Edebiyyat.az » Film » Balaca şəhərin balaca sakinləri

Balaca şəhərin balaca sakinləri

Balaca şəhərin balaca sakinləri
Film
Necef Esgerzade
Müəllif:
14:42, 08 aprel 2019
1 835
0

Bakı balaca şəhərdir. Balaca şəhərin özüdən balaca sakinləri özlərindən də balaca olan evlərinin içərisində yaşayırlar. Bu balaca evlərin içərisində baş verən balaca hadisələr bəzən böyük hadisələrə dönüşür, bəzən isə balacalaşaraq gözdən yayınır.                            
Kamera gözdür. Onun qısa müddətliyə olan yaddaşında müxtəlif hadisələr toplanır. Bu hadisələr kimlərinsə əleyhinə də çevrilə bilər, lehinə də. Ona görə insanlar bu gözdən qorxur, daimi ondan yayınmağa çalışırlar. Cəsarətli olanlar isə özləri bu gözün içinə dik baxmağı bacarırlar. Gözü bağlamaq olar. Amma uzun müddət bağlı saxlamaq mümkün deyil.                                                                          
 
 Teymur Hacıyevin “Şanxay, Bakı” filmindəki hadisələr Bakının balaca bir qəsəbəsi olan Şanxayda cərəyan edir. İlk səhnədə yeniyetmə oğlanın qəribə hərəkətləri izləyicini təəccübləndirir. Üzünü cürbəcür formalara salan uşağı birdən kimsə çağırır. Yerindən sürətlə götürülən oğlan qapını çırpıb gedir. Bu əsnada bir qız və başqa bir oğlan qapının ağzına gəlir. Oğlan qapıdan çıxaçıxda qızı qucaqlayıb öpür. Hadisələrin əsas məğzi elə bu öpüş səhnəsinin içində gizlənir.                                                     

Samir əlində kamera ilə qəsəbənin sakinlərini lentə alır. Qəsəbə elə yerdə yerləşir ki, evlərin düz ortasından hər gün müxtəlif vaxtlarda yük qatarları keçir. Bu sakinləri heç narahat etmir. Artıq onların gözü bu mənzərəyə öyrəşib. Atasını əlində siqaret tutmuş vəziyyətdə divarın yanında hərəkətdə olan qatara baxa-baxa çəkən Samir kamerası vasitəsiylə onun hərəkətlərinə göz qoyur. Hətta atası dəzgahın arxasında axtardığı əşyanı tapmadığı üçün oğlunun üstünə qışqırır və ağır söyüşlərlə onun kamerasının üzərinə hücum çəkir. Belə başa düşülür ki, atası və ümumiyyətlə kəndin sakinləri bu kameranın onları çəkməsindən çox narahatdır. Çünki göz onların hərəkətlərini gizlicə izləməkdədir. Samir kamerasına özüdə bilmədən düşən bacısının yad bir oğlan ilə öpüşmə səhnəsini izlədikdən sonra bunu onun əleyhinə istifadə etməyi düşünür. Hətta bunu gizli şəkildə deyil, açıqca edir. Bacısının yanına gəlib, bu görüntüləri ona göstərir. Artıq sirr ortadan qalxmış olur.                          
Həvəskar şəkildə çəkilən filmin digər obrazı Rasimdir. Onu biz dostlarıyla süfrə arxasında görürük. Yemək- içmək məclisində edilən söhbətlər məişət səviyyəsindən yuxarı qalxmır, hətta dilə gətirməkdən utandığımız söyüşlər havada uçuşmağa başlayır. Rasim Rusiyada işləyən sadə həmyerlilərimizdən biridir. Onun orada ailəsi var. Buna baxmayaraq, o, Rozanı sevir, hətta onunla evlənmək istəyir, amma ortaya çıxan şantaj xarakterli videodan sonra müəyyən qədər tərəddüd edir. Rozaya rüşvət kimi pul təklif edir. Bu səhnələri də Rozanın qardaşı Samir lentə alır. Göz hər yerdədir. Ondan qaçmaq olmur.                                                                                                                                                             
Mühafizəkar cəmiyyətdə Roza kimi qızların həyatı hər an təhlükədədir. Kiçik səhvlər belə qızların həyatının al-üst olmasına, ailələrinin şərəfinə qara yaxılmasına səbəbiyyət verə bilər. Ona görə Roza təkidlə Rasimdən onunla evlənməsinin vacibliyini üstüörtülü şəkildə oğlana çatdırmağa çalışır. İkinci dəfə Rasim ilə Rozanın öpüşməsinə parkdakı polis mane olur. Rasim polisi hər vəchlə yola gətirməyə çalışır və sonda polisə pul təklif edir. Pulu götürən polis onları buraxır. İzləyici isə bu hadisələri küçələrə quraşdırılan kamera vasitəsiylə izləyir. Bu dəfə göz artıq daha yuxarıdan insanların hərəkətinə göz qoyur. Bu gözü bağlamaq isə olduqca çətindir.                               
 Maşın Bakının uzandıqca-uzanan magistral yolunda irələyir. Danışanların üzlərini görmürük sadəcə səslərini eşidirik. Söhbət zamanı Roza və Rasim arasında balaca konfilikt yaranır. Rasim öz kişiliyini ortaya qoymaq üçün qızın üstünə qışqırır. Bundan sonra söhbətin hakimiyyəti qızın əlinə keçir. O ya bilərək, ya da bilməyərək qapalı cəmiyyətdə yaşayan qadınların hal-hazırkı mövcud vəziyyətini dediyi kəlmələrlə ortaya qoyur. “Qadın mətbəxdə işləməli, evi yığışdırmalı, əri isə pul qazanıb, evə gətirib qadının qarşısında tökməlidir. O zaman qadın xoşbəxtmi olur?”. Doğurdan qadın hər zaman xoşbəxt olur?  Rasim maraqlı bir ifadə işlədir. Qadınlar nə istədiklərini bilmirlər. Kişilərin isə istəkləri sadədir və bu istəkləri hamı bilir. Bu fikir kişilər ilə qadınlar arasındakı daxili aləmlərin fərqini tamamilə ortaya qoyur. Qadınlar irrasional, kişilər isə rasional varlıqdır. Qadınların daxili aləmi qarışıqdır. Əksinə kişilərin daxili aləmi gizli otaqlar ilə doludur. Sadəcə açarı tapmaq yetərlidir ki, qapıdan içəri girərsən.                                                                                                                                                      

Magistral yol Roza ilə Rasimi gətirib balaca Şanxay qəsəbəsinin yolayrıcına çıxarır. Roza hirslə maşını tərk edir. Kamera isə bir divarı bəzəyən “Bura zibil atanın.....” sloqanını gözümüzə soxur. Bu dəm Samir əlindəki zibil klokuyla gəlir. Həmin sloqanın yazıldığı yerə çatanda kloku divara asıb yeyin addımlarla oradan uzaqlaşır. Bu zaman düzü məni gic gülmək tutdu. Düşünürəm bu səhnələri izləyənlərin bir çoxu özünü gülməkdən sağlaya bilməz.                                                                                               
 Kamera bizə göydələnlərən birini göstərir. Sonra isə yenidən qəsəbədəki insanlara fokuslanır. Həmin göydələnlərdə yaşayan böyük adamları ilə balaca evlərində yaşayan balaca insanlar arasındakı fərq kiçik bir səhnə ilə ortaya çıxır.                                                                                                                                
 Bəs Rasim ilə Roza bir-biriylə evlənə bilirmi? Son səhnədə elçilik baş verir. Samir yenə də öz yerindədir. Əlindəki kamera ilə çöl pəncərəsindən elçiliyi lentə köçürür. Kamera evə daxil olmaq istəsə də Rasim əl ilə kameranı bağlayır. Əgər Rasim Roza ilə evləməsə idi nə olardı? Samir şantajını  davam etdirəcəkdi yada ki, hər şeyin üstü açılacaqdı. Bu isə böyük bədbəxtçiliyə yol aça bilərdi.
                                                                                                                                  
                                                                                                                                    Yazdı: Nəcəf Əsgərzadə
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)