Edebiyyat.az » Poeziya » Süleyman Abdulla - Hərbi gödəkcə

Süleyman Abdulla - Hərbi gödəkcə

Süleyman Abdulla - Hərbi gödəkcə
Poeziya
Necef Esgerzade
Müəllif:
21:49, 09 dekabr 2019
2 411
1
Hərbi gödəkçə

O vaxt adamların çoxu mərd idi,
Sevməyə dost-doğma bir vətən vardı.
Kim idi ölümdən çəkinən,
qorxan,
Çoxunun içində ulu Mən vardı.
Yaş olan payızda quruydu barıt,
Düşmənə atılan güllə şən idi.
O vaxt qiymətliydi söz də, əməl də,
Hər kəs dəyərinə yetişən idi.
Həkəri sahili şad idi onda,
Sopsoyuq suları qızartmırdı üz.
Güllə yağışına düşsə də tez-tez,
 Axardı arxayın...

 Gecə və gündüz...
Geri qayıdırdı yollar bir axşam,
Boynuma sarılan xəbər gözəlmiş...
O vaxt çox gərəkdi Vətənə əsgər,
Sevindim...
igidim dünyaya gəlmiş!

O gün havalar da xeyli soyuqdu,
Göydən narın-narın tökülürdü nəm.
Yolu yüyrək idi doğum evinin,
Barıt qoxuyurdu hərbi gödəkcəm.
Yorğun gözlərimdən sevinc yağırdı,
İlahi, boz çiskə çevrildi qara.

Qollarım yollandı dümağ qundağa,
Ciblərim yol oldu muştuluqlara.
Bakıya dönürdü səadət köçüm,
Qardan qorğanırdı özünü hamı.
Nə pulum qalmışdı, nə maşın vardı,
Hərbi gödəkcəmə bükdüm balamı.
Piyada yürüdük vağzala qədər,
Hərbi iş dediyin belə işdi dəə...
Təlaşla qundağı açıb yoxladıq,
Körpə puçur-puçur tərləmişdi də...
...Sonra illər keçdi o qarlı gündən,

O körpə böyüdü bir ərən oldu.
Böyüdü, boy atdı elə o ruhda,
Hərbi gödəkcəmlə boyu tən oldu.
Bağçası, məktəbi formada keçdi,
Ali məktəbi də bir parad kimi...
Ona çox yaraşdı əsgər paltarı,
Boyuna biçildi hərbi geyimi...
Hər səhər oyanıb işə gedəndə,
Canımda duyuram o qarı, sisi.

Hərbi geyiminə baxıb görürəm,
Gödəkcəm doludur Vətən sevgisi.
Sığmaz çantasına son xəritələr,
Bilir ki, bu sərhəd Vətənə dardır.
Gözaltı baxıram,
gənc zabitimdə,
Köhnə kişilərin qüruru vardır.
Biz edə bilmədik torpağı Vətən,
Nə vaxtsa fələyin dönər təkəri.

Mənəm...
gödəkcədi...
xatirələrdi,
Arada yuxuma girir Həkəri.
Üz tutub gedirəm işığa sarı,
O vaxt ki, inamım pəjmürdə haldı.
Məni xatırlamaz hərbi gödəkcəm,
Daha ümidlərim oğluma qaldı.
Burda sona çatdı mənim nağılım,
Göydən alma deyil, ulduz düşür, - bax...
Çoxdan çıxarsam o gödəkcəni,
Mənim gödəkcəmdən çıxmaz o uşaq.


DÖYƏCƏR ŞEİR
 
Üzü mənfiyədir bütün əqrəblər,
təkcə təzyiqdən başqa...
yamanca sıxılıb hava qatları,
səmti dolaşıqdı boz küləklərin...
qarışır buludlar yalnız ağ-qara
Gecənin beyninə qan sıçramada,
gərləmiş divarı arteriyanın,
səsi batan qədər darıxar fikir.
Bir az hikkə axır qan-su yerinə,
səfil libasında qaçır kölgələr.
Kiminsə arzusu özündən keçib,
tapdanıb küçənin qoşa ağ xətti...
Bütün klaksonlar bir siqnal verir
...SOS!
Amma, ulamaqda sirenalar da,-
qırmızı-mavi...
sonra parıldayır iri kokarda,
sağ əl solaxaymış hərbi salama,-
rütbə savaşları amansız olur!


Başı buraxmadır yolun, bilirsən,
bütün marşrutlar üzüaşağı.
Enişin özü də bir dərddi...
və fərqli bir dərd...
Müsbəti müsibət oxuyur hamı,
nə var ki, ölkədə adamdan ucuz,
bir də cərimələrdən baha...
daha çeynəməyə söz də qəhətdir,
baxma, sayı çoxdu boşboğazların.
Hər həftə baş qatır qatırın biri,
bir üzü qanundur, bir üzü xaos.

Zəmanə dediyin vəfasızdı çox,
sabah ayılmağa gecə yuxusuz
gözü çimir-çimir ağarıb qalar.
Başqa nə qalıb ki, sərsərilikdən,
ah, üstü bəzəkli cibkəsən market...
vitrində siqaret çəkir adamı!
şəklinə uğunur gizli kamera,
olsun,lap aşkar...
ən lovğa siluet səninkidir ki...
aktyor olmağa yaşın keçib, heyf!
qanını çəkmədə şərab vitrini,
bir də bir cubuşluq dezinfeksiya...
boğaz yaşlamada boş...
 ...quru pafos...

Ürəyi çəkilir lal çıxışların,
adam da bu qədər ağrıyarmı heç?
Gözləri bu qədər sozalmaz ey, yox!
Unutmaz şəklini təkcə satıcı,
çünki pulun çatmaz xatırlanmağa.
Qəfil adın çıxar canından qabaq,
cibini yoxlayar bir şkaffason.
Zəhmini üstünə tökər acıqla,
şappıltı qorxudar ağcaqanadı.
Sonra suru düşər tozlu küçənin,
dalınca bir gülüş atar bankomat.
Və sən bilərsən ki,
dibsiz uçurumdur sonu yolların,
atılmaq da olmur üstündən vaxtın,
yenə gətirmədi bəxti saatın...
yenə də yüksəkdir təzyiq havada,
yüksəkdir rütubət kirpikarası...
Daha ölçülər də keçib mənfidən...
di qoy başı batsın barometrlərin!

SÜQUT
 
İndi bizə heç nə qalmayıb  xatirələrdən başqa,
Getdiyimiz yolun sonunda sabah yox,
hər irəli atılan addım dönür geriyə,
öndə ölüm, arxada heçlik...
dünənə dartır ətəyimizdən faciələr.
keçmişin ağrı-acıları hələ də keçməmiş,
gələcək dediyin nədir ki,- soruşma,
cavabı:- ən yaxın tarixə ironiya...- olacaq!
Baxırsan hər küncdə biri o birinə
medal verir,
orden taxır,
təltifnamə yapışdırır...
saxta şöhrət alveri...
sabah,
tərsinə,- o biri bu birinə...
kürsü utanır yalançı təriflərdən,
məddahlar boy-boy...
hansısa bir pullu sincabla
şəkil çəkdirmək üstündə tapdalayır bir-birini
saxtakar,
oğru,
yaltaq,
istedadsız sünbülqıranlar...
hər tərtibat illuziya,
hər görüntü ilğım,
hər söz pafos...
ətraf boşluqla dolu, boşboğazlarla dolu...
yam-yamlar kimi şəstlə gələr,
şəstlə gedər başyeyənlər dəstəsi
qulbeçələr başçılardan daha məğrur...
daha əzəmətli,
daha əzazil...
adamın kölgəsini gəmirir siçovul baxışlı şəkillər,
ən adi GERÇƏKLİK,-kəsəyən...
sən hələ sağsanmı,- kinayəsi...
səncə?- cavab deyil əslində nifrətinə divarların.
sualı sualla sancmaq belə olur dodaqucu,
ən möhtəşəm qələbənin sonunda da
qətl olunan qaliblərdir yenə...
gilyotin xırçıldadan cəllad kimidir
dişlərinin dibində küçə saatı hökmün...
getmək qayıtmaq kimi bir şeydir,
gələcək çoxdan keçmiş bizi
himn oxumaqla bitmiş parad...
kim necə istəyir adlandırsın,
indi bizə heç nə qalmayıb xatirələrdən başqa,
ağrı-acılı...

QATMAQARIŞIQ ŞEİRLƏR
 
***
İndi deyəcəksən,- nə olub sənə,
Sonra deyəcəksən,- düzünü söylə.
Daha tələsmirəm cavab verməyə:
-Nə fərqi, doğrunun təkcə birini,
 Və yaxud yalanın yüzünü söylə!
 
***
Susub göy üzü,
Səssiz axır buludlar
gümüşlənmiş ay...
 (hokku)
 
***
Yuxumu qatmışam qaranlıqlara,
gəlməyən nə idi gözümə axı.
 fikrim dalğa-dalğa dağılır gecə...

***
Sualtı gəmilər çıxmaz sahilə,
kiminsə ümidi batmaz limanda.
ümman sevgilərdə qərq olmaq nə xoş...
 
***
ay işığı, su...
oynaşır ləpə-ləpə
xoş pıçıltılar...
 (hokku)

***
elə gözəldi
bir şüanın xətrinə
susub qalmaq...
(hokku)
***
bir tablo sükut,
asılıb əks divardan
baxdıqca, dinlə!
 (hokku)
 
***
Palma ağacı
elə qəribsəyir ki...
qürbətçilikdir!
 (hokku)
 
***
Bakı küləyi
soyuqdur və əsəbi...
əsməmək olmur.
 (hokku)
 
***
Mən sənə çatanda qurtarırdı yol,
Mən səni keçəndə sonu anladım.
Ömür dedikləri budursa, eyvah,
Sadəcə ilğımmış,- onu anladım!

SON HEÇ NƏ...
 
Daha heç nəyə həvəsim yox...
İşığı sönüb,
piltəsi his verən çıraq kimidir həyat
gözlərimi acışdırır xatirələri...
Dünənəcən
mən də yaşayanlar arasında idim,-
son düşündüyüm...
 
Adamın ümidləri
puç olunca ölsə yaxşıdır
Gözlərindən dara çəkilməkdir ən pisi,
bir də ürəyindən qırılmaq...
Əvvəllər şeirlə başımı qatırdım,
indi o da cansıxıcı, bezdirici, usandırıcıdır...
Yaşamaq dedikləri budursa,
heç nə,
heç nə...

ZÜLMƏTƏ VARAN YOL
 
...Sonra əllərindən çıxar ümidlər,
Səbəb o qədər ki...
əfsus deməyə.
Ovcunun içində qalar soyuq tər,
Bir də boş təəssüf, boş...
qəm yeməyə.
 
Canını üşüdər yandan ötən meh,
Qara yellər əsər könül bağında.
Çox da etmək olmur taleyi tənbeh,
Gözdən düşməyi var ağrımağın da.
 
Dərd də bir bəladır,- böyük, ya xırda,
Ağrıdır ürəyə qanın azlığı.
Adamı pərişan eylər axırda,
Asta gedişlərin qayıtmazlığı.
 
Yeraltı, yerüstü yol...
metro...
qatar...
Ən qorxunc lağımlar keçər Vətəndən.
Bütün çıxışların puç bir sonu var,
Sən yoldan çıxarsan,
yol çıxmaz səndən.
 
Paralel xəttlərdə çarpazlaşar səf,
Ayağa gələnin yüz başı varsa.
İşığa kor qalar it hürən tərəf,
Dalana dirənmək təlaşı varsa.
 
Vardığın uğura kimsə vurar pəl,
Sabah açılmamış düşər bəxtə şər.
Küsüb sən çıxarsan özündən əvvəl,
Sonra əllərindən çıxar ümidlər.

Portret

Ümid dənizində batdı qayığım,
Dalğanın üstündə kürək şəkli çək.
Ustufca fırcala, ay pəssam qağa,
Rəngləri qarışdır, görək...şəkli çək!
 
Hər yerin qəlbitox, gözüacı var,
Kiməsə gen dünya mənə olub dar.
Mənim yıxıldığım deyildi çinar,
Bu parkın küncünə çörək şəkli çək.
 
Yel nədir başımdan fikir dağıda,
Dost məni tanımaz, elə yağı da...
Tərgitdim kiməsə inanmağı da,
Gərək şübhəli çək, gərək şəkli çək.
 
Canımdı çəkməyən sözün çiyini,
Havadan bilirəm dərdin iyini.
Mən çoxdan itirdim qəlb dediyini,
Bacarsan sinəmə ürək şəkli çək.

("Unudulmuş şeirlər"dən)

PAYIZ ETÜDLƏRİ
 
Unutmaqdır çətini,
unudulmaq elə də ağır deyil,
özünə baxma,
mən çoxdan vərdişəm ikisinə də...
Məsələn,
bir zamanlar,
hətta,
çox uzaq bir zamanlar
nəmli kirpiklərinin arxasına gizlənib
kölgəni izləyən bir cüt göz vardı ha...
səni xatırlaya bilmədi,
bilmədi!
sən unutmamısan, amma...
                         
***
Bu payız
həmişə olduğu kimi
yenə də başladı yarpaq tökümü ilə
Xəzəl yağışı başqa olur,
bir az cansıxıcı,
bir az üzüntülü...
Xoşdumu payızda doğulmaq sənə,
diksinə səsinə xəzan yelləri
Sənə yarpaq-yarpaq layla oxuya.
Durna köçlərinə əl eyləyəsən,
ürəyin uçuna sonsuzluqlara
duymaya heç kəs...
kimə nə, varsan-yoxsan
amma, üzülərsən öz-özünə...
                   
***
İndi ən gözəl vaxt öldürməkdi şeir yazmaq,
qansız-qadasız ağrılar...
anlayana da təşəkkür, anlamayana da!
Bir də yağışı seyr etmək,
istər yarpaq yağışı olsun, istər çiskin,
leysan da ola bilər, şiləvaran da
təki ruhuna bir rahatlıq gəlsin,
cismindən keçib daha...
...Dahalara qalsa, batdıq,-
bir damlada boğulmaq da var,
bir ümmanda qurtulmaq da...
Ağlama,
göz yaşı kimidir bütün yağışlar!
 ...Bilirəm, unutmaqdır çətini...

YOL SÖHBƏTİ
 
Dostum, nə o sözün yeridir,
nə o yerin sözü...
Hər tində bir qulaq olduğu kimi
hər qapıda bir ağız var.
Yol, Allahın yoludursa,
ya doqqazdan keçər,
ya qapı ağzından...
Gözünü yuman,
qulağını tutan,
ağzını Allah yoluna açan...
 
Göz gördüyündən qorxar,
qulaq eşitdiyindən,
dil dediyindən...
Qorxma,
bu döngədən də keçəcəksən...
əmin ol ki,
hər hürüş səsinin arxasında
bir arxalandığı sahib var.
 
Çox hürən it tutmaz adamı,
dost olmaz hər üzə gülən.
Qeybət boşboğaz işidir,
arxadan danışmaq namərd...
Fikir vermə, dostum,
nə o sözün yeridir,
nə o yerin sözü...

QƏLB ZƏLZƏLƏSİ
 
Batan xəyalımdı Şamaxı kimi,
İçimdə boy verdi xarabalıqlar.
Ümid gözlərimi elə qırdı ki,
Ürək üşürgədən qorxunc qalıqlar.
 
Yarılan bağrımdı, yoxsa lay divar?!.
Qaysaq dodaqlarım çatdı nar kimi.
Eh, elə titrədim bayquş səsinə,
Damı uçurulmuş sütunlar kimi.
 
Sonra bir uğultu sardı beynimi,
Ağ düşən gözümə çökdü qara şər.
Elə ki,yer qaçdı ayağım altdan,
Zülmət dan yeritək söküldü sirlər.
 
Sifətin tutuldu tufan qabağı,
Qaçan baxışının qovlayanı kəm.
Qanın qara idi şah damarında,
Sonra...
nə sonrası...
canın cəhənnəm!
 
Biz sınıq qəlb ilə nə olmadıq ki...
Lal olduq,
kor olduq,
topal,
kar...
olduq.
Üz tutub gedərkən ayrılıqlara,
Dönüb ayrı-ayrı adamlar olduq.
 
(gənclik şeirlərindən)

QASIRĞA
 
Adamı ağrıdan təkcə həyatın sərtliyi deyil,
həm də öz ürəyinin yumşaqlığıdır.
Sal qayaları əl arabalarına yükləmək kimidir,
dünyanın dərdini sinədə daşımaq...
 
Kim nəyin altında əziləcəyini biləcəyi anda
çıxış yolu qapanır zəlzələnin episentrinə.
Silsilə kanyonların necə uçduğunu görmək,
hələ bəhanə deyil kosmonavt olmağa.
 
Səbəbsiz heç nə baş vermir yer üzündə,
ayağını götürüb uzaqlara qaçmaqda deyil nicat.
Ölüm nöqtə-nöqtə yazılır bədənin divarlarına,
yanağındakı xal
hansı kraterin sönmüş ocağıdır, bilməzsən.
 
Son kərə göy üzünə boylanıb ah çəkmək,
təsəvvür etmədiyin bir qasırğanın xəbərçisidir,
sənə nə sonraya qalacaqlardan?!
...Qatarmı keçəcək gözlərinin içindən,
yük maşınımı,
cənazə karvanımı,-fərq etməz!
 
Olur ki,
adam nifrətini atom bombası kimi
atmaq istəyir üstünə gələn fəlakətlərə tərəf,-
qurtulmaq cəhdidir, əslində bu...
Dünyanı məhv etmək istəyi
hər yerdən əli üzülmüşlərə aid!
nüvə parçalanması...
 
Saman çöpündən yapışmır batan kəs daha,
futbol topu kimi təpikləmək istəyir yer kürəsini.
Zəiflik,iradəsizlik,güvənsizlik...
Bütün oyunların sonu
böyük hesablı məğlubiyyətlə bitirsə,
üsyana xırda səbəb tapılmaz cığallıqdan başqa
 
Özünə qalib gəlməkdir ən çətini,
dünya savaşları acizdir bir cəhdin qarşısında
Ən dəhşətli silahlar qorxudan icad olunur,
yaşamaq xatirinədir müharibələrə vurğunluq.
İnsana məhəbbət kin qədər güclü deyil,
ilk qəzadaca nifrətə çevrilə bilir ölümünə...
 
Bütün ağrıların kökündə sevgidir dayanan,
unutmaq olmur heç nəyi...
Ən dəhşətlisi ürək ağrısıdır, tutdumu-buraxmaz,
dünyanı atəşə atmaq keçər içindən...
Sən nə zamansa çox gözəl idin,- demişdimmi,
yoxsa...
Ürəyi pilə idin nə vaxtsa...
xatırlatmaqda yarar varmı bir daha?!


HEÇ VAXT DEMƏ
 
Heç vaxt:- ola bilməz!- demə,
elə olanlar var ki,
heyrətdən gözlərin çıxar hədəqəsindən.
Çox zilə çıxma,
o qədər mahnı oxuyan var ki, yıxılıb öz səsindən
Nağıl söyləsən, yetər...
 
Siyasət dediyin gözbağlıca kimi bir zad,
aldandığını bilə-bilə inanırsan.
Göz görə-görə pisliklərə baxıb,
bir gün hər şeyin yaxşı olacağını sanırsan
Daha da artır şər...
 
Lətifə danışanlar çoxalır hər gün,
qulaq asanlar daha çox, hamı mırt tutur özü ilə.
Eşitdiyi bir başqa, gördüyü iki...
kor da bilir olmayan gözü ilə
 Hər gün yeni yalanlar təzə-tər...
 ...Sonra...

o qədər çoxdur ki, ola biləcək ola bilməzlər,
nə ağıla sığar, nə fantaziyaya...
Adam mat qalmaya bilmir,
bu ağ adamlardakı qara ziyaya.
Budurmu, məşhər?!...

PARADOKSUN KVADRATI

Biz nələr görmədik ki,
bu məmləkətdə
hər şey təmənnalıdır, yaquar, işləri keçirsə
bir soğanbaşı elə təqdim edərlər ki,
gülməşəkər deyə...
şəkərin ürəyi gedər gülməkdən adına mırtın...
matı-qutu quruyar heyrətin,
nəfəsini içinə çəkər təəccüb,
ağzı açıq qalar məəttəlçiliyin!
lənətə gəlmiş...
yerində donub qalar ədalət dediyin ətalət.

bizdə
həqiqət deyilən mücərrəd bir zad olub hər vaxt,
ya heç olmayıb,
ya ancaq tərsi olub o adda.
sözdü deyilib "xala xətrin qalmasın",
elə-belə,
"dayı"sının xətrinə
qabağında quyruq buladıqlarının...
sözü bir qara quruşa satanlarındır zəmanə,
bir tikə çörək üçün
yüzlərlə istedadlının boğazını kəsənlər var
 qansız...
 
...kor qaragözlüdür, yaquar,
biləsən, kar qulağı darı dələn, lal sözü dürr...
qıvrımsaçlı o qədər keçəl var ki, çatmaqaş...
Elmdən xəbəri olmayan elmlər doktorları
hərbdən anlayışı olmayan generallar,
heç nə qanmayan hərşeyşünaslar...
at ət yeyir, it ot...
itotu, bağayarpağı basıb hər yanı
qanqal alaq otu axtarır mədəni bitkilər arasında
 
Yadındamı, yaquar,
sən də bir zamanlar pişik adlanardın
unudulmuş kimsələrinsə dilində köhnə əlifba ilə
kor eşit, lal gör, kar danış misalı aktual...
ziyalısı beləş, dindarı eləş, kafiri beləş-eləş...
biz nələr görmədik ki,
bu məmləkətdə tökülmüşlərimizlə, nələr, nələr...
Ən ucaboy liliputlar məmləkətində yəni...
cırtdan dinozavrlar...
biz kimləri görmədik ki...

 AZƏRBAYCAN BAYRAĞI

Sən,ey gözümün nuru,
Ürəyimin qüruru...
Sən,ey canımın canı,qəlbimin iftixarı,
Sən,ey ucadan uca,zirvələrin vüqarı...
Biri Qərb,biri Şimal...qoşa qalam Şahdağı,
Azərbaycan bayrağı!
 
Savalanlı,Talışlı,Salavatlı,-varımsan,
Qürurlu Babadağım,Kəpəzim,Qoşqarımsan.
Qapıcıq,-ordu yerim,leşkərim,sərdarımsan,
İrəvana varan gün qorxudan çatlar yağı!
Azərbaycan bayrağı!
 
Şah nəğməm Xan Arazın,dəli Kürün səsidir,
Halal ruzi Muğanın,Milin müqəddəsidir.
Xəzərin gözəlliyi Tanrının müjdəsidir,
Adıntək çox uludur Vətənin pak torpağı,
Azərbaycan bayrağı!
 
Gün gələr Qarabağın ağ edərsən baxtını,
Qaytar öz qüdrətinə Xətainin taxtını!
Məğribdən Məşriqəcən dalğalanan vaxtını,
Görüb,sevincim olsun ömrümün ən xoş çağı,
Azərbaycan bayrağı!
 
Siması güldən gözəl,nur yağan camalın xoş,
Məqsədin-məramın xoş,ərkanın-kamalın xoş,
Əhdin düz,andın təmiz,yolun haqq,amalın xoş,
Ey,dilimin,dinimin,xalqımın ruh dayağı,
Azərbaycan bayrağı!
 
Göyündə tarixlərin zəfər çələngi vardır,
Qırmızında qanımın zamanla cəngi vardır,
Yaşılında ruhumun təmizlik rəngi vardır,
Səkkizguşəli ulduz,hilaldır nur çırağı,
Azərbaycan bayrağı!
 
Uğrunda fəda getdi çox ərlər,çox ərənlər,
"Haqq məndədir!"-
Söyləyib haqqa yol göstərənlər,
Azadlığın namınə ölümə döş gərənlər,
Əyilməzdi,məğrurdu Rəsulzadə sayağı,
Azərbaycan bayrağı!
 
Səcdənə durdum sənin,etdim biət,-sənindir,
Dünyaya sülh hayqıran ən xoş niyyət sənindir!
Bir kərə yüksəlmisən,əbədiyyət sənindir,
Yüksəl,ucal,dalğalan,ey bayraqlar bayrağı,
Azərbaycan bayrağı!!!
Azərbaycan bayrağı!!!

93-dən 19-a...
 
İndi bir az başqa cürdür vəziyyət,
sönük görünür insanların azadlıq sevdaları.
bir çevik polisin ovcunun içi qədərdi hürr səsi,
hələ bunun əlahiddəsi var,
xüsusi təyinatlısı,
"Alfa"sı,
"Beta"sı...
boğulmaq çox asandır öz harayında,
qışqır, heç kimin eşitməyəcəyi qədər.
Bu gün bayağı şüarlardan
daha cürətlidir polis dəyənəyi;
hələ suvuran maşınları,
tüstü şaşkalarını,
rezin güllələri,
bibər qazını demirəm heç...
O şüşəli kaskaların arxasında
nə sifətlər olduğunu bir bilsəniz,
bir bilsəniz,
anlarsınız ki,
yumruq, təkcə havada sıxılmaq üçün deyil!
Siz, ey 19-lar, biz sizi 93-də gözləyirik,
o vaxt...
o vaxt...
demirəm daha,
qısası,
gəlib çata bilsəniz...
davam edərik yarıda qalmış yolumuza!
İndi bir az başqa cürdür düşüncələr...

O BAYRAQ Kİ...
 
Bilirsənmi, adam,
dünyada ən gözəl bayraq
ən yuksəkdə dalğalanan deyil,
ən çox seviləndir...
Ən çox qorunan deyil,
ən çox öpüləndir...
Ən bahalı parcadan tikilib
ən kasıb millətin ruhuna kölgə salan deyil,
önündə diz çökülüb əzəmətinə səcdə ediləndir.
 
Bilirsənmi, adam,
mən ilk dəfə o bayrağı
Ənvər adlı bir vətən övladından almışdım.
Palıdı çantasından
gizli-gizli çıxarıb vermişdi mənə...
O da heç bayraq deyildi,
üstündə kustar üsulla 3 rəng həkk olunmuş
döş nişanı idi...
 
Bilirsənmi, adam,
biz o nişanı açıq-aşkar gəzdirə bilməzdik,
cinayət sayılırdı bu,- bilirsənmi?!
Amma,
biz o nişanı tərs üzünə,
döş cibimizin içinə sancardıq...
Ürəyimizin üstünə ki,
sevgi dolu döyüntüsünü
ən yaxın məsafədən hiss etsin.
Və...
Biz o bayraqlı nişanın nurunu
Dubinyakların,
Lebedlərin,
Bünyadovların...
bir də bir çox milli satqınların
gözlərindən çəkib çıxardıq zərrə-zərrə
daşıdıq köksümüzdə
"Qorotdel-qorotdel",
"KPZ-KPZ",
"Bayıl-Bayıl",
"Şüvəlan-Şüvəlan",
 "Xələc-Xələc"...
 Bilirsənmi, adam,
bizim üst-başımızı yoxladılar,
göz-qaşımızı yoxladılar...
Hər şeyimizi aldılar, hər şeyimizi...
pul-paramızı, saatımızı, sənədlərimizi,
cibimizdən çıxan kağız-kuğuzu,
şeiri-meiri...
Təkcə o nişanı tapmadılar, tapmadılar!
Açıq-aşkar söydülər,
gizli-gizli öydülər.
Yüngülcə tərifləyib, möhkəmcə döydülər.
İmansızlar,
təkcə qəlbimizin üstündəki o imanı tapmadılar.
 
Bilirsənmi, adam,
çox soyuq olurdu kameralar,
biz o bayraqlı nişanın istisinə qızınırdıq.
Aç idik, susuz idik,
bezəndə açırdıq sinəmizi, baxırdıq.
Nuruna
aclığımız keçirdi, susuzluğumuz sönürdü...
 
Bilirsənmi, adam,
sən o zamanlar heç anadan olmamışdın.
Olsan belə, qorxudan
kəndinizdəki kəndiniz boyda həbsxananın
divarlarına alma şəkli çəkə bilməzdin...
Çöl tərəfdən, hətta!
Amma, biz içəridə
qanımızla bayraq şəkli həkk edirdik
göy divarlara,
yaşılı çəmənlik olacaqdı bir bahar.
 
Şükür, çiçəklədi arzularımız
göy, qırmızı, yaşıl...
Daha sonra,
biz bu çiçəyi döyüş-döyüş,
cəbhə-cəbhə,
hərbi geyimimizin soluna,
beretimizin sağına sancdıq.
Başımızın üstündə ilahi bir sevgi,
Qubadlı-Qubadlı,
Laçın-Laçın,
Ağdərə-Ağdərə,
Füzuli-Füzuli,
Ağdam-Ağdam
gəzdirdik özümüzlə...
 
Sən bayraq sevənləri görməmisən, bala,
görməmisən!
Get, şeirini yaz,
şeir yazmaq hələ üçrəngli ölüm deyil.
Ölmə, sev, şöhrət üçün yox,
bayraq sevgisi üçün yaz!
Ölmək çox çətindi, mənim balam,
hər şeir yazan bacarmaz!
 
HƏYAT FƏLSƏFƏSİ
 
Əslində,
hər narazılığın məğzində duran haqsızlıqdır,
sən heç gördünmü gecə günəş doğsun,
gündüz ay çıxsın...
ulduzların sayrışmasından kimsə yanmaz,
günün günorta çağı,
ədalət deyilən təkcə adam adıdırsa,
cüt bəla gözləyir insanlığı,- saxtakarlıq və ədalətsizlik...
 
gərginlik yalnız elektrik xətlərində olmur,
həm də cəmiyyətin bətnində olur..
hər kəs layiq olduğunu almayınca
izolə etməyin mənası yoxdur işıq dirəklərini cərəyan şiddətindən...
müqaviməti yaranacaq,
mütləq yaranacaq haqqı tapdanmış kütlənin...
 
kreslo cırıltısı
konstitusiyadan daha hökmlüdürsə
Kulon qanunun BS-dəki vahidi uyğun gəlməz SQS-dəkinə...
inciməklə deyil Nyutondan,
o kəşf etsə də,
etməsə də təsir əks təsirə bərabər olacaqdı
hüquq müstəvisində...
 
...tankın qabağına əl arabası ilə çıxanlar bilməlidirlər ki,
tarazılıq pozulan yerdə nə sürət, nə təcil...
hər hansı hərəkət məğlubiyyətə cəhd eləməkdir
kinetik enerjini
ling qanunu ilə idarə etmək olmaz,
qızıl orta qaydasıdır hər kəsin öz haqqını alması.

məhbəs divarlarına
elektrik cərəyanı qoşmaqla olmur ey,
hər xətti öz gücünə görə yükləməkdədir GERÇƏKLİK,
yoxsa qəza qaçılmazdır,
bir qığılcım bəs edir alışmasına paylayıcı mənbənin...
 
patronun atmasına
və ya atılmasına güvənmək nadanlıqdır,
bayram atəşfəşanlığı zənn edənlər tapılacaq zəbanə çəkən alov dillərini,
...bir də partlayış səslərini...
atəş düşdüyü yeri yandırar,- demişdimi hansısa filosof?
"qaytağı" oynamaqla söndürmək olmaz
lava axıntısını,
nə də "uzundərə" sifariş verməklə kraterin mənşəyini...
 
əslində, HƏQİQƏT dediyin daha uca elmdir,
HAQQ dediyin ondan da ali...
göstərənin əli kəsilər, söyləyənin dili...

ÇAY DƏSTGAHI
 
Xoruzquyruğudur dünya şər vaxtı,
pürrəngi görünər gözünə hər yan.
üstündə bir əlçim payız buludu,
ürəyi yanana nəlbəki qayıq...
 
qupquru dil-ağzın qarsar havanı,
dəniz qasırğanı üfürər köz-köz...
musson küləyidir nəfəsindəki
sonra duman-duman sönər ciyərin.
 
içinin yanğısı qaysaq bağlamaz,
dişləmə qənd kimi şirinmiş həyat.
bir qaşıq iştaha gülər kişmişi,
mürəbbə qabında moruq zoğalı.
 
dinər alov-alov palıd kömürü...
əlində bir ovuc armudu şadlıq,
çəkər ürəyini samovar sarı...
ayağın altında əsrlik kilim
 
əsər dodaqların pörşələnməyə,
eşqdir buxar-buxar qırnadan axan.
dudkeşə yayxanıb dəm tutar həyat,
həzin bir zümzümə segah üstündə...
 
ayrıdı ləzzəti bardaş qurmağın,
darıxıb mütəkkə dirsək vurmağa.
çay nədi, say nədi,- demiş babalar,
süzülən gözüdür Ağcabulağın.
 
mürgüdür sonrası kənd sobasının,
qırılar quluncu döşəkçələrin.
çıxar çöl-bayırın soyuqdəyməsi
tər axar köynəyin nəm kürəyindən...
 
Bir nəğmə oxuyar tərli pəncərən,
təpədən-dırnağa şərq dəstgahıdır...
"armudu stəkanda çay...
 ürəyin yananda çay"...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)