Ələsgər Əhməd - Terrorun uşaq qətli
Ömür-
Aysunun 7 yaşında bitəcək qədər amansızdı
Terror qanımızı dondurursa,
terrorist qansızdı
Aysunun nə ümidləri vardı
Kəndin havasını içinə çəkib, gülmək istəyərdi
Dərslərini yaxşı oxuyardı
Elə o da,
universitetə qəbul olub,
bakıya gəlmək istəyərdi
7 müqəddəs rəqəmmiş
ölüm də mi, müqəddəsdir 7 yaşında?
"Aysun, gülümsə" deyilməyəcək
Ən gözəl şəkili,
məzar daşında
Müharibənin əsl üzünü görməmişik
Görə də bilmərik
"Uşaq yoxdur, yoxdur uşaq" deyən ataya,
uşaqlığımızı verə də bilmərik
Ölümün qapısı bağlı idi
Əli dəstəyə çatmayan uşaqların,
içində "kiminsə qapını açma" ümidi
Axı, onlar hər şeylə maraqlanar
Qapı açıldı,
hara getdiklərini bilməsələr də, alqışladılar
Bir otaqdan,
o biri otağa qaçmağa başladılar
Tanrı, sülh quşu da ölüb
Müharibə bitənədək,
silahsız ailələrin evlərinin önündə gəz
Terror uşaq oyuncağı olsa da,
kasıbı da,
varlısı da onu almaq istəməz.