Edebiyyat.az » Ədəbi tənqid » Nuridə İsmayılova - Azərbaycan bayatılarında ümumi məzmun məsələləri

Nuridə İsmayılova - Azərbaycan bayatılarında ümumi məzmun məsələləri

Nuridə İsmayılova - Azərbaycan bayatılarında ümumi məzmun məsələləri
Ədəbi tənqid
admin
Müəllif:
08:06, 12 fevral 2022
1 344
0
Nuridə İsmayılova - Azərbaycan bayatılarında ümumi məzmun məsələləri

                


                 

 Azərbaycan xalqının ruhuna uyğun şeir forması dedikdə ağıla gələn iki janrdan biri bayatıdır. Bayatının ümumi məsələləri barədə indiyədək çox yazılıb. Amma əksmənalı bayatılar haqqında bir o qədər məlumat yoxdur. Əksmənalı bayatılar sırf əksmənalı sözlər vasitəsilə yaranmır. Onlarda məna ziddiyyət təşkil edir. Məsələn, yazdığım belə bir bayatıya diqqət yetirək:

Əzizinəm, gecədir.

Nəm gözlərin gecədir.

Qəmlə yoldaş olanın 

Bir dostu da gecədir.

Yuxarıda qeyd etdiyimiz bayatının son iki misrasından belə məna çıxır:  həyatda iki dostunun biri qəmdirsə, o biri də mütləq gecə olacaq. Çünki kədərli insanlar gecələri səbirsizliklə gözləyirlər ki, ağlayıb ürəklərini boşaltsınlar. Bəs dostu sevinc olanın digər yoldaşı nədir? Onda bu bayatıya əksmənalı bir bayatı yazmaq olar:

Mən aşiqəm gün yeri,

Ürək yeri, gün yeri.

Ürək yardan yarısa,

Bir yoldaş da gün yeri.

Deməli, əgər biri yarından yarıyırsa, ürəyi sevinir və xoşbəxt olur. Və sevincli insanın da bir yoldaşı da gündüzdür. Çünki o bəxtiyardır və nəşəli bir gün onun sevincinə ortaq olur. Şifahi xalq yaradıcılığımızda mövcud olan hansısa bayatıya əksmənalı bayatı yazmaq olar:

Əzizinəm, gül əllər.

Ağ biləklər, gül əllər.

Dəryaca ağlın olsa,

Yoxsul olsan, güləllər.

Bu bayatı xalq tərəfindən yarandığı dövrün ictimai-siyasi xüsusiyyətlərinə uyğun yazılıb. Yəni pula hörmət qoyulur, ağıla əhəmiyyət verilmir. Ağılın puldan daha üstün hesab edildiyi dövrdə bu bayatının əksini yaratmaq olar:

Mən aşiq bu kamala.

Nakam könlüm kam ala.

Bu dövran neylər pulu?

Qiymət qoyar kamala.

Deməli, bəzən bir bayatı ilə ziddiyyət təşkil edən digər bayatının yaranması üçün şərait də olmalıdır. Çünki bu, şifahi xalq ədəbiyyatı xəzinəsidir və onu yalnız xalq istəyərək yaradır, sifarişlə yazılmır. 

Bayatılarda əsas məna real və ya məcazi ola bilər. Buna, adətən, məhəbbət mövzulu bayatılarda rast gələ bilərik. Çünki real və məcazi eşq məsələsi qədim dövr ədəbiyyatımızdan bəri özünü göstərir. Bəzi bayatılarda bunu fərqləndirmək çətin, bəzilərində isə asan olur:

Mən aşiqəm Arana.

Vəfalı yar arana.

Bir ayrılıq sonunda 

Bir vüsal da yarana.

Bu bayatıdakı vüsalın mənası oxucu üçün aydın olmur. Real sevgilisindən ayrı düşmüş bir aşiq bu ayrılığın sona çatması və yarına qovuşması üçün yalvararkən bu bayatını söyləyə bilər. Və ya ilahi eşinə-Allaha qovuşmaq istəyən bir məcazi eşq fədaisi də bu bayatını söyləyə bilər. Amma aşağıdakı bayatıda məna aydındır:

Əzizim, belə gəldi.

Dolandı belə gəldi.

Mən vüsala yetişdim,

Güllər məzara gəldi.

Əgər aşiq öz real məşuqəsinə qovuşsa idi, sonuncu misrada belə fikir olmazdı. Deməli, aşiqi ölüm vüsala qovuşdurur. Onun ruhu uçub öz Allahına qovuşur, cismi isə dəfn edilir və məzarının üstünə güllər qoyulur. 

Azərbaycan şifahi xalq ədəbiyyatının lirik hissləri, həzin duyğuları əks etdirən və mükəmməl forma xüsusiyyətlərinə malik olan bayatı janrı belə məzmun incəlikləri ilə zəngindir. Bu incəlikləri araşdırmaq üçün bayatılarımızı qarşılıqlı şəkildə müqayisə etmək lazımdır. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)