Günel Mehri yazır - "Yeni il gecəsi” (Hekayə)

Anam dəmdə olan aşı sarıkökləyib əlini önlüyünə silə-silə soruşdu:
-Ay qız, atan harda qaldı görən? Telefonuna da zəng çatmır...
Çiyinlərimi çəkib bayaq yuduğum çəngəl-bıçağı qurulamağa davam etdim. Anamın nigaran baxışları tərləmiş pəncərəyə dikilmişdi. Öz-özünə danışırmış kimi dodağının altında pıçıldayırdı: “Ay Allah, sən bu tifillərə rəhm elə. Bircə qorxduğum şey olmasın...” Kiçik bacım hay-küylə mətbəxə girib onu fikirlərindən ayırdı:
-Gəl, gəl bax da, hər şey hazırdı...
O, anamın qolundan tutub darta-darta qonaq otağına apardı. Anam könülsüz halda bacımın ardınca düşsə də, mən otağa girəndə bayaqdan qüssəli olan çöhrəsi əməlli-başlı işıqlanmışdı. Bacılarım qol-qola girib yenicə bəzədikləri küknar ağacına tərif yağdırırdılar:
-Yorulsaq da əla alınıb...
-Gör nə qəşəng görünür...
Kəfkirli saatımız 11 dəfə vurdu. Yeni ilə hələ bir saat var idi.
Mətbəxdə işlərimizi bitirib hamımız süfrə arxasına keçmişdik. Çilçırağı söndürüb şamdanlarda şam da yandırmışdım. Yarıqaranlıqda “yolka”nın bərq vuran işıqları daha da maraqlı görünürdü. Bacılarım televizorda “Yeni il şənliyi”nə baxır, mən qədəhlərə kompot süzürdüm. Anam əlində buğlanan plov sinisi içəri girdi. Nimçələrə plov çəkdikcə anamın yarıqaranlıqdakı kədərli simasına baxırdım. Qapının zəngi aramsız surətdə çalındı. Bacılarım dəhlizə sarı boylandılar:
-Atamdır e...
-Gedim açım?
Anam “Özüm açaram” deyib ağır addımlarla dəhlizə keçdi. Çöl qapısı açılanda iki nəfər tanımadığımız kişi ləngər vura-vura atamın bihuş bədənini bayaq bacılarımın həvəslə bəzədiyi qonaq otağına sürüyüb saldılar. O, divana sərilib gah gülür, gah dodağının altında anlaşılmayan sözlər mızıldanır, qızarmış sifəti də qəribə ifadələr alırdı. Anam kişiləri “Allah razı olsun. Çox sağ olun. Bayramınız mübarək”, deyə-deyə yola salıb qapını kilidlədi. Sonra otağın kandarında heykəl kimi quruyub qaldı. Gözü atamda olsa da, nə dinir, nə qımıldanırdı. Bacılarım divanın yanında yerə çöməlib astadan hıçqırırdılar. Bəyaz xalçamızda atamın palçıqlı ayaqqabılarının izi görünürdü. Bu vaxt saat 12-ni vurdu. Televizorda diktorlar təbrikləşir, qədəhlərini toqquşdururdular. Bayırdan fişənglərin parta-part sədaları eşidilməyə başladı. Gözüm bir az qabaq təm-təraqla açdığım bayram süfrəsinə sataşdı. Anamın bişirdiyi zəfəranlı plov nimçələrdə soyumuşdu. Qədəhlərimiz hələ də dolu idi. Şamlar da əvvəlki tək yanırdı. Onlara baxanda elə bildim, anam kimi için-için ağlayırlar. Canımdan bir üşütmə keçdi. Başımı qollarımın arasına aldım ki, anamla göz-gözə gəlməyim. Kəfkirli saatımız sonuncu dəfə 12-ni vurdu. İl təzələndi. Yeni il artıq icazəsiz qonaq kimi bizim spirt qoxuyan otağımıza qədəm qoymuşdu. Özümü xatırlayandan ilk dəfə düşündüm ki, nə yaxşı danışa bilmirəm...