Edebiyyat.az » Ədəbi tənqid » Hicran Lilith - "Çuğullar"ın verdiyi mesajlar

Hicran Lilith - "Çuğullar"ın verdiyi mesajlar

Hicran Lilith - "Çuğullar"ın verdiyi mesajlar
Ədəbi tənqid
admin
Müəllif:
21:11, 18 mart 2022
1 164
0
Hicran Lilith - "Çuğullar"ın verdiyi mesajlar





 

“-Cücə bala, murdar adamlar ətraflarında saf birisini görəndə qıcıqlanırlar. Pozğun qadının tərbiyəli ev xanımı barədəki iftiraları da ala qarğa ilə bağlıdır. Əvvəl düşünürdüm ki, xəbərləri çatdırmağını heç kimə demərəm, bunu gizli edərik. Amma indi görürəm ki, bunu etməyini hamıya car çəkməyə məcburam. Qoy görsünlər ki, sıralarına biri də qoşuldu.”

 

            İnsanlar və onların xarakterləri çox fərqli və rəngarəngdir. Doğulan gündən ev həyatında, bağçada, məktəbdə, universitetdə, işdə insan şəxsiyyəti formalaşır. Kimisi doğuşdan sahib olduğu xarakterini möhkəmləndirir, kimisi xarakterini   dəyişdirir. Çuğullar da zəif xarakterli insanların bir nümunəsidir. Onlardan hər cür ziyan pislik gələ bilər. Çünki onlar sındırılıb. Sınmış insan hamının sındırılmasını istəyir və bu hadisədə aktiv iştirak edir. 

            Azər Qismətin “Çuğullar” romanını yeni oxuyub bitirdim. Azər müəllim bu kitabda Azərbaycan məişətində bir iş yerində rastlaşa biləcəyiniz iyrənc halların toplumunu sizə təqdim edir. Siz romanı oxuduqca arada özünü o baş qəhrəmanın yerində hiss edəcəksiniz. Oxuduğunuz bəzi hadisələr sizə öz başınıza gələn halları xatırladacaq. Bir neçə kollektivdə işləmiş biri olaraq kitab məni xatirələrə boğdu. Bəzi hadisələri daha yaxşı anladım, oynanılan oyunları harda və necə aldadıldığımı, üstümə atılan iftiraların pərdəarxası məqamlarını gördüm.

            Baş qəhrəmanımız olan oğlan Toksikologiya Laboratoriyasına işə düzəlir. Kitab boyu ondan “yeni əməkdaş” deyə bəhs olunur. Çoxumuza tanışdır işə yeni girəndə olanlar. Diqqət mərkəzində olursan, səni diqqətlə müşahidə edir və sənə hansı münasibəti sərgiləyəcəklərini götür-qoy edirlər. Yeni əməkdaş da qısa bir müddətdən sonra müdir tərəfindən çağrılır. Yeni Əməkdaş onu “Tibet kahini” adlandırır. Öz kreslosunu qorumaq və eyni zamanda əyləncəsini təmin etmək naminə işçiləri çuğulluq etməyə vadar edən müdir yeni əməkdaşdan da bunu tələb edir. Lakin yeni əməkdaş universiteti təzə bitirib, o hələ də ali dəyərlər, yüksək mənəviyyat və ləyaqət tərəfdarıdır. Belə olduqda müdir ona həyatı başa salmaq qərarına gəlir. Gah onu yanına çağırıb ona həyat dərsləri verir və çuğulluğun pis bir şey olmadığını izah eləməyə çalışır, gah da ona qarşı müəyyən tədbirlər planı həyata keçirərək hədə-qorxu gəlir. 

            Yeni əməkdaşın gözündən biz idarə əməkdaşları - Senyora,  Adilə, sürücü Vəli, qoruqçu, müdir müavini ilə tanış oluruq. Çuğulluqda rəqabətdə olan bu şəxslərin prototipləri ilə həyatınız boyunca ən az 10 dəfə rastlaşdığınıza əminəm. Adları fərqli, vəzifələri fərqli, görünüşləri və hətta cinsləri də fərqli ola bilər, ancaq onlar çoxluq təşkil edirlər. Bəzən müdir öz otağının yanındakı istirahət otağında gizlənib əməkdaşlarının çuğulluq fəaliyyətinə tamaşa eləməyi yeni əməkdaşa təklif edir. Hər birinin timsalında çuğulluğun bir sənət olduğunu göstərir buna inanır. Müdiri maraqlandırmır ona çatdırılan məlumatlar yalan və ya doğrudur. Ona lazım olan günlük xəbər dozasını almaq və işçiləri daima hədə-qorxu altında saxlamaqdır. 

            Yeni əməkdaş qollarını çırmalayıb çuğulluqdan iş yoldaşlarını çəkindirmək üçün fəaliyyətə başlayır. Onları doğulub böyüdüyü kəndə aparır, kimisinin çantasına ruhunu silkələyəcək sözlər yazdığı məktub yazıb qoyur, kimisinin telefonuna mesaj göndərir. Nəhayətində isə müdirdən bir ay vaxt istəyir. 

            Yazıçı çuğulluqdan qaçmağa çalışan personaja zamanda səyahət elətdirib göstərir ki, çuğulluq asan yolla irəliləmək istəyən qorxaqlar üçün həmişə çıxış yolu olub. “Həyatda hər kəs bir cür irəliləyir” deyib özünü heç nədə günahkar görməyən çuğullar “hamı sənin kimi güclü ola bilməz” deyib adama sifət edib keçirlər. Bu kitabı o çuğullara oxutdurmaq, müdirlərə alıb hədiyyə eləmək və oxutdurmaq istəyirəm. Xəbərçilərinin varlığı ilə fəxr edib “xəəbərçilər olmasa işlər yaxşı getmir” deyərək özlərini müdafiə edərkən “bizim hər şeydən xəbərimiz var, biz hər şeyi görürük” deyərkən əslində çuğulların əlində necə oyuncağa çevrildiklərini görməklərini istəyirəm. Çuğulların kənardan necə iyrənc göründüklərini, gündəlik 10 manat üçün şərəflərini ayaq altına salıb tapdalayarkən necə soxulcana bənzədiklərini görmələrini istərdim. 

            Ümumiyyətlə, daha soyuqqanlı və gözüaçıq adamlar artıq məktəb və universitet həyatı boyunca insanların iç üzünü görür və müəyyən həyat təcrübəsi əldə edir. Çünki çuğulluğun yaranması və formalaşması elə burda başlayır. Ona görə də işə girərkən belə şəxsiyyətsizlərlə qarşılaşmaq onlar üçün çətin olmur. Lakin bir də mənim kimi emosional və hər bir halda “hamı eyni deyil” deyərək insanlara bağlanan və heç cür dərs ala bilməyən insanlar vardır. Biz hadisələri görərik, amma onları ən saf və təmiz halı ilə yozarıq, dəyərləndirərik. İnsanlara etibar etməmək – artıq özünə etibar etməməkdir çünki bizim nəzərimizdə. Bu kitabı oxumaq mənə bir başqa baxış bucağı qazandırdı. Bundan sonra iş həyatımda daha gözüaçıq olub özümü belə nacins və ləyaqətsizlərdən daha yaxşı müafiə edəcəm. 

            Son olaraq isə günəbaxan haqqında oxuduğum nağıllardan birini danışmaq istəyirəm. Əfsanəyə görə Clytie və Leucothoe İran şəhzadələridir. Clytie günəşə aşiqdir, lakin Apollon Leucothoe vurulmuşdur. Apollon şəhzadəni əldə etmək üçün anasının licminə girir və qızın otağına daxil olur. Otaqdakı qızları çıxardır və öz licminə bürünərək  Leucothoe yanına uzanır və gecəni ikisi birlikdə keçirdir. Bundan sonra Apollon şəhzadəyə dəli kimi vurulur (nələr gördük Apollon... gözün doysun). Bu iki aşiq xoşbəxt günlərini yaşayırlar, amma Apollon ona vurulan Clytieyə heç baxmır. Paxıllığından çatlayan bacı isə başlayır bu ikisi haqqında hamıya danışmağa, hətta gedib atalarına da xəbərçilik edir.  Kral ata Orchamus deyilənlərə görə qızı  Leucothoe diri -diri basdırır. Səhərisi gün Apollon gəlir, amma sevgilisini tapmır və baş verənlər ona agah olur. Qızı torpaqdan çıxartsa da sevgilisi çoxdan ölmüşdür. O andaca qızın bədənini Liquidambar orientalis ağacına döndərir. Sonralar ağacdan Apollon məbədlərində buxur kimi istifadə edilirdi. Hətta indi kilsələrdə də bu niyyətlə istifadə edilir.  Hə... bu arada Clytie isə havalanır. Çünki Apollon, artıq ona heç görünmür. Bütün günü səmada günəşi axtarsa da onu görmür, görəndə də onu təqib etməyə başlayır. Doqquz gün heç nə yemir, içmir, eləcə ağlayır. Nəhayət gövdəsi solğun bir ota, başı isə parpar parıldayan bir çiçəyə çevrilir. Bezmədən həmişə üzünü günəşə tutub, ona baxan, onu görməyəndə isə boynunu bükən Günəbaxan çiçəyi beləcə yaranmış olur. 

            İçinizdəki paxıllığın sizi idarə etməsinə, sizi xəbərçiyə, çuğula, xainə çevirməsinə icazə verməyin. Çünki hər şeyinizi itirib özünüzlə baş-başa qalanda orda ən azından mənəviyyatı kirlənməmiş bir insan olsun. 

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)