Edebiyyat.az » Ədəbi tənqid » Jalə İslam - Ra

Jalə İslam - Ra

Jalə İslam - Ra
Ədəbi tənqid
admin
Müəllif:
12:12, 18 noyabr 2024
781
0
Jalə İslam - Ra




Da Vinçi də

sonuncu şam yeməyi

olduğunu bilmirdi.

Rauf Ra


   “Şairləri biganəlik öldürür!”- bu gün bu cümləyi oxuyub, üzərində bir xeyli düşünmüşəm. 2018-ci ildə Məlik Cahan vəfat edəndə hər kəs onun şeirlərini  əlavə bir neçə kədərli cümlə yazaraq paylaşırdı. Hər kəs onun ölümünü böyük bir faciə adlandırır, intihar etmə səbəbi üzərində bir çox fərziyyələr irəli sürürdü. İndi onun şeirlərini xatırlayan və paylaşan maksimum iki ya da üç nəfər olar. Həmin vaxtlar  “Opera Mini” və özümə məxsus olmayan ad ilə “Facebook” işlədən vaxtlarım idi. Yazıçılıq uşaqlıq xəyalım olmasına baxmayaraq mən xəyalımdan çoxdan əlimi üzmüş və fərqli məqsədlər üçün çalışırdım. Amma tale məni iki il sonra yazıçılığa geri gəlməyimə təşviq etdi. Bu geri dönüşün aşağıya qeyd etdiyim iki cümlə ilə çox böyük bağlılığı var;

Əslində,bu həyatdakı ən qəddar həbsxana azadlıqdır. Çünki daxilindəki məhbuslar sənin yaşamaq istəyib, lakin yaşaya bilmədiyin arzuların, o arzuların günahları isə səndən oğurladığı dərin və mənalı gülüşlərindir.

Sona qədər ümidsizlik və dərin bir kədər...

Aradan tam dörd il ötür. İndi yazılarım kifayət qədər püxtələşib, lakin hiss etdirdiyi duyğular toxnulmaz olaraq qalıb. Bununla belə anlamaq lazımdır ki, ədəbiyyat palçıqdır və üzərində yeriməyə çalışdıqca batırsan. Fəqət onun yumşaqlığı o qədər ecazkardır ki, həzz almamaq da imkansızdır. Bu yazı o palçıqda yerisə də, batmağı seçməyən gənc şair, Rauf Ra'ya həsr olunur. Rauf Ra yaxınlarının verdiyi məlumata görə dəm qazından boğularaq dünyasını dəyişib. Onunla son olaraq həmsöhbət olan insanlar şairin şeirdən tamamilə uzaqlaşdığını və fərqli bir işlə məşğul olduğunu bildirirlər. Palçıqda batmağı seçməyən ifadəsini məhz elə bunun üçün şərh etmişdim. Təbii ki onlarda Rauf Ra haqqında yalnız onun özünün söylədiyi qədərini bilirlər. Şairin şeirlərinə nəzər salsaq, daha çox minimalistliyə önəm verdiyini açıq-aydın görmək olur.Hətta bir müsahibə prosesində bunun səbəbini də açıqlayır:

- Minimalizmin maksimallığın sonundakı maksimal bütövləşmə nöqtəsi olduğunu düşünürəm. Şkala ilə desək, minimallıqdan maksimallığa deyil də, maksimallıqdan minimallıqa qalxan hərəkət çizgisi. Müasir minimalizm sadəcə şrift sayı çərçivəsindəki minimalıqdır. Şrifdən özgə digər ünsürlər isə tamamilə maksimallıq təşkil etməyə çalışmalıdır. Zira şrift azlığının oxucuya verdiyi vaxt çoxluğunu oxucu digər ünsürlərin maksimallığını düşünməyə sərf etməlidir. Təbii ki, digər ünsürlərin minimalizm olmaması kimi bir məcburiyyət yoxdur, fəqət zamanın indiki səhifəsində bütünlüklə minimalizmdən ibarət mətnlər çoxdan izlənilib bitmiş, zəif ssenarili filmlər kimi görünür. 

Ümumiyyətlə, düşünürəm ki şair həyatının bütün sahələrində və bu sahələri ifadə edən bütün seçimlərində minimalistliyə önəm vermişdir. Əminəm ki, onun təxəllüsü də çoxlarında maraq oyatmışdır. Rauf Ra təxəllüsü ilə əslində kiçik bir mesaj verərək heç nəyə əlavə bir dəyər yükləməməyi öyrədir:

- Təsadüflərə inandığımdan təsadüfün sonradan düşünüləcək səbəb boşluğunu azacıq mənalandırıb boş qoymamağı sevirəm. "Rauf"un yanına qoyulan "Ra"nın da mənalandırılması eyniylə hansısa bir ağacın budaqlarının yarısından masa və stul düzəldib həmin ağacın yarımçıq kölgəsində oturarkən masanın yarısına düşən gün işığına baxmağa bənzəyir. Yəni "Ra" yarımçıq kimi görünsə də, "Rauf"un yarımlıqdan tamlığa - keçmişə dönüşməsi və ya sadəcə bunu xatırlatmasıdır.

Biz, deyəsən, gedişlərə və vidalara vurulan, intizar və bədbəxtlik üçün ideyalarımızı alt-üst edən yazıçılardanıq. Xoşbəxtlik və sevinc əlimizdə olan bəyaz bir bayraq halına gəlmişdir və bəhanəmizdə budur ki, sevincin və xoşbəxtliyin izaha ehtiyacı yoxdur, kəlimələr kifayətsizdir. 2018-ci ildə ədəbiyyatın palçığında batan Məlik Cahan, 2024-cü ildə palçıqdan qaçarkən tale tərəfindən palçığa atılan Rauf Ra… 

Çox istəyərdim ki, Rauf Ranın ölümündən sonra qələm yoldaşlarının onun haqqında şərh etdikləri fikirlərdən bir neçəsi ilə tanış olaq:

Axrıncı dəfə Dərnəgüldəki “Eurohome” bazarında qarşılaşdıq. Mən maşına kabel daşıyırdım, harasa aparacaqdım, o da əlində qaimə ilə nəsə axtarırdı. Salamlaşdıq, “sən burda nə gəzirsən?” – soruşdu, mən də eynisi ondan soruşdum. Güldü, “ədəbiyyatın başını buraxmışam, tikinti sektorundayam”-dedi. Yazıb elədiyini soruşanda isə sözümü kəsdi, heç nə yazmadığını dedi. Sağollaşdıq. Tələsik üzbəüzdəki mağazaya girdi.  Arxasınca baxdım, onun savadına, istedadına bələd olduğumçün özümə yaraşdırdığım bazarı ona yaraşdırmadım.  Beş dəqiqə əvvəl isə ölüm xəbərini aldım. Bazarda Raufun arxasınca necə baxmışdımsa, indi də şəkillərinə elə baxdım. Təəsüüflənərək, heyfslənərək…

Səddam Laçın 

Bunu mənə eləməzsən sən…

Sən hara ölüm hara? 

Səncə mən bu xəbəri qəbul edə bilərəm?

Sonuncu dəfə görşəndə sən yorğun-arğın işdən çıxmışdın, mən avtobusa tələsirdim. Görüşdük, heç bir siqaret belə çəkə bilmədik baş-başa…

Rauf, tez zəng elə de ki, yalandı…

Oğlum deyirdim e, sənə… 

Boyuna qurban olduğum, necə ölə bilərsən axı sən?

Cəlil Cavanşir


Ay Rauf, ay Rauf…

İllər öncə çox görüşdük, çox ədəbiyyatdan danışdıq, çox içdik. Sonra birdən yoxa çıxdın. Təmiz dəyişdin. Qaydasız döyüşlə məşğul oldun. Gücləndin. Elə bildin sözdən qaçmaq olar. Amma ürəyin səni yenə ədəbiyyata çəkirdi. Sonuncu dəfə bu yaxınlarda sürpriz etdin bizə. Gəldin məclisə. Hamımız sevindik. Yenə içdik. Yenə ədəbiyyat. Yenə poeziya… Sən demə sağollaşmağa gəlmişdin. Özü də həmişəlik. Əlvida, əziz dost. Dərviş dost. Tənhalığı sevən dost. 


Quşlar yol olar, uzanar üfüqə, Vinsent,

Cığır hər gün özündən keçər, sonuna çatmaz.

Aldanar görüntüyə, həqiqət sanar.

Nemət Mətin 


Mən bu ölümə inana bilmirəm. Amma ölümün qəddar olduğuna əminəm. Əlvida, Rauf Ra!

Səninlə şeirləşmək, şeirlərimizi dinləmək gözəl hiss idi. Səni xoş xatırlayıram, ümid edirəm ki, oralar var.

Səttar Timuçin

Bunlar minimalist bir ruhun sükutundan sonra geriyə qalan ən maksimal duyğu dərinliyidir. Amma biz yenə də Rauf Ra qələminin dərinliyinə də nəzər salaq:

Fraqment

Dünən

Uşaq ikən ən sevdiyim

Cizgi filminə baxdım,

Nədənsə heç bir personaj

Böyüməmişdi.


Süjet

Uşaq idim,

Həkimlər atamın bir ay

Ömrü qalıb demişdilər.

Divar saatının

Daşını çıxarmaq istəyirdim,

Qorxdum ki, anam

Işə gecikər.


Külqabı

Qəribə idi,

Babam ölmüşdü,

Mən ağlayırdım,

Atam üzülürdü.



Anons

Da Vinçi də

Sonuncu şam yeməyi

Olduğunu bilmirdi.



Şəxsiyyət vəsiqəsi

Sabah səhər durub,

əvvəl ayaqyoluna

sonra mətbəxə gedəcəm.

təsadüfdən dünən də

belə etmişəm, bu gün də.


İstedadlı və gələcək üçün töhvələr verə biləcək insanların belə bir cəmiyyətdə layiq olduğu dəyəri görmədən köçüb getməsi çox acı haldır.İndi yuxuları əksinə də yozsan kədərdir, Vinsent. 

İndi… 

Ağaclar yol olar, uzanar ulduzlara, Vinsent,

Aypara qaranlıq tərəfindən – yoxluğundan diksinər.

Əl-ələ verər qayıq və yelkən, yarar göy və su üzünü.

Can atar pəncərədən göyə - suyun yuxusuna

Sönən şamın son qığılcımı, xəyalında ulduza dönər.

Aldanar görüntüyə, həqiqət sanar.





Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)