üçün qaranlıq qalır. Müəllifin bir cümləsi
ilə bu dövr tamamlanır: “Yarqunat əzab-əziyyətlə yaşayır.” Bu yerdə otuz ildən çox bir dövr üçün bir
epizod verilə bilərdi. Mən tanıdığım, indi həyatda nəvələri qalmış bir qadının həyat yoldaşı cəbhədə
həlak olandan sonra qaynının himayəsində yaşamaqla iki övladını kasıblıq içərisində, əkin-biçində
çalışmaqla, mal-qaraya qulluq etməklə necə saxladığını eşitmiş və ğörmüşəm. Yaxud filmin sonuna
yaxın Yarqunatla Yarmətin görüş shnəsində onların bir-birini tanıması bir qədər qəribədir. Düşünmək
olar ki, Yarqunat romantik bir eşq yaşayır.
Mən müəlliməm. Yeddi il dərs dediyim, sinif rəhbəri olduğum şagirdlərin təşkil etdikləri görüşdə
Xudatdan Astarayadək səpələnmiş qız şagirdlərimi 33 ildən sonra, əlli yaşlarında görəndə heç birini
taniya bilmədim, çoxu artıq nənə idi. Qırx illik ayrılıqdan sonra Yarqunat Yarməti necə tanıdı? Yarmətin
Sabirlə maraqlanmaması, kəndlərində öləni-qalanı oyrənmədən gəlməsi də sual doğurur. Belə olanda
“Bəyin oğurlanması” filmində deyilən bir cümlə yadıma düşür: “Bu, kinodur!”
Məlumdur ki, kino rejissorun əsəridir. Lakin hər şey rejissordan asılı olmaya bilər. Bu filmə nə nöqsan
tutulsa, əsasən maddi vəsaitin azlığından irəli gəldiyini düşünmək olar. Çünki son dövrlərdə qəzetlərin
çapında, kitabların nəşrində də belə hal vardır. Müəlliflər işi sərf olunacaq pula uyğunlaşdırmalı
olurlar.
Film tamaşaçılar tərəfindən sevilir. Dörd dildə: ingilis, rus, ləzgi və Azərbaycan dillərində səsləndirilən
bu film üst-üstə on milyon tamaşacı qazana bilmişdir. Əsəri maraqlı və təsirli edə bilən cəhətlər
çoxdur. Ləzgi xalqının həyatının, adət-ənənəsinin təsviri, müharibənin gətirdiyi bədbəxtliklər, təzadlı
səhnələr, Yarqunatın cəsarətli, gözlənilməz istəklərini həyata keçirməsi tamaşaçını duyğulandıran,
haldan-hala salan səhnələrdir. Qüvvətli səhnə əsərlərinin yaradılmadığı, bayağı tamaşalarla zövqlərin
korlandığı, məzmun və mövzuca ucuz serialların baş qatdığı, ailə dəyərlərinin ucuzlaşdığı,
boşanmaların baş alıb getdiyi bir vaxtda Yarqunatın məhəbbəti böyük bir kütləni silkələdi, təkcə
Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində əks-səda yaratdı. Yarqunat öz sevgisi ilə milyonların
sevgisini qazanmaqla yanaşı Sədaqət Kərimovanı da sevdirdi.
Quba rayonu, Yerfi kəndi.