Sevinc Giləhlidən şeirlər
Poeziya
Sevinc Giləhlidən şeirlər
Balam döndü sənə qoşdu,
Kilidlədi dizimi.
Sıxışdı qürurum
Çırpdım
ürəyimin içindən
yanan arzuların közünü,
Hönkürdüm
Yoxum boyda
boşluğa
qoyub üzümü.
Yastığımın içindən
yuxumu baltalar
nəhayətsiz zınqırov səsi.
Pəncərəmə
damcı-damcı
hönkürər,
soyuq gecənin nəfəsi.
Divarda üzümü yamsılar
Küçədən keçən xoşbəxt işıqlar,
Kirpiklərim
havada
yeksənəq simfoniya.
notlar,notlar...
KÜLƏYƏ
Bu mən adlı divarların arasında,
Gözqırpımı həyatımın qarasında
sıxılıram.
Yaz çiçəyi nəfəsitək
sovur məni,
Budağımdan üzülüm,
gedək.
Gülləri uçuraq bağlardan,
Bənövşənin yanağından süzülüm,
gedək.
Zirvələrin mamırına
çək
məni,
Saralmayan ağacların toxumuna qat,
apar.
Xəzəl-xəzəl
dərinlərə at,
apar.
Bərkiyib
torpağımda
bir lacivərd daş olum,
Sovur məni,
Ümmanların boşluğuna
nəğmə-nəğmə
köklə ,
Dur.
Dalğaların dodağından
uçum, uçum...
Yoxa yoldaş olum.
Külək
Külək
Bu axşam
külək
çırpdı
ağacların tozunu,
diddi
yolların üzünü.
Qoşub dalğalara
sürüdü sahildə
körpəmin səhərki izini.
Uçmaq istəyən dəlilər kimi
qalxıb
yamaclara
vurdu
özünü.
Mövzuya uyğun linklər: