Edebiyyat.az » Musiqi » ELVİN RİZVANGİL - ÖLÜM BU DÜNYANIN O ÜZÜNDƏDİR!

ELVİN RİZVANGİL - ÖLÜM BU DÜNYANIN O ÜZÜNDƏDİR!

ELVİN RİZVANGİL - ÖLÜM BU DÜNYANIN O ÜZÜNDƏDİR!
Musiqi
admin
Müəllif:
18:17, 14 oktyabr 2022
2 567
0
ELVİN RİZVANGİL - ÖLÜM BU DÜNYANIN O ÜZÜNDƏDİR!



 Uşaqlıq illərimizdə bir serial çıxmışdı. Çoxları bu seriala baxıb çap olunmuş eyniadlı əsər ilə müqayisələr aparır, kitabda olmayan məqamlar tapırdılar. Bu serial 1994-cü ildə lentə alınmış, Əlibala Hacızadənin eyni adlı əsəri əsasında çəkilmiş "İtkin gəlin"  serialı idi. Serialın qurluşcu operatoru Fərman Nəbiyev bir müsahibəsində filmin bütün serialarını "Panasonic M-3000" kamerası ilə çəkdiyini söyləmişdi. Texniki baxımdan keyfiyyətsizliyini qınadığım üçün peşman olmuşdum həmin müsahibəyə baxanda. Film sektorunda çalışanlar, ümumiyyətlə, bu sahədən az-maz anlayışı olan hər kəs bilir ki, "M - 3000" kamerası ancaq toy çəkməyə yarayır. "İtkin gəlin" müstəqillik dövrünün ilk çoxserialı filmidir. "İtkin gəlin" əsərinin mənim həyatımda yeri  başqadır. İlk oxuduğum iri həcmli əsərdir. Çoban (səhv etmirəmsə, Yusif idi adı) oğlanın məhkəmə səhnəsini necə həyacanla oxuduğumu indi də xatırlayanda dəhşətə gəlirəm.

 Film çox əziyyətlə ərsəyə gəlmiş və mənim əldə etdiyim qeyri-rəsmi məlumata görə, filmin yaradıcı heyətinə qonarar ödənməmişdir. Obrazlar haqqında və onu canlandıran aktyorlar, aktrisalar haqqında məlumat verməyin lüzumsuz olduğunu düşünürəm. Çünki hər kəs Məleykə Əsədovanı bu serial ilə tanıyıb. Yenə də bu kiçik qeydi edib keçmək istəyirəm əsas mətləbə. Filmin ssenari müəllifləri Əlibala Hacızadə, Lütfi Məmmədbəyli, quruluşçu rejissoru Lütfi Məmmədbəyli, bəstəkarı Cavanşir Quliyevdir. Baş rollarda Məleykə Əsədova (Əfsanə) və Elşən Rüstəmov (Elməddin) oynayır.

 Mənə görə bu, serial yox, tam metrajlı film kimi çəkilsəydi, daha uğurlu olardı. Ancaq mən əsər və filmdən daha çox fimin soundtraktı, yəni "İtkin gəlin" mahnısından danışmaq istəyirəm.

 Sözləri Əlibala Hacızadəyə, musiqisi Cavanşir Quliyevə məxsus bu nacizanə sənət əsərini xalq artisti Aygün Kazımovanın özünəməxsus səsi daha da möhtəşəm edir. Hər zaman demişəm, Əlibala Hacızadənin şeirləri nəsrindən daha güclüdür:

 Ölüm bu dünyanın o üzündədir. Dünyanın bu üzü güldür, çiçəkdir.  Ölməzlik məhəbbət zirvəsindədir. Məhəbbət əbədi ömür deməkdir. Bu sözləri necə təhlil edəsən?! Ümumiyyətlə, təhlilə ehtiyac varmı?! Bəzən mənə  bu cür misraları yazan şairin həmin an hansı ruh halında olması maraqlı gəlir. Görən özü fərqindədirmi nə yazdığının? Yazdığı misraların yükünün ağırlığını özü dərk edirmi? Ona bu sualı vermək nəsib olmuşdu. Siqaretindən dərin qullab alıb xəyala dalıb heç nə demədi. "Mən həyatda gördüklərimi və gəldiyim qənaəti yazmışam". Sonra tünd çayından bir qurtum içib:  "Çox şişirdirsən, əslində, qeyri-adi heç bir şey yazmamışam",- dedi. Özü bu şeiri belə təhlil etdi. "Bu dünyanın iki üzü olduğunu hamımız bilirik. Bu tərəf gül, çiçəkdir, amma o biri tərəfi heç birimiz bilmirik. Əgər ölməz olmaq istəyirsənsə, sev. Hər şeyi: vətəni, dostlarını, heyvanları, bu həyatı sev. Sevə-sevə yaşa. Sevərək yaşasan, cismən ölsən də, ruhən həmişə sağ qalacaqsan. Məhəbbətlə anılanda insan yenidən dirilir, var olur", - demişdi.Görüşümüz üç saata yaxın keçmişdi. Ancaq mən doymamışdım onun söhbətlərinə. Növbəti görüşə isə əcəl imkan vermədi. Məhəbbət zirvəsini fəth etmiş ustadı aldı əlimizdən.

 "Sızlama,  ürəyim, sən dözümlü ol. Bu dünya həm acı, həm də şirindir. Bir gözünlə sən ağla, bir gözünlə gül. Bu dünya əzabına dözənlərindir" Ustad bu şeirində sadə dillə bütün həyat fəsləfəsini ortaya qoyur. Məşhur türküdə deyildiyi kimi,    "Mevlan gül deyərək  iki göz  vermiş, bilməm ağlasammı, ağlamasammı?!" Bir günlük bədxətliyinə üzülmə, biz bu dünyaya bir gözümüzlə ağlayıb, bir gözümüzlə gülməyə gəlmişik. Əbədi xoşbəxtliyin və bədbəxtliyin olmadığını, iztirablara güc gələnlərin sonda qalib olduğunu bildirir. 

 "Hicranın yolları bitməz, tükənməz. Vüsal yollarına qar ələnibdir. Ömrünü eşqinə qurban deyən kəs, xəyanət əli ilə güllələnibdir"... Həsrətin yolları uzundur, bitib- tükənmək bilməz. Vüsal yollarına isə qar yağıb. Vüsala yetmək üçün cığırlarını qar örtmüş bitib-tükənmək bilməyən hicran yolundan keçməlisən deyir ustad. Ömrünü eşqinə qurban edən kəslər sonda xəyanət əli ilə güllələnibdir... Bu misralara isə deyəcək heç bir söz yoxdur. 

P. S. Bir neçə gün idi bu mahnını zümzümə edirdim. İstədim ki, ustadın ruhunu bu xırda yazı ilə şad edim. Fəth etdiyi ölməzlik zirvəsində şad olsun.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)