Nikolay Aleksandroviç Dobrolyubov
Proza
Nikolay Aleksandroviç Dobrolyubov
" Həyatda iş hələ çoxdur "
Hələ görülməmiş öndə çox iş var,
Pakdır, müqəddəsdir həmin o işlər
Hələ daşlı yollar, tikanlı yollar
Ayağım altında döşənməmişdir
Ötəri hisslərə salıb meylimi,
Əyri yola qədəm qoymamışam mən,
Qəlbimin, fikrimin olub hakimi,
Yaman əməllərə uymamışam mən,
Dostlar, mən sizinəm, sizinəm yalnız,
Hazıram döyüşə, hazıram işə,
Təki bizim doğma ittifaqımız,
Sözdən işə keçə, işə girişə
Bax, belə gedərsə, nə gizlədim mən,
Tezcə tərk etməli olaram sizi;
Bəhsə girişməyi peşə eyləyən
Dərnəklər zəhləmi aparır, düzü
Öləsi olsam da dərd-qəm əlindən,
Köçəsi olsam da bu şit həyatdan,
Razıyam, razıyam, uzaq olum mən
Təki bu hay-küydən, cəfəngiyyatdan
Lakin mən bilirəm, yolumuz bizim
Yeni carçısına çəkməkdə həsrət,
Bu müqəddəs camı bəyənən kəsin
Nəsibi olacaq həmin cam, əlbət.
- Nikolay Aleksandroviç Dobrolyubov ( 1836-1861 )
Təsəvvür edin, cəmi 25 il ömür sürəsən, amma öz müasirlərin tərəfindən " Dahi gənc " adlandırılasan! Dəhşət...
" Dobrolyubov bir mütəfəkkir olaraq Marksa qədərki rus materializminin ən ardıcıl nümayəndələrindən biri, estetik - ədəbiyyat tənqidçisi olaraq rus tənqidi realizmi nəzəriyyəsinin " dirilən Belinskisi " , böyük tənqid ustası, müəllimi Çernişevski ilə birlikdə yeni ruhlu mübariz, demokratik ədəbiyyatın rəhbəri və təşkilatçısı, bir tərbiyə elmi mütəxəssisi olaraq yeni demokratik rus pedoqoji fikrinin təbliğatçısı, xalq maarifi ideyasının çarçısı, bir siyasi xadim olaraq, Belinski, Çernışevski, Gertsen, Şedrin, Nekrasov ilə yanaşı, Rusiyanın inqilabçı gənclərinin mənəvi rəhbəri, V.İ.Leninin dediyi kimi, həmişə " həqiqəti söyləyən " , " ardıcıl demokrat " olmuşdur.
...Xatirələrdən 12 yaşlı Dobrolyubovun " çox utancaq, heç kəslə uyuşmayan, heç kəsə qarışmayan bir oğlan " olduğu, tənhalığı sevdiyi, tənəffüslərdə bir tərəfə çəkilib evdən gətirdiyi kitabını oxuduğu göstərilir.... Seminariyada da Dobrolyubov boş vaxtlarını mütaliəyə həsr edirdi. O özü bu xüsusda yazmışdır : " Dərslərin mənasız, boş-boşuna əzbərlənməsi mənə əl vermirdi, mənə kitab oxumaq daha xoş gəlirdi. Seminariyanın ağır və cansıxıcı məşğələlərindən dincəlmək üçün kitab oxumaq mənim əsas məşğələm və yeganə zövq mənbəyim oldu. Mən əlimə düşən hər şeyi - tarixi əsərləri, səyahətnamələri, elmi əsərləri, mədhnamələri, poemaları, daha çox romanları oxuyurdum. Janlis, Düma, Ratklifdən Jorj-Sanda qədər və Narejnidən Qoqola qədər hər şeyi mən qeyri-adi acgözlüklə həzmə verirdim. Demək olar ki, mən bunların hamısını məhz bu 5 ildə etmişəm. "
Dobrolyubov məktəbdə və seminariyada oxuduğu kitabların siyahısını tutmuşdu. Bu siyahıdan görünür ki, 13 yaşında 411 kitab oxumuşdur. Bu kitabların içərisində Belinski və Gertsenin də əsərləri də vardı.
Gənc Dobrolyubov oxuduğu kitablar haqqında özünün müxtəsər rəyini də yazmışdır. Bu rəylərdən məlum olur ki, o oxuduğu kitablara tənqidi yanaşır, yalanla həqiqəti fərqlədirməyə çalışır.
50-60 - cı illərdə qabaqcıl ziyalılar arasında köhnəlikdən üzülüşmək, uzaqlaşmaq nadir hadisə deyildi. Lakin, Dobrolyubovla bir çox başqaları arasında fərq ondan ibarətdir ki, başqaları bu mənəvi inkişafa, müstəqil fikrə 30-40 yaşlarında, bəlkə 50-60 yaşlarında çata bildikləri halda, Dobrolyubov bu səviyyəyə 14-15 yaşlarında çatmışdır. Məhz bu xüsusiyyətinə görə dostu və müəllimi Çernışevski onu " dahi gənc " , " dahi istedad " adlandırmışdı.
... İnstitutda da Dobrolyubov tənhalığı sevərdi. Yoldaşlarının dediyinə görə, onu həmişə bir tərəfdə çəkilib oturan, çeşməyini çox zaman alnına qaldıran : bir əli döşündə , o biri əli ilə Vergilini vərəqləyən görərdilər. O, həmişə və hər yerdə oxuyardı, şıltaq yoldaşlarının ədəbsiz söhbətlərində, kart oyununda iştirak etməzdi, hətta tələbə disputlarına da laqeyd yanaşardı. Zəngin biliyi, gözəl əxlaqi keyfiyyətləri ilə insitutda da Dobrolyubov həm ağıllı yoldaşları, həm də müəllimləri arasında böyük nüfuz qazanmışdı.
... Cəsarətli inqilabi çıxışları, rus həyatının, rus cəmiyyətinin ən mühüm problemləri haqqında ağıllı fikirləri və coşqun vətənpərvərliyi ilə 20 yaşlı Dobrolyubov tələbələr aradında böyük nüfuz qazanmışdı. Həmyaşıdları ona tələbə kimi deyil, bir müəllim kimi baxır, məsləhət üçün ona müraciət edir, onunla fəxr edirdilər.
... Yazıb-yaratmaq, yeni fikir söyləmək, rus elmini, incəsənətini irəli aparmaq, inqilabi-demokratik ideyaların çarçısı olmaq, gənc mütəfəkkirin həyatının əsas məzmununu təşkil edirdi.
1858 - ci ilin əvvəllərində Dobrolyubov xənəzir xəstəliyinə tutulur, lakin o yorulmadan çalışır, yazır, yaradırdı. Bir il sonra onda vərəm xəstəliyi əlamətləri göründü. Bu vəziyyət dostlarını təşvişə saldı. Gərgin iş onu tamamilə üzə bilərdi, ancaq ağır xəstəliyə tutulduğunu bilə-bilə Dobrolyubov daha çox işləyir, yazırdı. Çernışevski və Nekrasov ona " az işlə , özünü gözlə " - dedikdə, Dobrolyubov cavab verirdi ki, " iş, əmək onu yormur, onu üzən səbəb ictimai kədərdir " Çernışevski bu cavabı xatırlayıb yazır ki, " Dovrolyubov doğru deyirdi. Onu öldürən əmək deyildi, o çox asan işləyir, asan yazırdı, onu öldürən vətəndaşlıq kədəri idi. Hərdən o dincələcəyinə söz verirdi, lakin heç vaxt ehtiraslı əməkdən özünü saxlaya bilmirdi " Vətəndaşlıq kədəri Dobrolyubovda çox güclü idi. Xalqı əsarətdə görməsi həmişə onu düşündürür, rahat buraxmırdı. Senzura da Dobrolyubovu çox incidirdi, onun hər bir meqaləsi senzor komitəsində dönə-dönə nəzərdən keçirilirdi.
....1861 - ci ilin avqust ayında Dobrolyubov vətənə qayıdarkən yolda vəziyyəti ağırlaşır. Xaricdəki müalicənin faydası olmamışdı. Səhhətinin gün-gündən ağırlaşdığına baxmayaraq, Peterburqa çatan kimi " Sovremennik " dəki vəzifəsi başına keçdi.
Son ildə borca düşməsi də onu çox darıxdırdı, yazmaq, borclarını ödəmək istəyirdi. Bacı və qardaşlarının da vəziyyəti yaxşı deyildi... Xəstəlik isə şiddətlənirdi. Dobrolyubov yatağa düşdü və bir daha qalxa bilmədi, son şeirini yazdı :
" Əziz dost, namuslu olmaq ucundan
Axır günlərimi keçirirəm mən
Doğma vətənimin lakin bir zaman
Adım düşməyəcək əsla dilindən
Əziz dost, ölürəm, amma inan sən,
Qəlbim çox rahatdır, sözün doğrusu,
Sənə xeyir-dua verirəm ki, mən,
Olasan bu yolun sadiq yolçusu. "
Ölümündən 3 gün qabaq Dobrolyubov demişdi : " Tale nə qədər də acı gülüşlərlə mənə güldü... Mənim həyatım heç olmasa iki il uzana idi, mən faydalı bir iş görməyə macal tapaydım. İndi isə heç bir şey, heç bir şey... "
1861 - ci il noyabr ayının 17 - də ( 29 ) gecə saat ikidə Dobrolyubov 25 yaşında vəfat etdi. Bu böyük itki münasibəti ilə N.Q.Çernışevskinin yazdığı nekroloqda senzuranın pozduğu aşağıdakı sözlər vardı:
" Ey xalq, bilsən o səni nə qədər sevirdi! Onu sözü sənə çatmırdı, lakin sən, onun görmək istədiyi kimi olduğun zaman, sənin ən yaxşı övladlarından olan bu dahi gəncin sənin üçün nə qədər böyük işlər gördüyünü bilərsən "
Ölümündən sonra da Dobrolyubovun adı dostlarının dilində həmişə əsl vətənpərvərlik timsalı oldu. Nekrasovun 1864 - cü ildə yazdığı " Dobrolyubovun xatirəsi " şe'rində olduğu kimi :
" Lakin tez yetişdi onun əcəli
Və aldı əlindən qələmi cəbrən
Gör necə bir əqlin söndü məş'əli
Necə bir qəlb qaldı döyüntüsündən...
Ağla, rus torpağı, fəxr elə və bil,
Gözünü açalı göylərə qarşı
Dünyaya belə bir oğul vermədin...
Ey ana təbiət, belələrini
Bə'zən yer üzünə gətirməsəydin
Lütfünü sən bizdən əsirgəsəydin,
Tamam məhv olardı insan həyatı "
Məqalədəki məlumatlar Məmməd Cəfər'in " XIX əsr rus ədəbiyyatı tarixi " ( II hissə ) kitabından götürülmüşdür. ( Sovet nəşri, 1974 ).
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Covanni Bokkaçço - Müqəddəs Şapeleto (Dekameron)