Edebiyyat.az » Proza » Feyruz Muradov - Həyatımıza işıq gətirən adamlar (hekayə)

Feyruz Muradov - Həyatımıza işıq gətirən adamlar (hekayə)

Feyruz Muradov - Həyatımıza işıq gətirən adamlar (hekayə)
Proza
admin
Müəllif:
16:26, 16 avqust 2024
463
0
Feyruz Muradov - Həyatımıza işıq gətirən adamlar (hekayə)

  


 İnsanlar var ki, həyatımıza işıq gətirirlər. Təmizlik,  aydınlıq gətirirlər. İnsanlar  da olur ki, həyatımızdakı işığı boğmaq, azaltmaq və  bizi qaranlıqla-ra qərq etmək istəyirlər. Belələri xatirimizdə xoşagəlməz təəssüratlar yarada-raq  həyatımızdan itirlər.

Raufun uşaqlıq illərində baş  vermiş kiçik  bir hadisə, hər dəfə yadına düşəndə məhz bu fikirlər ağlında dolanırdı. Aradan çox illər ötsə  də həmin  hadisə  yadından çıxmırdı.

O, illər Rauf anası ilə , babası Mirzəxəlildən qalmış köhnə  kərpic evdə qalırdılar. Babası cənubi Azərbaycandan mühacirət etmişdi. Qaldıqları evi heç də asanlıqla tikdirməmişdi. Ayrı-ayrı rayonlarda, ayrı-ayrı evlərdə  çoxuşaqlı ailəsi ilə 10 il kirayədə  yaşamışdı.  Böyük çətinliklərdən  sonra babası bu rayona gəlmiş,  bu rayonda axundluq etmişdi. Dini mərasimlərdən əlinə gələn qazancı ilə yurd yeri almış və onların yaşadıqları həmin  kərpic evi tikdirmişdi. Çoxuşaqlı  ailə neçə illər bu evdə , bir  damın altında yaşamışdılar. İllər öz işini görmüşdü. Axund Mirzəxəlilin uşaqları ərsəyə gəlmişdilər. Uşaqlardan kimisi  ailə qurmuş ,  kimisi isə təhsil almaq üçün Bakıya yollanmışdı. Mirzəxəlilin böyük qızı  Rübabə  ailələri qonşu rayonda yaşadıqları zaman, Bakıya getmişdi. Orada  musiqi  təhsili alaraq opera teatrında  aparıcı müğənnilərdən biri kimi  məşhurlaşmışdı. O, kişik bacı və qardaşlarına da arxa durur, Bakıya gəlib təhsil  almalarına köməklik göstərirdi.

Kiçik xalaları və kiçik dayısı ata evinin tərk etdikdən həmin kərpic ev demək olar ki, boşalmışdı. Məktəbli Rauf anası ilə artıq köhnəlməkdə olan kərpic evdə qalırdılar. Hərdən kiçik dayısı da gəlib qalırdı. Amma qalmağı uzun çəkmirdi. İki gün sonra o, təyinatla  müəllim göndərildiyi kəndə dərs deməyə yollanirdı. Böyük dayısı Ənvər  evlənmiş və  onların qaldıqları həyətdə ailəsi üçün daşdan böyük ev tikdirmişdi. O, ticarət sahəsində işləyirdi. Ənvər Bakıdan bu rayona təyinatla  müəllim göndərilmiş Sevinc adlı gənc müəllim qız ilə evlənmişdi. İki övladları olmuşdu. Ailənin böyük oğlu olduğundan  atası Mirzəxəlil  ona daha çox köməklik gösrərirdi. Ümüd bəsləyirdi ki, oğlunun vəziyyəti  yaxşılaşar və  gələcəkdə  kiçik  bacı-qardaşlarına kömək əlini  uzadar. Lakin babası  ümüdlərində yanılmışdı. Mirzəxəlil dünyasını dəyişəndən sonra böyük oğlu Ənvər daha çox öz ailəsinin maddi vəziyyətinin yaxşılaşmasına diqqət ayırdı. Kiçik bacı-qardaşlarına köməklik etdilməsini isə böyük bacısı Rübabənin öhtəsinə atmağa üstünlük verdi.

Rauf uşaq vaxtlarından kitablara böyük həvəs göstərirdi. Bir dəfə  babasından  qalmış kərpic evin otaqlarının birindən nağıl    kitabı tapdı. Yəqin kitab xalalarından hansınınsa kitabı idi. Onlar getmişdilər. Kitab isə qalmışdı. Rauf kitabı vərəqlədi. Yavaş-yavaş oxumağa başladı. Vaxtın necə keçdiyini hiss etmədi. Sonra otaqları gəzib, başqa kitabın   olub-olmadığını yoxladı. Daha iki kitab tapdı . Onları da    acgözlüklə oxudu. Amma evdə  daha ayrı kitab tapa bilmədi. Kitab oxumaq onun üçün mənəvi təlabata çevrilmişdi. Bir dəfə o özü gedib kitab almaq qərarına gəldi. İlk  dəfə kitab mağazasına getdi. O, vaxt Rauf artıq üçüncü sinfə keçmişdi. Yeni , daha maraqlı kitablar alıb oxumaq həvəsində idi. Kitablar onun üçün insanlarla ünsüyyəti əvəz etməyə başlayırdı.Oxuduğu kitabların sayı get-gedə artırdı.Onlara  yer yapmaq lazım idi. Kərpic evlərinin otaqlarının birində köhnə, qara rəngli bir sandıq var idi. Rauf həmin sandığı təmizləyib oxuduğu kitablarını ora yığdı. Sandıq onun kitabxanasına çevrildi. Aylar ötür Rauf yeni-yeni kitablar alırdı.Onun kitab  sandığı kitablarla dolurdu. Onun kitablara aludə olmasını dayısının həyat yoldaşı Sevic və dayısı Ənvər kənardan görür və  buna faydasız bir məşquliyyət kimi baxırdılar. Onların başı həyat şəraitlərini, bacısı Rübübənin sayəsində daha da yaxşılaşdırmağa qarışmışdı. Onlar üçün həyat şəraitinin yaxşılaşdırılması ən mənalı və ən mühüm iş idi. Qalan  nə varsa hamısı onlar üçün mənasız  idi. Bu işdə böyük bacısının yardımından həvəslə istifadə edirdilər. Bakıda ad-san qazanan Rübabə tez-tez onlara qonaq gəlirdi. Atası  Mirzəxəlil dünyasını dəyişdikdən sonra qardaşının evi ona ata evini əvəz etmişdi. O, hər dəfə qonaq gələndə bahalı hədiyyələr gətirirdi. Cavan qardaşı arvadına cürbəcür paltarlar hədiyyə verirdi. Sevinc hər gün məktəbə gedəndə əynində yeni dəst geyimi ilə diqqət çəkirdi. Rayon yerində yaşayan heç bir qadın belə paltarlar alıb geyinə bilmirdi. Hamı Sevinc müəllimə  qiptə ilə baxır və anlayırdılar ki, o bunları ancaq  baldızı Rübabənin sayəsində əldə edib. Xalası Rübabə hərdən onların qaldığı köhnə kərpic evə də ötəri baş çəkirdi. Raufa və  anasına yüngülvari  bir hədiyyə alıb gətirirdi ki, onlar narazı  qalmasınlar.

Bir gün dayısı Ənvər evlərinə  təzə bir şkaf almışdı. Şkafda kitablar qoymaq üçün rəflər də mövcud idi. Şkaf bahalı olduğundan onu gələn qonaqların diqqətini cəlb etsin deyə gözəçarpan bir yerə qoydular.Amma evlərində kiatab rəfinə düzmək üçün bir dənə də olsun kitab yox idi. Axı bu ev-də heç kim  kitabla maraqlanmırdı. Əşyapərəstliyə meyilli olduqlarından kitab onların  yadlarına düşmürdü. İndi təzə şkafın rəflərinə baxdıqda Sevinc müəllimin yadına Raufun kitab sandığı düşdü. O, hərdən Raufu, əlində təzə kitab evə gəldiyini görürdü. Ağlına belə bir fikir gəldi ki, Raufun kitablarını bir yolla ondan alıb  kitab problemlərini bu yolla həll etsin. Onda evlərinə adlı-sanlı qonaqlar gələndə onların kitablarını görərlər. Qonaqlarda ev sahibləri haqda yüksək intellektli, yüksək  mədəniyyətli adamlar təəssüratı yaranar. Bu niyyətlə Sevinc yaşadıqları təzə evdən Raufun anası ilə qaldıqları  köhnə, kərpic evə gəldi.

Rauf Sevinci evlərində gördükdə gözlərinə inanmadı. Gün hardan çıxmışdı ki, Sevinc onların evinə gəlmişdi? Bir anlıq ona elə gəldi ki, Sevinc onlara baş çəkməyə, yoxlamağa gəlib. Bu fikirdən sevinməyə başladı. Amma sevinci uzun sürmədi. Dayısının həyat yoldaşı salamlaşdıqdan sonra  bir an sual dolu nəzərlərlə Raufa baxdı. O, sanki sözə nədən başlayacağını və Raufun onun dediklərini eşidəndə buna necə münasibət göstərəcəyini  qabaqcadan bilmək istəyirdi. Nəhayət o sözə başladı:

-Kitab oxuyurdun?

 -Hə.

 -Kitablarını bu sandığa yığırsan? - deyə Sevinc sandığı göstərərək soruşdu.

  -Hə.

 -Kitabları niyə burada saxlayırsan? Burada bu kitabları heç kim görmür. Kitabları gərək görsünlər. Biz təzə şkaf almışıq. Sən də onsuz bu kitabların hamısını oxumusan. Bizim təzə şkafın kitab rəfi boşdur.Yığmağa kitablar lazımdır.Bu kitabları aparıb rəfə yığsaq səliqəli görünər.Sən də hansısa kitabı oxumaq istəsən, gəlib bizdən götürə bilərsən.Onsuz da ananla bizə gəlirsiz.

Doğrudan da  Rauf hərdən axşamlar televizora baxmaq üçün anası ilə dayısıgilə gedirdilər. Hərçəndi ki, Rauf bu evdə özünü rahat hiss edə bilmirdi, buna baxmayaraq  anası getdiyinə görə o da  gedirdi. İndisə balaca Rauf bunları xatırlayaraq günahkarcasına Sevincə baxdı. Sanki Sevinc evlərinə gəlib-gediklərinə görə Raufun onlara  borclu olduğunu hiss etdirmək istəyirdi.O kitablarını Sevincə vermək istəmirdi. Onun tələbə bənzəyən xahişindən özünü çıxılmaz vəziyyətdə hiss edirdi. O, elə bilirdi ki,  Sevinc  gəlib onun kitabları ilə maraqlanacaq, ondan oxumağa  hansısa bir kitabı istəyəcək.Yaxud  özü Raufun kitaba həvəsini görüb ona kitab hədiyyə verəcək. Lakin Sevinc belə fikirlərdən tamam uzaq idi. O, kiçik Raufun kitabxanasındakı bütün kitabları aparmaq istəyində idi. Rauf kitablarını çox  sevirdi. Sanki kitablar qaldıqları  köhnə evə bir işıq, bir nur bəxş edirdi. İndi gəlib bu nuru , bu işığı  ondan alıb aparmaq istəyirdilər. Bu Raufu çox ağrıdırdı. Lakin bunu dilə gətirə bilmirdi.O kitablarından ayrılmaq istəmirdi. Amma Sevincin təlabkarlığı cavabında necə “yox” deyəcəyinin də bilmirdi. Odur ki, könülsüz-könülsüz kitablarının dayısının evinə aparılmasına  razılıq verdi. O, ayrı cür necə hərəkət etməyin mümkün olduğunu ağlına gətirə bilmirdi.

Sevinc sevincək halda  sandıqdakı kitabları hissə-hissə qucağına yığaraq, təzə aldıqları şkafın rəfinə düzmək üçün,  öz evlərinə apardı.Raufdan da ona bu işdə köməklik göstərməsini istədi. Çünkü tək ona ağır olurdu.

Kitabları aparıldıqdan sonra Raufa elə gəldi ki, sanki evləri tamam boşalıb.Sanki evlərindəki  işıq sönmüşdü. Elə bil evləri zülmətə qərq edilmişdi.Rauf məyusluq içində bürünüb qalmışdı. Bir neçə gün Rauf naməlumluq içində özünə yer tapa bilmədi. Sevincin isə heç nə vecinə deyildi. Həmin o vaxtdan Rauf dayısı, onun arvadı və onların övladları arasında bir yadlıq, özgəlik yarandığını  hiss etməyə başladı. Açıq-aşkar birüzə verilməsə də Rauf bu yadlığı sezə bilirdi. Ona elə gəlirdi ki, dayısının həyat yoldaşı bunu xayınlıqla edib.  Paxıllıqdan edib. Niyə onun kitablara marağına gülünc bir məşğuliyyət kimi baxdıqlarını istehza ilə hiss etdirirdilər?  Bəlkə Raufa ürəklərində həsəd  aparır, qiptə edirdilər?

İllər keçdi. Balaca Rauf da böyüyüb bu həyəti tərk etdi. Bir vaxt babasının tikdirdiyi evdə  yaşamış  və sonra bu məkanı tərk etmiş xalaları, dayıları kimi  o da bu evdən getdi. Gedəndən sonra o bir də, bu  həyətə qayıtmaq istəmirdi.Qohum olsalar da yad, qəlbən özgə olan adamların əhatəsində olmasını arzulamırdı.

Dayısının həyat yoldaşı Sevinc müəllimin həyatı isə yaxşı qurtarmadı.Onlara yaxından köməklik göstərən baldızı, tanınan , sevilən müğənni Rübabə xanım tez dünyadan getdi. Onun ardınca həyat yoldaşı Ənvər 57 yaşında həyatla vidalaşdı.Övladları da cavan yaşda xəstəlik tapıb dünyalarını dəyişdilər. Sevinc xanımın əvvəlki əzəmətindən əsər-əlamət qalmadı. O, bağlı qapı arxasında, təklikdə dünyasını dəyişdi. Onun meyidini səhəri gün təsadüfü evə gələn qızı  aşkar etdi. Rauf isə bir də heç vaxt Sevinc olan həyətə ayaq  basmadı. Çünkü şox sevdiyi  kitablar ona söyləmişdi:

Həyatına işıq gətirən adamların yanına get. Onların qədrin bil. Həyatının işığını qapadan adamlardansa uzaq ol. Onlara hörmət, diqqət göstərmə. Çünkü onlar buna layiq deyillər. Bir də ki, Rauf anlamışdı ki, onun həyatına işıq gətirən sevdiyi kitablardır. Həmin kitabları yazan müəlliflərdir. Rauf onları həyatda görməsə də , tanımasa da bilirdi ki, onun həyatına işıq salan adamlar o kitabları yazanlardır. Həmin uzaq, amma daxilən yaxın olan adamlar.    


 15/ iyul /2024

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)