Rauf Qaraişıqdan üç şeir
Poeziya
Rauf Qaraişıqdan üç şeir
Dün gecə
Sən yadıma düşdün,
Şuşa.
And olsun o Dolu Aya,
and olsun o qızıl yarpaqlara,
"and olsun töyşüyə-töyşüyə qaçan atlara" *
gələcəm töyşüyə - töyşüyə,
gələcəm
görəm səni,
Şuşa!
______
* Qurandan.
01. 11. 20
adamı
Kədərin böyüklüyü yox,
toppuşluğu,
yumşaqlığı
öldürür
hərdən.
oğrun-oğrun gəlib
sənə yalmanan pişiyinin
narıncı istisi öldürür
adamı
hərdən...
L. Q.* - nin xatirəsinə
Narıncı sünbüllərin içiylə
Çapırdım göy atımı,
Gömgöy atımı…
Süd kimi ağ
yağışlar yağırdı
Qapqara qumlara.
Çəhrayı külək əsirdi həm də…
Qan-qırmızı suların
Sarı-sarı balıqları vardı.
Süd kimi ağ Günəş
Qapqara Ay vardı.
Çəhrayı külək əsirdi həm də…
Uzaqda
Yamyaşıl incir ağacının altında
Bir adam bardaş qurub
Sarı balıq yeyirdi
Narıncı çörəklə.
Çəhrayı külək əsirdi həm də…
Süd kimi ağ işıqlar
Qara-qara adamların
Gözünə düşürdü
Axşam düşürdü
Qara Ay çıxmışdı
Göyün üzünə.
Çəhrayı külək əsirdi, həm də…
________
* Leonid Qubanov
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: