Edebiyyat.az » Söhbət » ŞvartsMan: "Sevgilimdən ayrıldım, evli qadınla sevgili oldum və bu kitabı yazdım".

ŞvartsMan: "Sevgilimdən ayrıldım, evli qadınla sevgili oldum və bu kitabı yazdım".

ŞvartsMan: "Sevgilimdən ayrıldım, evli qadınla sevgili oldum və bu kitabı yazdım".
Söhbət
admin
Müəllif:
08:59, 12 aprel 2021
2 515
0
ŞvartsMan: "Sevgilimdən ayrıldım, evli qadınla sevgili oldum və bu kitabı yazdım".





 

 Keçən ay yeni kitabı çıxmış, oxucuların yaxşı tanıdığı, amma sevmədiyi gənc yazıçı ŞvartsMan (Tamerlan) ilə müsahibəni təqdim edirik: 

 

- Salam, ŞvartsMan. Bu yaxınlarda yeni kitabınız çıxdı. Təbrik edirik. Roman haqqında bir az danışa bilərsiz?

 

Ş:- Salam. Hə... Romanın adı " Məhəbbət üçün ürəkbulanma"dır. Kitabı oxuyub bitirdikdə, kitabın adının mənasını anlamaya bilərsiz. İki mənası var: birincisi, bu kitab bizdə yazılan məhəbbət romanları üçün ürəkbulanmadır. İkincisi isə, neçə ildir daxilimdə qalan məhəbbət adlı yeməyin qusuntusudur. 

 

- İndi kitabınıza baxıram. Sizcə, bu kitabın başqalarının yazdıqlarından fərqi nədir ki?

 

Ş: -Oxuyanda darıxmayacaqsız. Yüz faiz. Kitabım sevdiyin və öyrəşdiyin qoxuya malik deyil. Çünki oxucular qəribə dadlara maraqlı deyil, hər kəs xoşladığı yeməyi sevir. Çox insan heç vaxt dadına baxmadığı yeməyi yeməyə cəhd etmir. Bu məhəbbət romanı kobud, səmimi, gülməli və qısadır.   

 

- Məsələn, mən oxucuyam və niyə alım bu kitabı?

 

Ş: - Bənzətmə edim: 10 milyonluq xalq sekslə məşğul olur, amma bunun haqqında danışmaq heç də xoş deyil, ayıb sayılır. Əgər seksdən danışmaq ayıbdırsa, onda sekslə məşğul olmaq da ayıb sayılmalıdır. Bir şey haqqında danışmaq pisdirsə, onu etmək də pis olmalıdır. Siz etiraz edib buna "əxlaq" deyirsiz, mən isə "ikiüzlülük". Bu kitabda etmədiyin və danışmadığın səmimiyyət var. Baxın, buna görə kitabı almalısız və oxumalısız. 

 

- Kitabın yazılma tarixçəsindən danışa bilərsiz? 

 

Ş:-Kitab üç ilə yazılıb. Hərbi xidmətdən yeni gəlmişdim, ikiillik sevgili olduğum qızdan ayrılmağa məcbur qaldım. Bu elə-belə ayrıldıq deyildi. Depressiv oldum. Qeydlər apardım. Sonra evli qadınla tanış oldum. Üç ildir içimdə sönən ulduz parlamağa başladı. Bu tamam başqa məhəbbət idi. Bizim ikimizin ürəyi eyni döyünürdü, amma başqa zaman və məkanda. Bu da problem yaradırdı. Qısacası, sevgilimdən ayrıldım, evli qadınla sevgili oldum və bu kitabı yazdım. 

 

-Siz yazıçısız. Xalqın ruhunu və mənəviyyatını təmsil etməlisiz və qorumalısız. Sizcə, evli qadınla münasibət qurub bu haqda kitab yazmaq nə dərəcədə etikdir?

 

Ş:- Qeyri-etik olan bir insanın sevmədiyi başqa biriylə evlənməyə məcbur edilməsidir. Xəyanət,  bir-birini sevməyən iki insanın birlikdə yaşamağa davam etməsindən yaranır. Məhəbbət  birlikdə yaşamaq deyil, anlayış və ürək döyüntüsüdür. Mən kitabımda ironik və yumorik dillə oxucuya bunu çatdırmağa çalışmışam. 

 

- Yenə də başqasının arvadı ilə münasibət qurmaq normal sayılmır. 

 

Ş:- Başqasının arvadı başqasının dodaqları kimidir: çox yaxın olsan, öpə bilərsən (gülür).Ciddi danışsaq, heç kim heç kimə məxsus deyil, sadəcə qanuni olaraq sənin mülkiyyətin olan şeylər var. Məsələn, maşın, ev, qadın.  

 

-Bəs onun ərinin münasibətinizdən xəbəri oldu? 

Ş:- Oldu. Qalmaqal yarandı. Amma yaxşı ki, ölən olmadı. Zamanın qalib gəlmədiyi heç bir şey yoxdur. Necə deyim, üçtərəfli münasibətlərin özü üçqat problemdir. Belə münasibətlərdə həmişə qadın zərbə altında qalır. Nisbətən təhlükəsiz tərəfdə mən idim. Düşünürəm ki, onun əri yalnız bir qadının bədənin görə biləcək gözlərə malikdir, ürək döyüntüsünü eşidəcək qulaqları yoxdur. Yenə də mənim mövqeyim qərəzli ola bilər, axı mən xoşbəxt olmayan iki nəfərin arasından keçən qara pişiyəm (gülümsəyir).

 

-Bir az ədəbiyyatdan danışaq. Hansı kitabları və ya müəllifləri sevirsiz, oxuyursuz? 

 

Ş:- Hm... Bəzi kitabların adlarını çəkə bilərəm. Patrik Züzkindin "Cənab Zommerin hekayəsi", bir uşağın dili yazılmış çox səmimi nazik kitabdır. Məncə, hər kəs bu kitabı oxumalıdır. Çoxdan oxumuşam, kitab adı deyin deyərkən ağlıma o gəldi nədənsə. Bukovskinin "Kapitan nahara çıxdı və matroslar gəmini ələ keçirdi". Bizdə Bukovskini "Qadınlar" romanına görə tanıyırlar. Amma məncə bu kitab "Qadınlar" romanından yaxşıdır. Ölümündən iki-üç il əvvəl yazılıb. Bukovski haqqında düşüncəniz dəyişə bilər. Fransız yazıçı Frederik Beqbeder sevimli yazıçımdır. " Bir fransız romanı" kitabı bioqrafik və etirafnamədir. Belə.

 

-Sizin hekayələrinizi, esselərinizi oxumuşam. Üstəlik yeni romanınız da çapdan çıxıb. Kifayət qədər yaxşı yazırsız, oxunursuz. Bəs niyə siz Kəramət Böyükçöl kimi tanınmırsız?

 

Ş:- Tanınmamaq ədəbi hadisə deyil, şəxsi məsələsidir. Mənim yazıçı, şair, rəssamlardan ibarət yaradıcı "kruq"um yoxdur. Yazıçılıq məsələsində yalnız özümə ehtiyacım var. "Kulis.az" saytında çap olunmaq üçün Seymur Baycan, Aqşin Yenisey, Murad Köhnəqala ilə yeyib-içməliyəm, yoxsa Şərif Ağayarla bazlığa getməliyəm? Mən həmişə sadəlövhcəsinə düşünmüşəm ki, yazıya görə yazıçı çap olunmalıdır, yazıçıya görə yazı yox.   "Kulis.az" a "Başqasının dodaqları" hekayəsini göndərmişdim, mənə "oxuyub sizə yazacağıq" deyib yola verdilər. Amma bu yaxın günlərdə bir xanımın " Allah, Məhəmməd, ya Əli" başlığı ilə başlayan hekayəsini çap etdilər. Bu, ədəbiyyat deyil, Kulis.az-da dini sayt deyil. Demək istəyirəm ki, cinsi orqana baxıb yazı çap etmirlər. Necə məyus olmayasan?! Ədəbiyyatımız siyasiləşib, müxalifət və iqtidara ayrılıb, yazıçılarımızın çoxu bürokratikləşib. Belə bir vəziyyətdə onlar kimi olmamaq üçün mən qıraqda qalmalıyam. Və Kəramət Böyükçölə gəldikdə isə, Kəramətin özünə görə kitablarını tanıyırlar, ŞvartsManı isə kitablarına görə tanıyırlar. Fərq budur. 

 

Bizim yazıçıları oxuyursuz? 

 

Ş:- Az oxuyuram. Bizim yazıçılar çox ciddi adamdırlar(gülür). Onları Orxan Pamukun yeni çıxmış kitabı maraqlandırır. Yazıçı içinə baxan adamdır.  Bizim yazıçılar çölünə baxdıqları üçün ciddidirlər. Bu ciddiyyəti yaradan səbəblərdən biri rus ədəbiyyatıdır. Rus ədəbiyyatını oxuyanda gülümsəmirsən, amma ağlaya bilərsən. Ədəbiyyatın atası fransızlardır. Biz rus ədəbiyyatının təsirində olmuşuq deyə rəqs etməyi, gülməyi sevmirik. 20-ci əsr Azərbaycan ədəbiyyatında o qədər satirik, ironik yazılara rast gəlirsən ki, adamın ürəyi bulanır.  Buna görə də, bizim yazıçıların kitabından ədəbiyyat qoxusu gəlir, həyat qoxusu yox. 

 

-Sizcə, yazmaq nədir?

-Yazmaq stəkana su tökməkdir. Axacaqsan, töküləcəksən. Bu işə ciddi yanaşsan zövq ala bilməzsən. 

Yazmaq qusmaqdır. İçinin boşalması, rahatlamasıdır. 

Yazmaq danışmaqdır. Özün-özünlə danışmaq. 

Yazmaq rəqs etməkdir. Yalnız rəqs edəndə unudursan, özündən çıxırsan, harmoniyada olursan. 

Yazmaq yaşamaqdır. Zamanı sözlərdə dayandırıb yaşamaq. 

Yazmaq ölməkdir. Eyni zamanda yazmaq öldürməkdir.   

 

-Son sualım belədir: Növbəti kitabınız olacaq?

Ş:- Olacaq. “Qara proza” adlı hekayələr kitabımın üzərində işləyirəm. Bir də “Məhəbbət üçün ürəkbulanma” trilogiyasının ikinci hissəsi “İki səhv, bir xoşbəxtlik” romanını yazmağa başlamışam. Beynimdə başqa kitablar da var. Vaxtı gələndə biləcəksiz. 

 

-Təşəkkürlər maraqlı müsahibə üçün. 

Ş: -Sağ olun. 

 

Əlaqə: gschwarzmann@mail.ru 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)