Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - Sonuncu dərviş

Nemət Mətin - Sonuncu dərviş

Nemət Mətin - Sonuncu dərviş
Ədəbi tənqid
nemət
Müəllif:
23:17, 01 mart 2020
1 550
0
Nemət Mətin - Sonuncu dərviş




 

"Küləklər azğınlaşmış sularla uzun sürən savaşdan yorğun düşüb kürəyini bu həyətin ortasında qaralan daxmanın divarına söykəyirdi. Onunsa kürəyini söykəməyə yeri yox idi. "

 

 O, sonuncu dərvişdir. Hər kəs yağ kimi yaşamaq arzusunda olarkən, o, acı taleyi ilə əl-ələ verib mübarizə aparırdı. Bir var roman yazan yazıçı, bir də var roman kimi həyat yaşayan yazıçı. Hər əsərində, hekayəsində, essesində, məqaləsində, şeirində kədər hiss olunur. Kədəri boğmaq, yerə yıxıb təpikləmək olmur. Koala kimi adamı içdən qucaqlayıb yatır. Nə qusa bilirsən, nə də ayrıla... 


 Dərviş oxuduğu kitablar ilə real həyatdan uzaqlaşmağa çalışır. O düşünür ki, nakam dünyada, ölü həyatda kitablardan maraqlı heç nə yoxdur. Kitablar bizi cavan saxlayır. Dərvişin oxumadığı kitablarına qurd düşür. Ona görə dayanmadan oxuyur. Hamısını bitirməyə çalışır. Yarasa kimi gündüzlər yatır. Yəni, dincəlir, istirahət edir. Axşamdan səhərə qədər isə oxuyur, yazır. Dərviş gündüzlər getdiyi məkanlarda, gəzdiyi parklarda dərviş həyatı yaşamaq istəyən gənclərə motivasiya verir. Onlarla yaşıdı kimi davranır. Cavanlıq iksirinin sirri də elə bundadır. Daim gənclərin yanında olmaq, onlara dəstək olmaq... 

 Bir dəfə dərviş bizə əsərindəki baş obraz haqqında danışdı. Fironun dəftəri. Sən demə Firon yaşayır. Onunla elektrik qatarında tanış olub. Dəfələrlə qatarda onu izləyib. Özü ilə danışan sarsaq sanmışdı onu. Üst-başı da kir idi. Nəhayət söhbətləri tutanda dərviş Firon ilə Mosartdan, Betxovendən, yazıçılardan, şairlərdən, kitablardan danışıblar. Söhbətin şirin yerində Firon öz həyatını danışmağa başlayıb. Dərvişin dediyinə görə əsərin üçdə bir hissəsi Fironun həyatıdır.

 

 "-Mən kənddən çıxandan sonra o qəribə adamla əlaqəm itdi. Uzun zaman sonra təsadüfən rastlaşdıq. Mən həyət evində yaşayıram, məhz həmin gün həyətdə bir iş çıxmışdı, usta lazım idi. Problemimi ona dedim, düşünmədən dedi gedək, mən sənin işini həll edim, sən yazıçı adamsan, fiziki iş sənlik deyil. Gəldi və mənə çox böyük köməkliyi dəydi. Ha illah elədim, zəhməti müqabilində bir qəpik də götürmədi. Çox mütəəssir oldum. Həmin vaxt artıq romanı yazıb bitirmişdim..."

 

 Həyat qəribədir. Bir adam həyat kadrlarına daxil olub sənə dəfələrlə kömək edir və çıxıb gedir. Bəlkə biz də kimlərinsə həyatına beləcə daxil olub çıxmışıq. 

 Dərviş əksər hallarda həvəslə danışır. Üzü gülür, sevinir. Yanındakıların alın qırışlarını açmağa çalışır. Lakin hərdən kədər içdən daşıb üzə dağılır. Gözlərinə baxmaq olmur. Sanki göz bəbəklərinin aynasında kamança ustası at quyruğundan düzəltdiyi çubuğla kamançanı və bizləri ağlatmağa çalışır. Ötən günlər, anası, atası, yadına düşüb yenə. Anasına əsgərlikdən yazdığı məktubları xatırlayır: 

 

"Sənin sevgi və hərarət dolu məktublarını aldım. Çox sevindim, bir az da kövrəldim. Sevindim ki, sənin həyat eşqin yenə əvvəlki kimi bitməz-tükənməzdir. Məktubun nikbin ruhu mənə ləzzət verdi. Həmişə belə ol, ana! Qoy həyatın çətin sınaqları sənin polad ürəyini sarsıtmasın!" 

 

Mütəəssir halda siqareti siqaretə calayıb paravoz kimi tüstüləyir. O an dərvişə iynə vursan partlayar. Göz yaşı hər yerə dağılar. Sonuncu dərviş iz-iz, qapı-qapı, küçə-küçə gəzib insanlarla tanış olur. Onun missiyası insanları tanımaq, onları əsərlərində yaşatmaqdır. Daha belə insanlar yoxdur. O təkdir və bu təklik ona yeni əsərlər yazdırır. Yaddaş kartı dolduqca boşaldıb yenidən doldurur. 

 Anası bir dəfə ona demişdi ki, sənət heç vaxt ölmür. Ona görə yazmağın başını buraxmır. Bu gün dərvişin 45 yaşı olur. Yubilyardı. Nə vaxt öləcəyi onu maraqlandırmır. Baxan elə bilər 55 yaşı var. Kədər onu qocaldıb. Amma dindirəndə 20 yaşlı gəncin sinəsinin altında gizlənən vulkan aşıb daşır, sanki...

 

 "Ölüm qatarıdı mindiyim qatar,

 mən getdim, ürəyim qaldı bu yerdə,

 məni tənhalığa sürüyür qatar,

 hər sözün, eyhamın snayper kimi

 elə dəqiq vurur arzularımdan,

 yaralı canımı götürüb çıxdım,

 məni məğlub kimi görməyəsən sən…

 bu gedən qatarın insafı yoxdu,

 görmür qan süzülür arzularımdan,

 səbrimin dizləri didik-didikdi,

 tərslikdən kupedə adam da yoxdu,

 bir cüt çəkməsiylə ovutsun məni…

 vahimə asılıb soyuq şüşədən,

 adamı sürgünə tək yollamazlar,

 belə uzun sürən ölüm olmaz ki…

 bu, necə qatardı, sərnişini yox,

 məndən özgəsiylə heç bir işi yox…

 hələ ki, çeynəyir dəmir dişiylə,

 səhər məni vağzala qusacaq qatar,

 ən dadlı tikəmi ona vermədim,

 yaxşı ki, ürəyim

 bir uca çinarın altında qaldı…

 quruca canımı götürüb çıxdım,

 yorğun ümidlərim yanında qaldı…"

 

 "Ölüm qatarı" şeirindən də bəlli olur ki, poeziya ruhlu adamdı dərviş. 

  "Hacı İsgəndər" tarixi romanını yazmağa başlamamışdan öncə 100-dən çox kitab oxumuş, sənədli filmlərə baxmış və xeyli adamla söhbət etmişdi. Hacı İsgəndər təkcə dərvişin doğulduğu Buzovna kəndinin fəxri, qəhrəmanı deyil, ümumiyyətlə bütün mənalarda Azərbaycanın qəhrəmanıdır. Nuru Paşa ordu yığarkən Hacı İsgəndər ona kömək etmişdi. Ermənilərə qarşı vuruşmaq üçün insanlar toplamış və 800 nəfərlik əsgərlər üçün ev tikdirmişdi. 

 Dərviş atasının əllərindəki qabarlar kimi çat-çat olmuş evin divarları arasında yaşasa da, imkansızlıq içində ömür sürsə də, ondan dəfələrcə istedadsız adamların pafoslu çıxışlarını dinləməli olsa da, tükənmir, həvəsdən düşmür. Onun ədəbiyyat, poeziya, yaradıcılıq eşqi heç vaxt sönməyəcək...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)