Edebiyyat.az » Musiqi » Elvin Rizvangil - Yarımçıq sevgilərin himni

Elvin Rizvangil - Yarımçıq sevgilərin himni

Elvin Rizvangil - Yarımçıq sevgilərin himni
Musiqi
admin
Müəllif:
09:51, 09 may 2022
2 814
0
Elvin Rizvangil - Yarımçıq sevgilərin himni





“Nə yaxşı ki sən də varsan bu dünyamda. Kimi sevib, kimdən ayrılardım? Bu dünyadan getmək istədiyim anda , bu həyatda kimə görə yaşayardım?“


https://youtu.be/YYVW6vEy4x0


Bu mahnıya çox qulaq asmışdım. Ancaq heç vaxt sözlərinin bu qədər fərqinə varmamışdım. Dostum Səyavuşun məsləhəti ilə bir dəfə diqqətlə qulaq asdım. Mahnı elə iki misrasında məni cərəyan kimi vurdu. Başımı ovcumun içinə alıb: "Xanım, sən necə bir eşq yaşamısan, hansı ürəklə sevmisən ki, belə bir şeir yazmısan?"-dedim öz-özümə. Bu sözləri yazmaq üçün sevmək lazımdır. Özü də bizim kimi yox! Yox, bu sevgi insan sevgisi deyil. İnsan oğlu belə sevə bilməz.

Belə bir şeir yazıb və musiqi bəstələmək?! Bu, adi insan halı deyil. Bu sevgini ətdən, sümükdən ibarət olan insan yaşaya bilməz... Sevgini bu cür ifadə edə bilməz... İnsanın əlində deyil: mahnı başlayır və qurtarana qədər həyatın gözünün önündən keçir. Bu mahnıya layiq yaşadığın sevgini xatırlamaq istəyirsən. Xəyallara dalıb onu düşünmək istəyirsən. Ancaq yox, sən elə bir eşq yaşamamısan. Heç kimə deməmisən “Unut məni, unut məni, lap yadından çıxart belə. Ürəyində ürəyim döyünür hələ...” Hansı sevgilinizin ürəyi ürəyinizdə döyünür? Düzdür, hamımızın həyatında iz buraxan sevgilər olub. Ara-sıra xəyallara dalaraq onunla xatirələri yada salıb, bir siqaret yandırır, bəzən gülümsəyir, bəzən gözlərimiz yaşarır. Tez özümüzü yığışdırırıq evləndiyimiz qadından və ya kişidən, bunu gizlətməyə çalışırıq.

“Unut məni, unut məni, taleyimə kölgə salıb... Xəbərin yoxdur ürəyin məndə qalıb”... Unut sən, unut məni. Öz işində ol. Sənin ürəyin mənim taleyimə kölgə salıb. Unutsan da, vecimə deyil. Sənin ürəyin məndə qalıb. Nəqarət hissəsi insanın iliyinə elə işləyir ki, ürək döyüntüləri artır. Mahnı irəllədikcə sol tərəfdən yüngül bir ağrı hiss edirsən və İlhamə Quliyevanın səsi ilə bərabər o sancı kəskinləşir. “Ürəyində ürəyim döyünür hələ”... deyəndə sanki ürək yerindən çıxmağa hazırlaşır. Sənə elə gəlir ki, sinənin altında iki ürək var, onun ürəyi indicə sənin ürəyini yerindən çıxardacaq və tək qalıb onun əvəzindən də döyünməyə başlayacaq.

Mahnı başlayandan bitənə qədər neçə siqaret çəkdiyimi bilmədim. Mahnı başlayanda boş olan külqabındakı siqaret kötüklərini mahnı bitdikdən sonra saya bilmədim. 

“Yollarımız ayrı-ayrı cığır açır, kimimiz gec, kimimiz tez gedəcəyik... Ruhumuz da bir-birinə doğru qaçır. Ölsək də, o dünyada görüşəcəyik”...

İndi sən ondan uzaqlardasan, hansınızın daha tez öləcəyi bəlli deyil. Hərəniz cismən öz yolunuzu getsəniz də, bir-birinizdə qalan ürəyiniz ruhunuzu sizə doğru aparır. Arada nə qədər məsəafə olsa da, hər gecə ruhunuz görüşür. Tək bu bəndə görə bir şüşə şərab içib və bir qutu siqaret çəkərəm bu ağırlığa tab gətirmək üçün.

Dinlədikcə anlayırsan ki, bu elə sənin yaşadığın sevgidir. Sadəcə onu dilə gətirməyə cəsarətin yoxdur. Hər zaman ürəyində gizləyirsən. Bu mahnıya da gizlin gizlin qulaq asıb ürəyini dağlayırsan.


P.S Xanım İsmayılqızı, bu mahnı eşqin zirvəsi, yarımçıq sevgilərin himmnidir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)