Edebiyyat.az » Ədəbi tənqid » Zülfiyyə İmanova - Ah”lar ağacından “Saat” qülləsinə

Zülfiyyə İmanova - Ah”lar ağacından “Saat” qülləsinə

Zülfiyyə İmanova - Ah”lar ağacından “Saat” qülləsinə
Ədəbi tənqid
admin
Müəllif:
02:35, 25 oktyabr 2023
567
0
Zülfiyyə İmanova - Ah”lar ağacından “Saat” qülləsinə





   41 il ömür sürən, həyatı “Füsunlar” arasında keçən, incə ruhlu, şeirlərində tərtəmiz ana qoxusu hiss edilən türk şairəsi-Didem Madak. Ömrünün neçə baharını, neçə qışını yaşamışdı, amma “sevinmək nədənsə həmişə yeddi yaşında” kimi qalmışdı ağlının ən dərin qatlarında. Həyat hekayəsində kədərli anlar, sevincli günlərini üstələmiş, alın yazısının hansı kitabın arasında olduğunu bilmək üçün günlərlə Tanrı ilə danışmışdı. Hər kəsdən, hər şeydən uzaqlaşan Didem bir tək Allahdan uzaqlaşmamış, onu qəlbinə ən yaxın dost, anasız günlərində könlünə məlhəm hesab etmişdi. Həyatının ən şıltaq çağlarında, daha 13 yaşında olarkən “çox sevinmələrin qadını” olan Füsun xanımı 38 yaşında xərçəng xəstəliyindən itirmişdi. Anasından xatirə qalan şeir dəftəri D.Madakın bundan sonrakı həyatını şairə kimi davam etməsinə səbəb olmuşdu. Şairəni ədəbiyyatla tanış edən də, onu bu dünyanın adamı kimi yaradan da anasıdır. Xoşbəxt anlarını uşaq romanlarına bənzətmiş, anasının isə “uşaq romanı” olmasını istəmişdi. Fırtınalarla keçən ömür yolunda şeirləri onun əlindən tutmuş, “palçıqlı paltar geyinmiş şəhər”in içində hər kəsdən uzaq dünya qurmuşdu özünə. Qaçdığı  anlarda kimsə onu tapmasın deyə Tanrının arxasına gizlənərdi çox zaman, çünki o, bir qız uşağının xəyalları qədər böyük idi. 

               İnsanlar öldülər, həmişə öldülər, bir gün öldülər

               bilinməz!

               Gecənin çəkməcəsində unuduldular sonra

               Bir inci boyunbağı kimi dağılmış muncuqları – deyən D.Madak insanların nə qədər unutqan varlıq olduqlarını bir daha sübut etmişdi. 

   Şeirlərində anası ilə yanaşı bacısı İşıldan, onunla qurduğu xəyallardan, oynadıqları məsum oyunlardan da söhbət açardı. Bəzən iki bacı “olmayan çayları, olmayan fincanlardan içib” doyunca gülərdilər. Ara-sıra qəlbinin küsdüyü atasından da danışardı şeir dünyasında. “Mutsuza kim bakacak” şeirindəki “Bir atadan qurtuluşumu bayram edirəm” misrası sevgi ilə küskünlüyün ortasında dayanmışdı,sanki. Onu “anasının həyatının mərkəzini güllərlə bəzəyən insan” olmasını istəyərdi həmişə. Amma bu arzusu heç vaxt gerçəkləşmir. Əksinə anasını itirdikdən sonra atası yenidən evlənir, ögey ananın yadlığını hələ uşaq ikən dadır. Yadlıq duyğusundan qurtulmaq üçün gənc yaşda evlənir, amma bu evlilik xoşbəxtlik yox, kədər gətirir. 

    Ailə həyatlarında şansı gətirməyən D.Madak bu evliliyi sonlandırdıqdan sonra öz qabığına çəkilir. 

                             Onlara nə deməliyəm

                            Nələrsə deməyim lazımdırmı?

                            İnsanlar axtardığımızda gəlməzlər,

                           axtarmadıqda kaş ki, məni çağırsaydın deyərlər. 

  Bu misralar göstərir ki, Didem Madak tək olmağı seçsə də, qəlbində həmişə axtarılmaq, ehtiyac duyulmaq hissini yaşadıb. İnsanlarda görmək istədiklərini tapmadığından tək qalmağa qərar verib.

   Həmin günlərində güclü bir əl onu tutub silkələyir.Hər silkələndikdə budaqlarından min bir “ah”tökülür. Nə çox demişdi həmin gecələr “ah” kəliməsini. Bəzən Tanrını qucaqlamaq arzusu ilə yanıb-tutuşar, bəzən də “insan unudan və unudulmaya məhkum olandır” düşüncələrini beynində köhnə kasetlər kimi tez-tez fırlamışdı. Hərdən pəncərədən yetim qalmış dünyaya, Allah baba ilə baş-başa söhbət edən insanlara baxardı. Qismətini, yaşanmış və yaşanacaqları sorğu-sual edərdi beynində. Yağışın sərtcə düşən damlaları ruhunu üşüdərdi çox gecə. Həmin anlarda dilindən çıxan kəlimələr bəyaz vərəqləri yaşıla, maviyə boyayardı.  Həyatındakı səhifələr isə payızın sarı yarpaqlarına dönərdi. Orada mavi və yaşıl rəngdən əsər-əlamət olmazdı. Sonralar isə D.Madak sarı rəngin ölü olmadığını başa düşür. Öləcəyini hiss etmiş kimi, bir neçə dəqiqəni ipək dəsmalın içində saxlaya bilmək üçün çırpınır. Bu zaman da onu tutub silkələyən əllər var idi, amma silkələndikcə Didemin çiynindən geri döndərməyə çalışdığı əqrəblər, zamanın ana laylasına bənzəyən həzin naləsi tökülürdü. Artıq onun da yaşamaq, savaşmaq üçün bir məqsədi vardı. Anası Füsunu itirdikdən sonra qaranlığa qərq olan dünyası, balaca qızı Füsunla işıqlaşmışdı. Şeir yazmağa itirdiyi ananın ilıq nəfəsini tapmaq ümidi ilə başlayan Didəm qızının doğulması ilə həsrət qaldığı ailə sevgisinə qovuşmuşdu.

      Çox zaman deyirlər ki, qız uşaqları analarının həyatını yaşayır.  Ananın sevinci övladına xoşbəxtlik, kədəri isə hüzn gətirir. Həyatının başlanğıcından sonuna kimi ana kəliməsini müqəddəs ocaq zənn edən, Didem Madak anası kimi 41 yaşında xərcəng xəstəliyindən həyatını itirmişdi. Balaca Füsun hələ 3 yaşında ikən anasından yetim qalmış, onun yoxluğunu doldura bilməmişdi. Şairə Didem Madak istəməsə də həm anasının həyatını yaşamış, həm də öz taleyini qızına yaşatmışdı. Bəlkə də, Tanrı “bəzən ölmək istəyirəm, məni yenidən dünyaya gətirəsən deyə” arzusunu qəbul etmişdi.




Zulfiyyemirzeyeva11@gmail.com

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)