Edebiyyat.az » Poeziya » Şair Ayaz Arabaçının etiraz dolu şeirləri

Şair Ayaz Arabaçının etiraz dolu şeirləri

Şair Ayaz Arabaçının etiraz dolu şeirləri
Poeziya
nemət
Müəllif:
12:06, 15 mart 2019
3 809
0
Şair Ayaz Arabaçının etiraz dolu şeirləri





Mənim öz yolum var, öz cığırım var.
Hər yolu-yolağı həzm edəmmirəm.
Xalqımın illərlə düşüb qaldığı,
Bu qara zolağı həzm edəmmirəm.

Alçağa qıymaram söz səbətimi,
Lap şişə taxsınlar kəsib, ətimi,
Neynim Allah vursun xasiyyətimi,
Yaltağı-yalağı həzm edəmmirəm.

Oturub yalandan bayram etməyin,
Min ildən qabağa barmaq etməyin,
Cındırı ucaldıb bayraq etməyin,
"Ətəyi"-"balağ"ı həzm edəmmirəm.

Səbirdə nə tapdı, dözümə girən,
Çoxdu xəfiyyətək sözümə girən,
Hər axşam efirdən gözümə girən,
O otu-alağı həzm edəmmirəm.

Bu ölkə mənimdi, bazarladığı...
Salıb xəstəliyə azarladığı...
Nazirin yüz hektar hasarladığı,
Meşəni, bulağı həzm edəmmirəm.

Oldumu şeytanın ağ iş qurduğu..?
Enişdi ruhumun yoxuş durduğu..
Kiminsə millətə soxuşdurduğu,
Calağı-culağı həzm edəmmirəm..

Görüm hər arzudan-muraddan olsun,
Zalımın hər yolu Siratdan olsun..
Danış, söhbətimiz Qır Atdan olsun,
Eşşəyi, ulağı həzm edəmmirəm..
 
                ***

Mən ömrü düz yola sürüklədikcə,
Qarşıma döngəsi-dalanı çıxdı.
Arazlıq iş yoxdu,öz içimizdən,
Ortaya ayrılıq salanı çıxdı..

O dəli şimşəklər qəfil çaxdılar,
Bu bığlı kişilər oyuncaqdılar..
Aparıb muzeyə qoyacaqdılar,
Eh,bu düdüyün də çalanı çıxdı..

Bir gün tufan qopdu,qar-qış başladı,
Təslim timsalında barış başladı,
Bir murdar,bir iyrənc yarış başladı,
Ölkədə hər şeyin talanı çıxdı..

Sözüylə əməli bir kimiydilər,
Üzdə tülkülər də şir kimiydilər..
Zahirən adamlar pir kimiydilər,
Sonra hamısının yalanı çıxdı.

Dəysin başlarına dədəlikləri,
Kim açdı yel çəkən bu dəlikləri,
Çoxaldı şeytanın öhdəlikləri,
Aradan Allahın planı çıxdı..

Gördüm çoxlarının döşəkliyini..
İtirdi qarşımda şəkk-şəkliyini..
Eşşək gizlətmişdi eşşəkliyini,
Amma ki,arxivdən palanı çıxdı..

              ***

Bir nəsil çürüyür,bir nəsil Allah,
Bir nəsil çürüyür hər fəsil,Allah.
Bir nəsil çürüyür göz qabağında,
Bir nəsil çürüyür qoz qabığında..
Ölkəni yalançı ədalət basıb.
Eşqini,ruhunu ətalət basıb.
Bütün dişə dəyən gözəl yerləri
Bir yığın iylənmiş murdar ət basıb..
Qoy haqqı deməyən hər ağız ölsün..
Hər qanun,hər qələm,hər kağız ölsün.
Bir yanda qəsrlər,taclar kürtləsi,
Bir yanda məzlumlar,aclar kütləsi..
Vergilər,rüsumlar,baclar kütləsi..
Xaltalar kütləsi, xaçlar kütləsi.. 
Bir nəsil çürüyür yurdsuz-yuvasız,
Bir nəsil çürüyür susuz-havasız..
Bir qoca kaftarın səksən evi var,
Bir ayrı kaftarın yüz dənə barı..
Elə bil goruna aparacaqdır,
İtin balaları o boyda varı..
Dərdlərin gözləmə salonundayıq..
Biz belə müticə ölməməliyik..
Hamımız oksigen balonundayıq..
Br nəsil çürüyür göz qabağında,
Bir nəsil çürüyür qoz qabığında..
Şeytanı qoyuruq Allah yerinə,
Allahı endirib bəndələyirik.
Nooldu Koroğlu,nooldu Babək..
Dubinka dəyməmiş səndələyirk.
Heç kimin yanında söz demək olmur,
Min-min işverən var,ağzıcırıq var.
Gündə əlli dənə sifət dəyişən
Gör neçə alçaq var zatqırıq var..
Barı heç olmasa sən çıx ortaya,
Barı heç omasa İlahi,sən çıx..
Göydən düş, ya yerin göbəyindən çıx. 
Sənin ki,hər yerdə keçən sözün var,
Sənin ki hər yerdə görən gözün var..
Elə göyüzünə dalıb durmusan..
Ağzına bir bulud alıb durmusan..
Bir nəsil çürüyür göz qabağında,
Bir nəsil çürüyür qoz qabığında..

             ***

Külək qovub qaranlığı aparır,
Bacamızdan kasıb-kasıb dan düşür.
Heç bilmirik səhər necə açılır,
Bizə ancaq xoruzlardan ban düşür..

Gah təbibik,gah dərmanıq deyirik,
Ağrıyanın yarasına dəyirik,
O qədər ki,itə-qurda əyirik,
Papağımız başımızdan yan düşür..

Nə ruhumuz,nə könlümüz dad alır,
Danışanda səsimizi yad alır,
Şərəfsizlər ad üstündən ad alır,
Gözümüzdən şərəf düşür,şan düşür.

Göyə çıxır hirsimizin buxarı,
At oynadır əsli-kökü suxarı,
Balqabaqlar çəkildikcə yuxarı,
Görkəmindən ad yıxılır,san düşür.

Ucuz qalmam bu bazarda baha-mən..
Baş endirməm heç bir halda şaha mən,
Bu dünyayla oynamıram daha,mən,
Gədə-güdə aşıq atır xan düşür..

Etdi bizi bir nadürüst pələsəng,
Düşünməyə zaman yoxdu,tələsək...
İpəyə də,qumaşa da bələsək,
Qocaldıqca gözümüzdən can düşür..

Acı dedim,şirinə yoz,bal anla,
Vaxt olur ki,dil tapmırsan balanla,
Məcbursan ki,keçinəsən yalanla,
Düz deyəndə aralığa qan düşür...

                *** 

               Xocalı

Bu günəcən ölüm-itim çox olub,
Səndən ağır hüzün yoxdu,hüzün yox..
Mənim səndən,bir söz tapıb yazmağa,
Üzüm yoxdu,üzüm yoxdu,üzüm yox..

Yığılmısan dərd adında oymağa,
İldə bir yol içimizi soymağa,
Səhvlərimin qabağına qoymağa,
Düzüm yoxdu,düzüm yoxdu,düzüm yox..

Bir ağızdan əlli cürə fit çıxır,
Adam bilib sevdiklərim it çıxır..
Torpaq haqda nə yazıram şit çıxır,
Duzum yoxdu,duzum yoxdu,duzum yox..

Mənim adım uyğun gəlmir örnəyə..
Gül dərmədim saçlarına hörməyə,
Bir dəstə var,bir tayfa var,görməyə,
Gözüm yoxdu,gözüm yoxdu,gözüm yox..

Bulud kəsdi qabağını hey,danın..
Boş buraxdım damarını meydanın,
Atasını yandırmağa şeytanın..
Közüm yoxdu,közüm yoxdu,közüm yox..

Harda öldü bu millətin yiyəsi..
Sual altda inildəyir niyəsi..
Eşşək boyda dövlətlərə deyəsi,
Sözüm yoxdu,sözüm yoxdu,sözüm yox..

Mə bilirəm nə şum-şumdu,nə dən-dən..
İyrənirəm daşıdığım bədəndən,
Heç kim mənə dərs verməsin Vətəndən,
Lüzum yoxdu,lüzum yoxdu,lüzum yox...








Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)