Edebiyyat.az » AZAD QARADƏRƏLİ - “ÜZÜM” TABURU(hekayə)

AZAD QARADƏRƏLİ - “ÜZÜM” TABURU(hekayə)

AZAD QARADƏRƏLİ  - “ÜZÜM” TABURU(hekayə)
---
admin
Müəllif:
08:12, 07 aprel 2022
929
0
AZAD QARADƏRƏLİ - “ÜZÜM” TABURU(hekayə)

  



 

 

 

                                             Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç 44 günlüg Vətən  

                                              Müharibəmizdən, Şuşa əməliyyatından danışaraq ordumuzun qələbə

                                              taktikasından öz müharibələrində də yararlandıqlarından bəhs edib.

                                                                                                    İnternet xəbərlərindən

 

 

 

            Gecə metronun yaylı qapıları bağlananda ağzını qızın qulağına söykədi:”Səni çox sevirəm, bilirsən. Kiyev qədər... Amma bu sözü deyə bilmək üçün...”

            Düşmən bombasının gurultusu səsi batıran kimi sözünün ardı eşidilməz oldu. Qırılmış səsinin əvəzindən qolları danışdı – qadının boynuna dolandı.

            Qəhər onu boğdu.Yeni doğulmuş, üç aylıq körpələrini dünən düşmənin atdığı bombalar həlak etmiş, ana da yüngül xəsarət almışdı. (Az sonra bilindi ki, ən ağır xəsarət elə ananınkı imiş.)Başısoyuqluq edib gecəni evlərində qalmaq istəyi gənc ailəyə baha oturmuşdu – ilk muradları gözlərində qalmışdı...

            Beləcə, körpəni dəfn edəndən sonra evləri olmadığı üçün dostlarının başsağlığını elə burada, körpənin qəbirinin yanında qəbul edib, bombordumandan qorunmaq üçün Kiyev metrosuna gəlmişdilər, amma ayaq üstdə  durmağa yer qalmadığını görüb, metro ilə geri qayıdırdılar.

            Zülmət qaranlıqda zirzəminin qapısını telefonun işığı ilə tapıb içəri girdilər. Soyuqda büzüşüb yatan adamları ayaqlamamq üçün boş yer tapan kimi qoltuqlarındakı yorğanı yerə sərib oturdular. Qadını özünə tərəf çəkib boynundan öpdü. Ağlından keçəni dilinə gətirməkdə zorluluq çəkdi.

            İndi o, yaslı-yaralı sevgilisini burada qoyub səngərə - Kiyevi qorumağa getməliydi. Amma qadın onu buraxmaq istəmir, göz yaşı tökə-tökə qucaqlayır, boynunu islada-islada anlaşılmaz sözlər deyirdi:”Saş... Saşa... Ssssaşşşş...”

            Oğlan anladı ki, nəsə etməlidir. Yoxsa, bu gecə burada qalsa, onsuz da sıraları get-gedə seyrələn şəhərin müdafiəçilərinin yanında gözükölgəli qalacaqdı. (Hər gün onun dayandığı mövqedəki müdafiəçilərin azı beşi, üçü həlak olurdu. Maruepolda vəziyyət daha ağırdı, Odessa qan gölümə dönmüşdü, Xarkov da elə... Amma hər yerdən daha ümdəsi Kiyev idi. O Kiyev ki, Ukranyanın ürəyi burda döyünürdü. Alman faşizminə ləyaqətlə müqavimət göstərən bu şəhər indi rus işğalçılarınınmı önündə əyəcəkdi başını?!)

            Sabir qışqırmaq istəyirdi, səsi çıxmırdı. On  il əvvəl oxumağa gəldiyi bu şəhərdə, əslində elə bu qıza görə ilişib qalmışdı.

           Sonra yaxşı mütəxəssis kimi paytaxtın ən yaxşı silah zavodunun kollektivi onu irəli çəkib, zavodun istehsalat şöbəsinə müdir qoydular. Sonra onlar evləndilər. Toylarından bir az sonra Sabirin vətəni Azərbaycanda müharibə başladı. O, artıq vətəndaşı olduğu Ukraynanın rəhbərliyinə müraciət etdi, vətənini qorumaq üçün Azərbaycana getməyə icazə istədi. Zoyanı da götürüb, Bakıya gəldi. Düz qırx gün döyüşlərdə iştirak etdi. Yaralansa da, hospitala getmədi. Döyüşə-döyüşə Şuşayacan yürüdü. Şuşa əməliyyatında xüsisi təyinatlıların taqımında ən ağır şərtlər altında vuruşdu. Dağ silsilələrindən kanatlarla, xüsusi kəndirlərlə əlləri qançır ola-ola dırmaşdı. Əlbəyaxa vuruşda iştirak etdi. Ən axırda düşmənin müqaviməti qırıldı və onlar Şuşaya girdilər...

            İkinci vətəninə qəhrəman kimi qayıtdı. Döşündə parlayan medal və ordenlər onu ukranyalı dostlarının gözündə ucaltdı...

          Sonra uşaqları – Üzüm dünyaya gəldi. (Pəh, bu Üzüm adını qoymaq da bir dava-dalaşa səbəb olacaqdı az qala. Zoya dedi ki, Uzyum nədi, mən bu sözü deyə bilmirəm... Yaxşı ki, atası, xoxol kişisi Vitali onlara gəlmişdi. Dedi ki, ay qızım, mənim atam Uzyum qəsəbəsindən idi. Uzyum, yəni vinohrad... Babam heç vaxt vinohrad deməzdi, elə uzyum deyərdi... Uzyum gözəl addır, yəni vinohrad...

           Azərbaycana gedəndə orada da adamların vinohrada üzüm deməsi yadına düşdü. Sabirin də hərdən öz ana dilində “Bağa girdim üzümə, tikan batdı dizimə...” sözlərini xüsusi bir avazla oxumasını da xatırladı və beləcə Zoya bu qəribə adla barışmışdı.)

          Onun gəlişinə doyunca sevinə bilmədilər belə - Rusiya ordusu böyük qüvvə ilə Ukrayna sərhədlərini keçib kəndləri, şəhərləri işğal etdi, dinc insanları qətlə yetirdi, yaşayış binalarını, baxçaları, məktəbləri gülləbaran etdi.

          Düz bir ayın tamamınacan Sabir dostları ilə birgə rəşadətlə döyüşür, hərdən Azərbaycandakı döyüş yolunu yada salıb, dostlarına yeni manevrlər, yeni taktikalar öyrədir, o zaman yanında, Şuşa uğrunda döyüşlərdə şəhid olan gənc bir komandirin – Noçiyevin* yaratdığı yeni hərbi taktikadan danışır, döyüşçüləri ruhlandırırdı. Sabir “zəncir halında düzülüş” və bir də tanklara qarşı “hündürmərtəbəli evlər üzərindən atəş” taktikasını qurmuşdu və az bir zamanda tək Kiyevdə deyil, Xarkovda da bu taktikadan istifadə olunurdu. Ölkənin önəmli şəxslərindən biri çıxışında bunu “Şuşa Sabir taktikası” adlandırmışdı. Sabir çox desə də ki, qardaşlar, bu mənim taktikam deyil, yüksək dağ keçidlərini kəndir kanatlarla keçən, “zəncirvari həmlə” yaradan, yüksək dağ səddindən düşmən nöqtələrini asanlıqla susduran gənc komandir Noçiyevin taktikasıdır, amma buna fikir verən olmadı – elə “Şuşa Sabir taktikası” kimi qaldı yaddaşlarda...

            Belə, uğurlu müdafiə sisteminin rus ordusunu Kiyevdə sındırdığı bir məqamda düşmən bombası onların ailəsinin sevincini əllərindən aldı. Təkcə bumu oldu? Xeyir. Sabirin – Zoyanın Saşasının da qolları buxovlandı. İki gündür döyüşə yollana bilmir. Zoyanın düşdüyü depressiya ona da təsir edib. Hələ dostları da döyüşdən şıxıb Üzümün yasını tutmağa gələndə o bağırmış, heç olmasa siz belə eləməyin deyərək onları qışqıra-qışqıra döyüşə yollamışdı...

            İndi neyləsin? Bəlkə Zoyanı Bakıya göndərsin? “Yoox, heç ağlına gətirmə.” Yaşadıqları binanın həyətində, qızılgül kollarının yanında dəfn etdikləri o bapbalaca məzarı qoyub gedərdimi Zoya? Əsla. Boş yerə zəhmət çəkib ona bu sözü deməyin adı yoxdur... Bəs nə etsin?

            Bidən yadına düşdü ki, Zoya hələ on gün əvvəl demişdi, Saşa, anam gəlsə, Uzyumu verək aparsın dinc yerə, mən də silah götürüb gələcəm sənin yanına. Birlikdə döyüşək. Sən demirdin ki, Azərbaycanda qızlar da döyüşürmüş müharibədə? Nəydi adı? Arasta**... Hə, hə, Arasta! Mənim nəyim Arastadan əskikdir?!

           Hə, hə! Onu depressiyadan çıxartmağın bircə yolu var: geyinib-keçinsin, silah götürüb getsin şəhər müdafiəçilərin yanına. Elə onun öz yanında vuruşar...

            Elə bu barədə düşünürdü ki, telefonun zəif işığında bir də baxdı Zoyanın döşündən axan süd onun əynindəki koftanı islatdı; gənc qadın gərildi, yerində qıvrıldı, sancı çəkirmiş kimi əlini döşünün üstünə qoyub hönkürdü. Sabir xanımını qucaqladı. Onun isti südü Sabirin də açıq sinəsinə dəyib sanki orada ocaq qaladı. Yandı sabirin sinəsi. O da gərildi, bağırmamaq üçün ağzını sevgilisinin çiyninə basdı. “Bu vaxtlar Üzümün süd əmən vaxtları idi. Mən nə danışıram? Hələ döşünün südü qurumamış, balasının meyidi soyumamış gənc anaya gəl gedək döyüşək deyirəm... Bəs axı mən neyləyim? Özümün bu saat burada qalmağım xəyanət kimidir, fərarilikdir. Zoyanı qoyub getmək də ondan beşbetər... Mən indi nə edim, ay allah?! Bu nə iş idi mən düşdüm?! Mənə yol göstər, ey böyük allah? Döyüş yoldaşlarım orada mənə möhtac, sevgili həyat yoldaşım burda mənsiz qala bilmir... Mən nə edim?!”

            Birdən Zoya ayağa qalxdı. Evlərinin çantasından quru bir əski parçası tapıb sinəsinə qoydu. Üzünü ərinə tutub xeyli gümrah bir sələ dedi: “Mən qərarımı verfim Saş... Elə indi, bu dəqiqə səninlə müdafiə səddinə gedirəm... Qorxma. Neçə gün əvvəl Uzyumu yatırdıb məktəbin idman meydançasındakı həvəskarlarla birlikdə silahdan atəş açmağı öyrənmişəm. Avtomatı söküb-yığmağı, daraqları taxmağı, tək-tək atəş açmağı, dalbadal atmağı bacarıram. Tapançanı ver, ver, qorxma. (Əl atıb oğlanın belindən tapançanı çəkdi, sığınacaqdakı beton divarı nişan alıb dalbadal atəş açdı. Bu vaxt zirzəmidəkilər  təəccüblə əli tapançalı qadına baxsalar da, məsələni anlayıb, səslərini çıxartmadılar.) Gördün? Bax, hətta buracan bilirəm... Ora getsəm, südüm də kəsiləcək, bilirəm. Daha burada ah-fəqan eləməyin bir mənası yox. Yaxşısı budur, gedim, qızımım intiqamını səninlə birlikdə alım...”

            Sabir əvvəl inanmadı. Zoyanın steresdən belə danışdığını düşündü. Amma onun sonda tapançanı çəkib atəş açması, inandırdı ki, bu, ayıq başla verilmiş qərardır...

            Zirzəmidən çıxıb, telefon işığında binanın qarşısındakı balaca parka gəldilər. Buradakı ağaclar, güllər də düşmən bombalarının atəşindən yanıb məhv olmuşdu. Yeganə qızılgül kolunun dibində uyuyan qızlarının – Üzümün qəbirinin yanında dayandılar. Əyilib əllərini nəm torpağa sürtdülər. Sonra o torpaqdan bir xışma götürüb bayaq Zoyanın sinəsinə qoyduğu əskiyə bükdülər, oğlanın yanından asdığı hərbçi çantasına qoyaraq çıxıb getdilər.

 

                                                           ***

 

            O gündən sonra şəhərin əksər qadınları Zoyanın səsinə səs verib qadın taburuna yazıldılar. Düşmənə ən ağır zərbə endirən kişilərin arxasında möhkəm dayanan bu döyüşçülərdən indi dünyanın aparıcı qəzetləri yazır, televiziyaları reportaj verirdi. Taburun adı isə “Üzüm” idi. Üzüm qadın batolyonu. Onların şüarı isə beləydi: “Sevgi bütün müharibələri yenəcək! Slava Ukrainu!”

 

                                                                                              27.03.2022

 

 

-----------------------------------------------------------------------------------------------------------------------

*Azərbaycan Vətən Müharibəsi Qəhrəmanı Noçuyev Surxay Əbdül oğlu, 9 noyabr 2020-ci il tarixdə, 44 günlük Vətən Müharibəsinin bitməsinə bir gün qalmış qəhrəmancasına şəhid olmuşdur.

**Arasta – 44 günlük Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)