Edebiyyat.az » Ədəbi tənqid » Zakir Məmmədəli - “Ucubuluq” roman-dastanında Qərb fəlsəfəsi motivləri

Zakir Məmmədəli - “Ucubuluq” roman-dastanında Qərb fəlsəfəsi motivləri

Zakir Məmmədəli - “Ucubuluq” roman-dastanında Qərb fəlsəfəsi motivləri
Ədəbi tənqid
admin
Müəllif:
17:15, 02 iyul 2022
1 486
0
Zakir Məmmədəli - “Ucubuluq” roman-dastanında Qərb fəlsəfəsi motivləri





Azad Qaradərəlininin “Kitabi-Dədəm Qorqud” dastanının motivləri əsasında qələmə aldığı “Ucubuluq” roman-dastanını oxuyarkən XX əsrin dünyaca ünlü   filosofu Martin Haydeggerin fəlsəfəsi ilə roman arasında özümü də heyrətə salan maraqlı assosiasiyalar yarandı məndə. Romanın girişində Dədə Qorqudun oğuz ellərini tərk etməsindən, müəllifin təbirincə desək, “inziva”ya çəkilməsindən bəhs olunur. Haydegger də 1966-cı ildə alman jurnalı “Şpigel”in əməkdaşları ilə müsahibəsində Allahın uzun zamandı Avropanı tərk etməsindən danışırdı: “Bizim yeganə şansımız qalır: təfəkkürdə və poeziyada Allahın zühur etməsinə və ya onun yoxluğu ilə barışaraq, ölməyə hazırlaşmaq”. Əcəba, bu qədər fərqli mədəniyyətlərin yetirdiyi bu iki fikir adamı arasında dünyagörüşünün ən dərin qatlarına gedib çıxan və bəşərin taleyinə işıq tutan mövzulara münasibətdə müşahidə olunan qəribə paralellər nədən xəbər verir? Bu sualın cavabına keçməzdən əvvəl dəyərli oxucularda söhbətin nədən getdiyi haqqında aydın təsəvvür yaratmaq üçün sösügedən “assosiasiyalar”, “paralellər” üzərinə bir işıq salmağa cəhd edək.

XIX əsrin əvvəllərində Almaniyada qısamüddətli, lakin olduqca coşqulu bir romantizm hərəkatı baş qaldırdı. Bu hərəkat Avropa maarifçilərinin total sekulyarlaşma ideologiyasına reaksiya kimi meydana çıxdı. Maarifçilərin dərin inamına görə yer üzündə min illər boyu bəşərin həsrətində olduğu əmin-amanlığın, insanlar arasında bərabərliyin və qardaşlığın hökm sürəcəyi ədalətli cəmiyyət qurmağın yeganə yolu zəkanın, onun daşıyıcıları olan elm və təhsilin həyatın bütün sahələrini kökündən dəyişdirəcək bir qüvvəyə çevrilməsindən keçir. Bu yolda əsas maneə insanların şüuru və düşüncəsi üzərində təkbaşına hökmranlıq quraraq, onların fəaliyyətini istiqamətləndirən dindir. Buna görə də Avropa maarifçiləri sürətlə güc toplayan elmin gəlişməsindən ilhamlanaraq, kilsənin fəaliyyətini və xristianlığın ehkamlarını öldürücü tənqid atəşinə tuturdu. 

Lakin artıq maarifçilik əsrinin axırlarına yaxın tədricən anlamağa başladılar ki, elm və təhsilin Avropada sürətlə yayılması, maarifçilərin gözləntilərinin əksinə olaraq, heç də insanın özünün tərəqqisi ilə müşayiət olunmur. Əksinə, Avropada xeyli dərəcədə maarifçilik ideologiyasının təsiri altında təşəkkül tapan sekulyar cəmiyyət insanları bir-birinə düşmən kəsilmiş müxtəlif təbəqələrə parçaladı. Tədricən məlum olmağa başladı ki, hökmran mövqeyə yüksəlmiş rasional başlanğıclar olan zəka, elm və təhsil insanların mənəvi birliyini, həmrəyliyi, cəmiyyətdə mənəvi inteqrasiyanı təmin etməyə qadir deyil. O vaxta qədər din Avropada insanların mənəvi inteqrasiyası kimi həyati əhəmiyyətli vəzifənin öhdəsindən kifayət qədər uğurla gəlirdi. Maarifçilərin uzun zaman xristianlığa qarşı yönəlmiş sarsıdıcı tənqidi dinin inteqrasiyaedici potensialını iflic vəziyyətinə saldı. Buna görə də alman romantizminin təmsilçiləri yeni tarixi şəraitdə xristianlığı sağlamlaşdırmaqla onun inteqrasiya potensialını bərpa etmək proqramını irəli sürdü. 

Romantiklər inandırmağa çalışırdı ki, bu proqramı gerçəkləşdirməyin yeganə mümkün yolu dini incənətin ecazkar gücü ilə birləşdirməkdir. Cəmiyyətdə mənəvi birlik, həmrəylik yaradan dini etiqad, dinin əsasını təşkil edən qədim miflərdən qaynaqlanır. Maarifçilərin xristianlığa qarşı yönəlmiş rasionalist tənqidi bu qədim mifləri həyati enerjidən məhrum etdi. Alman romantik fəlsəfəsinin nümayəndələri əmin idi ki, qədim miflərdən qaynaqlanan dini mərasim və ritualları teatrallaşmış incəsənət səviyyəsinə yüksəltməklə maarifçilərin qədim miflərdə qorunan böyük həqiqətlər üzərinə sərdiyi qalın pərdəni yox etmək mümkündü. Yalnız incəsənətin böyük yaradıcı gücü insanları maarifçilik illüziyalarından azad edərək, onları əsl dini həqiqətlərin həmrəylik yaradıcı potensialına yenidən qovuşdura bilər.

O dövrdə romantiklər arasında qədim yunan allahlarından biri olan Dionis haqqında mif xüsusi populyarlıq kəsb etməyə başladı. Romantiklərin Dionis haqqındakı qədim mifə xüsusi marağının səbəblərindən biri ona isnad verilən keyfiyyətlərdən irəli gəlirdi. Qədim Yunanıstanda Dionisin şərəfinə böyük coşqu ilə keçirilən misteriyalarda Dionis, insanları fərdiləşdirərək bir-birindən ayıran  rasional sosial normaları qəfil ildırım çaxması kimi anidən dağıdan və bununla da yunanların öz tarixlərinin qızıl dövrü adlandırdıqları mifik keçmişləri üçün səciyyəvi olan sosial inteqrasyanı, pozulmuş həmrəyliyi bərpa edən bir qüvvə kimi yad edilirdi. Romantiklər ümid edirdi ki, dini bayram və mərasimləri, ritualları teatrallaşmış incənət nümunələri səviyyəsinə qaldırmaqla, Dionisə həsr olunan qədim misteriyalarda yaşanan həmrəylik hisslərini və sosial inteqrasiyanı yenidən bərpa etmək mümkündü.

Alman filosofu F. Nitşe, gəncliyində romantiklərin güclü təsirinə məruz qalsa da, romantiklərin xristianlığı incənətin köməyi ilə sağlamlaşdırmaqla Avropa cəmiyyətində itirilmiş sosial həmrəyliyi bərpa edəcəyinə bəslədiyi ümidlərə ikrah hissi ilə yanaşırdı. Nitşe hesab edirdi ki, xristianlıq, mahiyyətcə, dekadans hadisəsidi, belə ki, Avropada sosial inteqrasiya qüvvələrinin öləziməsinin əsas səbəbkarlarından biri, məhz, xristianlığın təsis etdiyi əxlaq normaları və dəyərlər sistemidi. Buna görə də Maarifçiliyin zərbələri altında iflic vəziyyətinə düşmüş xristianlığı sağlamlaşdırmağa cəhd etmək cəmiyyətdə hökm sürən parçalanma və deqradasiyanın daha da dərinləşləşməsinə xidmət edər. Nitşe iddia edirdi ki, Dionis misteriyalarında insanın qarşısında açılaraq, sosial həmrəyliyi qidalandıran gerçəkliyi indi, XIX əsrin ikinci yarısında, yalnız incəsənətin sonralar avanqardizmi yaradan ən yeni cərəyanları üzə çıxarmağa qadirdi. Klassik incəsənətin bütün kanonlarını və normalarını sındırıb dağıdan bu yeni incəsənəti mənimsəmiş fərdin gözləri önündə gündəlik həyatın insanları bir-birindən təcrid olunmuş “hücrələrə” pərçimləyən norma və sərhədləri yox olur, sosial inteqrasiya üçün münbit zəmin yaranır.

XX əsr fəlsəfəsində xüsusi çəkisi olan M. Haydeggerin yaratdığı fəlsəfə özünün bir sıra xüsusiyyətlərinə görə  xristianlıqla xeyli dərəcədə səsləşir. Buna görə də o, Nitşenin xristianlığı Avropa cəmiyyətində sosial inteqrasiya (həmrəylik) qüvvələrini iflic etməkdə suçlamasını qəbul etmirdi. Haydeggerin fikrincə, Qərb cəmiyyətində sosial həmrəyliyin pozulmasının başlıca günahkarı XVII əsrdə R. Dekartdan başlayan Avropa metafizikasıdı. O, hesab edirdi ki, sosial inteqrasiya qüvvələrinin dirçəlməsinə xidmət edən əlverişli zəmin yaratmaq üçün Yeni dövr Avropa metafizikasını öz içərisindən destruksiya edərək, aradan qaldırmaq lazımdı. Haydegger inanırdı ki, Yeni dövr metafizikasını aradan qaldırmaqla Qərb təfəkkürünün çıxış nöqtəsini təşkil edən və özündə sosial inteqrasiya enerjisi daşıyan sokrataqədərki düşüncə tipinə qayıymaq mümkün olacaq.

Haydeggerin Dionis motivlərinə marağı Nitşenin təsiri altında formalaşsa da, onun bu motivlərdən bəhrələnməsini şərtləndirən amillər Nitşenin Dionisə verdiyi anlamdan tamamilə fərqlidi. Nitşe üçün Dionis özündə sosial inteqrasiya qüvvələrini təcəssüm etdirən bir simvoldu. Haydegger isə bu simvola öz başlanğıcını Qərbin genetik yaddaşında Dionis haqqında mövcud olan tamamilə başqa bir təsəvvürdən götürən fərqli məna yükləyir. Qərbin genetik yaddaşında Dionis təkcə özü ilə sosial həmrəylik gətirən bir simvol kimi deyil, eyni zamanda, Avropanı uzun zamandı tərk etmiş və qayıdışı böyük bir həsrət və gərginlik içində gözlənilən Allah kimi yaşayır. Dionis Zevslə bəni-adəm qızı Semelanın övladıdı. Zevsin baş hərəmi Gera bunu Zevsə bağışlaya bilmir və Dionisi aramsız təqib edərək, sonda onun ağlını əlindən alır. O vaxdan Dionis Avropanı tərk edərək, onu zülmətə qərq edir, satirlərin və başıpozuq dəstənin müşayiəti ilə şimali Afrikada və Kiçik Asiyada sərgərdən gəzib dolaşır. Əgər Nitşe üçün Dionisin varlığı sosial həmrəyliyi və inteqrasiya qüvvələrini simvolizə edirsə, romantiklər və Haydegger üçün Dionisin yoxluğu sosial inteqrasiya qüvvələrinin iflic olmasını və bununla da Qərb mədəniyyətinin Yeni dövrdən başlayan dərin tənəzzülünün simvoluna çevrilir. Bu tənəzzülü yalnız Avropanı tərk etmiş Allahın yenidən zühur etməsi dayandıra bilər. Bu zəmində də Dionislə xristian Allahı arasında paralellər meydana çıxır. Xristianlığa görə Allahın İsa-məsihin simasında ikinci zühuru günaha batmış yer üzünü xilas edəcək. Haydeggerdən yuxarıda verdiyimiz iqtibası bir daha xatırlayaq: “Bizim yeganə şansımız qalır: təfəkkürdə və poeziyada Allahın zühur etməsinə və ya onun yoxluğu ilə barışaraq, ölməyə hazırlaşmaq”.

Məlum olduğu kimi, Dədə Qorqud dastanlarının özəyi İslamın qəbul olunmasından çox-çox əvvəl qədim oğuzlarin mifik təfəkkürünün yaratdığı rəvayətlərə söykənir. Buna görə də Dədə Qorqud, öz qədim mənşəyi etbarı ilə, sadəcə olaraq, bir el ağsaqqalı, sözü keçən hörmət-nüfuz sahibi deyil, mifik təfəkkürün allahlara isnad verdiyi mühüm məqamları özündə simvolizə edən bir obrazdı. Fikrimcə Azad Qaradərəlinin romanında Dədə Qorqudun  oğuz elini tərk etməsi süjetini bu kontekstdə mənalandırmaq lazımdı. Romandakı bu xətlə Qərb fəlsəfəsinin romantizmdən başlayaraq, Haydeggerə qədər davam edən möhtəşəm süjeti arasındakı paralellər, məhz, bu yanaşma çərçivəsində üzə çıxır. Yazımın əvvəlində qoyduğum suala təkrar qayıtmağın zamanıdı: bu qədər fərqli mədəniyyətlərin yetirdiyi bu iki fikir adamı (Haydegger və Azad Qaradərəli) arasında dünyagörüşünün ən dərin qatlarına gedib çıxan və bəşərin taleyinə işıq tutan mövzulara münasibətdə müşahidə olunan qəribə paralellər nədən xəbər verir? Fikrimcə bu suala ən yaxşı cavabı tarixi prosesin universal qanunauyğunluğu verir: tarixi prosesin xarakterini iki əsas başlanğıc olan mədəniyyət və sivilizasiya arasındakı qarşılıqlı təsir formalaşdırır. Allah məvhumu mədəniyyətin sağlamlığını, əmin-amanlığı simvolizə edir. Zaman gəlir ki, fərqli səbəblər üzündən sivilizasiyanın basqıları altında mədəniyyət kəskin deformasiyalara məruz qalır və nəticədə tənəzzül mərhələsinə qədəm qoyur. Əmin-amanlıq yox olur, hərc-mərclik baş alıb gedir. Allahın yoxluğu özündə məhz bu dağıdıcı tendensiyaları, sivilizasiyanın özbaşınalığını simvolizə edir.



Гражданство Гренады Нулевой Налог На Мировой Доход Для Бизнесмена России

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)