Edebiyyat.az » Təqdimat » Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı

Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı

Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Təqdimat
Necef Esgerzade
Müəllif:
01:00, 07 dekabr 2019
1 638
0
Yazıçı Kənan Hacı ABŞ-ın "Mundus Artium Press” adlı təşkilatın "İlin kitab icmalı üzrə ən yaxşı yazı” nominasiyasının qalibi mükafatını qazanıb. Bu münasibətlə edebiyyat.az kollektivi adından yazıçını təbrik edir və bundan da böyük uğurlar əldə etməsini arzulayırıq.

Kənan Hacının mükafatı qazanması haqda söylədiyi fikirləri sizinlə bölüşürük:

"Alban əsilli Amerikan şairi və ədəbi tənqidçisi Gjeke Marinajın "Eşq” seriyasından dərc olunmuş "Sevginin 24 saatı” şeirlər kitabı haqqında yazım bu ilin fevral ayında "Kaspi" qəzetində dərc olunmuşdu. Müəllif Amerikadan mənə yazıb təşəkkür etdi və bildirdi ki, bu yazı ingilis və italiyan dillərinə də tərcümə olunub ,orada çox bəyənilib, ədəbi dərgilərdə çap olunub.
   
Gjeke Marinaj Texas Universitetində çalışır. Professordur. Bu gün isə mənə yazdı ki, sizi təbrik edirəm! İlin kitab icmalı üzrə ən yaxşı yazı nominasiyasının qalibi sizsiniz. Mən də çox sevindim. Açığı, mənim üçün gözlənilməz bir şey oldu".
Həmçinin Kaspi qəzetində çap olunan Kənan Hacının "24 saatın əbədiyyəti” adlı yazısını sizə təqdim edirik: 
 
Elə şairlər var ki, onların poeziyası bu dünya ilə Tanrının cənnəti arasındakı körpüyə bənzədilən göyqurşağını andırır. Alban əsilli amerikan şairi Gjeke Marinajın "Eşq” seriyasından dərc olunmuş "Sevginin 24 saatı” şeirlər kitabına (tərcümə edən: Elcan Salmanqızı) daxil olmuş şeirləri oxuyarkən ilk ağlıma bu ifadə gəldi – göyqurşağı. Bu şeirlər bizim dilə tərcümə olunsa da fəhmli, duyumlu oxucu öz dilimizdə səslənən misraları öz yozumunca "tərcümə” edir. G.Marinajın şeirləri insana qəribə bir adrenalin yaşadır; sanki göy üzündə ayaqyalın gəzirsən. Bu şeirlərdə təbiətə, təbiət ünsürlərinə tamamilə fərqli baxışla üzləşirsən, insan və təbiət, insan və dünya, insan və zaman münasibətləri mozaik üslubda poetik məntiqə tabe etdirilir.
 
Və biz təbiətin qoynunda
təbii ki, təbiətin əli ilə sevişmişdik,
səhər tezdən çəmənliklərdə
dan yerinin ilk çiy şehinə toxunmuşduq,
gecənin ipək hörükləri ilə
günün tərli sinəsini silmişdik,
torpağın çiçəklənən örtüyünü
yırtmağa çəkinməmişdik
və biz təbiətin qoynunda,
təbii ki, təbiətin əli ilə sevişmişdik.
Lənət olsun!
Küləklərlə sovrulanların
aqibəti eyni olur həmişə...
 
("Sevginin 24 saatı” şeirindən)
 
Poeziyada fikir müxtəlifliyi, yeni obrazlar sistemi yaratmaq, forma və məzmun yeniliklərinə can atmaq sənətin inkişafını şərtləndirən amillərdəndir. G.Marinajın elə bu şeirindən açıq-aydın görünür ki, o, poetik konsepsiyası olan bir şairdir. Onun şeirləri sürrealizm elementləriylə, mifik personifikasiyalarla zəngindir. İnsanın ruh halıyla təbiətin həmahəngliyi. Bu şeirdə sürreal təsvirlər təbiət qanunlarına söykənir. Sevgi təbiətin bir parçası kimi təqdim olunur. Təbiət isə izaha gəlməz, sözlərin sirri səmada, dağ yamacında, axan çaylarda, meşələrdə gizlənir. Pablo Neruda deyirdi ki, şeirin izahı onun sehrini öldürür, onu adiləşdirir. G.Marinajın şeirləri oxuduqca sanki gözünün qabağında tez-tez şəklini dəyişir, küləklə sovrulanların yerinə yeniləri gəlir, külək də öz əbədi işindən qalmır. O sanki Sizif kimi əbədi əzaba məhkum olub: 
 
Bir az aralıda
ümidsiz qütb ulduzu can vermişdi.
Elə onda ballı çiçəklərə bənzəyən xəyalımı
qatı qaranlıq dəlmişdi.
Və o qara köynəyinin
bağlanmamış iki yuxarı düyməsi
bizim üçün qızılı rəngə bürünmüş Ayın da
tilsiminə çevrilib boğmuşdu onu, sevgilim.
 
Sanki şehli pəncərədən qaranlıqda boğulan işığın çırpıntılarına baxırsan. Köhnə çərçivədəki qravürü xatırladan bu mənzərə sevginin bir günündən (24 saatından) bəhs edir.
 
G.Marinajın şeirləri bütövlükdə mənə pastoral poeziyanı xatırladır, bu şeirlərin leksik-semantik anlamları dağ yamaclarından tutmuş xüsusi isim kimi hallanan Dənizə qədər geniş bir landşaftı əhatə edir. ("Əssin səhra küləyi”, "Günəbaxan”, "Qara təbəssümlü meşə”, "Ömrün çiçəkləri”, "Onda yeniyetmə idik və sevgini sabahlara saxladıq”, "Dünən gecə haradaydım”, "Layla deyənlər”, "Atlar”) Digər tərəfdən baxanda bu şeirlər həm də meqapolis şeirləridir. ("Gecə klubu”, "Nyu-York şəhərinin silueti”, "Rok musiqi”, "Təkrarlanan qısa gün”, "Amerikalı evsiz”, "Seçki kompaniyası”). Kənd idilliyası və urbanizasiya bu poeziyanın qoşa qanadıdır. G.Marinaj bu iki fərqli dünyanı, iki qütbü bir poetik sistemdə birləşdirə bilir. Parçalanmış görüntülər, əslində, eyni mətləbi ifadə edir – insan ağrılarını. Vizuallıq formanı arxa plana atır. Struktur etibarilə narrativ olan əksər şeirlərdə Ayın, Günəşin, ağacın, dənizin insanla dialoqunun şahidi oluruq. G.Marinaj təbiəti danışdırmağı bacaran şairdir.
 
Ağaclar ikinci anamdır sanki,
hər baharda
yenidən doğulduğumu hiss edirəm.
Payızda sovrulub gedərkən yarpaqlar
qəlbimin hərarəti ilə isidirəm köklərini.
Şirəli budaqlar özündən xəbərsiz
əl üstə saxlayırlar məni,
ruhuma məna qatırlar,
amma heç vaxt lovğalanmırlar.
Sonra yaz gəlir, baharın yaşıl yarpaqları
sürgün arzulayır qışa.
 
("Ömrün çiçəkləri” şeirindən)
 
Təbiətlə insanı vəhdətdə görmək bu şeirlərdə dominantdır, meqapolis şeirlərdə müəllif sanki təbiəti astar üzünə çevirir. Amma mahiyyətin yerində qalması şərtilə. Karen Armstronq "Mifin qısa tarixi” əsərində yazır ki, neolit dönəmində Şimali Amerika və Avropada ilkin yaradılış miflərinin bəziləri ilk insanların bitkilər kimi torpaqdan çıxdıqlarını deyir: toxumlar kimi onların da həyatı yerin altından başlamış və insan cildində torpağın üstünə çıxmışdılar yaxud çiçəklər kimi torpaqdan cücərmişdilər. Torpaqdan cücərən bitki də ömrünü yaşayıb torpağa qarışır, yenidən doğulmaq üçün. Toxum məhsul verməsi üçün əvvəlcə torpağın altına düşüb ölməlidir. Torpaq ana missiyasını yerinə yetirirmiş, onun bətnində insanlar cücərirmiş. Bəlkə də torpağa elə buna görə "ana torpaq” deyilir. G.Marinaj "torpaq ikinci anamdır” deyəndə məhz bu mifik düşüncəyə söykənir.
  İnsanlar bəşəriyyətin gələcəyilə bağlı narahatlıq keçirir, müxtəlif illüziyalara qapılırlar. Şair bu narahatlığı "Uşaqlar mirvaridir zamanın boyunbağısında” şeirində görün necə ifadə edir:
 
Uşaqlar zamanın boyunbağısında mirvari kimidir –
Hamar-hamar, yumru-yumru.
Bu qəribə bənzətmələrdəki gözəlliyə
və çılğınlığa baxın.
Bilirsinizmi, onların dünyası
konusvari qayıqlarda üzür,
şəffaf şüşələrlə əhatələnmiş
bir xəyalın içində yelkən açır.
Biz isə böyüdükcə
ən yaxşı halda
sadəcə, ən yaxşı halda
delfinlərə çevrilə bilirik.
Çatışmazlığımıza baxıb təəccüblənərək
bəşəriyyətin sonuncu səhifəsini tapa bilirik
və sabahın qara məktubu kimi
həmin səhifəni narahatlıqla,
həyəcanla təpdikcə gözə
o uşaqların dünyası yanımızdan
ötüb keçir üzə-üzə.
 
Şeirdən ona görə uzun bir hissəni verirəm ki, bu mətndə misralar sarmaşıq kimi kədərli bir həqiqətin boynuna dolanıb. Hər şeir sanki uzun mürəkkəb cümlədir. Şeirdə arakəsmə yoxdur, nəfəs dərmək üçün bir stansiya yoxdur, oxucunu birbaşa mənzil başına çatdırır.
Biz o qədər öz eqomuza qapılmışıq ki, uşaqların dünyasından xəbərsiz qalmışıq. Böyüklərlə uşaqların arasında keçilməsi müşkül olan bir divar ucalıb. Böyüklərin başı cari işlərə qarışıb, dünya cifəsi üçün uğraşırlar, onlar zamanı hiss etmirlər, uşaqlar isə zamanın yaxasında boyunbağı kimi bərq vurmaqdadırlar. Təbiətin dialektik çərçivəsi içində nəsillər arasında rabitə itib və poeziya bu həqiqəti özündə fiksə edir. G.Marinaj stixiyasına görə dünyanın böyük şairlərindən olan Pablo Nerudanı xatırladır. Pablo Nerudanın şeirlərində məkan zamanı proyeksiya edir, zaman da məkanın bütün görünən və görünməyən tərəflərini açır. G.Marinajın da şeirə yanaşması bu cürdür. Zamanla məkan üzbəüz ayna kimidir. Müəllif şeirdə zamanın metafizik tərəfini göstərir, biz zamanı travestik məkanda görürük, bu sürreal görüntülər poetik mətnin məğzini, mahiyyətini ifadə edir. Hardasa oxumuşdum ki, poeziya riyaziyyatdan daha dəqiqdir. G.Marinajın mətnlərində paralel xətlər sonda bir nöqtədə kəsişir və bununla da öz bədii həllini tapır.
 
"Vətənimə söyləmədiklərimdən” adlı beş hissəli uzun şeir müəllifin doğulduğu torpağın ağrılarının tərcümeyi-halıdır, aramsız əks-sədasıdır. Bütün mənalar şeirin içindəki o dərinlikdən ucalan əks-səda ilə birgə üzə çıxır:
 
Əziz diyar,
sən mənim oyaqkən və yuxuda gördüyüm
xəyallarımın ölüm çuxurusan.
Sən anamın göz yaşlarını
ifadə edən rənglərin yaratdığı göyqurşağısan.
Sən mənim bu yorucu, vəhşi dünyada
yıxılmamaq üçün tutduğum qorxu ağacısan.
Sən ağrını bəxş edən və onu yalnız özü götürə bilən yaradılışsan.
Tünd boyalar kədərli assosiasiyalar doğurur. Məlum və naməlum işartılar spektrində müəllifin ictimai sarsıntıları sayrışır:
  ...dərd-sərdən sarsılmışam, əziz diyar,
niyə bunu edim inkar?
Günahlarım şumlanıb, şumlanıb,
vaxtsız yetişmişəm, vətən.
Bunu sənin yoxluğunda
bütün sümüklərimlə hiss edirəm mən.
 
Şair ona həyat verən torpağa dönüş marafonunun səbəbini kökünün bu torpaqda olmasıyla bağlayır. Qayıdır və ürəyində qövr edən dərdlərini vətəninə danışır, vətəniylə ana-oğul kimi dərdləşir. Bu şeir həm də ciddi informasiya daşıyıcısıdır və müəllifin tale marşrutunun konturlarını cızır. Biz müəllifi bir ədəbi sima olaraq daha yaxından tanıyırıq.
 
G.Marinajın Azərbaycanda ilk dəfə çap olunan bu şeirlər toplusunun poeziyasevərlər tərəfindən maraqla qarşılanacağı şəksizdir. Yenicə tanış olduğumuz bir insanın az sonra yaxın dosta, sirdaşa çevrildiyi kimi bu toplu da tanışın dosta çevrilməsi kimi xoş taleyi yaşayacaq. Buna əminəm.
 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)