Nemət Mətin - "Şükriyyə" tamaşası
"On altıncı bahar, nə qanlı bahar!..
Ox, qızım, fələkdə nə dönüklük var!?"
Rejissor L.F.Trier müsahibəsində deyir ki, Hitler cəzaçəkmə yerlərinə bir dəfə getsəydi, müharibəni bitirərdi bəlkə də. Olmamışdı oralarda. O əzabları, o qışqırıqları, o ölümləri görməmişdi. Həmçinin Stalin də sürgünə göndərdiyi adamların gözlərinə baxa bilməzdi.
"Şükriyyə" tamaşasından çıxıb fikrə dalmış Füzuli heykəlinin yanından keçəndə düşünürdüm; —görəsən bu qədər müharibələr, bu qədər zülümlər hələ neçə dəfə təkrarlanmalıdır ki, insan dediyimiz varlıq ağıllansın? Görünür insan olan planetdə müharibə heç vaxt bitməyəcək. Sürgünlər, ölümlər səngiməyəcək. Nifrətlər, torpaq bölgüləri qurtarmayacaq.
Tamaşa təsirli idi. Əvvəldə görünən çamadanlar tamaşanın gedişatında sayca azalırdı. Hər insan özüylə bir yığın lazımsız əşya daşıyır. Ya xilas olana, ya da ömrü sona yetənə kimi.
Şükriyyə kimdir? Şükriyyə Batumidə Qızlar Gimnaziyasını bitirib. O, azərbaycan dili ilə yanaşı, gürcü, acar, türk və rus dillərini mükəmməl şəkildə öyrənib.
Əhməd Cavadın həyat yoldaşı olub. 1937-ci ildə Əhməd Cavadla birlikdə həbs olunub. Daha sonra 8 il sürgünə məhkum edilib.
“Mən Bayıl türməsində dustaq kimi saxlananda, vaxtı ilə bizim ev qulluqçumuz olan Mariya Sergeyevna da xırda oğurluq üstündə yatırdı. O, dustaqlara yemək verilən zaman mənə dedi ki, “Sənin ərini Bayıl türməsinin səyyar xəstəxanasına başı bintlə sarınmış halda, 40 dərəcə temperaturla gətirmişdilər”. Bu sözləri eşidəndən sonra mən Əhməd Cavadla çox görüş istədim, ancaq rədd etdilər”.(Şükriyyənin verdiyi ifadədən)
Cəzasını vətən xainləri qadınlarının Akmola düşərgəsində çəkib. Əhməd Cavad həbs olunduqdan sonra Şükriyyə Cavada təklif olunur ki, Əhməd Cavaddan boşanıb qızlıq soyadına qayıtsın. Lakin o bu təklifi rədd edir və ona görə də həbs olunaraq düşərgəyə göndərilir.
Tamaşa Şükriyyənin düşərgədə başına gələnlərdən bəhs edir. Şükriyyə həbs olunanda iki yaşlı Yılmaz uşaqlar evinə, on dörd yaşlı Tuqay çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulmuş yetimxanaya və on altı yaşlı Aydın Keşlə həbsxanasına göndərilir. Tənha ana, əri əzab verilərək sürgünə göndərilmiş qadın düşərgədə onunla birgə gələn qadınlarla çətin günlər yaşayır. Birinin övladını əlindən alırlar, biri uşaqları öldürüldüyü üçün dəli olur, başqa biri əzablara dözmür. Neçəsini zorlayırlar. Neçəsini əmrə tabe olmadıqlarına görə güllələyirlər...
Tamaşanın təsirli hissələri az deyil. Düşərgəki zabitin monoloqları, uşağı əlindən alınmış ananın Kobanı gürcü dilində lənətləməsi, ulayan itin balalarına övladları öldürülmüş ananın süd verilmə fikri və s...
Bir neçə səhnə, necə deyərlər, tam yerinə oturmamışdı. Biri düşərgə qadınlarının rusca mahnı oxumaqları, o biri donan uşağın üstünə palto sərmək səhnəsi. Çünki uşaq əvvəl səhnələrdən donurdu. Elə onda üstünü örtmək məqsədə uyğun olardı. Üçüncü isə uşağın anasına qaytarılması səhnəsidir. Orada uşaq nə üçün ananın üstünə qaçmır, onu qucaqlamır? O pauzanın əvəzinə, "anaaa" qışqıraraq qaçmalı idi uşaq.
Relslərin səhnədə olması xüsusi aura qatırdı tamaşaya. İnsan tək vağzalda qatar gözləyəndə belə qəribə hüzn çökür içinə. Burada isə qadınlar sürgün edilir. Öz yurdundan, uşaqlarından, yoldaşlarından ayrı düşürlər.
Repressiya dönəmi bir çox sahələrə təsir göstərdiyi kimi, incəsənətə də zərbələr endirib. Neçə-neçə yaradıcı insan ömrünü tez başa vurub. Ədəbiyyatımız ən azı yüz il geri düşüb. Ağrılı mövzular, acı xatirələr, kədərli bioqrafiyalar çoxalsa da, onları yazanlar sürgünə göndərilmiş, öldürülmüşdü...