Edebiyyat.az » Proza » RƏNA TƏBƏSSÜM - UZUN SEVDA YOLU (hekayə)

RƏNA TƏBƏSSÜM - UZUN SEVDA YOLU (hekayə)

RƏNA TƏBƏSSÜM - UZUN SEVDA YOLU (hekayə)
Proza
admin
Müəllif:
19:47, 06 fevral 2025
543
0
RƏNA TƏBƏSSÜM - UZUN SEVDA YOLU (hekayə)



     Sunay rəfiqələri ilə gəzintiyə hazırlaşırdı. Həmişə olduğu kimi ən gözəl geyimlərindən seçim edib zövqlə bəzənmək və hamıdan fərqlənmək istəyirdi. Bir yerdə təhsil aldığı universitetin qızları ilə söhbətlərində müasirlikdən, dəbdəbəli geyimlərdən, gözəllikdən bəhs edir, sevincini bölüşürdü. Qızlar öz sevgilisindən və ya nişanlı olduğu oğlan haqqında danışanda isə susurdu, çünki həyatında sevdiyi adam yox idi. 

     Günorta saat ikidə dənizkənarı bulvarda yığışmalı olan qızlar bir-birinə zəng edib çatıb-çatmadıqlarını soruşurdular. Sunayın da telefonuna zəng gəldi. Dəhlizdəki güzgüyə baxa-baxa telefona gələn zəngin nömrəsinə fikir vermədən cavab verdi:

-    Alo, Melisa sənsən?  Evdən hələ indi çıxıram.  Siz gəlib çatmısınız? Çox 

yox, on beş dəqiqə gözləyin, taksi ilə gəlirəm. Eşidirsən? Alo? Alo?

     Sunay cavab gəlmədiyini görüb telefonu qapatdı və nömrəyə baxdı. Naməlum nömrə olduğuna görə təlaş keçirdi. Zəngin kim tərəfindən edildiyini ağlına belə sığışdıra bilmədi. Sonra taksi sifariş edib evdən cıxmaq üçün qapını açdı və gördüyü mənzərədən çaşıb qaldı. Qapının ağzına düzülən qızılgüllərin gözəlliyi və ətri onu heyran etdi. Güllərin şəklini mobil telefonla çəkib yaddaşa köçürdü və düşündü: - Görəsən, bu kimin işidir? Bəlkə, elə gizli nömrə ilə zəng edən də bu gülləri düzəndir? Maraqlıdır...

     Sunay qızılgülləri götürüb özü ilə apardı. Qızlar onu uzaqdan taksidən düşən görüb sevindilər. Sunay rəfiqələrinə yaxınlaşıb salamlaşdı. Melisa soruşdu:

     - Bəh-bəh, nə gözəl güllərdir?! Deyəsən, torbada pişik var, hə? Bizdən gizlədirsən?

     Sunay qızara-qızara dedi:

-    Qızlar, inanın ki, bu gülləri kim verib bilmirəm? Melisa, de görüm,  sən 

mənə gizli nömrə ilə zəng vurmuşdun?

Melisa ucadan gülüb dedi:

-    Dedim də torbada pişik var. Mən  niyə gizli nömrədən zəng vurum 

ki? Zəng edən susurdu, yoxsa, nəsə dedi? Tez ol, hamısını olduğu kimi danış.

     Qızlar Sunayı maraqla dinləməyə başladılar. Olanları nəql edən Sunay sual dolu baxışlarını əlindəki qızılgüllərə zillədi. Güllərin qapı ağzına kim tərəfindən qoyulması qızlarda maraq oyatdı.. 

     Aysel adlı qız dedi:

-    Qızlar, məncə bu güllərin sahibi utancaq bir oğlandır. Amma hər kimdirsə, 

evin qapısına qədər tanıyır. Deməli, qızın özünü də yaxşı tanıyır. Güllərə söz 

ola bilməz. Sevgi ətirli qızılgüllər, bəh-bəh! Sevginin şahı qızılgüllər! Kaş ki mənə də belə güllər 

qismət olardı.

     Melisa Ayselin xəyallar aləminə səyahət  etdiyini görüb dedi:

-    Aysel darıxma, tezliklə sənə də qismət olar. Biz qızların qəlbi kimə görəsə 

döyünməli, sərsəri sevgidən ötrü çaylar tək çağlamalıdır. Qarşılıqlı sevgini   qazanmaq lazımdır. Əsl məhəbbət böhtandan və iftiradan uzaq olmalı, şəffaf bulağın suyu kimi ürəkdən-ürəyə axmalı və heç vaxt bulanmamalıdır.

     Aysel rəfiqəsinin söylədiklərinə heyranlıqla qulaq asıb dedi:

-    Kaş ki belə olaydı... Kaş ki biz gənclərin sevgisi daşlara dəyib uçuruma 

yuvarlanmazdı. Kaş ki qəlbimizdəki hisslərlə, duyğularla oynayan olmazdı... Kaş ki  sevdiyim oğlan mənə şirin, xoş sözlər deyərdi. Ah, mənim çöllər, meşələr yaraşığı olan qaragöz ceyranım. Sənin üçün döyünən ürəyimin qəfil dayanacağından qorxuram, sənsiz ölərəm.  Bax, aşiqi dəli edən belə sözlər eşitmək istəyirəm. Eh, amma harda idi məndə o bəxt? Düzdür, ovçu gülləsindən qorxuram, amma çox istərdim ki,  bir gün bu güllə məni də yaralasın. Axı, bu yaradan axan qanla sevgi ürəyə süzülür. Qızlar, bəlkə düz demirəm, hə? Kim bilir, bəlkə ömrüm qısadır? Kaş ki ömrüm uzun olardı, həyatda istəklərimin hamısına çatardım.

     Sunay Ayselin dediklərinə şairanə fikir bildirdi:

-    Kaş ki ömür nə qısa, nə də uzun olaydı

Kaş ki ömür dönüb günəşə sönməz olaydı.

Kaş ki insan ömrü beləcə bitməz olaydı.

Kaş ki dünyanın özü elə kaşsız olaydı...

     Aysel bu kaşkilərdən lap kövrəldi və Sunayı bağrına basıb qucaqladı.

     Melisa rəfiqələrinin danışdıqca kövrəldiyini görüb söhbəti dəyişmək istədi.

Əynindəki qırmızı güllü köynəyin yaxasını düzəldib saçına sığal verdi və gülə-gülə dedi:

-    Qızlar, bəsdirin! Kaş ki... Kaş ki... Hərənin bir qisməti var. Allah 

xeyirlisini yetirsin, amin! Gəlin gedək bir fincan türk qəhvəsi içək, sonra dəniz kənarında gəzərik. 

     Qızlar edilən təkliflə razılaşdılar.  Yaxınlıqdakı kafeyə girib türk qəhvəsi 

sifariş etdilər. Bir az aralıdakı stulda əyləşən gənc oğlan onları maraqla süzürdü. Bunu görən Aysel sakitcə Sunayın qulağına pıçıldadı:

-    Sunay, sağ tərəfdəki masanın arxasında əyləşən oğlan bayaqdan bizə baxır. 

Bəlkə, gülləri qapıya qoyan odur, hə? Bir bax, gör tanıyırsan. Amma elə bax ki, səni görməsin.

     Sunay başını oğlana tərəf döndərib diqqətlə ona baxdı və dedi: - Düzünü 

deyim ki, sifəti bir az tanış gəlir, amma xatırlamıram. Nə isə... Qəhvəmizi içək və burdan tərpənək. 

     Qızlar kafedən çıxıb aşağı dəniz kənarına endilər. İki saatlıq gəzinti onlara xoş təsir bağışladı. Kafedəki oğlan da onların arxasınca gəzirdi, amma qızlar bundan xəbərsiz idilər. Elə xəbərsiz də bir-birindən ayrılıb evlərinə getdilər. 

     Sunay əlində qızılgüllərlə yaşadığı binanın döngəsindən dönüb həyətə girmək istəyəndə qarşısını bir nəfər kəsdi. Başını qaldırıb qarşısındakı adamın üzünə baxdı və çaşıb qaldı. Kafedə gördüyü gənc oğlan onun qarşısında dayanmışdı. Bir-biri ilə toqquşan baxışlardan sıçrayan qığılcımlar od püskürürdü. 

     Oğlan salam verib soruşdu:

-    Sunay, məni tanımadın? 

Sunay asta səslə cavab verdi: 

- Xeyr, tanımadım. 

     Oğlan gülümsünüb bir də soruşdu:

-    Tanımadın?! Üzümə yaxşı-yaxşı bax. Adam heç uşaqlıq dostunu yaddan

çıxarar?    

 Sunay qızara-qızara oğlana diqqətlə baxdı. Onun sağ qaşının üstündəki balaca 

çapığı görüb qeyri-ixtiyari olaraq çığırdı:

-    Riyad! Bu sənmisən? Riyad!

Oğlan sevincək dedi:

-    Mənəm Sunay, mənəm! Elə bildim unutmusan, mən adda heç uşaqlıq 

dostun olmayıb?!

     Sunay:

-    Necə dəyişmisən?! İnan ki, çapığından tanıdım. Söylə, haralarda idin?

Riyad gülüb dedi:

-    Çapığı sən mənə yadigar etmisən! Uşaq vaxtı həyətdə oynayarkən sözümüz 

çəp gəlmişdi. Sən də yerdən bir daş tapıb mənə atmışdın. Yadındadır? Bax, bu çapıq həmin uşaqlıq illərindən mənə bəxş etdiyin silinməz bir izdir. Bu iz sonradan ürəyimdə başqa izlər də salıbdır.  Heç bilmirəm necə izah edim...

     Sunay gözlərini Riyaddan çəkə bilmirdi.  Riyadın sevgi dolu baxışlarına baxdıqca həyatının parlaq güzgüsünü görürdü. 

     Riyad yaş üstə yaş gəldikcə qəlbində uşaqlıq illərindən gəzdirdiyi sevginin böyüdüyünü, bir gün vüsala yetişəcəyi ümidinin qanadında hicrandan saralıb solmadığını ona heyrətlə baxan Sunaya söyləmək istəyirdi, ancaq susurdu. Sunay isə uşaqlıq dostunun ürəyindən keçənləri onun okean kimi dərin görünən gözlərindəki aydın mənzərədən seyr edirdi.  Bu mənzərədə nələr var idi...

     Riyad susurdu, Sunay isə cənnəti xatırladan mənzərəyə baxmaqdan doymurdu.  Ayrılmaq istəmədiyi saf sevgiyə bürünmüş mənzərədən həzz alır və xoşbəxt günlərini təsəvvür edirdi. 

     Uzun illər bir-birindən ayrı düşən dostlar nə vaxtsa, yenidən görüşəcəklərini bəlkə də ağıllarına belə gətirməmişdilər. İndi isə bir-birinə bağlanan könüllər sevgi körpüsündən keçərək üz-üzə, göz-gözə dayanmışdı. Birdən yaxından maşın siqnalının səsi gəldi və hər ikisi diksindi. Sürücü deyinə-deyinə maşını yanlarından vıyıltı ilə sürdü. Sunayın əlindəki qızılgüllər yerə düşdü. Hər ikisi gülləri götürmək üçün yerə əyildi. Riyad gülləri cəld yığıb qıza verdi. Onların baxışları yenə toqquşdu. Bir qədər susduqdan sonra Sunay soruşdu : 

     - Sən indiyə qədər harada idin? Həyətdə həmişə bir oynayardıq, sonra hara getdin? Səni görməyəndə bilmirdim ki, kiminlə söhbət edim, əylənim. Riyad, illər keçib, sən məni unutmamısan? Yoxsa, bu qızılgülləri də sən qapımıza düzmüsən? Hə? 

     Riyad gülümsünüb suallara sualla cavab verdi:

-    Sunay, səni unutsaydım, bu gün qarşında olardımmı? Səni unutsaydım, 

sevginin rəmzi olan qızılgülləri qapıya düzərdimmi? Bəs, sən necə? Ötən illər ərzində heç uşaqlıq dostunu yada salmısanmı? Xatirələrində məni heç yaşada bilmisənmi? 

     Sunay qucağındakı gülləri qoxuyub dedi:

-    Düzünü deyim ki, unutmamışam, amma illər sonra yenidən 

görüşəcəyimizə inana bilmirdim. Axırıncı dəfə səni görəndə beş yaşım təzə olmuşdu. Sən bağçanın həyətində bitən qızılgüllərdən dərib məni ad günümdə təbrik etmişdin. Hətta gülləri dərdiyinə görə tərbiyəçimiz səni tənbeh etmişdi. Görürsən, hamısı yadımdadır.

Riyad soruşdu:

-    Dəqiq hamısı yadındadır? Bəs tərbiyəçi məni tənbeh edəndə ona nə 

dediyim yadındadır?

Sunay xəyalən həmin anlara qayıdıb güldü və dedi:

-    Hə əlbəttə, yadımdadır. 

Riyad əl çəkmədi:

-    Elə isə de görüm,  nə demişdim? 

     Sunay qızardı, həmin sözləri dilinə gətirməyə utandı. Başını aşağı salıb qızılgüllərini yenidən qoxudu və həzz aldı. Riyad isə ondan cavab gözləyirdi.

-    Hə Sunay, mən tərbiyəçiyə nə demişdim?

-    Ah, deyəsən unutmuşam.

     Riyad əyilib qızılgülləri qoxudu və gülüb həmin sözləri beş yaşında dediyi tərzdə söylədi: - Müəllimə, mən bu qızı sevirəm, gülləri də ona görə dərmişəm.

     Hər ikisi güldü. Sunay soruşdu: 

     - Riyad, bu illər ərzində haralarda idin? 

     -  Deyim də, xaricdə yaşayırdıq. Atamı işi ilə bağlı xaricə ezam etmişdilər,  orada qalası olduq. Daha sonra mən orada ali təhsil almaq istədim. Ona görə də bir müddət orada yaşamalı olduq. Buralardan, dost və tanışlardan uzaq düşdük. Onlardan biri üçün mən çox darıxdım. 

     - Kimin üçün?

     - Əlbəttə ki, sənin üçün!

     Sunay güldü və soruşdu:

     - Yenə xaricə qayıdacaqsan?

     - Təhsilim yarımçıq qalıb, iki il də oxuyub həmişəlik doğma Vətənimə qayıdacam. Həkim kimi insanların sağlamlığı keşiyində duracam.

     - İnşallah! 

     - Sunay, mən neçə gündür ki, sizin qapıdan çıxanları izləyirəm, qonşudan sənin nömrəni də öyrənmişəm. Düzdür, nömrəni vermək istəmirdi, amma kitab alacağam bəhanəsi ilə istəyimə nail oldum. Sizin qapıdan çıxan gözəl bir qızı uşaqlıq illərindəki şıltaq Sunayla müqayisə etdim. İllər bizim görkəmimizi dəyişə bilər, ancaq ürəyimizin dərinliyindəki sevgini dəyişə bilməz. Qəfəsdə olan bülbül öz cəh-cəhi ilə kimliyini sübut etdiyi kimi sevgi də hər yerdə böyüklüyünü və azadlığını sübut edir.  

     Sunay kənardan keçənlərin onlara baxdığını görüb ehtiyat etdi və dedi:

-    Yaxşı, madam ki, nömrəmi də öyrənmisən, zəng edərsən danışarıq. İndi 

isə gedim, gəlib-gedən bizə baxır. Atama deyə bilərlər, qorxuram ki, mənə problem yaransın.

     Riyad dedi:

      - Yaxşı, get. Zəngimi gözlə, telefonu söndürmə! 

     Sunay: - Yaxşı, hələlik! – deyib ayrıldı.  


     Aradan üç gün ötmüşdü. Bu üç gündə gözü mobil telefonunda qalan Sunay nigarançılıqdan özünə yer tapa bilmirdi. Riyad nə zəng edirdi, nə də yolunun üstünə çıxırdı. Riyadla görüşdüyü gün ona yuxu kimi gəlirdi. Bu üç gündə ev işlərində anasına kömək etməyə həvəsi də yox idi. Fikir içində sanki boğulurdu.Telefonuna gələn zəngin səsi onu az da olsa sevindirdi.Uşaqlıq dostunun zəng etdiyini düşünüb cəld telefonunu açdı və həyəcanla soruşdu: 

-    Alo! Riyad, sənsən? Haralardasan? Neçə gündür zəngini gözləyirəm?  

Telefondan səs gəlmirdi. Bir qədər sonra gülüş səsi eşidildi, amma gülən qız idi.

     Sunay soruşdu:

-    Alo, alo! Kimdir?     

Zəng edən adam bir az da ucadan gülüb cavab verdi:

-    Səsim Riyadın səsinə çox oxşayır ki?  Hə? Ay qız, bəs deyirdin ki, 

həyatında heç kim yoxdur? Riyad kimdir?

     Sunay Ayseli səsindən tanıdı və dedi:

-    Ah, bağışla Aysel, səhv saldım. 

-    Səni gözəl başa düşürəm. Həyəcandan səhv sala bilərsən, amma 

suallarımdan qaça bilməzsən. Riyad hardan peyda oldu? 

-    Eh, soruşma Aysel! Heç bilmirəm necə başa salım?! İstəyirsən bir yerdə 

görüşək danışım. Onsuz da ürəyimi boşaltmağa adam axtarıram.

-    Təəssüf ki, görüşə bilməyəcəyik. Mən səni məcbur etmirəm, amma hiss 

edirəm ki, çox narahatsan. Necə olubsa, elə də danış, mən səni anlaram.

-    Görüşə bilsəydik yaxşı olardı. 

-    Sunay, qohumlarımızdan biri qəza  keçiribdir. Təxminən bir 

saatdan sonra anamla onun yanına xəstəxanaya gedəcəyik. 

     Sunay eşitdiyi xəbərdən təsirləndi və qəlbinin səsi ona, sən də get, deyirdi.

-    Qəza?! Qohum kimdir ki?  

-    Düzü, mən özüm yaxından tanımıram, uşaq vaxtı gördüyümdür.

-    Adı nədir? Bəlkə mən də gəlim, yolda da söhbətimizi edərik?

-    Sunay, başa düşə bilmirəm ki, sən niyə bu qədər həyəcan keçirirsən? O

adam bizim qohumdur, sizin yox! Yaxşı, gəlmək istəyirsənsə, tez gəl. Bizim evin yanında gözləyəcəyəm. 

-    Gözlə, gəlirəm.

     Sunay hissləri ilə bacarmırdı. Xəstəxanaya tanımadığı adamı görmək üçün niyə gedirdi, heç özü də bilmirdi. O tez hazırlaşıb evdən çıxdı. 


     Ayselgilin evləri Sunayın yaşadığı binaya yaxın olduğundan piyada getdi. Çatanda binanın qarşısında rəfiqəsinin anası ilə onu gözlədiyini gördü. Bir taksi sifariş edib xəstəxanaya getdilər.  

    Həkim xəstənin yanına gələnlərə onun vəziyyətinin ağır olduğunu bildirdi və palataya girməyə icazə vermədi. Gələnlər dəhlizin küncündə qoyulmuş divanda əyləşib gözləməli oldular. Ayselin anası Natella Sunaydan soruşdu.

-    Sunay, bizimlə bura gəlişini başa düşmədim. Sən bizim qohumu

tanıyırsan?

     Sunay duruxub qaldı, bilmədi ki, nə cavab versin.  Aysel anasının xasiyyətinə bələd idi. Bilirdi ki, sualına cavab almasa əl çəkən deyil. Ona görə də özü cavab verdi:

-    Ana, Sunayı mən çağırdım. Sabah bizim rəfiqələrimizdən birinin doğum 

günü olacaq, hədiyyə almaq üçün birlikdə marketə gedəcəyik. 

Natella xanım dedi:

-    Hə, lap yaxşı qızım. Tələbəlik illəri gənclik dövrünün ən əziz və 

yaddaqalan xatirəsidir. Allah yolunuzu açıq eləsin. Amin!

     Natella xanım danışdıqca Sunaya diqqətlə baxırdı. Sunayın üzü heç gülmürdü, içindəki narahatlığı get-gedə artırdı. Az qalırdı ki, ayağa qalxıb xəstənin yatdığı palatanın qapısını açsın. Ona elə gəlirdi ki, qəza keçirən Riyaddır. O, tibb bacısının palataya gəlməsindən istifadə edib cəld ayağa qalxdı və onun arxasınca sakitcə içəri keçdi. Xəstənin başı, sifəti, qolu sarıqlı olduğundan kimliyini tanımaq olmurdu. Tibb bacısından qəza keçirənin adını soruşmaq istədi. Boğazı qıcıqlandı və onu öskürək tutdu. Tibb bacısı arxasındakı adamı görüb danladı.

-    Xanım qız, bura icazəsiz girmək olmaz. 

-    Bağışlayın, mən xəstənin adını bilmək istəyirəm. 

Tibb bacısı təəccüblə soruşdu:

-    Siz onu tanımırsınız? Adını bilmədiyiniz xəstənin yanında nə işiniz 

var? Çıxın çölə!

Sunay pərt halda palatadan çıxdı. Natella xanım və Aysel qapının ağzında 

dayanmışdı. Sunayın gözlərindən yaş axdığını görən Natella xanım onu bağrına basıb soruşdu:

-    Sən də mənim bir qızım, de görüm niyə belə dolmusan? Xəstə adam səni

niyə bu qədər maraqlandırır? 

Sunay bilmirdi ki, içindəki iztirabları necə desin. Özünü ələ alıb: - O 

cavandır, qəza xəbərini eşidib pis oldum, - dedi.

Biz qohumuyuq, amma onun halına sən daha çox acıyırsan. Riyadın anası və 

atası da yaralanıbdır. Gəlin hələlik onların yatdığı palataya gedək, görək vəziyyətləri necədir?

     Sunay Riyadın adını eşidəndə daha çox narahat oldu və dodaqları titrəyə-titrəyə soruşdu:

-    Natella xanım, siz adını Riyad dediniz? Yəni...?

-    Hə də qızım, adı Riyaddır.

-    Riyad?!

     Sunay özünü saxlaya bilmədi, hönkür-hönkür ağlamağa başladı. Aysel rəfiqəsinin hərəkətlərini anlaya bilmirdi. Onu sakitləşdirməyə çalışdı.

-    Sunay, özünü ələ al! Əgər xəstənin durumu səni belə narahat edirsə, gəl 

burdan gedək. 

-    Yox! Gedə bilmərəm. Sizin qohumun adı Riyaddır. Onun da adı Riyaddır. 

Söz vermişdi ki, mənə zəng edəcək, amma neçə gündür ki, xəbər yoxdur.

-    Kim?! Kim söz vermişdi? Sən kimdən danışırsan? Bizim qohum xaricdən 

təzə gəlib. Sən onu tanıya bilməzsən, həm də özün deyirdin ki, həyatında heç kim yoxdur. 

-    Aysel, deyirdim. Son günlərdəki görüşümüzdə əlimdəki qızılgüllər 

yadındadır? 

-    Hə, əlbəttə yadımdadır. Yoxsa, qızılgülləri qapıya düzən bizim 

qohumdur?  Yəni, bu odur? Bəlkə, gözləyək tibb bacısı palatadan çıxsın. Sunay, bu Riyadın o Riyad olub-olmamasını bilmək üçün sən ona diqqətlə baxarsan. 

-    Aysel, mən bayaq baxdım, tanınmaz haldadır. Amma bir də baxmaq 

istərdim, onu dindirmək istərdim. Gəl tibb bacısı onun yanından çıxana qədər bir az kənara çəkilək, anan eşitməsin. Axırıncı dəfə sizinlə görüşüb ayrıldıqdan sonra nələr oldusa, hamısını danışacam. 


     Qızlar dəhlizdə bir kənara çəkilib dərdləşməyə başladılar. Sunay uşaqlıq dostunun ona qarşı olan sevgisindən danışdıqca Aysel sanki havalanırdı. Özünü onun yerində sanmağa çalışırdı. Natella xanım isə qızları uzaqdan maraqla seyr edirdi. Çox keçmədi ki, tibb bacısı xəstənin yanından çıxdı. Bunu görən Sunay gözlərinin yaşını silib palataya getdi. Aysel anasını ləngitmək üçün bəhanə axtarırdı. O anasına yaxınlaşıb dedi: 

-    Ana, gəl biz əvvəlcə həkimi arayıb tapaq. Riyadın səhhətinin müsbət və ya 

kafi olması barədə məlumat alaq. Sonra palataya girib Riyadın özü ilə görüşərik.

-    Aysel, siz qızların sözü-söhbəti qurtarmır da. Sunay məndən qabaq 

qohumuma baş çəkir. Mən həkimlə sonra da görüşə bilərəm.  Nə isə... Heç nə anlamıram. Gəl gedək həkimin yanına vəziyyəti öyrənək.

     Sunay arxaya dönüb baxanda Aysellə Natella xanımın harasa getdiyini gördü və  rahatca palataya girdi. Tanınmaz halda olan xəstənin uşaqlıq dostu olub- olmamasını dəqiqləşdirmək üçün onu səsləməyə başladı:

-    Riyad! Riyad!

Xəstə gözlərini açıb səs gələn tərəfə baxırdı. Səs ona çox tanış idi. 

Sunay çarpayıya yaxınlaşıb xəstənin sarıqlı qolundan tutdu. Riyadı ona zillənmiş gözlərindən tanıdı. Riyad! – deyə çığırdı. 

Riyad halsız olsa da uşaqlıq dostunu yenidən gördüyünə görə sevinirdi. 

Çətinliklə danışmağa başladı:

-    Sunay! Bu, sənsən! 

-    Mənəm! Ürəyimə dammışdı ki, sənin başında nəsə bir iş var, ona görə də

zəng etmirsən. Bu neçə günü nələr çəkdiyimi bilsəydin?! Ah... Axı, necə oldu ki, qəza keçirdin? Eşitdim anan və atan da maşında olub.

-    Hə birlikdə idik. Onlar görəsən sağdır?

-    Narahat olma, hər ikisi sağdır.

-    Şükür Allaha! Sunay, səninlə görüşüb ayrıldıqdan sonra birlikdə

qonaqlığa getmişdik. Qayıdanda artıq qaranlıq idi. Maşını atam  idarə edirdi. Yolun ortasından iki it keçirdi. Onları vurmamaq üçün maşını bir az kənara çəkmək istədi. Arxadan gələn başqa bir avtomobil bizi vurdu. Sonrası da məlumdur...

-    Riyad, indi özünü necə hiss edirsən? 

-    Bir az ağrılarım var idi, səni gördüm, elə bil, hamısı keçdi. Sunay... Sanki

ruhumun qanadları sınmışdı. Səni görməklə yenidən həyatın şirinliyini daddım, gözlərimdən tökülən kədər itdi.

-    Elə mən də neçə gün idi ki, özümə yer tapa bilmirdim. Gözlərim 

telefonda, qulağım səsdə idi. Hər dəqiqə zəng vuracağını düşünürdüm. İnan ki, ətrafımdakılar deyib gülməyində olsa da mən xəyallarımdan keçənləri  ilmə-ilmə toxuduqca səni düşünmüşəm. 

-    Sunay, deyirlər uşaqların sevgisi daha saf olur. Həsrətini çəkə-çəkə 

mənimlə birgə böyüyən sevgim elə bilirəm ki, saflığını heç vaxt itirməz. 

Səni yenidən görmək üçün uzun yol qət etmişəm. Bu qəza olmasaydı, şənbə günü bizimkilər sizə elçiliyə gələcəkdi. Eh, düz deyirlərmiş, sən saydığını say, gör fələk nə sayır. 

     Sunay Riyadın dərin iztirab keçirdiyini görüb dedi:

-    İnsanın başına cəfalar da gələr, haqsız olaylar da ola bilər. Bir gün 

aydınlığa çıxacağına, həqiqətlərin uzun sevda yoluna aydınlıq suyu səpəcəyinə inan. Könül bağının hər tərəfinə yenidən qızılgülləri düzəcəyinə inan. Tezliklə arzularının çin olacağına inan. İnan əzizim, hər şeyin yaxşı olacağına inan.

-    Əzizim... Sunay, dilindən bunu eşitmək nə qədər xoşdur. Nə yaxşı ki, sən 

gəldin. Məni yenidən həyata qaytaran bu gəlişinlə sanki, tale quşu şah budağa qonub, eşqə sədaqətli olmasından nəğmə deyir. 

-    Riyad, sən tezliklə sağalıb çıxacaqsan. Bizi yenidən görüşdürən uzun 

sevda yolunda bərabər addımlayacağıq. Bu yolla  dünyanın o başına da gedərəm, çünki gəlişinlə qəlbimin dərinliyində yuxuya getmiş uşaqlıq sevgisinin oyandığını hiss etdim. İnan, həyatımı bundan sonra sənsiz təsəvvür edə bilmirəm. 

-    Mən də.

Birdən palatanın qapısı döyüldü və Aysel anası ilə içəri daxil oldu. Natella 

xanım onlara sual dolu baxışlarla baxırdı. Aysel anasının sel kimi yağdıracağı suallardan qorxub dedi: 

- Anacan, Sunayla Riyad uşaqlıqdan dostdurlar. Riyadın bizim qohum 

olduğunu sonradan bilib.  

     Natella xanım gülümsünüb dedi:

-    Deyirəm axı, bu qız niyə bizdən qabağa düşüb. Riyad, əsas odur ki, salamat 

qurtarmısınız. Şükür Allaha! Ananın və atanın da vəziyyəti yaxşıdır. Onlar yüngül xəsarət alıblar.  

Riyad soruşdu:

-    Bəs, həkim nə deyir?

Natella xanım cavab verdi:

-    Nə deyəcək?! Elə ciddi bir şey yoxdur, uzağı bir həftəyə  sizin üçünüzü də 

evə buraxacaqlar. 

     Sunayla Riyadın baxışları yenidən toqquşdu. Həyat eşqi süzülən bu baxışlarda saf məhəbbət və xoşbəxt bir ailənin parlaq gələcəyinin mənzərəsi aydın görünürdü.


     Aradan ötən bir həftə ərzində Sunay hər gün xəstəxanaya gedib uşaqlıq dostuna baş çəkmişdi. Hər görüşdə ona : - Riyad, sən mənə yenidən uşaqlığımı qaytardın, - demişdi. Riyad isə: - Sən mənim parlaq gələcəyimin açarısan, demişdi.

     Sunay Aysellə yenidən görüşməli, dərdləşib söhbətləşməli idi. Geyinib qapıdan çıxmaq istəyirdi ki, mobil telefonu zəng çaldı. Naməlum nömrə olsa da telefonu açdı:

-    Alo, kimdir?

-    Bağışlayın, sizinlə tanış olmaq olar?

-    Xeyr olmaz!  

-    Niyə? Həyatınızda kimsə var?

-    Bəli, var. Siz gecikmisiniz!

Sunay telefonu qapatdı. Evin qapısını açıb getmək istədi. Döşəməyə 

səpilmiş qızılgülləri görəndə sevindi. Cəld gülləri yığıb aşağı endi. O tərəfə, bu tərəfə baxdı, amma heç kimi görmədi. Yenidən yola düzəlib rəfiqəsi ilə görüşə getdi. Telefonuna yenə naməlum zəng gəldi. Bu dəfə zəngə cavab vermədi. Bir-iki addım getmişdi ki, arxadan kimsə onu səslədi:- Sunay!

Sunay arxaya dönüb baxanda təəccübləndi və uşaqlıq dostunu görüb sevinclə soruşdu:

-    Riyad! Zəng edən sən idin?

Riyad gülümsünərək dedi:

 - Əlbəttə, mən idim, yoxsa başqasını gözləyirdin? 

- Əsla! Səndən başqa gözlərim kimsəni görməz! Səndən başqa bu gülləri 

mənə kimsə verə bilməz! Səndən başqa ürəyim...

Riyad gülə-gülə soruşdu:

- Ürəyim nə? Kimsəni sevməz? Eləmi?

- Düz tapdın. 

Sunay və Riyad əl-ələ verib sevgi ətirli qızılgülləri qoxuya-qoxuya uzun sevda yollarında 

bərabər addımladılar.


S O N

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)