Hicran Lilit - Babilin ən varlı adamı
“Uğur qazanmağın yolunu bilən insanı buna görə günahlandırmaq olmaz. Onların haqqı ilə qazandıqları hər şeyi əllərindən alıb, daha az bacarıqlılar arasında paylaşdırmaq da eyniylə bu cür ədalətsizlik olardı”
Babil heç də lap əvvəldən hər cür imkana sahib və varlı şəhər deyildi. Lakin bu gün tarixin səhifələrinə nəzər saldıqda Babildən daha məhşur şəhər tapmaq çətindir. Kitabda biz Babilli insanların həyata baxışı və pulu idarəetmə üsulları ilə tanış oluruq.
Kitabı oxuduqca müdriklərlə söhbət edirmiş kimi hiss edirdim özümü. Ağıllı insanın biri qurtarır, digəri öz əhvalatına başlayır. Məsələ pul və ya varlanmaq deyil. Məsələ özünü nizama salmaqdır. Digərlərinin səhvlərindən dərs almaq, öz üzərində işləyib səhvlərini qəbul etmək, artıq nizama doğru atılan ilk addımdır. Əhvalatı danışanlar doğulandan ağıllı insanlar deyil, səhvlər edib təcrübələr toplayıb xoş günə çatmış insanlardır.
Digər hər şey kimi varlanmaq da böyük iradə, zəhmət, dözüm və ağıl tələb edir. Ağıl özümüzdə də ola bilər, başqalarından borc da ala bilərik. Yetər ki, məsləhət üçün doğru insana müraciət edək. Çörək bişirməyi öyrənmək üçün kərpic bişirəndən tövsiyyə almaq nə dərəcədə düzgün bir addımdır? Eynilə də varlanmaq və ya əlində olan pulu idarə etmək üçün illərdir pulunu əlində ağıllı dövriyyə edən birisindən məsləhət alarsınız? Yoxsa pulu sağa-sola sovuran bir insandan?
Mən özüm uşaqlıqdan pula nifrət edərək böyümüşəm. Sovetin bədii ədəbiyyatı, müasir Azərbaycan ədəbiyyatı varlıları hər zaman əzazil, zalım, pis insan kimi təqdim edirdi və mən belə olmaq istəmirdim. Üstəlik, evimizdə olan davaların əksəriyyətinin səbəbi pul olardı. Bu da məndə pula qarşı bir qıcıq yaranmasına səbəb oldu. Nəticədə, əli həmişə pulda olsa belə, cibində çox vaxt pul tapılmayan bədxərc birinə çevrildim. Nə qədər qazandım, o qədər də xərclədim və bəzən də həddimi aşdım. Hazırda normal yaşayıram, amma borclar çiynimdə hələ də ağır yükdür. Mən tək deyiləm, minlərdən, milyonlardan biriyəm, amma elə qalmaq istəmirəm.
Kitab bir arabaçının artıq bu kasıb güzərandan bezib musiqiçi dostu ilə varlanmaq barədə söhbət edərək şikayətlənməsi ilə başlayır. Onlar vaxtilə adi kasıb oğlan olan və onlardan çox da fərqlənməyən Arkadı xatırlayırlar: O, indi hökmdarın belə həsəd apardığı var-dövlətə sahibdir. Onlar Arkadın yanına yollanır və necə varlandığı barədə sorğu-sual edirlər. Arkad onları məmnuniyyətlə qəbul edir və pulla davranmağın sirlərini onlara danışır.
Daha sonra hökmdar əhalinin kasıblığını aradan qaldırmaq və pulla istifadə qaydalarını xalqa öyrətməsi üçün Arkada müraciət edir. Arkad imtina etmir və bir otağa yığılmış, varlanmaq istəyən, cibləri boş insanlara pulu qazanmaq, artırmaq və idarə etməklə bağlı 7 məsləhət verir. Bu məsləhətlərin bəzilərini əslində biz gündəlik həyatda yaşlılardan çox eşidirik. Qənaət, yığımcıllıq yaşlı nəslin bizə ən çox tövsiyyə elədiyi şeylərdir. Lakin bundan o yana gəlmir: onlar pulu nəyə ve necə yatırmalı olduğumuzu və necə düzgün idarə edəcəyimizi demirlər. Lakin əsas məsələ elə o yığılmış pulu idarə etməkdir.
Eyni zamanda uğur ilahəsini də doğru yerdə axtarmaq lazım olduğunu vurğulayan Arkad bu barədə müzakirələr keçirərək insanlara öz səhvlərini, əllərindən qaçırdıqları fürsətləri danışmaq və digərləri ilə bölüşmək fürsəti verir. Əlinizə düşən fürsəti doğru dəyərləndirmək bütün həyatınızı dəyişə bilər.
Arkad bizə varlanmaq üçün nə etməyi məsləhət görür?
1) Pul kisənizi doldurun. Maaşınızın müəyyən bir qismini, yaxşı olar ki, bu 10 faiz olsun, ayırıb kənara qoyun.
2) Xərclərinizə nəzarət edin. Çalışın çox da ehtiyacınız olmayan şeylərə pul xərcləməyin. Pul yığmağa başlayanda anlayacaqsınız ki, əslində sizə maaşınızın 70 faizi də bəs edir.
3) Pulunuzu artmağa sövq edin. Yığdığınız pul qaldığı yerdə xoş görünür, amma onu artırmaq üçün sizə işləməyə məcbur edin. Yatırım edin. Sizin var-dövlətiniz cibinizdəki pul deyil, yaratdığınız gəlir mənbəyidir.
4) Yığdığınız pulu itkidən qoruyun. Riskə qaçmayın. Yaxşı düşünüb daşının. Mütləq müdrik insanlarla məsləhətləşin.
5) Pulunuzu daşınmaz əmlaka yatırın. Torpaq, ev sizin özünüzə məxsus olduqda ailədə də firavanlıq olacaq.
6) Gələcəyiniz üçün mütləq gəlir mənbəyi təmin edin. Bu gəlir mənbəyi sayənizdə ailəniz də daima rifah içində yaşayacaq.
7) Öz qazanc imkanlarınızı genişləndirin. Əlavə gəlir sahələri yaradın, daşdan da pul çıxarmağın yollarını öyrənin.
Arkad varlansa da, övladını başıboş buraxıb onu heç nə öyrənmədən mirasın başına keçirmək barədə heç düşünmür. Övladına bir kisə qızıl verir və onu başqa bir yerdə pul qazana bilməsi üçün səyahətə göndərir. Qızıl pulla birlikdə ona bir gil lövhə də verir. Bu gil lövhənin üstündə oğluna qızılla necə davranmalı olduğuna dair 5 məsləhət olur. Lakin hər cavan kimi oğlu əvvəlcə qızılları əlindən çııxarır, sonra lövhəyə üz tutur. Lakin bu məsləhətlər yenə də işə yarayır və o atasının yanına üzüağ qayıdır.
Kitabda Arkadın danışdıqlarından əlavə 3 nəfər varlı insanla da tanış olacaqsınız. Birinci şəxs “Babilli sələmçi” Matodur. Hökmdardan gördüyü işin müqabilində 50 qızıl almış Rodan çıxılmaz vəziyyətdədir. O həm bu pulları ehtiyaclarına xərcləmək istəyir, həm də saxlamaq və artırmaq istəyir. Bir yandan bacısı ona yalvarır ki, bu pulu ərinin iş qurması üçün ona versin. Rodan da qərara gələ bilmədiyi üçün məşhur sələmçi Matonun yanına məsləhətə gəlir. Mato ilk dəfədir onun yanına sələm almaq üçün deyil, məsləhət almaq üçün gələn adam olduğuna görə təəccüblənir və səxavətlə ona pul haqqında bildiyi hər şeyi danışır.
İkinci şəxs “Babilli dəvə taciri” Dabasirdir. Dabasir bir gün çox çətin vəziyyətdə olan Tarkadla rastlaşır. Tarkadın ona borcu var, eyni zamanda dostunun oğludur. Buna görə də ona yardım etmək qərarına gəlir. Bir zamanlar nəfsinə hakim ola bilməyib necə qula çevrildiyindən, sonra isə azad insan olmaq üçün əziyyət çəkib, indi də yüksəlməyindən danışır və borc ikində boğulan və ac olan Tarkada bu əhvalatla çox yaxşı dərs verir.
Dabasir bununla da kifayətlənmir və necə pulu idarə edib məqsədinə çatdığı ilə bağlı 5 gil lövhəcik yazıb qoyur. Min illər sonra bu lövhəcikləri nəzərdən keçirən Arxeoloji şöbənin işçisi bunları tətbiq etmək qərarına gəlir və inanılmaz nəticələr əldə edir.
Üçüncü şəxs “Babilin ən xoşbəxt adam”ı Şarru Nadadır. Onun ən yaxın dostunun nəvəsi ona etibar edilib, onlar birlikdə Babilə doğru gedirlər. Xudan Qala çox bər-bəzəyə meyilli, bivec və xudbindir, heç babasına çəkməyib Düşünür ki, işləmək sadəcə qullara xas olan cəhətdir. Şarru Nada əsas vəzifəsinin bu uşağı doğru yola yönəltmək olduğunu düşünür və qərara gəlir ki, onun babası ilə arasında olan mühüm bir sirri Xudan Qala ilə bölüşsün. Bu, çox təhlükəlidir, amma Şarru Nada geri çəkilmək fikrində deyil.
Varlanmaq üçün əsas şərtlərdən biri istəməkdir. İstədikdən sonra qarşına çıxan fürsətləri görmək elə də çətin olmayacaq. Daha sonra çox işləmək, zıhmıt çəkmək, işini sevmək də əsas şərtlərdən biridir. İrəli getmək və varlanmaq üçün kimisə tapdalayıb əzməyə ehtiyac yoxdur. Vicdanını itirmədən insan istədiyi hər şeyi əldə edə bilər.