Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - Ədəbi tənqidin ətaləti

Kənan Hacı - Ədəbi tənqidin ətaləti

Kənan Hacı - Ədəbi tənqidin ətaləti
Ədəbi tənqid
admin
Müəllif:
01:09, 03 may 2023
994
0
Kənan Hacı - Ədəbi tənqidin ətaləti




 

 

   Bir neçə il bundan öncə Xalq yazıçısı Elçin “Söz azadlığı tənqidimizə nə verib?” adlı geniş məqalə ilə çıxış etdi. Məqalə Azərbaycan ədəbi tənqidinin bugünkü vəziyyətinə nəzər salır, ədəbi prosesin problemlərinə toxunur. Yadımdadır, üç-dörd il bundan öncə Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Elçin müəllim “Müasir tənqid və ədəbi proses” mövzusunda geniş məruzə ilə çıxış etdi. Yazıçı və ədəbiyyatşünasların iştirak etdiyi həmin tədbirdə məruzədə göstərilən problemlər ətrafında əhatəli müzakirələr oldu. 

Elçin müəllimin həmin yazısı ədəbi tənqidlə bağlı SOS siqnalı idi. Amma ötən bu neçə il ərzində vəziyyət yaxşılığa doğru zərrə qədər dəyişməyib. Elçin müəllimin yazısına nəzər salaq: 

“Söz azadlığı” bir tərəfdən böyük ədəbiyyatın yaranmasını tam şəkildə istedadın öhdəsinə buraxırsa, o biri tərəfdən də tənqidimizin həmin istedadı (şairi, nasiri, dramaturqu) axtarmasını və tapıb ədəbi prosesə gətirməsini tələb edir, ancaq biz bunu görürükmü? Təəssüf ki, yox və bu baxımdan tənqidimizdə açıq-aydın bir ətalət, inertlik nəzərə çarpır. 

Bu inertlik nəinki cavan istedadları axtarmağa, əgər yoxdursa, belə bir vəziyyətin səbəbini göstərməyə, nəzəri izahı ilə çıxış etməyə imkan vermir, hətta artıq öz bədii sözünü demiş, ədəbiyyatda özünü təsdiq etmiş ayrı-ayrı yazıçıları da layiqincə qiymətləndirməyi bacarmır”. 

Zahirən belə təəssürat yarana bilər ki, müasir dövrün ədəbiyyatı yaranmır. Halbuki, son iyirmi ilin ədəbi təsərrüfatına nəzər saldıqda kifayət qədər samballı, yüksək bədii dəyərə malik roman və povestlərin, hekayələrin, şeirlərin yarandığını görərik. Son dövrlər ədəbiyyatımızda yetərincə istedadlı imzalar yetişib. Adlar çəkəsi olsaq, uzun bir siyahı alınar. Məsələn, yazıçı Azər Qismətin “Çuğullar” və “İlbizlər” romanları mövzu və üslub baxımdan, bədii-estetik parametrlərilə ədəbiyyatımızda bir yenilikdir. Müəllifin “təhkiyeyi-kəlam”ındakı orijinallıq, psixoloji dərinlik, obrazların daxili aləminə nüfuz etmək bacarığı heyrətamizdir. Xanəmir Telmanoğlunun “Maqlar” romanı ciddi ədəbi hadisəyə çevriləsi əsərdir. Yeri gəlmişkən, Xanəmir ədəbiyyata yeni stilistika gətirmiş qələm sahiblərindəndir. Yaxud, Həmid Herisçinin “Solaxay” romanı metafizik qatı olan romandır və təhlil üçün geniş imkanlar açan bir əsərdir. Orxan Fikrətoğlunun “Ölü mətn”, Murad Köhnəqalanın “Bulud pinəçisi”, Qurban Yaquboğlunun “Mən yoxam” romanları modern nəsrimizin ən yaxşı örnəklərindəndir. İlqar Fəhminin “Gürgan şərabı”, Səxavət Sahilin “İsanın qadını”, Sadıq Qarayevin “Sahilsiz təzadlar” romanları, eləcə də yuxarıda adını sadaladığım əsərlər ədəbi tənqidin diqqətindən kənarda qaldı. Tarixi romanlar müəllifi Nəriman Əbdülrəhmanlının yaradıcılığı qəribə və laübalı bir səssizliklə qarşılanır. Halbuki, Nəriman Əbdülrəhmanlı müstəqillik dövrü ədəbiyyatımızın yetirdiyi ən parlaq yazıçılardandır. Eləcə də Əlabbas, Aslan Quliyev... Bəs onda ədəbi tənqidin funksiyası nədən ibarətdir? Hanı bu əsərlərə tənqidçi münasibəti? Niyə bu və digər istedad məhsulu olan romanlar təhlilə cəlb olunmur, ədəbi prosesin faktına çevrilmir? Yaxud bu əsərlərin güclü və zəif tərəfləri göstərilmir? Konseptual təhlil demək olar ki, yoxdur. Tənqid bu romanlarla bağlı nəzəri-estetik miqyası özündə əks etdiribmi? Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. 

Bu günlərdə Xalq yazıçı Anar tənqidçi Vaqif Yusifli haqqında yazdığı yazıda belə bir fikir səsləndirmişdi ki, bu peşənin adı nə tənqidçi, nə tərifçi olmamalıdır, təhlilçi daha doğru və düzgün təyinatdır. Bu gün ədəbi proses təhlil kasadlığından korluq çəkir. Sovet dönəmində uğur qazanmış yazıçılarımız bu uğura görə həm də ədəbi tənqidçilərimizə borcludurlar. Mehdi Hüseyn tənqidi, Məmməd Cəfər tənqidi, Məmməd Arif tənqidi, Yaşar Qarayev tənqidi deyilən anlayışlar yaranmışdı. Və bu tənqidçilərin ədəbi prosesə, eyni zamanda yazıçıların sənətkarlıq baxımından yetişməsinə, formalaşmasına çox ciddi, müsbət mənada təsiri hiss olunurdu. Həmin yazılar günlərlə ədəbi kuluarlarda müzakirə olunurdu. Bu gün həmin qızğın müzakirələr, ədəbi diskussiyalar yox dərəcəsindədir. Kitab təqdimatlarında əksər hallarda kitabı oxumayan ya da səthi oxuyan adamlar danışır, əsərlər müzakirə olunmur. Azərbaycan Yaradıcılıq Fondunda ədəbi tənqidçilərin iştirakı ilə bir neçə əsərin müzakirəsi keçirilsə də təəssüf ki, bu da davamlı olmadı. “Ulduz” jurnalı da qısa müddət kitab müzakirələri keçirdi, bu layihə də yarımçıq qaldı. 

Ədəbi tənqidçilərimizdən Cavanşir Yusiflinin, Elnarə Akimovanın gənc ədəbi nəslin nümayəndələri haqqında silsilə tənqidi yazıları müəyyən qədər boşluğu doldurur. Azər Turanın gənc şairlərdən Şəhriyar del Gerani və Ümid Nəccari haqqında ürək genişliyi ilə yazdığı yazılar da onların imzasını daha geniş sferaya təqdim etdi. Düşünürəm ki, o yazılar gənclərin də yaradıcılığına müsbət enerji verdi. Mən Xalq yazıçısı Kamal Abdullanın Qan Turalı və Mirmehdi Ağaoğlunun romanları haqqında yazılarını xatırlayıram. Xalq şairi Sabir Rüstəmxanlının gənc imzalar haqqında təqdimat xarakterli (mənfi və müsbət tərəflərini göstərən) yazıları heç şübhəsiz ki, onların da yaradıcılığına müsbət mənada təsir göstərəcək. Onlarda güvən hissini, özünəinamı artıracaq. 

Amma nədənsə ədəbi tənqid bu və digər istedadlı imzaları ədəbi prosesə təqdim etmir və ya etmək istəmir.  

Elçin “ətalət və inertlik” deyəndə məhz bunu nəzərdə tutur. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)