Edebiyyat.az » Ədəbi tənqid » AZAD QARADƏRƏLİ - MƏN QİSMƏTƏ İNANANAM... (Gənc şair Qismətin şeir gecəsinə sözardı)

AZAD QARADƏRƏLİ - MƏN QİSMƏTƏ İNANANAM... (Gənc şair Qismətin şeir gecəsinə sözardı)

AZAD QARADƏRƏLİ - MƏN QİSMƏTƏ İNANANAM... (Gənc şair Qismətin şeir gecəsinə sözardı)
Ədəbi tənqid
nemət
Müəllif:
15:31, 25 yanvar 2020
2 118
0
AZAD QARADƏRƏLİ - MƏN QİSMƏTƏ İNANANAM... (Gənc şair Qismətin şeir gecəsinə sözardı)

                

                     

 

      Mən qismətə inananam. Taleyin yaxşı payını da, acısını da dadmışam.

      Yəqin dindar-filan sandınız məni. Hə, dindaram. Ədəbiyyat adlı bir dinin ayaqyalın müridi, qara fəhləsiyəm.Ona görə harda bir közərən ocaq, işıldayan od gördümsə, ora çırpı atmağa tələsmişəm... Fəqət o işıltının soyuq işıldaquş olduğu da olub, amma, qayıtmamışam, usanmamışam...

       Ədəbiyyat ortamımızın suya döndüyünü görəndə havalanıram. Az qalıram süni də olsa nələrsə edim, lap yalan uydurum, ortalığı qızışdırım, xüsusən gəncləri çəkim ortaya...

       (Sovet vaxtı olanda nə olar; biz necə ədəbi görüşlər şahidiyik, şeir gecələrində olmuşuq, teatrlarda, operada anşlaqlar görmüşük... Rübabənin “Küçələrə su səpmişəm”inə ağlaya-ağlaya qulaq kəsilmişik... Bir aşığın – aşıq deyirəm e sənə -  səhərəcən söylədiyi dastanın içindəcə yuxuya getmişik... Və bunları huş-kuşla dinləyə-dinləyə özümüzü müstəqil Azərbaycana hazırlamışıq... Müstəqi Azərbaycanınsa bizə qalanı dünyada ən böyük bayrağımızın olmasıdır... Suyu sovulmuş dəyirman kimidir indi hər yer... Neynək, təki Vətən yaşasın!)

       Və bir gün eşitdim ki, gənc və oturuşmaqda olan şair, yorulmaz alim Qismətin şeir gecəsi olacaq. Pəh! Sevinməzmiyəm!? Canımdan çıxmaq bilməyən qripi də üzümü təraş edəndə ciletlə sivirib atıram sanki, yaxın dosta zəng edirəm: gedək şeir axşamına!

      Dedim axı: Qismətə inananam.

      ...Qismət BURAcan çox məsafə qət edib. AYB-ın soyuq divarları arasında gözlüyünün şüşə soyuqluğunun arxasındakı ürkək nəzərləri ilə hamını məsum-məsum süzsə də “şaqraq nəğmələr” deyil, “hüznlər” yazardı. Açığı o “Hüznlər”i yazan oğlanın bu hüznlü məkanda nə itirdiyini anlaya bilmirdim. Elə o illərdə yazmamışdımı:

 

“Kimsə reklamların diliylə hər gün, 

qədim bir gerçəyi təkrar eləyir: 

Çatdıq. Düş. Bu da uçurum.” 

 

            ...Hə Qismətin şeir gecəsinə tələsirik axı. 

            Soyuq, əsəbi və kədərli bir gündür. Soyuq məlum, qış fəslidir, əsəbi – dostum Mübariz Örən tıxacda qalıb, gecikirik. Kədərli isə... Mən bu gənclərin niyə belə bir dövrdə doğulduqlarına, niyə belə əzablara qatlaşdıqlarına, çörəyin namərd qapısında olduğuna qatlaşa bilmirəm. Tanıdığım bütün yaradıcı gənclər eyni əzablarla üz-üzədir. Dərindən tanımasam da, Qismət mənə bir qədər fərqli gəlib. İntilgent davranışı, şəsti baxışları, qəddini şax saxlamağa çalışması... onun fərqli halından xəbər verib. Bir az da həddindən çox ehtiyatlılığı... Bu sonuncu çox vacib məsələdir. Mən bunu heç vaxt özümdə tərbiyə edə bilmədim...

            ...Budur, çatmışıq. Bu da mənə yüz min kilometrlərlə uzaq görünən Libraff kitab evi... Bu uzaqlıq, əslində kitab evindən çox, yəqin ki, TEAS Press-dən gəlir... 

            Qismət isə soyuq, amma gümrah baxışları ilə salonu süzərək şeir oxuyur:

 

...Kişilərin repressiyaya 

qadınların depressiyaya düşdüyü illərdə 

yazılan məktublara 

bənzəyir bu qadın. Soyuq, əsəbi və kədərli…

 

            Və daha bir neçə belə ağır, “hüznlü” şeir. Dinləyicilər bütünlükə gənclərdir. Çox deyillər. 30-40 civarında ola, olmaya. Əl çalmağa elə bil tənbəllik edirlər. Amma deyil. Diqqətlə salona fikir verib “əl çalmamaq” kompleksinin qıfılını çözürəm: adamlar bu intellektual gəncin elə özü kimi intellektual şeirlərinin mənasını dinləməyə çalışırlar və başlarını işlətməyə məcburdurlar... əl çalmağı sadəcə unudurlar...

            Yerdən replika vermək məcburiyyətindəyəm: “Dinləyicilər gənclərdir, məhəbbət şeiri lazım...”

            Gülüşmə. Şairə bir işarə bəs. Əlüstü valı dəyişir...

 

...“qəşəng görünürsən insafsızca...” – bu misranın enerjisini salon həzm etməmiş daha bir zərbə gəlir: “...başlayır dünənə əkiz bir gün...“

            Kəlmələrin düzülüşünə fikir verirsinizmi? Bu yeni bir deyiliş, yox, düz olmadı, yeni bir yazılış tərzidir – bu şeirlər deyilişdən çox, yazılış üçündür. Hələ neçə yüz il əvvəl yazılan “Faust” yadınızdamı? O möhtəşəm faciə-roman dram əsəri olsa da, tamaşa üçün deyil, oxumaq üçün yazılmış poema idi. Yəni, olub belə şeylər tarixdə: dinləmək üçün deyil, oxumaq üçün şeir, oynanmaq üçün deyil, roman kimi oxuma üçün yazılan faciə...

            “Faust”dan danışmışkən, oradakı məsud körpələrin xorundandır bu misralar:

 

...Dindar ata, biz kimik?

Gəlib çıxmışıq hara?

 

            ...Qismət isə alqış payını almada! İşə yaradı. Salon gərginlikdən çıxmış, eşq süzülən misralar nə qədər intellektual olsalar da, hədəfə dəyir, xüsusən gənc qızlar yerlərində dura bilmirlər, şeirlərdəki mücərrədliklə sadəlik birləşərək mübhəm bir aura yaratmış, olanlar olmuşdur:

 

Gözlərindən öpərəm, dodaqlarından sənin,
 Şirin sözlər asaram qulaqlarından sənin...

 

            Birinci misradakı ehtiras ikinci misradakı metaforanın əlində incəlir, bir söz sırğası oluban sevgilinin qulağına pıçıldayar... Amma bu həzin misraların xoş məsumiyyəti bitməmiş yeni bir dərbə gəlir:

 

“Oyanırsan, güzgüyə baxırsan.

 Güzgün olum,

 yadıma düşürsən çilik-çilik oluram...”

 

            Şairi alqışlayırlar. Hətta yerdən sifarişlər verilir, o şeiri oxu, bunu oxu... Qəfil yerdən daha bir təklif gəlir: metamodernizdən bəhs etməsini istəyirlər... Etməzmi? Modernizmdən vurub posmodernizmdən çıxır, modernizmin təmirə ehtiyacı olduğunu söyləyən şair-alim bu ampluada da özünü sərbəst hiss edir, hətta daha sərbəst... Terminləri, adları sürətlə sadalayaraq şərh edir...Daha bir çox izm-zad və Məsud Zavarzad...

            Bir yerdə yazmışdım, yenə yazıram: Azərbaycanda Qismət səviyyəsində eridusiyalı gənc o qədər də çox deyil. Bunlar hər sahədə var. Var, bəli. Amma onların gələcəyi qarantiyalımı? Bax, budur məsələ...

 

 Dönüb görərsən ki, divardı yollar,

 Dönüb görərsən ki, yol çıxıb gedib...

 

            Nə yaxşı neçə yüz il əvvəl Göte bunu da yazıb:

 

Qalxın, yüksəklərə doğru ucalın,

Özünüz duymadan boy ata-ata.

Tanrı varlığından güc, qüvvət alın,

Qovuşun əbədi saf bir həyata...

 

            ...Tədbir bitəndən sonra bir neçə ədəbiyyat həvəslisi ilə çay içdik. Dağdan, bağdan danışdıq. Təbii, Qismətdən də söz etdik. Mən orada bir söz işlətmişdim: “Qismət şairdən çox alim, alimdən çox şairdir...”

            Götenin müasiri olmuş Novalis isə belə demiş:” “Şair təbiəti bütün çalarları ilə birlikdə alimin ağlından daha yaxşı anlayır.” 

            ...Sizi bilmirəm, mən qismətə inananam...

            Elə Qismətə də...

 

                                                                                  24.01.2020 

 

            

 

 

 

 

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)