Edebiyyat.az » Təqdimat » Madam Bovari haqqında...

Madam Bovari haqqında...

Madam Bovari haqqında...
Təqdimat
admin
Müəllif:
14:29, 02 iyul 2020
1 624
0
Madam Bovari haqqında...


Fransız Qustav Flober (1821-1880) hüquq oxusa da, “doğuşdan” yazıçı olub. Ədib ona qoyulan “epilepsiya” diaqnozundan sonra hüquqdan imtina etmiş və ədəbiyyat dünyasına addım atmışdır.
1856-cı ildə “La Revue de Paris” ədəbiyyat jurnalında dərc olunan debüt romanı “Madam Bovari”dən sonra Floberə fransız realizminin ustadı ünvanı verilmişdir.   

1. “Madam Bovari”nin açıq-saçıq təsvirləri Fransanda səs-küyə səbəb olmuşdur
“Madam Bovari” kənd həyatından qaçmaq üçün yaşca özündən böyük olan həkim Şarl Bovariyə ərə gedən Emmanın taleyindən bəhs edir. Böyük ümidlərlə ərə gedən Emma nə həyat yoldaşında, nə də şəhər həyatında axtardığını tapa bilir. Xüsusilə, kübar cəmiyyətə mənsub olan bir nəfərin – həyat yoldaşının pasientinin təşkil etdiyi balda iştirak edəndən sonra ümidləri taməmilə puç olur. Ehtiraslı məhəbbət və dəbdəbəli həyat axtaran Emma gizli eşq əlaqələri qurur, ərinin pullarını sağa-sola xərcləyir.             
Romanda Emma cəzalandırılsa da, açıq-saçıq təsvirləri Fransada səs-küyə, əxlaqsız məzmunu isə məhkəmənin açılmasına səbəb olur. Məhkəmə cəmi bir gün çəkir. Bir həftə sonra isə Flober və “La Revue de Paris” jurnalı bəraət alır. Floberin apardığı hüquq mübarizəsindən sonra roman 1857-c ildə kitablaşdırılaraq iki cilddə çap olunur.       

2. Flober də Emma Bovari kimi balda iştirak etmişdir
Romanda Markiz D’Andervillerin təşkil etdiyi bala həsr olunan fəsil əsərdə ən yaddaqalan bölümdür.
Kübar cəmiyyətin çılğın rəqsləri, zəngin süfrələri və elit insanları Emmada dəbdəbəli həyata qarşı maraq oyadır. Bu epizodun ilhamını Flober 1836-cı ildə 14 yaşında ikən valideynləri ilə iştirak etdiyi baldan almışdır. Yerli bir aristokratın təşkil etdiyi bal Floberi o qədər valeh etmişdir ki, cavanlıqda qələmə aldığı “Quidquid Volueris” (1837) hekayəsində də o gecənin təsvirlərinə rast gəlmək mümkündür.


3. Floberin sevgi məktubları və “Madam Bovari”
“Madam Bovari” dərcindən əvvəl Flober evli qadın olan Luiza Kole ilə olan məhəbbətinə son qoyur. Flober Kolenlə 1846-cı ildə, bacısı doğum zamanı vəfat edəndən sonra tanış olur. Flober Ceyms Pradyenə Kerolaynın heykəlini sifariş verir. Heykəl üçün bacısının ölüm maskasını gətirəndə Ceymsin gözəl həyat yoldaşı Kole rəssamın emalatxanasında model kimi işləyirdi. 
Flober və Kole bir-birlərinə vurulur və məktublaşmağa başlayırlar. Bir çox məktubunda Flober ədəbiyyat tənqidçisi Rene Vineqartenin sözü ilə desək, “bədii ədəbiyyatın ən yaxşı romanlarından biri olan” “Madam Bovari”dən bəhs edirdi. (1855-ci ildə Koleyə son məktubunda Flober yazır: “Mənə dedilər ki, üç dəfə mənzilimə gəlmisiniz. Evdə deyildim. Biz artıq birlikdə ola bilmərik”.) 

4. “Madam Bovari”nin süjeti real qalmaqala əsaslanır
Madam Bovarinin süjeti tarixi şəxsiyyət Delfina Delamarın adı ilə əlaqədardır. Kənddə yaşayan on yeddi yaşlı Delamar ailəsini atıb dul həkim Şarl Bovariyə ərə gedir. Delamar ərinə xəyanət edir, bütün pullarını sağa-sola xərcləyir. Nəticədə o qədər borclanır ki, 27 yaşında zəhər içib intihar edir. 

5. Emma obrazının yaradılmasında Floberin şəxsi səbəbləri də ola bilər
Floberdən soruşanda ki, Emma obrazını kimdən ilham alaraq yaradıb? O, belə cavab verirdi: “Madam Bovari mənəm.” Ancaq bəzi alimlər hesab edir ki, çılğın xarakterli Emmanın prototipi Floberin keçmiş sevgilisi Koledir. Kole Floberin həyatında iz qoymuş və Emma obrazının prototipinə çevrilmişdir.

6. Flober “Madam Bovari”yə beş ilini vermişdir
Yazıçı günün 12 saatını masa arxasında keçirir, hətta cümlələri bərkdən səsləndirib təsirini sınaqdan keçirirdi. Bəzən bir səhifənin bitməsi düz bir həftə çəkirdi, bəzən isə bir ildə ancaq 90 səhifə yaza bilirdi.
Həyatın böyük hissəsini həsr etdiyi “Müqəddəs Antoninin günahı” romanının 500 səhifəlik ilkin variantını isə Flober 18 aya tamamlamışdır. (Bu romanın birinci versiyası o qədər mürəkkəb idi ki, Floberin ən yaxın dostu şair Lui Builye əsər barədə “yandır və heç vaxt adını çəkmə” demişdir).  
7.Romanın ön sözündə Flober vəkilinə təşəkkür edir
Flober “Madam Bovari”ni Lui Builyeyə həsr etmiş və 1857-ci ildə məhkəmədə onu müdafiə edən vəkil Mari-Antuan-Jük Senar üçün epiqraf yazmışdır. Flober epiqrafda deyir:
“Əziz və şöhrətli dostum, izninizlə sizin isminizi kitabın ilk səhifəsində, ithaf yazısının üzə- rində qeyd edirəm, çünki kitab məhz sizin sayənizdə işıq üzü görüb. Sizin möhtəşəm müdafiə nitqinizdən sonra əsərimin əhəmiyyəti öz nəzə- rimdə gözlənilmədən artdı. Odur ki, nə qədər dərin olsa da, sizin gözəl nitqiniz və fədakarlığınız qarşısında aciz görünən minnətdarlığımı və ehtiramımı qəbul edin.” (Tərc.: Çimnaz Vəliyeva)     
 
8. “Madam Bovari” romanını ilk dəfə ingilis dilinə Floberin bacısı qızının mürəbbiyəsi tərcümə etmişdir
Roman ilk dəfə ingilis dilinə 1856-57-ci illərdə Culyeta Qerbet – Floberin bacısı qızının mürəbiyyəsi tərəfindən tərcümə edilmişdir. Qerbet haqqında çox az məlumat var, çünki Floberlə yazışdıqları məktublar indiyədək tapılmamışdır. Bəzi tədqiqatçılar hesab edir ki, Flober və Qerber sevigili olublar.
Belə bir fikir də var ki, məktubları Kerolayn, yaxud da Floberin özü yandırmışdır. Lakin bir sıra dəlillər onu göstərir ki, Qerbertlə Flober arasında dostluq münasibətləri olub. Onlar birlikdə Bayronun “Şilon məhbusu” poemasını fransızcaya tərcümə etmiş, “Madam Bovari”ni çevirməyə də elə məhz bu vaxt qərar vermişlər.
Flober Qerbertin əməyini o qədər yüksək qiymətləndirirdi ki, 1857-ci ilin may ayında “Madam Bovari”nin Parisdəki naşiri Mişel Leviyə məktubunda yazır ki, “ingilis dilində tərcüməsi məni tamamən qane edir. Əgər roman İngiltərədə çap olunarsa, başqa deyil, məhz bu tərcümənin çap olunmasını istərəm”. Flober mürəbbiyənin tərcüməsini “şah əsər” adlandırır.
Qerbertin tərcüməsi Floberin qatı standartlarına uyğun gəlsə də, heç vaxt çap olunmamışdır. Uzun illərdir, bu tərcümədən xəbəri olan yox idi, ta ki, 1980-ci ildə ədəbiyyatçı Ermiya Oliverin “Flober və ingilis mürəbbiyəsi” kitabı çap olunanadək. İndiyə kimi nə bu tərcümə, nə də Qerbertin portreti tapılıb.   

9. Karl Marksın qızı romanı ingilizcə çap etdirir
1885-ci ildə London naşiri Henri Vizetelli “Madam Bovari”nin birinci tərcüməsini hazırlamaq üçün Karl Marksın qızı Eleonor Marksı dəvət edir. Bir ildən sonra,1886-cı ildə roman işıq üzü görür.
Elenor Marks yazır: “Flober personajlarının faciəsi yalandır... lakin onlar yolundan dönmürlər. Bu, qeyri-əxlaqi olsa da, faciə qaçılmazdı.” 

10. “Madam Bovari” rəssam və yazıçılara ilham verməyə davam edir
XIX əsrdə təsvir edilən, müasir tənqidçilərin sözü ilə desək, “xəyalları puç olan qadın”, “ilk ümidsiz evdar qadın” Emma Bovari hələ də yazıçı və rəssamlara ilham verir.
Lina Danem (Lena Dunham) 2014-cü ildə çap olunan avtobioqrafik esseler toplusu “Mən belə deyiləm”də epiqraf əvəzi “Madam Bovari”dən sitat verib. Britaniya illüstratoru Posi Simmons (Posey Simmons) 1999-cu ildə Fransadakı emiqrantların həyatlarından bəhs edən “Cemma Boveri” (Gemma Bovary) komiksini çap elətdirib. “Qimorun qızları” (“Gilmore Girls”) şousundan Rori Qilmor (Rory Gilmour) və “Soprano klanı” (“The Sopranos Clan”) serialından Karmela Soprano (Carmela Soprano) ekranda “Madam Bovari” ilə birlikdə çıxış edib.
Romanın müxtəlif ölkələrdə dəfələrlə filmi çəkilib. Son dəfə isə roman 2014-cü ildə rejissor Sofi Bartez (Sophie Barthes) tərəfindən ekranlşadırılıb. Baş rollarda Mia Vasikovska (Mia Wasikowska) və Henri Lloyd-Hyuz (Henri Lloyd-Hyuz) çəkilmişdir.

Tərcümə etdi: Mustafa Ruşan
Mənbə: Fabula.az  
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)