Edebiyyat.az » Film » Elçin Alioğlu - İrishman filmi üzərində gəzişmələr

Elçin Alioğlu - İrishman filmi üzərində gəzişmələr

Elçin Alioğlu - İrishman filmi üzərində gəzişmələr
Film
Necef Esgerzade
Müəllif:
15:51, 31 dekabr 2019
1 731
0

In the still of the night
I held you
Held you tight
Cause I love
Love you so
Promise I'll never
Let you go
In the still of the night.
 
... Gecənin elə o aləmində film seyr etməyin ləzzəti bir ayrı idi. 
 
İllah da ki, o film dünya sinematoqrafının - "kinematoqraf" sözünü əsla sevməm, sanki ruhun kinetik və əqlin potensial enerjilərinin qarışığını təqdim edirlər mənə - "mavi gözlü div"lərindən birinin, Martin Skorsezenin əsəri ola.
 
Əsər əsərə söykənib və sanki gözlərini qıyaraq sənə baxır, laqeydcəsinə "Che cosa?" soruşur. İkindi saatlarında küçədə yeriyərkən qarşılaşdığın kalabriyalı kimi.
 

Çarlz Brandtın "Eşitmişəm, evləri boyayırsan" (I Heard You Paint Houses) romanını oxuyanda çox istəmişdim ki, bu roman film ola.
 
Ya Tarantino, ya Skorseze, ya Linçin məhsulu.
 
Gəldi, Martin Skorseze çəkdi.

Bəri başdan deyim ki, ABŞ-dakı italyan mafiyasının slenqində "ev boyayan"ın mənası killer deməkdi.
 
Brandtın romanının gerçək həyatdakı prototipi də var - Frenk Şiran.
 
Və "Quanto costa?" sualını da cavablayım: Robert De Niro, Al Paçino və Co Peşini bir araya gətirmək üçün Netflix tam 105 milyon dollar sərf etdi.
 
Beləliklə, il başa çatır.
 
İlin filmi?
 
Xub.
 
"Joker", "Ford Ferrariyə qarşı"?
 
Məncə, yox.
 
Mio piace molto!
 
Martin Skorsezenin "İrishman", yəni "İrlandiyalı" filmi.
 
Kriminal dram janrının ən yaxşı, ən dadlı, ən qəmli, ən baxımlı yönlərini bir araya gətirmiş bir film.
 
Skorseze filminə köhnə qvardiyanı - Robert De Nironu, Co Peşini və Al Paçinonu çağırdı. Peşini və Paçinonu çoxdandı ekranlarda görmürdüm. 

"İrlandiyalı" onlar üçün qayıtmaq və nəyə qadir olduqlarını göstərmək üçün əla vəsilə oldu.
 
Rejissor lentin baş qəhrəmanlarpını yalnız əsas aktyorların obrazında göstərmək, gənc dublyorlardan istifadə etməmək qərarına gəlmişdi. 

Bu isə çox bahalı virtual "cavanlaşdırma" texnologiyasından istifadəni nəzərdə tuturdu. Filmin büdcəsi artdı, heç bir studiya razılaşmadı. 
 
Sonucda ssenari Netflix-in əlinə keçdi.
 
Və janrının etalonu sayıla biləcək film çəkildi.
 
Süjetin əsasını Frenk Şiranın real yaşam hekayəsi təşkil edir. Şiran rolunu Robert De Niro oynayıb.
 
Frenk tam təsadüfən mafiyaya düşən, ömrünün sonunadək mafiya üçün çalışan adamdı. 
 
Al Paçino o illərdə ABŞ-ın ən məşhur və ən nüfuzlu adamlarından biri, həmkarlar təşkilatının bossu Cimmi Hoffa obrazını yaradıb.
 
Bufalino mafiya ailəsinin rəhbəri Rassel rolunu isə Co Peşi oynayıb.
 
Skorseze qeyri-xətti nəqldən istifadə edib ki, bunun da məğzi sadəcə, əksinə bəhs yox, həm də paralel və çarpaz süjetlərdir. Nəticədə film daha canlı olur, üç saat yarımlıq xronometraj tamaşaçını əsla usandırmır. 
 
İkinci plan aktyorları da əla oynayıblar. Amma filmdə 40 illik dövrdən bəhs olunduğundan, personajlar həddən ziyadədir. Hətta Harvi Keytel də buradadır. 
 
İki səhnədə peyda olan, bir kəlmə danışmayan Anna Pekuinin oyunu sadəcə, möhtəşəmdir.
 
Onun oyunu, De Nironun personajına olan nifrət, qüssə və inciklik aktrisanın yaratdığı Peqqinin atasına olan hissləridir.
 
O dövrün ab-havası mistik qaydada çatdırılıb. Avtomobillər, paltarlar, nəql boyunca dəyişən musiqi.
 
Operatorlar elə güclü kadrlar "tutub"lar ki, sonralar onları skrinşot edib divardan tablolar təki asmaq olar.
 
Netflix əslində Skorzeni bəlkə də rüsvay etmək istəyib ahıl və qürub dönəmində. "Cənnətin qapıları" adlı 5 saatlıq sarsaq film çəkmiş Çimino kimi.
 
Amma alınmadı: Skorseze yenə fenomen yaratdı.
 
Martin Skorseze nisgil rejissorudur. Ondan aktual siyasi və ya sosial mövzuda film gözləmək sadədlövhlük olub həmişə. O, hətta "Artist" kimi o dövrə lağ etmir, yox. Skorseze hələ də o dövrdə yaşayır.
 
"İrlandiyalı" filmi nəsihət moizələri oxumur, "Qocalara burada yer yoxdur" təki öyüdləri sıralamır. Yeni dövran Skorsezenin personajlarını dəyişmir, onların öz reallığı var. Şiranın nisgilədək daralan, sönməkdə olan beyni boyda olsa belə.
 
Filmə baxmazdan əvvəl mütləq Brandtın romanını oxuyun, Frenk Şiran barədə internetdə məlumatlar əldə edin. 
 
Yoxsa anlamayacaqsınız ki, Robert de Nironun personajı yalan danışır.
 
Döyüşdə 5 tank partlatdığını, 10 təyyarə vurduğunu və on min düşmən əsgərini öldürdüyünü deyən müharibə veteranı təki.
 
De Nironun personajı da öz yalanlarına inanır, tamaşaçı da onunla birlikdə yalanlara aldanmağa hazırdır.
 
Amma dayanın - bəlkə deyilənlər həqiqətdir?!
 
Kim bilir.
 
Sinematoqrafda sarsaq bir fənd var: kadrarxası mətn. İstedadsız ssenariçi və rejissora yardım çəliyidi bu. "Kazino" filmində, məsələn, demensiyalı qocanın söz ishalı xoşagəlməzdi. 
 
Qanqster filmlərində bu fənd lap pis olur. Fəqət, Skorseze fənddən istifadə etsə də, məharətini göstərir.

 İkinci Dünya Savaşının veteranı yolda avtomobilinin mühərrikində problem yarananda ona yardım edən insanla tanış olur. Rassellə.
 
Ən qəddar və ən məşhur mafiozlardan biri ilə.
 
Film başlanır...
 
De Nironun qəhrəmanı pis tanıdığı adamları asanlıqla öldürməyə başlayır: sanki refrijeratorunda ət daşıyır.
 
Birinci arvadı pulların haradan gəldiyini soruşmur. İkinci arvadı bilsə də, susur.
 
Onun dörd qızından sadəcə, Peqqi normal olur: atasının nə işlə məşğul olduğun anlayır.
 
"İrlandiyalı" qanqster eposuna elegiyadır və burada vidalaşan janrın sanki bağrını dəliblər. Skorsezenin əla bacardığı fəndlər, yəni stop-kadrlar, kadrarxası monoloqlar, hətta komik anlar var.
 
Lakin dəqiqələr keçdikcə filmdə dəfn ciddiliyi hakim olur.
 
Hərəkətli, personajların vicdanlarından gerçək maraqlarını gizlədən çoxmərtəbəli evfemizmlər peyda olmağa başlayır.
 
De Niro möhtəşəmdir, Al Paçino dahidir. Amma özü barədə stereotipləri alt-üst edən, film boyunca bir dəfə səsini qaldırmasa da, ən məşum obrazı yaradan Co Peşi müstəsnadır.
 
"İrlandiyalı" uduzulmuş həyata ayıq, soyuq, sonsuz kədərli baxışdır. 
 
Film böyük, gözəl torta bənzəyir.
 
Amma diqqətli olun. Tort acıdır və Skorseze onu son tikəyədək yeməyə vadar edəcək.

 ... Səhər saat 4. O dö Senin səhər dumanı Sürendəki ağacları ağuşuna alıb - Parisin bu səmtinin səssizliyi sanki sükutun librettosudur.
 
Yarıqaranlıq palata. Əlil arabası, planşetdə səslənən "In the Still of the Night" mahnısının otağı dolduran sədası və...
 
Və aralı qalmış qapı, oradan süzülən avaz dəhliz işığı.
 
Əlimə baxıram. Həbsxanada Rasselin əli kimi titrəyirmi?
 
Masaya baxıram. Orada ən dadlı çörək yox ki, bəhməzə batırıb sadəcə, kiçik tikənin dadını alasan.
 
Həyat necə yaşandı?
 
Mi dispiace, non lo so...
 
Sizcə?
 
Ho ragione o torto?...
 
Çalışın, qapının aralı qalacağı anda yanınızda sevdiyiniz insan ola.
 
Yaşıl tabut olmasa da...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)