Edebiyyat.az » Proza » Tural Sahab - Şəms (hekayə)

Tural Sahab - Şəms (hekayə)

Tural Sahab - Şəms (hekayə)
Proza
nemət
Müəllif:
21:50, 17 aprel 2019
1 891
0
Tural Sahab - Şəms (hekayə)


   Aradan nə qədər keçib, bilmirəm. Bəlkə iyirmi beş il, bəlkə də otuz...o zaman olanları da tam xatırlamıram, onu sevib- sevmədiyim də yadımda deyil. Bəlkə sevirdim, bəlkə də yox... insan altmış yaşına çatanda başqa şeylər düşünür. Məsələn, haçan öləcəyini, nəvəsi ilə neçə il vaxt keçirə biləcəyini... bəzən heç düşünmür də.
  O gün olmasa, yəqin onu xatırlamayacaqdım. Ali məktəblərdən birinə tələbələrlə görüşə dəvət etmişdilər məni. Bacardığım qədər gənclərin görüşündən imtina etmirəm. Onlarla söhbət etmək, müzakirələr aparmaq çox xoşdu. Gəncliyimdə də özümdən yaşlı insanlarla dostluq edirdim. Zəng gəldi və tədbirə dəvət edildim. Sadəcə vaxtı və məkanı soruşdum...bu tarixdə, filan ali məktəbin konfrans salonunda.
  Ora gedəndə məni Filologiya fakultəsinin bir qrup tələbəsi qarşıladı. Birlikdə bufetə gedib çay içdik. Onlar mənə kitablarımdan, fikirlərimdən suallar verir, mənsə həvəslə danışırdım. Onlara dərs keçən müəllimlər məndən çox oxumuşdu, məndən çox bilirdilər. Hər birinin adının qarşısında " rütbələri". Mənsə sadəcə dörd illik bakalavr təhsili almışdım. Lakin indi tələbələrə müəllimlərindən daha çox mən maraqlı idim....vaxtı ilə mən imtahanlardan üç alanda, beşləri ilə mənə gülənlər indi mənim yaradıcılığımı tədris edirdilər.
   Çaydan sonra konfrans zalına getdik. Yarım saat sonra tədbir başladı. Aparıcı qız ilk sözü filologiya fakültəsinin dekanına verdi - Şəms xanıma. Hər şey normaldı hələki, ancaq dekan kürsüyə yaxınlaşarkən saçına taxdığı Çobanyastığı gülünə sataşdı bir an gözüm. Bu an beynimdə  kiçik daşların üzüaşağı yuvarlandığını hiss etdim. Əlli beş yaşlı qadının saçında çobanyastığı.... bir neçə dəqiqə keçmiş düşüncələrlə savaşmalı oldum. Ürəyimin xatırladığını beynim xatırlamırdı. Sonra birdən hər şey yadıma düşdü. Otuz il öncə yazmağa başladığım roman, oradakı buludlardan qurulan qadın hər şey....bu həmin Şəmsdi.
    İllər məni, onu hər şeyi, hər kəsi dəyişdirmişdi. Dəyişməyən bircə Çobanyastığı gülləri...bir də mənim ürəyimdi. Şəms çıxışını edib əyləşdi. Kənan Ümidin yaradıcılığını o qədər gözəl şərh etdi ki, mən özüm də xeyli şey öyrəndim.
    O günü necə başa vurduğumu bilmirəm. Bir məktubla həyatımdan gedən qadın indi mənim əsərlərimdən danışırdı, özü də saçına sevdiyimiz çiçəyi taxıb. Tədbir başa çatdı və mən qalxıb oradan uzaqlaşmaq istədim. Qarşılaşmaq istəmirdim... Şəmslə yox, keçmişdə yaşadığım bir əzabla. Ancaq buna izn vermədi, sakitcə qaçıb getməyə qoymadı məni. Yaxınlaşdı heç nə demədən saçındakı çobanyastığı gülünü ovuclarıma qoyub, gülümsədi və getdi....bir onun gedişinə, bir əlimdəki çiçəyə baxdım. Mən nə edim bu çiçəyi....ömür boyu saxlayımmı?!
   Yox, daha ömür də bitir, yaşayacaq günlərim elə də çox deyil.. əslinə qalsa bunu düşünəcək zamanım da yox, otuz il öncə o məktubu oxuyub əzabı doyunca yaşamışdım.... xəyaldan ayılıb yoluma davam etdim. Bayaqkı tələbələr məni maşınıma qədər ötürdülər. Onlarla sağollaşıb maşına mindim. Çiçək hələ də əlimdəydi və mən onu mənə baxıb gülən tələbə qızlardan birinin saçına taxıb oradan uzaqlaşdım. Kənan ümidin verdiyi çiçəyi yəqin ki, o tələbə qız uzun illər saxlayacaqdı...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)