Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANOV - “OL ZAMAN” VƏ İNDİ

VAQİF OSMANOV - “OL ZAMAN” VƏ İNDİ

VAQİF  OSMANOV -  “OL  ZAMAN”  VƏ  İNDİ
Ədəbi tənqid
admin
Müəllif:
13:38, 16 iyun 2022
1 274
0
VAQİF OSMANOV - “OL ZAMAN” VƏ İNDİ





    (Azad Qaradərəlinin “Ucubuluq” roman-dastanı üzərində düşüncələr)


    Rus tənqidi realizminin “xaç atası” V.Q.Belinskinin yazarlara məsləhəti həqiqi ədəbiyyatın, sözün dayaq sütunudur: “Öz lövhələrinizin məzmununu sizi əhatə edən həyatdan götürün, onu bəzəməyin, təzədən düzəltməyin, əslində necədirsə əks etdirin, həm də ona canlı müasirlik gözü ilə baxın”.

    Əsərlərini əksəriyyətində bu yolu tutan “Şəhərcik”, “Kuma-Manıç çökəkliyi”, “Əllidən bir kəm”, “Morq çiçəkləri”, “Ən böyük adam” romanlarının, hekayələrin, esselərin, xaricdə nəşr olunan dörd kitabın müəllifi Azad Qaradərəli “Ucubuluq” roman-dastanını “uzun illər - həyatı boyu yazıb, ahıl çağlarında özünü toplayaraq bitirmək qərarına gəlib. Əsər “Dədə Qorqud” motivləri əsasında yazılıb. Çoxları barındığı əsərin təsir dairəsindən çıxa bilmir, ona oxşadığından, yeni fikir kasadlığından əsər uğursuzluq zolağına düşür, çox yaşaya bilmir. “Ucubuluğ”u müəllif Azərbaycan ədəbiyyatının ən qədim yazılı abidəsi (VI-VII əsrlər) “Kitabi Dədəm Qorqud”un (“Kitabi-Dədəm Qorqud ala lisani tayifeyi oğuzan”) dilinin zənginliyini, şirinliyini özündə yaşadan dastanın çağdaş 13-cü boyu təqdim edəndə haqlıdır. Ön sözündə - “Yazandan”da yazıçı vurğulayır ki, babamın mənə danışdığı “Ucubuluq” əhvalatı əslində bu dastanın 13-cü boyu imiş. 

    “Kitabi-Dədəm Qorqud” dilinin bu dərəcədə müasir versiyasını verə bilən” (Tehran Əlişanoğlu) roman-dastan “xalq metodları ilə mənalı oyuna girən simfoniya kimidir” (Niyazi Mehdi), “bir az ənənəvi olmayan postmodernizmdir, eyni zamanda qədim mətnin çağdaş dilin ironik qatında yenidən canlandırılmasıdır, bir növ, qədim mətnin həm də rekonstruksiyasıdır” (Aqşin Yenisey), qədim yazılı abidəmizin “dekonstruksiyasıdır” (İsmayıl Kazımov), “müəllif mifi”dir (Maral Yaqubova), “təsvirlər ifratla kasadın tən ortasında - “qızıl orta”dadır, “Kitabi-Dədəm Qorqud”un ruhunu, havasını itkisiz daşımaqla yanaşı, dastanın ərk və ədasında yazılmağı ayrıca həzz verir” (Mübariz Örən). Əsərdəki jarqonlar, arxaik sözlər, xalq danışıq dilinin rəndələnməməsi, ütülənməməsi, dialoqların təbiiliyi, poetik mətnlərdəki Dədə Qorqud ruhu əsərin ideyasını, yazıçının məqsədini birbaşa anladır.

    Roman-dastandakı hadisələr 500-600 il əvvəl Zəngəzur mahalında, ora yaxın Qaradağda və Təbriz ətrafında baş verir. O dövrlər, müəllifin təhkiyəsi ilə desək, “zaman ol zamandır ki, kişilər üstdə olsalar da, işarəni altdakılar verirdi. Altdan ötürülən məsləhətlər üstdəkilərə toxunur, həm colma-cocuq törəyirdi, həm də el-oba ağ günə çıxırdı. Altdakı xanım olmasaydı, xanın günü qumarda, xoruz döyüşündə, arvadbazlıqda, oğlanbazlıqda keçəcəkdi, ölkə yaddan çıxacaqdı”.  Söhbət 500-600 il əvvəldən gedir. Niyə 1300-1400 əvvəldən yox? Azad müəllimə görə Oğuz elinin Dədəm Qorqudu ölümsüzdür, əfsuslar olsun ki, Ucubuluq da.  Artıq altı-yeddi nəsil dəyişən Oğuzlarda yaşayan təkcə  müdrik ağsaqqal Dədəm Qorquddur. Qazan xanların, Aruzların, Bamsı Beyrəklərin, altı-yeddinci nəsilləri yaşayır qədim-qayın Oğuz ellərində. Dövrün mizanı pozulub. Ağsaqqalın, ağbirçəyin, müdrikin sözünə, qopuza qulaq asan yox, Dədə Qorqudun qopuzunu daşa çırpıblar, özünü küsdürüblər, daha ad qoymur, eli ağsaqqlsız qoyub gedib. 

    Yazılarımda paralellər, müqayisələr aparmağı nədənsə çox xoşlayıram. “Ucubuluq” roman-dastanı ətrafındakı  düşüncələrimdə də  bu “xasiyyət”mi dəyişdirməyəcəyəm.

    İndi vəziyyət necədi, Azad müəllim? Çox dəyişib, ancaq mənfi yönə. İndi dünyanı Ucubuluqlar idarə edir. Bəli, indi Ucubuluq tək deyil, küçükləyib artıblar, ən bəheybəti də Rusiyadadır. Onlar bir eli-elatı yox, dünyanı udmağa, milyardlarla insanın qanını sıxıb içməyə çalışırlar. Qollarının, tamah gözlərinin, “dərə ağız”larının, mağara mədələrinin sayı bilinmir. Nə körpə tanıyırlar, nə qadın, nə də ahıl. Tamah cilovlarını səllimi buraxdıqlarından quduzlaşıblar, nəfsləri daşları dəlir. Dünyanın beş qitəsini qamarlayıblar, Antarktidada  maraqları, gözləri azdı. Niyə? Çünki orada buzdan başqa heç nə yoxdu. Buz da çağdaş Ucubuluqların ürəyini daimi donuşluq sahəsinə çevirdiyindən buzlaqlara ehtiyacları yoxdu...

    Nə isə. Keçək “ol zaman”lara - Azad müəllimin yazdığı Dədəm Qorqud dövrünə...

    “Ucubuluq” roman-dastanı “Yazandan, “Ozandan” ön sözü - proloqu ilə başlayıb iki qol, hər qol da 12 boyla davam edib, “epiloq-duvaqqapma” ilə sonlanır. Elə ilk boyların adından “Kitabi-Dədəm Qorqud” ab-havasına, ovqatına kökləndim. Yazıçı “dastanın üslubunu, dilini qorumağa çalışmış, modern romançılıqla klassik dastançılıq ənənələrindən istifadə edərək yeni bir roman-dastan qələmə almışdır”.

    Ucubuluqlar tamahını ram edə bimədiyi kimi, ola bilsin mən də düşüncələrimi yığıb-yığışdıra bilməyim. Çünki Azad müəllimin ötürdüyü ismarışlar o qədər zəngindir ki, heç bir cümləsindən laqeydliklə ötüb keçmək olmur. Ona görə də  “ol zaman” və “indi” sözlərindən bezməyin.

    Elə vədələr idi ki, “qopuz qəlp sözə, qəlp adama aldanmır”dı. İndi mənəvi dəyərlərə o qədər tüfeyli qurdlar, həşaratlar daraşıb ki, gecə-gündüz gözümüzə girirlər:

        

        Yaşa, yaşa, Ərsin xan,

        Paşa-paşa Ərsin xan.

    

    Min illərdir elə hey çal-çağırdı, xanların adını dəyişirik, əvvəlkinə bağladığımız dastanı sonrakına oxuyub ağ günə çıxmaq istəyirik. “Qadın uşaqlığı kimi şəfqətli, mərhəmətli, verimli torpaq”larımızın Basat çayının, unikal, Avropada birinci, dünyada ikinci çinar meşəsinin adını Bəsitçay, Bəsitçay qoruğu, adından qədimliyi danılmayan Aruzdərəni İrazdərə edən tariximizə qənim kəsilənlərin qarşısında susuruq. 

    500-600 il əvvvəl Dədəm Qorqud ölümsüz idi. “24-cü arvadını götürüb inzivaya çəkilb”. Yaşını dəqiq bilmir. Yenə colum-cocuğu var, verimlidi.  “Ol zaman”lar Dədəm Qorqudu bəyənməyən Dursun xanlar, indi də Dursun xanların xisləti dəyişməz törəmələri yen-yeni, çeşid-çeşid yaltaq, yalaq, “taxma” “Dədə Qorqudlar qayırıblar” və hələ “istehsal” edirlər. İndikilər təkcə qopuzla yox, elektrikə qoşulmuş sazla, balabanla, sazın üstünə bərkidilmiş mikrofonla qışqırırlr, bəlkə də fonoqram “oxuyurlar”, səsləri də birtəhərdi, ağırbatman ozanlıqdan əsər-əlamət yoxdu, dingildəyə-dingildəyə “ol zaman”lar kimi tez-tez çağdaş Dursun xanlara “baş əyirlər, bağır basırlar”, yeni dastan bağlayırlar. O vaxtkı saxta Dədə Qorqudların arvadlarının xasiyyətini indiki xanım-xatınlar can-başla davam etdirməkdədirlər. Yeni Dədə Qorqudların arvadları da dağ yamaclarının turacları, kəklikləri kimi qıy-qıy ötərək indiki Dursun xanlara “sənə qurban mənim canım” oxuya-oxuya mərhəm yerlərini nişan verəndə ərləri də fərəhlənir.

    Ay Dədəm Qorqud, bilirsinizmi ki, Milli Məclisdəki “aşıq”larımızın çoxu  sazsız-balabansız oxuyur, qalanları da mürgüləyə-mürgüləyə züy tuturlar. Millət də “Şahsevəni” havasından “zövq” ala-ala uyuyur.

    Dədəm Qorqud yenə “ol zaman”lardan danışır:

    “Bizlərdə qız-gəlin aşıqdan gizlənməz. Baş-gözlərini açar, sinələrini düzdə qoyarlar... vallah sizə bir sirr açım: mən bu Oğuz məmləkətində canı-dildən qapanan bir qız-gəlin görmədim. Düzdü, bəzi gözəllərinə o da yaraşır, amma Allahın verdiyi gözəlliyi qara çadrada gizlətmək Allahın özünə də xoş getməz”.

    Ay Dədəm Qorqud, sinələrini, daha cəlbedici yerləri düzdə “ol zaman”lardan düzdə qoymaq bizə sizdən qalma “ürəyiaçıqlıq” imiş. Çadralılarımız da çoxalıb, ancaq utanc hissimiz yoxa çıxıb, utanmadan bəyan edirik ki, zahura gecə klublarına gedirik. 

    Yeri gəlmişkən, roman-dastandakı “qağanaq”, “yaralav”, “mağdur”, “ozalanmaq”, “yapıt”, “həttənmək”, “kəmsər”, “gandımaq”, “sadax”, “yayax” və digər ana dilimizdəki sözlər itib-batıb, əndrəbadi Qərb sözləri ilə əvəz olunmasında dilçilərimizin “xidmət”i də danılmazdır. Bizim hörümçəklərimiz “spayder” olub, qloballaşıb, modernləşib. 

    Çoban Qarabinədən on qoyun istəyən “dərə ağızlı, bədheybət belinə bağladığı saysız-hesabsız qollarından” biri ilə 600-700 addım aralıda dayanıb çoban itlərini ovcunda boğan, it qanına da susayan Ucubuluğun Qarabinəni yendiyində bir nüansdan yan keçə bilmədim. Ucubuluq “mərə çoban”ın - Qarabinənin qanını içib, qansız bədənini ağzına atandan sonra “gəzişə-gəzişə əsnəyir”:

    “Bu insanlar olmasaydı dünya nə yaxşı olardı. O irəli birin tutmuşam. Deyirəm ki, get, evində dişədəyər nə var, yığ, gətir. Yoxsa sənin özünü yeyəcəm... Zülüm-zülüm ağlayır. Deyirəm, ə, dılğır, niyə ağlayırsan? Hələ sevin ki, mən sənin özüngu yemirəm! Elə ağlaya-ağlaya nə desə yaxşıdı?! - “Ucubuluq” ağa, mənim malım da, canım da, hələ üstəlik balalarım da sanga qurbandı! Amma səndən bir umacağım var: mənimkini yağmaladın, qardaşımınkını da yağmala. Onunku mənimkinnən ikiqat çoxdu”. Dedim, vay sənin evinəcən! Belə də məxluq olar ə?! Hisimdən tutub tikə-parça elədim. Keçirdim şişlərə, amma yeyə bilmədim... Yaltağın, yalağın əti də pis dadır... Belə yelin-qozun çıxanda bəd qoxu gələr e, bax eyzən elə qoxuyur.... Tfü! İyrəndim lap”...

    Ucubuluğun bu “monoloq”unda bu günümüzə ötürülən ismarışlar xislətimizin sabitliyindən xəbər verir. Biz dəyişəcəyikmi? Çətin! Ucubuluğun bircə bu işi alqışlanmalıdı. Mənəviyyatı çürüyün birini yeyib mədəsini, yox ey, onun mədəsi yoxdu axı, qarnını zəhərləyib bizi ondan qurtardığı üçün. Kəmfürsət Ucubuluğun müsbət xisləti də varmış - yaltağı, yalağı sevməzmiş - indiki Ucubuluqlardan fərqli olaraq. İndiki qansoran yeddimədəli Ucubuluqlar yaltaqların iyrənc sifətlərindən, yağlı sözlərindən ötrü sino gedirlər. Allah ölənlərinə rəhmət eləsin, Ucubuluq!

    Bir də atalarımızın “məndən ötsün, qardaşıma dəysin” sözləri elə Oğuzla yaşıddır ki...

    “Qaragünənin Ucubuluğun qolunu kəsdiyi boyun bəyanı”nda torpaq, yurd, el sevgili bir Oğuz ərəninin “qara ağızlı mərə qavat Ucubuluqdan qardaşı çoban Qarabinənin qanıını alması səhnəsi ikinci Qarabağ savaşında Azərbaycan igidlərinin Şuşadakı rəşadətini bir daha xatırlatdı. Nə yaxşı ki, Oğuz elləri  bu gün də Bamsı Beyrəklər, Qarabinələr, Qaragünələr, Ağaclar, Dirəklər, Uçarlar yetişdirə bilir. Onlar Ucubuluq xislətli xain qonşularımıza - “ermənizm” xəstəliyindən başı bəlalar çəkən mənfur düşmənimizə və onların havadarlarına Ucubuluq taleyi yaşatdılar, şəhidlərimizin, qazilərimizin qanı ilə suvarılan torpaqlarda Vətənin üçrəngli bayrağını ucaltdılar... 

    Qaragünənin uca Tanrıdan istədiyi “ol zaman”ların və bu günün qəhrəmanlarının döyüş ruhuydu: “Mənə güc ver, qüvvət ver, bu mərə Ucubuluğu yenim, qardaşımın qanını alım, nəslimizin (xalqımızın) adına düşmüş ləkəni təmizləyim!”.

        

        Tanrım, güc ver, yağının qanın

        Ovuclayım, içim! 

        Sonra bu dünyadan rahatca köçüm!

    

    Roman-dastandakı şeir parçalarında yazıçı “ol zaman”ların poetik ruhu ilə yanaşı, ana dilimizin şəhdi-şəkərinin dadını, iliyinin saflığını, zənginliyini də önə çıxarmışdır. Elə bil ki, 1300-1400 il əvvəlki “Kitabi-Dədəm Qorqud”dur bizimlə həmsöhbət olan. Bu nümunələrdə müdrik el ağsaqqalının sözünün, qopuzunun səsi, ahəngi ilə durulursan:


        Hey mərə Ucubuluğ!

        Əllərin məndən çox ola bilər: buluğ-buluğ!

        Qarnın mənimkindən yekə ola bilər: tuluğ-tuluğ.

        Səsin mənimkindən güclü ola bilər: boğuq-boğuq...

        Amma Ucubuluğ!

        Bil ki, ağlın mənimkicən olamaz -

        Səninki soluğ-soluğ!

        Gəl-gəl, mərə qavat-qavat!

        Gəl, sənə can dadlısın göstərəyim,

        Anan üstə ağı desin boyat-boyat!


    “Ərsin xanın qızı Ağcanın Qaragünə ilə görüşə getdiyi boyun bəyanı”ndakı hamıya örnək olan, var olmaq uğrunda çarpışmalarda önəmli məram - birlik, həmrəylik Oğuz Türklərinin amalı olmasa Böyük Turan yaranacaqmı? Ağcan da monoloqabənzər intizarında bu mətləbi önə çəkir:

    -Bizim köntöylər elə bilirlər ki, qadağaları ilə məni Qaragünədən soyudacaqlar.Axı niyə başa düşmürlər ki,biz bir-birimizi sevirik? Elə bircə söz bilirlər: Qaragünənin tayfası bizim tayfa ilə düşməndir. Deyirəm ki, ay əmi, ay dayı, ay xala, ay bibi, ay mənim əzizlərim, axı bizim bircə düşmənimiz var - torpaqlarımıza göz dikən, sərvətlərimizi əlimizdən almaq istəyən yadellilər! Biz hamımız gücümüzü birləşdirməli, mərə Şöglü Məliyin qoşunlarına qarşı döyüşə hazır olmalıyıq. Bizə iç savaş yaraşmaz... İç savaş yıxmadımı Oğuzun evini?”.

    İndi iç savaşın dürlü-dürlü yeni formaları - ailə biznesini qorumaq, qohumbazlıq, yerlibazlıq, rüşvətbazlıq və digər çeşid-çeşid “bazlıq”lar içimizdən yeyir bizi. “Ol zaman”lardakılar indikilərdən bəlkə də insaflıdırlar. İndi tam çılpaqlığı ilə bilirik ki, pulun, biznesin, maddi sərvət düşgünlərinin dostu, düşməni, milləti, soy-kökü olmur. “Ol zaman”lar Dursun xanın adamları ilə Şöglü Məliyin adamları həftəbazarı açıb anlaşmışdılar, Oğuz eli böyük bazara çevrilmişdi”. İndi alverin “çiçəkləndiyi dövrdü, həftə yox, hər gün, gecə -gündüz – 24 saat şıdırğı alverdi. Indi “MALL”lar, “Xanbağı”lar, “Xarıbülbül”lər, “Laçın dəhlizi”, “Zəngəzur”lar, “Şəhri-Şuşa”lar yaratmışıq. “Pul, sərvət “sülh göyərçini”di, belə mühitdə qarı düşmənlə də dost olmaq mümkündür. 

    Yəqin ki, maraqlıdır, Ucubuluq kimdir, necə və kimin toxumundan  törəyib, erkəkmi, dişimi, niyə bədheybətdi, qandan doymur? Əsərdə baba ilə nənənin nəvələri ilə söhbətlərində bu müşkül suallar Azad müəllimin təhkiyəsi, “tədqiqat”ı ilə çözülür:

    -Basat mərə Təpəgözü öldürməmişdən Dırmız Zalxanın bacısı qızı Çatdax Fatma onunla yaxınlıq etmişdi.

    -Yaxınlıq etmişdi nədi, nənə?

    -Eeeeee... Zəhləngiz tökülsün... Yanı ki, yatıb-durmuşdu! Hə... Doqquz ayın tamamında ol qadın bir uşaq gətirdi dünyaya. İşə bax ki, bacısı Dırmız da ağır ayaxlı imiş. (Yalançılar sözü, o Kəlləgöz Dırmıza da toxunubmuş - ağzıma daşlar-topraxlar...) O da eyni vaxtda bari həmlini yerə qoydu.

    -Nənə, “bari həmlini yerə qoydu” nədi?

    -Yanı ki, doğdu. Dırmız Zalxanınkının adı Qaradığırıq, Çatdax Fatmanınkı Ucubuluq oldu. Qaradığırıqla Ucubuluq bir-biri ilə tutaşdılar. Elə bir-birini al qana bulamışdılar ki, anası Çatdax Fatma gəlib ayırdı onnarı. Qaradığırığı özüylə Qaranlıq dünyaya apardı. Ucubuluğu da işıqlı dünyada qoydu. Elə o günnən  Ucubuluq bizə işıqlı dünyanı dar elədi”...

    Baba ilə nənə “başını qotur basmış bir çoxbilmiş” nəvənin “bəs o hardan bilir ki, ölkənin nizamı rozulub? sualı qarşısında daş kimi lal qaldılar. Deməyə qorxdular ki, ölkənin nizamını pozanlar da elə onlardı. Onu bilən bir kişi - Dədəm Qorqud da “baş götürüb getdi Oğuzdan”...

    Söhbət Azad Qaradərəlinin roman-dastanın dilinin zənginliyindən, ənginliyindən, dadından-duzundan  getmişkən, Ucubuluğun təsviri buna ən inandırıcı sübutdur: “dəyirman daşına tay gələsi sifət, gavalı boyda gözlər, bədəninə bitişik yekə baş, dəvədabanı yarpaqlarına oxşayan qulaqlar, irəli çıxmış dirsək kimi burun, dörd qaplan dişi boyda qorxunc dişlər, dəyirmanın donuzluğu kimi yekə və sehirli qarın, ilan kimi bədəninə doladığı uzundan uzun qollar (ən təhlükəli silahı), meymun qolları uzunluqda barmaqlar”.

    “Ol zaman”larda, yəni “qabaqlar Oğuzda yaltaqlıq deyilən şey olmazdı. Adamlar yalannan bir-birilərini tərifləməz, olmayan sözlər deməzdilər”. Sonradan Oğuzda “məktəblərdə ayrıca yalmanmaq dərsləri keçirdilər. Xanın qabağında necə əyilmək, xana təriflər yağdırmaq, quşunu götürmək bir elm kimi cocuqlara öyrədilirmiş”. Onda Yalaq bəylər doğuldu. Sən demə, yaltaqlıq ikinci qədim peşə imiş. O vaxt Dursun xanın “atının dırnağına fəda olurdular, indi ayaqqabısını öpməkdən ötrü növbəyə dururlar. Parlament söyüşlərini toplayıb “Söyüş ensiklopediyası” nəşr etmək kiminsə yadına düşmür, ideya verdim...

    Parlament demişkən, “Dursun xan başa keçəndən sonrakı ilk işi” sirrli, möcüzəli Aşıq bulağının ətrafını hasarlatmaq oldu. Dursun xan bizim millət vəkillərindən uzaqgörən və “ağıllı” imiş. Onun “bulaq nümayəndələri” - “subaşılar” bulağın suyundan içənlərdən ya beş tümən, ya da bir qoyun “vergi” alırdılar, hətəsonu - bulaq qaynayıb daşanda isə - bir axça qızıl pul. Nəhayət bir gün Ucubuluq “qollarını - qoşunlarını bulağa göndərib zəbt etdi, Dursun xan var-yoxunu götürüb aradan çıxdı, o gündən bu irmaq Aşağı bulağa çevrildi”.

    İndi dəniz sahillərinin hasarlanması, şəfqətli sularda çimməyin, qumlarda müalicənin bədəlinə baxanda bu günkü Dursunlar insaflıymış. İndi dörddə bir qoyun dəyərində çimmək, “zaqar etmək” mümkündür. Nə yaxşı ki, bir axça qızıl istəmirlər. Çünki əla bilirlər ki, cammatın bir axça qızılı nə gəzir, onu qazanmağa imkan verən kimdi? Kasıb hara, qızıl hara? 

    Bir də Ağac qazamata salınan günün səhəri Ağacın Basatçayın üstündə qurduğu körpüyə Dursun xanın qaynatası, Qaradağın darğası Dəli Dündar vergi qoydurdu: “körpüdən keçənlər on axça, keçməyənlər on beş axça”. Gülməyin, Dəli Dündar hamını körpüdən keçirən darğa kimi Oğuz tarixinə adını belə yazdırıb. Bizim bir çox məmur və millət vəkilləri kimi. Bu lap parlamentin “xalqın xeyrinə” qəbul etdiyi qanuna bənzəyir, eləmi?

    Azad Qaradərəli ən qədim yazılı abidəmizin - “Kitabi-Dədəm Qorqud”un Almaniyanın Drezden şəhərində saxlanılmasını təqdir edəndə ona haqq qazandırdım: “Kitabımız qalıb gavur əlində. Amma yaxşı ki, orada qalıb. Dursun xan ona sərf etməyən yerləri pozub Ərsin xanın, özünün adını yazdıracaqdı. Amma orda sağ-salamat, əsəndi”.

    “Ol zaman”lar Pıxıllı tayfası “Yapışqan günü” keçirərmişlər. Bu “günün” əsas məramı “iyləşə-iyləşə” kim-kimi tutdu idi. “Ərsin Bayandur xanın bic qızı Gülən Xatunla alış-verişdi və xan taxtına oturdu. Püsürlülərin başçısı Qopuq bəy oğlu Yalaq bəy Dursun xanın sağ əliydi. Yalaq bəyin gücü də bacısı Yalxı xanım idi”. Yalxı xanımın “ümumxana”sı sarayın əlavəsi” kimi qızğın fəaliyyətdəydi. “Ümumxana həm bəylərin dişdəyişmə yeri,  həm də “ol zaman”ların dəqiq və operativ “informasiya agentliyi” kimi iki “mühüm” funksiya daşıyırdı. Lazım olanda Yalaq bəy bacısı Yalxı xanımın “yorğan-döşəyinə girirdi”. Pıxıllıların “idarəetmə” siyasəti belə “demokratik dəyər”lərə söykənmişdi.

    Əsərdə Dəli Domrulun atasından, anasından, övrətindən ömür diləməsi, hamıdan “yox!” cavabını alması, təkcə qədim peşə sahibi Aynanın buna razı olması, Allahın Aynanı da bağışlaması şüuraltını formalaşdıran hikmətli bir pritçadır - yaxşılıq, mərhəmət, xeyirxahlıq edəni kimliyindən asılı olmayaraq Tanrı bağışlayar.

    “Ağacın dutsaq olduğu boyun bəyanı”nda “boynuna heç nə qoya bilmədikləri Ağacı yırtıcı quşlar odasına atırlar. Əzmini qıra bilməyib yenidən qazamata qaytarılır, “özünün yonduğu, yontaladığı qara baslı qopuzu  ilk görəndə gözləri dolur, sinəsi atlanır, qəlbi təpir”, “ol zaman”ların və elə indinin də “azadlıq marşı”nı hayqırır:


        Mərə dutsaqlar,

        Qopuzummu gəldi?!

        Oğuzummu gəldi?!

        Bu qopuz deyil, bir ahdı,

        Qopuz demə, silahdı!

        Dədəm Qorqud gedəli

        Könlümüz bulandı.

        Dursun başa keçəli

        Bağrımız yandı!

        Heyyyy igidlər,

        Mərə igidlər!

        Dönün qaplana,

        Şirə igidlər!

        Qisas günü yaxındadı,

        Ya səndədi,

        Ya məndədi,

        Ya bundadı!

        Oğuz indi Oğuz deyil,

        Bir qazamatdı!

        O bizə dədələrdən amanatdı!

        Hazırızmı amanatı almağa?!

        Hazırızmı birgə qılınc çalmağa?!

        -Hazırız!

        -Hazırız!

        -Hazırız!


    Qopuz Oğuz igidlərinin qanı coşdurmaya bilərdimi?!

    “Ucubuluq” roman-dastanında Azad Qaradərəli iki Dədəm Qorqud obrazı yaradıb - həqiqi və “taxma”. “Taxma” (saxta) Gədə Qorqud yaltaq-yalaqdı, yalandan xanlara tərif yağdırır, Yalxılar xanım, Tanrıya Allah deyir, qopuzu sinəsinin sağ tərəfində çalır”. Əsl Dədəm Qorqud 1300-1400 ildi yaşayır, ölümsüzdü, Oğuz elinin müdrikidi. Həqiqəti söyləyir, “gəlinə ayıran, ayrana doyran, iyniyə tikən, tikənə sökən” demir, qopuzuna xəyanət etmir, qopuz həmişə sinəsinin sol tərəfində - ürəyinin başındadır.

    Bu xislətcə bir-birinə zidd Dədəm Qorqudu və saxta Gədə Qorqudları əslində təkcə mühit yox, həm də Oğuzlar özləri yaradıb, yazıçı isə onları çoxumuzdan fərqli olaraq görə bilib. Başımız çal-çağıra, qarın və tamah davasına qarışdığından biz onların yanından laqeydliklə ötüb keçmişik. Ona görə həmişə vurğulayıram ki, özünə, qələminə, istedadına hörmət edən söz adamının üçüncü həssas gözü olmalıdır. 

    İndinin “ol zaman”dan bircə fərqini tapdım: bizim Dədəm Qorqudumuz yoxdu. “Ol zaman”lar bədheybət, dərə ağızlı, qan içməkdən həzz alan, qadın görəndə kirdarı olmayıb özünü lənətləyən, ağlayıb-bozlayan Ucubuluğu çinar boylu, aslan biləkli, qaplan cəsarətli igidlər yenə bilməsə də, müdrik Dədəm Qorqud qara qopuzu, dağdan ağır sözü, müdrikliyi ilə mağarasında əbədi yatmağa məcbur etdi, Oğuz elini çoxqollu, mədəsiz bəladan qurtardı, dar gündə elin nicatına yetişdi. Dədəm Qorqud özü kimi ölümsüzlük verilən Ucubuluğu “öldürdü”. Bəs indi?

    Dastan dili yüyrək olar. Sonda həqiqi Dədəm Qorqud Oğuz elinə qayıtdı, həqiqi Dursun xan Yalxı xanımı və bir neçə fahişəni götürüb xaricə qaçdı, “taxma” Gədə Qorqudların sazları əllərindən alındı, Qaragünə xan taxtına çıxdı, dünən Dursun xana bir qoşma yazanın onu yeni xan Qaragünə oxumaq arzusu ürəyində qaldı, xaricə qaçan, Şöglü Məliklə işbirliyi yapan  Dursun xan və qulbeçələri geri qaytarıldı,  Dədəm Qorqud Dursun xana qeyri-adi cəza verdi: “kimsəsizlər kəndinə hər gün Araz çayından xəlbirlə su daşıyacaq!” 

    Və “Ucubuluq” kimi hikmət xəzinəsinin sahibi Azad Qaradərəlinin təxəyyülünün məhsulumu, yoxsa gerçəklikmi əsərin sonuncu üç cümləsi:

    “O vaxtdan bəlkə də mini il keçib, bilmirəm, amma Qaradağın ətəyində Ozan kəndinin yaxınlığındakı qayalıqda bir heykəl var, əlində də xəlbir. Deyirlər, o heykəl bədbəxt Dursun xanındır. Xəbirlə su daşımağın faydasız olduğunu görüb Allaha yalvarıb ki, onu daşa döndərsin...”.

                                  

                                        May  2022.

    

          


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)