Edebiyyat.az » Teatr » Nəcəf Əsgərzadə - Nəsillərin savaşı. "Sonuncu" round

Nəcəf Əsgərzadə - Nəsillərin savaşı. "Sonuncu" round

Nəcəf Əsgərzadə - Nəsillərin savaşı. "Sonuncu" round
Teatr
Necef Esgerzade
Müəllif:
20:48, 24 aprel 2019
3 734
0

Похожее изображение

Sənətsevər dostum Rəhim.

Saat 18:30. Eskalator. Hələ vaxta var deyə düşünə-düşünə eskalatora ayaq basıb yuxarıya qalxıram. Gecikirəm. Son vaxtlar. Amma bu dəfə yox. Vaxtında yetişirəm görüş yerinə.

Aprel. Yazdır artıq. Hava isti deyil. Neçə gündür havanın başına hava gəlib. Çöldə dayansan şaxta insanı kəsər. Ona görə isti bir guşə tapıb orada dayanmaq gərək. Eynən dostum Rəhim kimi.

Çatıram. Rəhim məni görür. Salamşırıq. Yola düzəlirik.
 
 Filarmoniya bağı. Dəmir barmaqlıqlar. Tək-tük insanlar. Yuxarı qalxır çoxu. Aşağı düşən isə azdır. Soyuqdur. Bulvarda heç kim yoxdur. Tribuna hazırlayan işçiləri çıxsaq.
 
 Danışırıq. Ədəbiyyatdan. Teatrdan. Fransada yanan Notr-Dam kilsəsindən. Dostum tarixi abidələrin yanıb külə çevrilməsinə üzülür. Amma daha çox onu üzən məsələ isə insanların kilsənin yanmasına göstərdikləri münasibətdir. 

Xatırlayırıq. Kimi? Əlbəttə Viktor Hüqonu. Fransanın vicdanını. Səfillərin atasını. Notr-Damı ölməzlik mərtəbəsinə yüksəldən dahini. Təsvirin ecazkarlığı. Ədəbiyyatın gücü. Fransanın Notr-Damı yanır, amma Hüqonun Notr-Damı yerində olduğu kimi qalır. Fransanın Notr-Damı külə çevrilsə də, Hüqonun Notr-Damı yenidən insanların beynin də, qəlbin də ucalmağa başlayır. Öz ən yüksək zirvəsinə qalxır. Qalxır ki, əbədiyyən orda öz xüsusi yerini tutsun.

Sonuncu dayanacaq və " Sonuncu" tamaşa.

Çatdıq. Teatra. Dəmir barmaqlıqlar. Əsas giriş bağlıdır. Yan girişdən içəri daxil oluruq. Tamaşanın başlamasına az qalıb. İçəridə gözləyən insanların səbrsiz baxışları altında bu axşamkı tamaşanın nədən bəhs etməsi məni düşündürür. Vaxt yetişir. Biz zala daxil oluruq. İnsanlar cəld yerini tutur. Bir az gec tərpənsən sənin yerinə başqası oturacaq. Nəyahət dostum və mən yer tapıb otururuq.

Kukla teatrı. İkinci mərtəbə. Məşqi zalı.
Yuğ teatrı. Binası yoxdur. Sadəcə ikinci mərtəbə var. Balaca zal. Zalın balacalığı aktyorların peşəkarlığı. Zalın balacalığı, insanların tamaşaya gəlmək həvəsi. Həvəs demişkən, aktyorların oyununu xatırlayıram. Kiçik zal. Kiçik kütlə. Onlar qarşısında həvəslə oynayan aktyorlar. 

Telefonları söndürün. Artıq bu sözü əzbərləmişəm. Əzbərləməyənlər isə tamaşa vaxtı telefonun zənginə diksinir. Allah belə diksinmədən bizi və sizi, bütün insanları qorusun. Sonra çıldağa getməli olarıq. Pulun olmayan vaxtı.

Tamaşa başlayır. Sükut. Səssizlik. Ağ libaslı bir qız( Ləman Novruzova). Hamı diqqətini qıza yönəldir. Onun üzündən nigarançılıq duyulur. Gözləyir. Amma heç kim gəlmir. Artıq gözləməkdən bezib. Vaxt axır. Su kimi. Gözləmək əzablıdır. Qız bunu bilir. Qaranlıq çökür.

Yenidən işıqlar yanır. Telefon zəng çalır. Hamı bir-birinə baxır. Təlaşlı gözlərlə. Kimin telefonudur insanlar gözləriylə bir-birindən soruşur. Amma tapa bilmirik müqəssiri. Bu dəm gözümüz yenidən zala dikilir. Yerindən qalxan kişi paltosunun cibindən telefonu çıxarıb cavab verir. Hamı rahat nəfəs salır. Sən demə aktyorun telefonu zəng çalırmış. Bu zəng isə oyunun bir parçasımış.

"Bəsdi xala deyil" zəngə sərt şəkildə cavab verir aktyor ( Fərhad İsrafilov). Zalın ortasında süfrə. Üstündə içkilər. Gileynənir öz-özünə. Dünənki axşamı xatırlayır. Qonaqlığı. Onun sağlığına deyilən tostları yada salır. Fərəhlənir bir an. Kədərlənir dünən baş verənlərə yox, keçmişə. Keçmişin ondan alıb-götürdüklərinə. Keçmişdəki sevgilisinə. 

Yuxu. Ağ libaslı qız. Onu gözləyərək darıxan, nigaran gözlər. Keçmişdəki qorxaqlığın indiki peşmançılığı.

Səs-küy. Qaranlıq çökür. Arxaya boylanırıq. Nə olacağını gözləyən tamaşaçının təlaşlı baxışlarıyla içəriyə cavan bir oğlan( Hikmət Rəhimov) daxil olur. Əsl teatr da indi başlayır.

Nəsillərin savaşı. Teatr içində teatr. Sonuncu round.

Zalda temp yüksəltməkdir. Bayaq adını bilmədiyimiz aktyorun Əlisöhbət Qələndərli olduğunu öyrənirik. Cavan oğlan. Onun hərəkətləri bizi narahat edir. İçimizə qurd düşür. Kimdir ki bu? 

Yeni mərhələ. Bizə aydın olur ki, biz teatrdayıq. Sizcə dəliyəm mən? Yox, canım dəli olmağıma hələ illər var. Sözümün əsas canı odur ki, "biz teatrın içində teatra baxmağa gəlmişik" . Cavan oğlanla birgə bu kiçik zaldan çıxıb oyunun içindəki teatra qədəm qoyuruq. Artıq tamaşaçı qismində deyil, tərəfdar şəkildə oyunla bütünləşirik. Biz kimin tərəfindəyik. Sual budur?

Söhbət qızışır. Oğlan Əlisöhbət müəllimin adını hər səhv tələffüz etdikcə zal uğunub gedir.

Keçmiş aktyorların yenidən vücud tapması

Teatr içində teatr. Onun içində yarım teatr. Aktyor. Aktyorun içində aktyorlar. Obraz. Obrazın içində obrazlar. Tez-tez. Cildən-cildə girmələr. Perfomanslar. Ustalıq göstəriciləri. 

Kiçik zalda keçmişə doğru yol alırıq. “Otella” tamaşasından bir hissəsini izləyirik. Gülürük, həm də heyran oluruq. “Vaqif” tamaşasını izləyirik. Yenə də gülürük, həm də heyran oluruq. Firəngiz, Firəngiz deyə-deyə Əlisöhbət Qələndərli kədərlənir. Asılqandan asılan qırmızı paltarı götürüb qüssə dolu nitq söyləyir: “ Firəngiz sən ölməli deyilsən. Bu altun üzük sənə gərək deyil. Onlara gərəkdir”. Məlumdur ki, Oqtay Eloğlu tamaşasını izləyirik. Bu dəfə gülmürük, amma yaş gözümüzdə gilənənir. 

Nəsillər savaşı. İnkar. Keçmişi silmək. Bəyənməmək sindromu. Əlisöhbət müəllim qızışır. Çünki o keçmişə bağlıdır. Keçmişdən bu günə gəlib. Keçmişi buraxıb gəlib. Onun bu gün benefisti olub. O özünü uğurlu sayır . Həyatda yox, teartda. 

Deyir Əlisöhbət müəllim "mən cavan olanda qocaların vaxtı idi, indi qocalmışam cavanların vaxtıdır" içi yana-yana vaxtın ona xeyir verməkdən daha çox ziyan vurmasını qarşısındakı cavan aktyora etiraf edir. Həmçinin bizə də. 

Təkdir. Əlisöhbət müəllim. Evi bomboşdur. Bumbuzdur. Ürəyi kimi. Sevgilisini qorxaqlığı ucbatından atandan tale də onu atıb. İndi axtarıb eləmir onu. Əlisöhbət müəllim də əlini üzüb ondan. Teatrla yaşayır sadəcə. Və birdə dükançı qadın sayəsində tutunur həyata. Yarım zavod çörəyi və 150 qram kolbasa. Təkliyin evinə hopan hənirtisiylə mədəsinə ötürür bunları. 

Cavan oğlan onu vəziyyətini anlamır hələ. Azərbaycanda indiki dönəmdə sənət adamı olmaq qəbrini öz əlləriylə qazanmağa başlamaq deməkdir. Çətindir aktyor kimi yaşamaq. Sadəcə aktyor kimi yox, yazıçı, şair, rejissor kimi yaşamaq zülumdur. Həyatda qalmaq. Biz yaşamaqdan daha çox həyatda qalmağa çalışıq. 

Anlamır oğlan Əlisöhbət müəllimi. Onu əliylə o yana da fırladır, bu yana da fırladır. Özü üçün gələcəkdə teatr sahəsində yer hazırlayır "suka" lıq etməklə. Köhnə nəsli sıradan çıxarmaq istəyir. Bacarığıyla deyil, şər və böhtanlar vasitəsilə. Nail olur. Çünki artıq dövr dəyişib. İstedad itkin düşüb bizdən. Artıq çuğulların dönəmidir. Yaltaqların zəmanəsidir. Riyakarların zamanıdır. Aktyor sadəcə səhnədə öz rolunu oynayırsa, insanlar artıq həyatın özündə cildən-cildə girərək öz mənliklərini, kimliklərini unudurlar.
 
Bu dəm Somerset Moem yada düşür. Səbəbsiz yerə deyil. Teatr əsəri. "Mən"liyini itirmiş qadının mənini xatırlaya bilməməsi onun həyatını teatrdan ayrıla bilmir. O qadın elə sanır ki, daima səhnədir və daima da roldan-rola girib tamaşaçıların zövqünü oxşamalıdır.

Sonuncu round. Əlisöhbət müəllim məğlub olur. Ağır məğlubiyyətə düçar olur. Dözmür artıq. Nəsillərin savaşı sonuncu roundun zəng səsiylə başa çatır. Ekranda üzlər görünür. Keçmişdən. Unudulmaz aktyor və rejissorlar. Onların bir çoxunu cavan nəsil xatırlamır. Xatırlamır, ona görə inkar etmək istəyir. Onların hansı şəraitdə səhnələrə hazırlaşdıqlarını nəzərə almır cavan nəsil. Bəli, biz yeni inkişaf mərhələsinə ayaq açsaq da, keçmişin də səhvlərini arıtlaya-arıtlaya qəbul edib gələcəyə doğru addımlamalıyıq. Ta keçmişi ayaq altına alıb basdalayaraq yox. 

Sonuncu tamaşası Yuğ teatrının son tamaşası deyil. Heç də nəsillərin qarşıdurmasında da sonuncu deyil. Sonuncu tamaşası sondan kiçik bir çıxarışdır. Bu çıxarış vasitəsilə biz də, son da bir nəticə çıxartmağı bacarmalıyıq.

P.s. Tamaşanın quruluşcu rejissoru Ramiz Həsənoğlu, ssneri müəllifi Pərvindir.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)