ŞvartsMan - Allah bir var idi, bir yox idi (esse)
Çoxdandır bilirik ki, allahın niyə yerdə yox, göy üzündə olmasının səbəbi səmanın biz insanlar üçün müəmma olmasıdır. Göy üzü bilinməyən və bizdən yüksəkdə olan uzaq yerdir. Yəni allah çata bildiyimiz yerdə deyil, çata bilmədiyimiz yerdədir. İlk allahların görünən olub zamanla görünməzliyə təkamülü insanın təbiətdən uzaqlaşması və bir sivilizasiya yaratmasına keçidlə əlaqəsi ola bilər. İlk allahlar qorxulu idi, çünki təbiət insan üçün qorxulu idi. Bu gün isə nə allah, nə də başqa bir şey qorxuludur insan üçün. Bir sözlə, allah köhnə söhbətdir. Mən bu köhnə söhbəti maraqlı etmək üçün 15 aforizm tapmışam.
1. Allah seksi yaratdı, keşişlər də evliliyi. (Voltaire)
İzah: Volter demək istəyir ki, allah heç kimə get evlən deməyib, bunu keşişlər deyib. Allah bizdə şəhvət hissini yaradıb, vəssalam. Əgər evlənmədən seks zina və əxlaqsızlıqdırsa, ilk əxlaqsızlar elə Adəm və Həvva sayılmalıdır. Çünki onların vaxtında nə dövlət vardı nikah üçün, nə də din vardı kəbin üçün. Təkcə allah vardı. Mən bilən allah da evlilik işlərinə baxmır. Təsəvvür etmək çətin deyil, Adəm və Həvvanın toyu olsa idi, şeytandan başqa bütün mələklər, cinlər gələrdilər. Şeytan da mənim kimi toya getməyəndir. Ya da ki, ümumiyyətlə, onu toya çağırmazdılar.
2. Allahım, əgər yaşasaydın, səni öldürəcəyimizi bilirsən. (Marilyn Manson)
İzah: Amerikalı rokçu bu sözləri "Godeatgod" (ing.allahyeyirallahı) mahnısında deyib. Konsertlərinin birində "İncil"i cırıb. Anti-xrist biri olan rokçu allaha deyir ki, əgər həqiqətən mövcud olsaydın, biz səni gec ya tez öldürəcəkdik. Yəni səni ehtiyacımız olduğu üçün yaratdıq, ehtiyacımız olmadığı üçün öldürdük.
3. Gott ist widerlegt, der Teufel nicht.
(Friedrich Nietzsche)
İzah: Almanca orijinalı yazmaqda məqsədim filosofun bu sözünün izaha ehtiyacı olmağıdır. Xüsusən "Widerlegt" sözünün. Widerlegen - bir şeyi təkzib etmək, onun yalan olduğunu sübut etmək, elmi cəhətdən çürütmək, rədd etmək, yalan olduğunu təsdiqləmək deməkdir. Widerlegt əsasən bir hipotezi inkar etmək üçün, səhv olduğunu demək üçün istifadə olunur. Niçe burada allahın bir hipotez olduğunu və onu təkzib etməyin mümkünlüyünü vurğulayır. Ateizm belə allahın yoxluğu ilə maraqlanır, şeytanın adı belə çəkilmir. Sözü ikiyə bölsək, wider-qarşı, legen-yer deməkdir. Allaha qarşı bir yer tapmaq olar, şeytana isə yox. Yuxarıdakı cümləni bizim dilə tərcümə etsək,təxminən belə olacaq: "Allah təkzib edilir (rədd edilir), şeytan yox".
4. Allahın var olub-olmamağı önəmli deyil, sənin ona inanıb-inanmamağın önəmlidir.
(ŞvartsMan)
İzah: Allahı var edən sənin ona inanmağındır. İnanırsansa, var; inanmırsansa, yoxdur. Biz insanlar elə varlıqıq ki, bir şeyə inanmaq onun həqiqətən də mövcud olmasından önəmlidir. Çünki inanc yaşamaq üçün bizə lazım olub. Anlamadığımız və izah edə bilmədiyimiz şeylərə inanmışıq. Bu inanc ilk əvvəllərdə bizi xilas etmiş ola bilər, amma zamanla bizi məhv etdiyi aşkardır.
5. Allah zəiflərin gücü, güclülərin isə zəifliyidir. (ŞvartsMan)
İzah: Allah həmişə kasıbın allahı olub. Varlının allaha ehtiyacı olmayıb. Düzdür, allah mənəvi ehtiyacdır. Lakin maddi ehtiyac çox olduqca, insan mənəvi ehtiyaca yönəlir. Axı insan özünü nəyləsə doldurmalıdır. Dinlər tarixinə də baxanda görünən mənzərə allah zəiflərin gücünə çevrilib. Güclənən zəiflərin isə allah sonra zəif nöqtəsi olub.
6. Quşların allahı olsaydı, mütləq qanadları olardı. (Feuerbach)
İzah: Foyerbax burada demək istəyir: əgər quşların inandığı bir allah olsaydı, mütləq özlərinə oxşayan qanadları olardı. Bununla bildirmək istədiyi odur ki, hər bir canlı nə yaradırsa, özünə oxşar yaradır. Yazıçı özünə oxşayan personajlar yaradır, necə ki insan da özünə bənzəyən allahlar yaratdığı kimi...
7. Allah -biz düşünənlər üçün kobud cavabdır. ( Nietzsche )
İzah: Niçe bu frazanı səhv etmirəmsə, "Ecce Homo" kitabında yazıb. Filosof, biz düşünənlər üçün verilən suallara "Allah" cavabını verməyin çox dayaz, kobud olduğunu nəzərdə tutur. Hər şeyin səbəbi allah ola bilməz.
8. Əgər Allah kimsə tərəfindən yaradılmadan mövcud ola bilirsə, yer kürəsi də kimsə tərəfindən yaradılmadan mövcud ola bilər. (Osho)
İzah: Oşo kimsə tərəfindən yaradılmadan bir nümunənin olduğunu yada salır. Bir nümunə varsa, başqa nümunə də ola bilər. Kimsə tərəfindən yaradılmadan mövcud olmaq mümkündürsə, deməli, biz də kimsə tərəfindən yaradılmadan mövcud ola bilərik. Niyə bu istisna bir tanrıya şamil edilsin ki?...
9. Əvvəllər biz hər şeyi allahdan istəyirdik, indi isə dövlətdən.
( Михаил Бакунин )
İzah : Rus anarxistə görə, dövlət bu gün allahın yerini tutub, onun işlərini, vəzifəni görür. Artıq insanlar üçün allah öz yerini dövlətə verib. Çünki allahdan bir şey istədikdə, reallaşması uzun və çox vaxt qeyri - mümkün olur. Dövlət isə funksiyanı çox vaxt layiqincə yerinə yetirir. İnsanlara da allahdan çox, dövlətdən nəsə istəmək sərf edir.
10. Cəhənnəmə gedə bilərəm, amma belə bir allah heç vaxt mənim hörmətimi qazana bilməz.
(Con Milton)
İzah : Şair demək istəyir, insan ətindən kabab bişirilən yerə düşə bilərəm, problem yoxdur. Amma belə bir əzabı yaradan bir varlıq mənim sevgi-hörmətimə layiq deyil. Allah insanları qorxutmağa və cəzalandırmağa meyillidir.
11. Allah - böyüdülmüş ata fiqurundan başqa bir şey deyil.
(Freud)
İzah: Atanız yoxdursa, yaxud ölübsə, sizin allaha yönəlməyiniz təbiidir. Bəzi insanlar ataları öldükdən sonra namaza başlayıb, dinə sığınırlar. Yerdə tapa bilmədikləri bir təsəlli axtarırlar göylərdə. Tarix boyu insanların bu cür ata, baba fiquruna ehtiyacı müxtəlif yollarla ödənməyə çalışılıb. Həm dini yollarla (peyğəmbər, qəhrəman və s.), həm də siyasi yollarla. Məsələn, siyasətdə baba fiquru yaratmaq vacibdir. Bu baba fiquru himayəedici və sevimli olmalıdır. Məsələn, baba fiqurunun təkamülü belədir: Allah baba ➡️
Lenin baba ➡️ Heydər baba ➡️ Şaxta baba.
12. Allah insanı yaratdı, yoxsa insan allahı? (Feuerbach)
İzah: Unudulan ən yaxşı suallardandır. İnsan həmişə özünə oxşar allahlar yaratdı. Çoxallahlı dinlərə baxın, hər xalqın allahı özünə oxşayır. Hindlilərin allahı hindistanlıdır, afrikalı xalqların allahları isə qaradərilidir. Qədim yunanların allahlarına baxın, elə bil bodybuilding-lə məşğul olublar. İnsan hər şeyi özünə və ətrafına baxaraq yaratdı.
13. İnsanlara kainatın bir yaradanı olduğunu desəniz, böyük əksəriyyət sizə inanar. Onlara boyanın qurumadığını dediyinizdə isə inanmazlar və əlləri ilə yoxlayarlar.
(George Carlin)
İzah: İnsan budur. Bilmədiyi və görmədiyi bir şeydən ona danış, inanar. Yoxlaya bildiyi bir şey haqqından doğru da danışsan, doğruluğunu necəsə yoxlayacaq. Çünki yoxlamaq imkanı var. Bilmədiyi və görmədiyi şeyi necə yoxlasın?! İşin sirri də budur: insanları inandırmaq! Onlara bir illüziya yaşatmaq.
14. Allahla danışan adama peyğəmbər, özü-özü ilə danışan adam isə dəli deyirik. Halbuki əksinə olmalıydı.
(Şvartsman - Başqasının dodaqları)
İzah: İnsanlar birinin özü-özü ilə danışmağını zəiflik bilib, başqa bir qüvvə, bilinməz şeylə danışmağı isə güclülük əlaməti olaraq görüblər. İnsan bilmədiyi, başa düşmədiyi şeyin qulu-köləsidir. Vacib olan dəli olmaq deyil, öz dəliliyini insanlara qəbul etdirə bilməkdir. Peyğəmbərlər bunu bacaran adamlar olub deyə onlara dəli əvəzinə peyğəmbər demişik. Çünki mədəniyyətin hərdən dəlilərə də ehtiyacı var.
15. Qadınla allah arasındakı oxşar cəhət odur ki, tarix boyu kişilər onlara görə bir-birlərini öldürüblər.
(ŞvartsMan)
Məncə, izaha ehtiyacı yoxdur.
31.12. 24 - 02.01.25