Edebiyyat.az » Fərid Muradzadə — Gülər Natiq İsaqın "Sərçə ilə söhbət" şeiri haqqında düşüncələr

Fərid Muradzadə — Gülər Natiq İsaqın "Sərçə ilə söhbət" şeiri haqqında düşüncələr

Fərid Muradzadə — Gülər Natiq İsaqın "Sərçə ilə söhbət" şeiri haqqında düşüncələr
---
admin
Müəllif:
11:49, 01 avqust 2026
0
0
Fərid Muradzadə — Gülər Natiq İsaqın "Sərçə ilə söhbət" şeiri haqqında düşüncələr




Mərhum Eldar Baxışın "Sərçə balası" şeirindən sonra oxuduğum ikinci ən gözəl sərçə şeiri...


 Balaca bir sərçənin yer üzünün əşrəfi olan, şüuru, düşüncəsi, qabiliyyəti, bacarığı, istedadı və ən əsası Allahın lütf etdiyi söz yaratmaq, nitq qabiliyyətinə malik olmaq kimi fövqəladə gücə sahib insanın həmsöhbətinə çevrilməsi, məhz elə nəcib, həlim, mərhəmətli, şəfqətli, ləyaqətli, kövrək bir insanın, xüsusən də bir xanım şairənin qəlbindən süzülüb gələn, bəlkə də min illər boyu zövq verəcək misralara çevrilməsi fonunda ortaya çıxan möhtəşəm bir şeirdir.


Gülər bir daha məni təəccübləndirdi.


Kimsə bu cümlələri şəxsi simpatiya kimi qəbul etməsin. Əksinə, bu, empatiyadır. Bunun səbəbini, məncə, şeiri dərindən oxuyan hər kəs anlayacaq.


Sərçə balaca vücudunda sonsuzluğu daşıyan bir simvoldur. İnsanın dünyaya sığmayan varlığının kiçik bir quşda rahatlıq tapmasıdır.

"Ayrılıq əbədi vüsaldır, dedim,

İnandım yazdığım sözümə, sərçə..."


İnsan bəzən öz yaratdığı ovuntularla yaşayır.

Ayrılığı hər kəs bir cür təsvir edir. Amma Gülər onu fərqli rakursdan təqdim etməyi bacarıb. Hicran yükünün ağır olduğunu deyirlər. Lakin Gülər ayrılığı suya bənzədir, onu gözlərinə köçürür. Möhtəşəm tapıntıdır!


Elə sərçə kimi cismani olaraq kiçik olan gözlərdəki suyun sonradan Xəzərə çevrilməsi də maraqlı bədii keçiddir.


Gülər sərçə ilə həmdərddir, həmsöhbətdir. Onun təkliyi, ayrılığı ruhunu buraxmayan, ruhuna sarılan qollar kimidir.


Sıxılmış (bəlli səbəblərdən) sərçəyə mühitə inad şux durmağı tövsiyə edən, onunla mehriban davranan, incə ruhlu, zərif bir varlığın zəngin daxili aləmi bu şeirdə əks olunub.


Klassik poeziyada üzü bəri çoxları sevgiliyə, yara, dosta ithaf yazıb. Gülər isə bir sərçəyə. Bəlkə də minlərlə insanın hər gün rast gəlib fikir vermədiyi bir sərçəyə...


Gülər şeir yazmayıb, şeiri elə özü dediyi kimi çəkib.

Şeiri çəkmək isə hər adamın qisməti olmur.


"Bax, indi səssizcə şeir çəkirəm,

Sənə şeir deyən şair gördünmü?"


Hamı insandır. Amma Gülər sərçəyə müraciətində "Buradan keçən adam gördünmü?" deyə soruşur.


Sərçə və Xəzər bir növ ruhun dilemma qarşısında qalmasının rəmzidir.


Xəzər gah sükutu, gah da dəli dalğaları ilə şair könlünü ovudur. O, ziddiyyətlərlə doludur. İnsan ruhu kimi... Gah kövrəkdir, gah əsəbi, gah həlim, gah da qəzəbli.


Dəniz əsir ruh kimidir. Dalğalar sahilə can atır, özünü sahilə çırpır, amma sahildən o yana keçə bilmir.


Xəzər həm də sonsuzluğun, hikmətin və sirrin rəmzidir.

Balaca sərçə isə dimdiyində o hikmət dəryasından bir damla gətirən, elmin dərinliyinə enən fədai kimidir. O, itmiş ümidin bərpaçısıdır.


Və yerində verilmiş bir sual:

"Sərçə, dimdiyinlə nə deyəcəksən?"


Və son bənd:

"Xəzərin başından nə külək keçib,

Nə fırtına keçib, tufanlar keçib?

Ayrılıq da vüsal deyilmiş, desən,

Sənə inanacam, sənə biləsən..."

Milyon illərin sevgi, vüsal, həsrət və ayrılıq hisslərinin sonsuzluğa açılan üç nöqtə ilə bitməsi...


Əziz dostum, şəxsinə böyük hörmət bəslədiyim dəyərli Gülər xanıma ilk növbədə Uca Yaradandan sağlamlıq və bol yaradıcılıq uğurları arzulayıram!

Heyif ki, yol şəraiti mənə fikirlərimi daha geniş yazmağa imkan vermədi. Amma bu cümlələrin hamısı tam səmimiyyətlə, ürəkdən yazılıb.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)