Günel Mehri yazır: “Varla yoxun nağılı”
Biri vardı, biri yoxdu. Bir Var vardı, bir də Yox vardı. Var və Yox ekiz qardaş idilər. Görünüşləri iki damla su kimi bənzəsə də, xasiyyətləri yerlə göy qədər fərqli idi. Var – nə qədər kövrək, anlayışlı idisə, Yox da bir o qədər tərs və davakar idi. Var nə cür davransa da, Yoxu qane edə bilmirdi. Yox hər dəfə bir bəhanə tapıb söz-söhbət salırdı. Onun hərəkətləri valideynlərini də əsəbiləşdirirdi. Qış gecələrinin birində Yox yenə səsini başına atıb hay-küy saldı:
-Dedim ki, karandaşlarını mənə ver. Sən düz çəkə bilmirsən. Belə dağ çəkməzlər.
Var onu sakitləşdirməyə çalışdı:
-Sənin karandaşların var da. Öz karandaşlarını götür. Mən də belə çəkmək istəyirəm.
Yox isə dediyini deyirdi:
-Yox, dedim ki, ver. Yoxsa, rəsmi cıracam.
Və elə bu məqamda Yox Varın bərk-bərk tutduğu rəsmdən yapışdı. Kağız iki yerə bölündü. Var ağlamağa başladı. Səs-küyü eşidən ata ilə ana otağa girdilər:
-Yenə nə olub?
Yox cırdığı rəsmi arxasında gizlətməyə çalışsa da, artıq gec idi. Valideynləri Varın əlindəki cırıq kağız parçasından nə baş verdiyini anlamışdılar. Yoxun hərəkətinə hirslənən ata onu cəzalandırmaq üçün bütün karandaşları götürüb getdi. Yox əsəbi halda Varın oturacağını silkələdi:
-Hər şey sənə görə olur. Axı sən niyə varsan? Sən yox olsan, bütün həyatım düzələr.
Var gözünün yaşını silib günahkar-günahkar qardaşına baxdı:
-İstəyirsən, mən gedim deyim ki, rəsmi özüm cırmışam? Ya da karandaşlarımı alıb sənə verim. Hamısı sənin olsun.
Yox yatağına girib örtüyü başına çəkdi.
-Yox, səndən heç nə istəmirəm. Yox ol!..
Səhər şəfəqləri Yoxun üzünü qıdıqlayırdı. O, gözlərini ovuşdura-ovuşdura yerindən durdu. Birdən dünən gecəki hadisə yadına düşdü. Əsəbi halda Varın çarpayısına baxdı. Amma orada çarpayı yox idi. Yox təəccüblə gözlərini bir də ovuşdurdu. Həmin künc doğrudan da boş idi. Yox yerindən sıçrayıb Varı çağırmağa başladı:
-Hardasan, Var? Bu nə oyundur belə? Tez çıx ortaya. Var, eşidirsən?
Yoxun səsinə səs verən olmadı. O, tələsik mətbəxə keçdi. Anası fincanlara çay süzürdü. Atası da kitab oxuyurdu.
-Sabahın xeyir. Gəl, çay içək.
Yox tez fincanları saydı: bir, iki, üç.
-Ana, bəs dördüncü fincan hanı?
Anası təəccüblə ona baxdı:
-Hərəyə bir fincandır da. Dördüncü fincanı neynirik?
Yox əsəbi şəkildə anasının sözünü kəsdi:
-Bəs Var? Biz dörd nəfərik axı...
Valideynləri bir-birinə baxdılar:
-Var kimdir? Qonağın gələcək bu gün?
Yox qulaqlarına inana bilmirdi. O, cavab gözləmədən bütün evi, həyəti gəzdi. Amma nəinki Varı, heç onunla bağlı bir əlamət də tapa bilmədi. Hətta evin divarlarına vurduqları ailəvi fotolarda belə Var yox idi. Yox heç cür sakitləşmək istəmirdi:
-Yox, bu belə ola bilməz. Hardasan, Var? Yoxsa, mənim gecəki sözlərimə görə sən yox olmusan. Yox, yox. Qayıt evimizə, həyatıma, qayıt...
Amma Yoxun çağırışları cavabsız qalırdı. Ən pisi isə valideynləri də, həyətdəki uşaqlar da Varı xatırlamırdılar. Onda Yox qərara gəldi ki, evlərindən çıxıb dünyanı gəzsin. O əmin idi ki, hardasa bir yerdə qardaşı Varla qarşılaşacsaq. Onlar yenidən birgə oynayacaqlar, güləcəklər və bir də dalaşmayacaqlar...
Beləcə, Yox evdən çıxıb yola düzəldi. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Çox yerdən soraqladı, amma qardaşı Varı gördüm deyən olmadı. Axırda yol bitdi, gəlib dənizə dirəndi. Yox əliboş geri qayıtmaq istəmədi. Dənizi səslədi:
-Xoş gördük, mavigözlü dəniz. Mən qardaşım Varı axtarıram. Yol məni sənə gətirdi. Sənin dalğalarında onunla çox oynamışıq. Bəlkə sən biləsən onun yerini?
Dəniz əvvəlcə coşdu, daşdı. Nəhəng dalğaları sahilə hücum çəkdi. Amma Yox yerindən tərpənmədi. Üst-başı suyun içində soyuqdan titrəyə-titrəyə dənizə baxdl. Birdən dəniz quzu kimi sakitləşdi:
-Varı gördüm. O, mənim dalğalarımı aşıb o biri sahilə getdi. Belə görürəm ki, onu tapmağı çox istəyirsən. Sənə kömək edəcəm.
Dəniz bunu deyib iki yerə ayrıldı. Düz ortasından digər sahilə yol yarandı. Yox dənizə təşəkkür etdi:
-Çox sağ ol, əziz dəniz.
Yox həmin yolla gedib digər sahilə çatdı. Bu dəfə də hündür bir dağla qarşılaşdı. Dağın buludlara çatan zirvəsi, keçilməz sıldırım qayaları vardı. Yox dağın dövrəsində dolaşdı. Amma geri çəkilmək istəmədi. Dağla danışmaqdan başqa bir çıxış yolu görmədi:
-Salam olsun sənə, ucalardan uca, qocalardan qoca dağ! Mən qardaşım Varı axtarıram. Bəlkə ona rast gəlmisən? Mənə ondan bir soraq versən, çox sevinərəm.
Bu vaxt tufan qopdu. Dağın yan-yörəsindən qopan iri daşlar düz Yoxun üstünə gəldi. Yox özünü qorumaq üçün sağa-sola qaçsa da dağdan uzaqlaşmadı. Birdən tufan dayandı. Dağ dilə gəldi:
-Sən nə qorxmaz oğlansan? Məni təəccübləndirdin. Qardaşını görmüşəm. Ona doğru getmək üçün sənə sehirli ağacımı göndərirəm.
Dağın yamacındakı ağacın budağı uzanıb Yoxun qarşısında dayandı. Yox budağın üstünə çıxdı. Budaq onu dağın üstündən buludlara qaldırdı. Yox buludun üstündə oturdu. Göyün bir qatında təəccüblə ətrafına boylandı. Amma Varı heç yerdə görmədi. Qərara gəldi ki, indi də qardaşını səmadan soruşsun:
-Salam, ey sonsuz səma! Qardaşım Vardan xəbərin varmı? Onun sorağıyla sənə üz tutmuşam.
Səma bozardı. Buludlar qarışdı. Bir şimşək çaxdı, bir yağış yağdı, bir göy guruldadı ki, gəl görəsən. Amma Yox gözünü qırpmadan dik başla səmaya boylandı. Birdən səma aydınlaşdı, duruldu və dilə gəldi:
-Dik duruşundan xoşum gəldi, oğlan. Qardaşını sənə göstərəcəm.
Yox bir də gördü ki, aydın səmada bir parça bəyaz bulud ona yaxınlaşır. Buludun içində parlaq bir işıq vardı. Bulud yaxınlaşanda işıqdan səs gəldi. Bu, Varın doğma səsi idi:
-Salam, əziz qardaşım. Səni görmək necə gözəl. Darıxmışdım.
Yox gözlərinə inana bilmədi:
-Sən... sən işığa dönmüsən? Axı niyə?
İşıq Yoxun ətrafında dövrə vurdu. Onun üzünə yaxınlaşdı:
-Niyəsini soruşma, qardaşım. Mən indi səmada uçuşan bir parça işığam və həmişə sizi yuxarıdan izləyib xoşbəxtliyiniz üçün duaçı olacam.
İşıq Yoxun gözlərini qamaşdırırdı. O, əlləri ilə gözlərini ovxaladı:
-Yox, getmə, Var. Yanımda ol. Yenə qardaşım ol.
Yox dayanmadan bu cümlələri təkrarlayırdı. Birdən hiss etdi ki, kimsə çiynindən tutub silkələyir. Gözlərini açdı. Var pəncərədən düşən günəş şəfəqlərinin arasından Yoxa baxırdı:
-Sakit ol, Yox. Hər şey yaxşıdır. Deyəsən, yuxu görürdün, hə?
Yox yerindən sıçrayıb Varı qucaqladı:
-Sən burdasan. Yanımdasan. Yenə qardaşımsan, Var!
Var heç nə anlamadan Yoxa baxdı, baxdı və onu qucaqladı:
-Mən harda olsam da, yenə qardaşın olacam.
Bax burda göydən üç alma düşdü. Biri mənin, biri sənin, biri də nağıl sevənlərin.