Edebiyyat.az » Poeziya » Habil Yaşar - Müqəddəs Məryəm Ana!

Habil Yaşar - Müqəddəs Məryəm Ana!

Habil Yaşar - Müqəddəs Məryəm Ana!
Poeziya
admin
Müəllif:
20:47, 06 iyun 2022
1 880
0
Habil Yaşar - Müqəddəs Məryəm Ana!



Müqəddəs Məryəm Ana!

Sənin gözlərindəki hüzndür ki, öldürür məni,

və səni də öldürən bəşəriyyətin bu günə qalmasıdır heç şübhəsiz...

Yaşadığın zamandan əsrlər keçməsinə baxmayaraq,

arzuladığın gələcək arzu olaraq da qalır,

getdikcə şeytana papuş tikməkdə olan insanlara

artıq dualar da kar eləmir,

Tanrı belə unudub  yaratdıqlarını deyəsən…

zülmətə qərq olmuş dünyanın

sükür ediləsi azacıq nəyisə qalıbsa,

o zaman nədən gülümsəmir gözlərin?

Danılmaz bir həqiqət var ki,

daşa dönmüş ürəklərə təsir etmir sözlərin.


Biz o insanlarıq ki, günahlarımız üçün özünü qurban verən

o məsum oğlunu çarmıxa çəkməklə “şərəfləndik”

və biz o insanlarıq ki, düzəlmədik ki, düzəlmədik…

hətta bir balaca düzəlmək üçün can atmadıq belə…

Aya uçmağı bacarsaq da,

kəşf edə bilmədik ruhumuzun dərinliyini…

halbuki o dərinlikdə məsafələrin sonsuzluğu uzandıqca uzanır…

kim bilir, bəlkə də Tanrının özünə qədər…

Hər nə qədər üstünlük verdikcə şəhvətimizə, 

tutduqca gözlərimizi dünya nemətlərinin faniliyi,

mənəviyyatımızdan bir o qədər uzaqlaşdıq, 

Korlaşdıq, Məryəm Ana, korlaşdıq. 


"Ardınca gedənlərinin",  yolunu azdıqlarını, 

görməyəcək qədər səfeh deyiləm, Məryəm Ana! 

Günaha gedən yollar qədər,

haqq yolunda həvəslə yürüsəydi ayaqlarımız…

bir yetimə şəfqətlə sığal çəksəydi barmaqlarımız…

milyon sifətimiz olmağına rəğmən,

bəlkə üzünə baxmağa azacıq cəsarətimiz olardı, Məryəm Ana!


Sənə sadiq qalmağı bacardımsa zərrə qədər, 

qanayan yarana məlhəm ola bildimsə azacıq,

qoy mənə hər nə deyirlər desinlər, 

vecimə də deyil ... 

amma sənə olan sevgimə,

və çox guman ki, sənin də mənə olan mərhəmətinə,

təki kölgə sala bilməsinlər… 

baxıb sevinməsinlər 

aramızdakı qırğınlığa. 


Bədxah ürəklilər

səni araşdırmaqla məşğul olduqlarından,

qara niyyətləriylə

hardan biləcəklər,

məna içində mənasızlığa düçar olduqlarını…

ruhun  üzüləcək saxtakarların üzsüzlüyündən,

göz yaşların axmağa davam edəcək, Məryəm Ana!  


Din pərdəsi altında, 

tökülən qanlar hesabına, 

varlanacaqsa din adamları, 

yoxsullaçacaqsa cahilləşdikcə cahilləşməkdə olanlar, 

bir o qədər rahatlıq olmayacaq sənə, Məryəm Ana!

hər damla göz yaşında

milyonlarla insan faciəsinin təfərrüatları gizlənir, 

və nə qəribədir ki, 

bizlər uzaqlaşdıqca insanlıqdan,

həm o məsum oğlunun gəlişi  gözlənilir....

həm də vicdansızlıq baş alıb gedir...  

Necə ziddiyyətli  olduğumuzla yanaşı,

çıxılmaz vəziyyətdə qaldığımıza

bizdən daha çox sən şahidsən, Məryəm Ana! 


Rəhm elə bizə, Tanrı! 

Rəhm elə, Məryəm Ana!


 26.05.2022


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)