Rövşən Yerfi - Ömrümüzü “yeyən” lotular
(kiçik esse)
Lotu sözü ərəb mənşəli olub dini əfsanəyə görə öz əxlaq pozğunluğu və rəzaləti üzündən Allahın qəzəbinə keçərək məhv edilən Lut adlı bir qövmün adından əmələ gəlmişdir.
Lotu – yəni kələklə, əyri yollarla baş saxlayan, mənsəb qazanan əhli-kef adamı... Müasir anlamda desək insanlara, kütləyə “atmaqda” xüsusi uğurlar əldə etmiş super dələduz, mədəni julik...
Binayi-qədimdən cəmiyyətdə lotu sayılanlara münasibət heç də pis olmayıb. Bir qayda olaraq bu sayaq adamlar hər zaman böyük hörmətə, səlahiyyətə malik olublar. Çünki, lotu olmaq bir fərasət, qabiliyyət və dərin bilik tələb edir. Bunun üçün ətrafında gedən, gözlənilən işlərdən, oyunlardan baş açmaq, ayıqlıq, hiyləgərlik xüsusiyyəti, haqsız, daxilən yaramaz olmasına baxmayaraq, yeri gələndə özünü ədalətli, tərbiyəli, ziyalı göstərmək bacarığı lazımdır. Ona görə də xalq içərisində “lotu mərifətli olar” deyimi nahaqdan yaranmayıb.
İş elə gətirib ki, indi həyatımızda kapitalizmin inkişafı ilə saysız-hesabsız lotular meydana gəlmişdir. Siyasətdə, iqtisadiyyatda, mədəniyyətimizin ayrı- ayrı sahələrində, hətta hər bölgədə, məhəllədə lotuluq edənlərə, illərin “avtoritet”lərinə qəlbən nə qədər inamsız, sayğısız olsaq da, üz-üzə gəldikdə onlara qarşı çıxmağımızın mənasızlığını duyaraq hisslərimizi gizləyib hörmət və süni ehtiramımızı əsirgəmirik. “Nə etmək olar, kişi bacarır da, lotudur”, – deyirik.
Nəinki kişilərimiz, son dövrlərdə qadınlarımız arasında da lotular çoxalıb. Özlərini azad, müstəqil hesab edən, ərdənsə aşnaya üstünlük verən, istəyəndə sərxoş maşın sürüb polisi söyən belə lotu “xalalar” da daha ölkəmizdə kimsəni təəccübləndirmir.
Bu gedişlə lotuluq – yəni kələk işlətməklə mövqe qazanmaq, vəzifə tutmaq, var-dövlət sahibi olmaq, sonra da tüfeyli həyat sürmək cəmiyyətimizdə az qala həyat kredosuna, amalına çevrilməkdədir. Belə aydın olur ki, lotuların ziyalı sayıldığı sosial mühitdə nədəsə, haradasa irəliləmək, fərqlənmək istəyirsənsə mütləq gərək, sən də fırıldaq və riyakar olmalısan. Əks halda – istəyinə düzlüklə yetməyi seçsən həyatının sonunadək çapalamalı olacaqsan.
Şübhəsiz, Allah həmişə Lut qövmündən olanları tez ya gec cəzalandırıb o dünyalıq edir. Amma, əfsus ki, bəzən qırx il, ya da, yetmiş il çəkən Allahın böyük səbri – elə düzlük üçün çalışan, mübarizə aparan insanların da, ömrünün qurtarmasına, başa çatmasına bəs edir...
Son nəticədə taleyinlə barışıb qalırsan kələklə düzlüyün arasında düşünə-düşünə. Lotularsa qamarladığı səlahiyyətlərindən istifadə edib sənin çox da uzun olmayan ömrünü xımır-xımır “yeyirlər”....
2015.