Nemət Mətin - Qalib kimdir? Yazıçı, yoxsa oxucu?
Qadın həbsxanası
Qadın həbsxanasını tez-tez görürəm. Van Qoqun “Məhbusların gəzintisi” əsərindəki kimi dairə şəklində düzülüb gəzirlər. Uzaqdan görsəm də, bədbəxt simaları adama hopur. Bir qadını həbsxanada təsəvvür etmək istəməzdim. Olduqca acınacaqlı vəziyyətdir. Hansısa anadır, hansısa nənə, hansısa həyat yoldaşı və hansısa tənhadır.
Pərviz Seyidlinin "Məktublar arxasında" romanının sujet xətti də qadın həbsxanasından gələn qonaqla başlayır. Bir gün yazıçının qapısını məhbus döyür. Yazıçı ilə həbsxanadan məktublaşan qadın. Kitablarını oxuyan oxucu. Əfvə düşüb həbsxanadan çıxandan sonra ilk gəldiyi yer yazıçının evi olur. Hər şey bundan sonra öz axarıyla gedir. Yazıçı oxucunu daim maraqda saxlayır. Romanı iki günə bitirdim. Tez-tez hadisələrin dəyişməsi əsərə dinamika qatır. Həyatın sxolastikası göz önündədir. Sujet rahatca ssenariləşdirilə bilər. Bu da yazıçının uzun illər ssenarist kimi çalışmasının bəhrəsidir. Hadisələr operatorun kamerasından geniş oxucu kütləsinə göstərilir. Amma eyni zamanda Pərviz insan ürəyində baş verən təlatümləri açmağa çalışır, suallar verir və cavablarını axtarır. Romanı oxuyarkən baş obrazın da bir neçə dəfə adını çəkdiyi əsər yadıma düşdü. C.Faulzun "Kolleksiyaçı" romanı. Manyakın qızı qaçırması və qızın ona vurulması üçün hər şeyi gözə almasından bəhs edir. Ab-hava eynidir. Romanın ortalarında isə C.Tornatorenin "Ən yaxşı təklif" filmini xatırladım. Cefri Raşın baş rolda yaratdığı film rəsm kolleksiyaçısının başına gələn qeyri-adi hadisədən bəhs edir. Orada da baş obrazı qadın aldadır. Romanın sonlarına yaxınlaşdıqca tanrıya yalvarırdım ki, axırı maraqlı bitsin. Bütün gözləntilərim puç olmasın. Həqiqətən də Pərviz bunu bacarıb. Əsər ümumilikdə heç bir əsərə bənzəmir və sonluğu da özünəməxsus, fərqli bitir.
Dəniz, bağ, külafirəngi
Dəniz romanda tez-tez xatırlanır. İntihara cəhd belə dənizdə canlanır. Baş obraz olan yazıçı səhifələrin birində oxucunun qulağına pıçıldayır:
"Dəniz də insan kimidir. Bəzən sakit, səssiz-səmirsiz, bəzən hikkəli, hirsli olurdu. Bəzən mehriban, bəzən qaradinməz birinə çevrilirdi."
Bağ evləri isə Bakının yaraşığıdır, ürəyidir. Bağın gözəlliyi isə külafirəngidir. Pərvizin külafirəngini söhbətgah sözü ilə verməməsi maraqlıdır. Söhbətgah sözü dilə yatmır. külafirəngi isə ən azı yarım əsr bakılıların dilində quma dəyən bağ üzümü kimi şirinləşib. Mənası da maraqlıdır. Küla - papaq, firəng - fransız. Yəni, fransız papağına oxşayan tikili. Həqiqətən də külafirəngi dediyimiz yer fransız papağını xatırladır. Bağda yazıçının dostu, onu bir dəfə batmaqdan xilas edən Xəzri adlı dostu yaşayır. Xəzri maraqlı ad seçimidir. Nə üçün Xəzri? Çünki dostunun atası təlatümlü dənizdən qorxmayaraq balıq ovuna çıxır və geri qayıtmır. Ona görə dostunun adını Xəzri qoyurlar. Dəniz, bağ, külafirəngi, samovar, İçərişəhər xatırlandıqca yazıçının Bakıya necə bağlı olduğunu sezirik.
Məktublar
Məktub elə bir vasitədir ki, iki insan arasındakı münasibəti əbədiləşdirə bilir. Texnologiyanın inkişaf etdiyi vaxtda kim məktublaşar? Məktub keçmişi diri saxlayır. Məktublar nə cür etirafların şahidi olub, İlahi?! Məktublar barədə ayrıca məqaləm də var. İstəsəniz tapıb oxuyarsınız. Amma burada mətləb başqadır. Pərviz yazıçıyla oxucu arasında təması məhz məktubla birləşdirir. İndiki dövrdə sosial şəbəkələrdə bir anın içində məktub istədiyin adama yetişir. O vaxt isə babalarımız nənələrimizə məktub yazanda səbrlə bir ay gözləyərdilər ki, cavab məktubu gələcək və ona görə də bir ayın kədərini, sevincini kiçik məktuba sığışdırmağa çalışırdılar.
Xarakter
Müasir yazıçıların əksəriyyətinin həyatı bir o qədər də maraqlı deyil. Dostoyevski kimi sürgündə olmayıblar, Volter kimi illərlə gəmidə səyahət etməyiblər, Hüqo kimi adaya atılmayıblar və s. Romandakı yazıçı da monoton həyat sürür. Düzdür, uğurlu yazıçı təsiri bağışlayır. Amma həyatın çətinlikləri hələ onu yaxalamayıb. Yazıçının qəhrəmana çevirdiyi yazıçı obrazı romanın gedişatında bərkə-boşa düşdükcə ayılır sanki. Necə güclü xarakterə malik olduğunu əsərin sonlarında görürük.
Ümumiləşmə
Roman altı ilə yazılıb. Bu altı ilə neçə cümlə silinib. Neçə dəfə yazıçının fikirləri dəyişib. Onu bir Pərviz özü bilir. Amma əsər aerodinamik sürətlə hərəkət edir. Sanki bir nəfəsə yazılıb. Əslində isə ağır zəhmətin bəhrəsidir. Bu da Pərvizin ustalığından xəbər verir.
Professor Maykl Dikinson deyir ki, meyvə milçəyi doğulan andan «peşəkar uçma qabiliyyətinə malikdir. Sanki yenicə doğulmuş körpəni qırıcı təyyarənin pilot kabinəsinə qoymusan və o, nə etməli olduğunu yaxşı bilir». Yazıçılıq da ağır zəhmətlə yanaşı, həm də fitri istedadın bəhrəsidir.
Romanda yazıçı obrazı qalib gəlir, yoxsa oxucu? Hər ikisi öz sahəsində güclüdür. Üstünlükləri var. Lakin, həyat sürprizlərlə doludur.
Romanda bütün fikir halqaları bir-birinə birləşərək uzun bir fikir zənciri yaradır. Qırılma hiss olunmur. Romanda bir çox kitabların adı çəkilir. Obrazlar kitab oxuyur. Kitab təbliğatı üçün mühüm addımdır. Romanda yazıçı gözlənilməz döngələr yaradaraq manevr edir. Roman müasir Azərbaycan ədəbiyyatına yeni rənglər qatır. Pərviz yazıçı obrazının kafe işlədən yazıçı dostunun kitabından da yazır. Əslində o kitabı özü yazıb. Belə irili-xırdalı maraqlı məqamlar da var. Romana bir oxucu düşüncəsiylə yanaşdım. Bu romandan az seriyalı serial da çəkmək olar. Müəllifə uğurlar arzu edirəm.