Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - HADİ DADA YETƏN DEMƏKMİŞ...

AZAD QARADƏRƏLİ - HADİ DADA YETƏN DEMƏKMİŞ...

AZAD QARADƏRƏLİ - HADİ DADA YETƏN DEMƏKMİŞ...
Proza
nemət
Müəllif:
21:25, 03 dekabr 2019
1 716
0
AZAD QARADƏRƏLİ - HADİ DADA YETƏN DEMƏKMİŞ...

                                                      

 

                             



 

            (Məhəmməd Hadinin adı və 140 ildir qövr edən yaralı misraları üzərinə)

 

            Hadi ərəbcədə yardım edən deməkdir. Nə yazıq ki, şair heç özünə yardım edə bilmədi. Ən zillətli şair ömrü yaşadı. Bütün Azərbaycan şairlərinin əzablarını sanki beş-altı şairə yükləyiblər. Nəsiminin dərisi soyuldu, Hadi səfil ömrü yaşayıb itkin düşdü, Sabir doğma yurdundan qovuldu, Cavid, Müşfiq və Əhməd Cavad repressiyaya məruz qaldı, Eldar Baxış zəhərləndi...

              Dağa dersəm eşidər, sonra verər əks-səda,

              Daşa dönmüşlərə əks eyləmədi fəryadım – deyən Hadinin harayı bu gün də qulaqlarımızdan getməyib. O “daş” kəlməsini böyük Sabir Hadinin ağzından almış kimi

            Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

            Daş qəlbli insanları neylərdin, ilahi?! – demədimi?...

            Hadinin faciəsi, zənnimcə ilk istəyinin – xarici ölkələrdən birində təhsil  almaq arzusunun baş tutmaması olub. Bu barədə Seyid Hüseynin qeydləri maraqlıdır:”... Hadi bir neçə zəngin əqrəbasını müraciətdə bulunmuş, təhsil arzusunda olduğunu söyləyib müavinət istəmişsə də, sözünü dinləyən və yardımda bulunan olmamışdı." 

            Bütün zamanlarda var-dövlət, pul lotuların, eyş-işrət və qadın düşkünlərinin əlində oldu. Onlar da elm və maarifə, ədəbiyyat və incəsənətə qoltuqlarının altından belə baxmadılar. Hamı Hacı Zeynəlabdin olmaz ki, əfəndim! O da bir əli ilə yardım edəndə, o biri əli ilə Ərəblinski kimi bir sənət fədaisinin həyatına son qoydu...

            Bütün qələm əhlinin taleyi necə də eyni olur: ya atasını, ya anasını, ya da hər ikisini itirmiş olurlar. Hadi atasını erkən itirdi, zatən anası da itmiş sayılır: cocuqlarını buraxıb bir varlı kişiyə ərə getdi. Zənnimcə, Hadinin şair ömrü və kor taleyi bu nöqtədən də qəmlə yüklənib:

              Gözüm bir gülməyir bu ərzi-fəryadı görən gündən,
               Könül şad olmayır bu səhni-naşadı görən gündən.  

 

            Şair bütün ömrü boyu ucalığa can atsa da, ayaqları yerdən üzülü olsa da, könlü istəyən məqama yetişə bilmədi. Yox, söhbət onun şairliyindən getmir. Şair kimi bəlkə də 20-ci yüzilin ən qüdrətli qələm sahiblərindən biri idi o, fəqət xalqının anlaya bilmədiyi o ucalıq bu gün çox dumanlı görünür – zatən o duman o yüksəkliklərdən əskik olmadı ki... Nə dumanı qınamaq olur, nə o ucalığı, nə də ora can atan biçarə şairi. Dumanın yeri orası, yüksəklik dumana aşiq, şair də hər ikisinə!..

            Hadinin bu misralarında bir şair əzabından çox, bir insan ruhunun ağrısı qövr edir. Daim sızıldayan, özünə də, ətrafına da ağrı romantikası bəxş edən o misralarda bir yanğı, bir həsrət də hakimdir:

             Varmı bundan yuxarı uçmağa istedadım,

             Qabiliyyət pərimə zəxm vurub ustadım.

 

             Və  Hadiyə öz sözləri ilə demək istədiklərim: qardaşım, sənin həsrətin heç  durmadı ki. Sənin dediklərin, sənin yazdıqların bu gün də elə ordadır. Yaramız yenə qan verir. Torpağımız yenə tikə-parçadır, xalqımız yenə o tay, bu taydır. 

            Sən demişdin:

               Millət tikəcək naminə ölsən dəxi heykəl,

               Qoyma toxuna yurduna naməhrəm olan əl.

          

                Bəs biz neylədik?

               Təzə dərdlərdən çəmbər bağladıq. 

               Qarabağımız yoxdur. Ədəbiyyatımız şikəst uşaq kimi taytıya-taytıya gəzir, mədəniyyətimiz oturmağa qucaq axtarır, dilimiz yağışdan çıxıb yağmura düşüb, elmimiz qəpik-quruşa möhtac, insanımız çörək savaşında...

            Sənin o qarğış kimi yazılan misraların kabusa dönüb  hələ də başımız üstündən çəkilmir:

           

            İmzasını oymuş miləl övraqi-həyatə,

            Yox millətimin xətti bu imzalar içində.

 

            Hadi əfəndi, yoxdur, yoxdur və yoxdur...

            Di rahat oldun? Get o yox məzarında necə yatmısan, elə də yat. Nəbadə, aldanıb qalxasan ordan.

 

            1.S.A.(Söz Ardı.)

            Ürəyim gəlmədi, şair! Ürəyim gəlmədi sənin qarabəxt şair taleyini qaramat sözlərlə bitirim. Ondansa elə sənin kimi əzablardan güc alan, anasını əl-üzü qanlı qoyub gedən Eldar Baxışın misraları ilə bitirim bu qəmli notları. Hansının zəhəri daha azdır? Bilə bilmədim:

 

                                    Xallandı gül-butasında,                               

                                    nər qarnında- qar tasında,

                                    bir şairi öldürdülər

                                    bir şəhərin ortasında, -

                                    ölkə bilmədi-bilmədi.




            2.S.A. 

            Qaraxəbər olmasın, şair, indi sənin-mənim bildiyimiz şairlər qalmayıb daha. Nişan yarışı, ad həvəsi, bir də əppək dərdi şairləri əydi kimi əyib. Yoxdu daha o şairlər, kökləri kəsilib, qara... qırmizı kitaba düşüb adları...

            Ha çalışdım, yoxdan qaça bilmədim. Yoxa lənət...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)