Edebiyyat.az » Film » Səkinə Vəliyeva - Canavar kimdir?

Səkinə Vəliyeva - Canavar kimdir?

Səkinə Vəliyeva - Canavar kimdir?
Film
admin
Müəllif:
23:02, 05 sentyabr 2024
430
0
Səkinə Vəliyeva - Canavar kimdir?

      

                         

 "Bir insana donuz beyni nəql edilsə, o, insan olar, yoxsa donuz?"

  Film istehsalı baxımdan məhsuldar dövr olan 2023 cü ildə “Oppenheimer”, “Napoleon”, “Barbi”, “Başqa bir həyatda”  və. s məşhur filmlər lentə alındı. Rejissor işi və mövzu baxımdan uğurlu olan, lakin onlara  nisbətən populyarlıq cəhətdən  kölgədə qalan Hirokazu Koreedanın lentə aldığı "Canavar" filmini də  uğurlu filmlər  silsiləsinə aid etmək olar. Filmdə hadisələr üç baxış bucağından - ana, müəllim və uşaq tərəfindən  nəql edilir. Kinoda bu hadisəyə adı  dünyaca məşhur rejissor Kurasavanın eyni adlı filmindən gələn Rasyomon - rasyomon effekti deyilir.  Kurasavanın  filmdə hadisələri cinayətkar, şahid və öldürülən adamın baxış bucağından dinləyirik. Insan o qədər zəif canlıdır ki, o bəzən hətta olmayan şeyləri görə və etmədiklərini etdiyini düşünə bilər fikrini aşılayan  Rasyamon effekti insanın duyğusal zəifliyi üzərində qurulur.  Filmlərdə hadisələrin bu cür qurulması böyük əmək tələb edir, çünki hər nə qədər bir-birindən fərqli düşüncələr olsa da, tamaşaçını düşünməyə cəlb etmək üçün onlar arasında bir əlaqə yaradılmalıdır.  Süjet, quruluş baxımından Rasyamon filminə bənzəsə də, "Canavar" filmindəki personajlar  "Rasyamon" filmindən fərqli olaraq,  özlərini xilas etməyə çalışdıqları üçün yox, sadəcə hadisələrə yanlız öz tərəflərindən baxdıqları üçün xaus yaradırlar. Həmçinin, filmdə ölən biri yoxdur və yenə "Rasyamon" filmindən fərqli olaraq, biz həqiqəti  sonda Minatonun gözündən görürük.

Filmi, üç baxış bucağından ilkini ana - Muginonun gözündən izləməyə başlayırıq. Saori Muginonun oğlunun evə tək ayaqqabı ilə gəlməsi və saçını kəsməsindən sonra müəllimi olan Hori tərəfindən şiddət gördüyünü düşünüb məktəbə gedir. Məktəbdəki insanların  soyuq və vecsiz hərəkətlərinə qarşılıq Muginonun gərgin halı ziddiyyət təşkil edir. Bu ziddiyyət, film boyunca sakit musiqi ilə müşayiət olunan  təbiət təsvirləri, məktəb səhnələrinin daxilində həqiqət axtarışında olan gərgin personajlarda  özünü göstərir. Sanki öz sabitliyini qoruyan düzəni, daxilindəki personajlar özlərini və həyatı sorğulayaraq pozurlar. Həyat yoldaşından  sonra  həyatdakı hər şeyi olan oğlunu böyütməyə çalışan bu qadın onun hərəkətlərinin qəribələşməsindən sonra ona nəsə olacağından qorxaraq sanki düşünmə qabiliyyətini itirir. İtirmək qorxusunu başqa pesonajlarda, fərqli insan və nəsnələrə qarşı görürük. Mugino Minatonu, Minato Yorini, Müdir məktəbi, Hori isə işini itirməkdən qorxur. Bu qorxu yalnız onların yox, digər insanların da həyatını məhvə aparır. Mugino oğlu və özünün haqlılığına o qədər inanır ki, oğlunu başqa məktəbə aparmaq barəsində düşünmür. Hori ona oğlunun öz yoldaşına şiddət göstərdiyini deyəndə isə əvvəl ona inanmaq istəməsə də, özünü   Yorinin evində tapır. İçində şübhə ilə o evə gedən Mugino özünü "reala" inandıraraq geri dönür. Müəllimi günahlandırmaq bir baxımdan  onun üçün daha əlverişlidir. Qarmaşıq bir reallığa ehtiyac yoxdur, məktəbə təzə  gələn müəllim onun oğluna şiddət göstərərək "sənin beynin donuz beynidir" deyib. Ana, yanıldığını Horinin istefasına baxmayaraq Minatonun hələ də yaxşı olmadığını görəndə anlayır. Lakin artıq hər şey üçün gecdir. Muginonun gözündən izlədiyimiz hadisələr Horinin üzrxahlıq üçün onun evinə gəlməsi və Minatonu evdə tapa bilməmələri ilə bitir.

Müəllim Horinin baxış bucağına keçdikdə film əvvəldən başlayır. Hori qrupdaki digər müəllimlərdən fərqli olaraq uşaqlara qarşı düşüncəli və səmimidir. Horinin gözündən izlədiyimiz səhnələrdə Minatonun Yoriyə olan şiddətinə şahid oluruq və Hori Yorini qorumağa çalışır. Hori əslində özü də başqalarının sözlü təzyiqinə məruz qalan biridir. İstər iş yerindəki insanların, istərsə də sevgilisinin ona qarşı münasibətində bunu görürük. Sırf daha incə düşüncəli, daha səmimi olduğu üçün  digərləri tərəfindən müxtəlif manipulyasiyalara məruz qalır.  Özü də tək anası ilə böyüyən bu müəllimin  Yorinin Minato tərəfindən şiddət gördüyünə inanmasının bir digər  səbəbi isə, bəlkə də , keçmişinə bağlı olan hadisələrdir. Anası tərəfindən böyüdülən bu müəllim, anaların uşaqlarına qarşı çox həssas davrandığını düşündüyü üçün Muginonu ciddiyə almır. Məktəb rəhbərliyi tərəfindən tək buraxılıb istefaya məcbur edilib, sevgilisi tərəfində tərk edilən Hori, şəhərdən gedəcəyi vaxt tapdığı kağızda əsl reallıqla- filmin əvvəlində şiddətdən, zorakılıqdan daha güclü və görünməz olan sevgi ilə qarşılaşır. Yoriyə zorakılıq etdiyini düşündüyü Minatonun ona olan sevgisini görəndə üzr istəmək üçün evlərinə getsə də, gördüyü  tək şey, itmiş oğlunu axtaran Mugino olur. 

Film son dəfə hadisələri Minatonun baxışından göstərmək üçün yenidən başlayır. Bu hissədə biz “yeniliklərlə dolu cəmiyyətdə fərqli olmaq bir insanı nə qədər incidə bilər?” sualının cavabı ilə qarşılaşırıq. Əslində oxşarlıqlara alışmış, fərqli bir bucaqdan baxmaq üçün səy göstərməyən insanların, filmin əvvəlindən nifrət kimi gördüyü duyğunun sevgi olduğu üzə çıxır. Minato Yoriyə olan sevgisinə görə atasını məyus etdiyini düşünərək özünün Yorinin atasının Yoriyə dediyi kimi  "donuz beyinli" olduğunu düşünür. Duyğularını gizlətmək üçün göstərdiyi səylər özləri ilə bərabər başqa insanların da həyatını məhv edir. Özünü sorğulamağa başlayan gənc, cəmiyyətdən və insanlardan uzaqlaşır, ölümlə yenidəndoğum haqqında düşünməyə başlayır. Onun üçün mübarizə aparan anası isə onun bu sıxıntılarını özlüyündə Hirodan gördüyü şiddətlə əlaqələndirir. Minato yanlız öz hekayəsində görünür, özündən əvvəlki iki hissədə, hətta tamaşaçı üçün belə görünməz olur. Ssenarist Minatonun gözündən göstərdiyi  hadisələrlə əslində hər şeyin ilk baxışda anlaşıldığı qədər sadə olmadığı fikrini aşılayır. Nəinki ana, müəllim, hətta tamaşaçılar belə nifrət duyğusuna  o qədər fokuslanır ki, əvvəldən mövcud olan duyğunu görmür.  Tamaşaçının diqqətini dağıtmaq üçün  ölü pişik, donuz beyni, canavarlı mahnısı və. s istifadə edilir. Yuxarıda sadaladığımız sirli  ifadələr filmin sonlarına doğru tam şəkildə aydınlaşır. Məhz bu sirlər sayəsində tamaşaçı filmin finalını səbirsizliklə gözləyir.

Hər nə qədər fərqli  baxış bucağı kimi təqdim edilməsə də, filmdə diqqət çəkən personajlardan biri məktəb müdiridir. Hər üç hekayədə haqqında fərqli bir faktla qarşılaşdığımız bu qadını birinci hekayədə nəvələrinin ölümünün yasını tutan biri kimi görsək də, bu, ikinci və üçüncü hekayələrdə dəyişir. Belə ki Hironun baxış bucağının göstərildiyi ikinci hekayədə nəvələrinin  qatilinin  əslində əri yox, özü olduğu üzə çıxır. Çox sevdiyi məktəbi üçün ərini, nəvələrini gözdən çıxaran bu qadının Hiroya da ürəyi yanmır. Minatonun hekayəsini dinlədiyimiz üçüncü hekayədə isə Minatoya sevgi ilə bağlı məsləhətlər verərək onunla birlikdə musiqi ifa edir. Bu səhnədə tamaşaçı, sevgisi və qorxusu uğruna insanları qurban verən iki nəfərin ifasına şahid olur. Minato əlində olaraq və ya olmayaraq Hironun həyatını məhv edir.

Canavar filmi əvvəldən bizə əsl canavarları göstərmək üçün səy göstərir.  Filmin finalında yağan yağış şəhərin bütün çirklərini yuyub apararkən Minato və Yori inşa etdikləri  “etibarlı evlərində" - köhnə vaqonun içindən yağışı izləyir. Və tamaşaçı ekranda, oğlu üçün didinən ana ilə məktəb müdiri və sırf hirsini çıxarmaq üçün  Yorini döyüb onu alçaldan atasını görür. Əsl canavar nə Minatodur, nə Hiro, nə də Yori. Əsl canavar tamaşaçının ilk dəqiqələrdə axtardıqlarından heç biri deyil. Əsl canavarlar şəhərin eynilikləri və çirkləri içində gizlənmiş, ətrafındakı insanlara zərər verənlərdir. Kimi günahlandırmalı?  Konsomatris barında işləyən ya da onu yandıran Yorini, yoxsa günlərini burada keçirib oğunu döyən atanı? Özünü ifadə edəbiləcəyi halda susdurulan Hironu, yoxsa məktəb idarəsini? Qorxduğu üçün heç nə deyə bilməyən Minatonu, yoxsa həqiqəti bilsə də, susan müdiri? 

Film sizi bu suallarla baş-başa qoyaraq finala gedir. Final səhnəsində üzlərinə vuran parlaqlıqla  əvvəl kilidli olan qapıya tərəf qaçan uşaqları görürük, yağış, yerini günəşə buraxır....

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)