Edebiyyat.az » Poeziya » Azad Qaradərəli - Melanxolik havalar

Azad Qaradərəli - Melanxolik havalar

Azad Qaradərəli - Melanxolik havalar
Poeziya
admin
Müəllif:
12:43, 10 oktyabr 2022
1 651
0
Azad Qaradərəli - Melanxolik havalar

 

 

 


 

 

            DİLİMİZİN ŞƏHDİ, ŞƏKƏRİ VƏ ŞERİYYƏTİ

 

            (Bir şeirin və bir şairin gücü haqqında yarımçıq esse)

 

                                                                              Çoxdandı inzivaya çəkilmişdim. Heç nə oxumurdum...     

                                                                              …Və bu gün bir şeir oxudum, geri qaytardı məni…

                                                                                                      (Müəllifin internet statusundan)

 

            Əziz dostum Eldar Baxışın 75 illiyinə həsr olunmuş tədbiri acılar içində təxirə saldıq. Bir yandan igidlərimizin şəhid edilməsi, anaların göz yaşları, torpağımızın qan ağlaması, bir yandan da aylardır hazırlaşdığın tədbirin təxirə salınmaq məcburiyyəti… (Nə gizlədim, özümə yaraşdırmasam da, ürəyimdən bədgüman şeylər də keçdi: ağlımız və bəxtimiz olsaydı, biz də başqaları kimi vəzifələrdə olardıq, deputat-filan olardıq… Yanımızda sürüynən müxbir-filan dolanardı, yüksək səviyyədə ad günləri, yubileylər, pullar havada oynaşardı… Amma… Amma qardaşım, biz özümüz bunlardan könüllü imtina etmədikmi?! Biz özümüz bu ağrılı-acılı yolu seçmədikmi?! Eldar da, mən də istəsəydik… Fəqət, biz istəmədik! Biz istəyə bilməzdik!.. Kim harda olur-olsun, biz burdayıq! Bəs siz hardasınız?!)

            …Və belə günlərdə ölkədə kitab sərgiləri, hay-küylü tədbirlər belə diqqətimi çəkmir.

            …Və belə gündə heç nə yazmadığım, heç nə oxumadığım çağlarda bir şeir hardansa, elə bil quş dimdiyində gəlib qondu ağıllı telefonumun ekranına və dedi oxu məni!

            Bir-iki cəhddən sonar şeiri oxuya bildim. O qədər ilgimi çəkdi ki, bir neçə dəfə oxudum. Elə ilk misralardan anladım ki, qayıdıram. Paralel dünyadakı zamanım başa çatır. Nədən bildim, ondan ki, artıq təkcə şeir haqqında deyil, şair haqqında da düşünməyə başlamışdım…

            Əvvəl şeir haqqında.

            Ənənəvi formada və elə ənənəvi üslubda yazılsa da, şeirdə bir ritm və axsaqlıq duyurdum. Əcaba, ritnm hara, axsaqlıq hara?!

            Ritmə baxın:    

 

Ölməyə nə var ki, gözünü yum, get…

Burax dünyanı da, qayğıları da.

Gələrlər, gedərlər, yolu ot basar,

bir gün tərgidərlər darıxmağı da… 

 

            Ölüm. Gözün yumulması. Dünyaya əlvida demək. Qayğıların yox olması. Qəbrin üstünə gəlib-gedənlərin sırası seyrələr. Yolu ot basar. Sənin üçün darıxan yoxdur daha…

            Hamısı təbiidir. Ən dəhşətlisi sonuncudur: sənin üçün darıxan yoxdur! Səni xatırlamırlar. Sən axı onlara nə vermisən ki?! İztirab, ağrı…

            Hə, indi aydın oldu bu şeirin mənə bu qədər doğma olması. Bizlər, o vəzifələrə, o kürsülərə meyl etməyənlər övladlarımıza quruca addan və ağrı-acıdan başqa bir şey qoyub getmirik axı… Onlar isə… Onlar isə… Villalar, adalar, milyonlar… Və yanlarındakı müxbir sürüsü, gənc ədiblər dəstəsi…

            Hələ ikinci bənd?!        

 

Sonrasın düşünmə geyimlərini,

verərlər yoxsulun biri geyinsin.

Ya suya atarlar, ya basdırarlar,

insan qoxusuna torpaq sevinsin! 

 

            Bizdən sonra, sən deyən, elə çox geyim də qalmaz ki! “Soyxa” adlı hekayəm var. Qəhrəmanım ölüb, el adətincən, araya açıb ağlamağa bir abır paltarı yox. Gedib kənd mağazasından üstü etiketli kostyum və ayaqqabını prokata götürürlər, gətirib mərhumun paltarı kimi araya açıb ağlayır qadınlar… Qızı da qışqıra-qışqıra deyir, ay allah bu paltarlardan dədəmin iyi gəlir…

            Bənddəki son iki misranın azı beş min il yaşı var:”Ya suya atarlar, ya basdırarlar/İnsan qoxusuna torpaq sevinsin…”

            Məni bu an tamam ayrı bir səs çağırır. O paltarın sahibi, daha doğrusu, saxta sahibi əlini hülqumuna aparıb, snki “Bu çarığın olsun, məni biabır eləmə” deyir, sonra palratı suya atılan, yaxud yerə basdırılan adam xəfifcə başını aşağı salıb büzüşür, lap uzaqlardan, zülmət qaranlıqlar içərisindən, Cəhənnəmdən bir səs də eşidilir:

 

            Mən özüm də bu sayaq – canda qorxu və həyəcan,

            Bu ölümə aparan yolları görüm deyə,

            Çevrilib ehtiyatla geri baxdım bircə an…

 

            (Qəribə də olsa, bu Dantenin səsidir. Bir essemdə adını çəkdiyim axşam yuxuma gəlmişdi, əl verib dostlaşmışıq. İndi xəbərim olmadan “İlahi komediya”sının misraları bu esseyə də daxil oldu…)

            “Cevrilib ehtiyatla geri baxdım bircə an…” Yox, bu mövzumuz olan şeirdən deyil… Bu Dantedəndir… Eeeee… Qarışdı ki aləm… Nə bilim, bundan sonrasını özünüz yerbə yer edərsiniz…

 

Bir gün dəyişərlər yataq yerini,

yığarlar paketə qalan nə varsa.

Atarlar çardağın tozlu küncünə,

ya da daş qəlblisi vurub yandırsa… 

 

            Hə… Ən müdhiş səhnə burasıdır. Demişdim axı. Bu şeirdə bir gözəgörünməz ritm var. Şüur axını elə sürətlə baş verir ki, nəyin nə olduğunu araşdırıncan iş işdən keçir. Əvvəl sənin o isti yatağını yığışdırarlar (sən orda ömrünün ən mənalı çağlarını keçirmişdin: uzanıb fikrə dalmışdın, sevgilinlə sevişmişdin, yeni doğulan körpələrini oxşamışdın, uzun-uzun rəngli-rəngsiz yuxular görmüşdün…), elə belə yığışdırmazlar, necəgəldi büküb, bir paketə, torbaya yığar (aman allah o yatağın istisi hələ çəkilməyib, sevgilimlə sevişəndə çıxardığımız intim səslər hələ o yatağın yaddaşındaıdır axı!), tozlu bir çardağın kümcünə atarlar (toz basmış xatirələr bu cür olurmuş, ilahi?!), ya da… ya da… ən dəhşətlisi budur: yandırarlar o yatağı – bu daha sondur, sevginin də, sevişmələrin də, intim hıçqırıqların da sonu… Dünyanın sonu… “Çevrilib ehtiyatla geri baxdım bircə an…” O dahi buna görə gəlibmiş essemizə - çatışmayanları yerbəyer eləməyə…

 

Bir göz qırpımında yaşandı, bitdi,

seyr etdin illərə sığışmağını…

İndi anladınmı doğulanların

dünyaya gələndə ağlamağını?!

 

            Bu bənddəki sonuncu misralar başqa bir dahiyə götürəcək bizi. Dante bizi 700 il əvvələ aparmışdısa, aşağıdakı misralar düz 500 il əvvəlin məhkum Şərqinə aparacaq. Ki, orada insan doğulan gündən ölənəcən zülm və istibdad içərisindədir. Bunu görübən zar-zar ağlayır:

 

Ol dəm ki, bu xakdanə düşdü,

Halını bilib fəğanə düşdü.

Axır günün əvvəl eyləyib yad,

Axıtdı sirişkü qıldı fəryad,

Yə'ni ki: "Vücud dami-qəmdir;

Azadələrin yeri ədəmdir…”

 

            Bəs niyə ağlayır? Çünki bilir ki, “azadələrin yeri ədəmdir…” – azadlıq aşiqlərinin yeri yoxluqdur, cəhənnəmdir… Yenə yoxluq… Yenə cəhənnəm… Bu şeir əhlini cəhənnəmə dartan nədir, əcaba?! “Yoxdan var olanlar”ın yeri sonda yenə yoxluqmu olur?

            

Torpağın üstündə daşdan baş daşı,

torpağın altında bir qucaq sümük!

Bir neçə xatirə…yadlara düşsə,

bir də arxivlərə atılmış kimlik…

 

            Bu da son. Bir qara baş daşı, bir qucaq sümük, yada düşsə bir xatirə… bir də ələ gəlsə, arxivlərdə qalası kimliyin…

            Buna görəmi bir-birinizi qırırsınız?

            Buna görəmi xalqın var-dövlətini talayıb xarici banklara daşıyırsınız?

            Buna görəmi Azərbaycan torpaqlarına hücum çəkirsiniz?

            Buna görəmi Ukraynanı parçlamağa çalışırsınız?

            Buna görəmi dünyaya diş qıcardıb atom bombası ilə hədələyirsiniz?

            Eheyyyy! Bir qucaq sümüklər?!

            Gerisini şair xanım Aida Adıgözəldən soruşun.

            Zatən bu boyda hay-həşiri onun misraları çıxartmışdı.

            Əcaba, bu şair xanımın o biri şeirləri də bu gücdəmi?

            Yaşayarıq, oxuyarıq, görərik…

            Qarşıdan isə azman şairimiz Eldar Baxışın 75 illik yubileyi gəlir..

 

                                                                                                                      08.10.2022

 

 

 

 

            

 

Olurmu bir ömür qış yuxusunda,

durmadan yazasan eşq məktubları?!

Nə qədər içsən də eşq şərabından

bir çoban aldadan yağış bəs edər,

bir gün

ayıltsın məst olmuş key sərxoşları…

 

 

 

Bir tutqun havada üşüyər könlün,

baxarsan ömründən sildiklərinə.

Gələr yavaş – yavaş melanxoliya,

bir vaxt ağladığın güldürər səni,

sonra,

sonra da susarsan güldüklərinə…

 

 

 

Alar qəm karvanı çıxarar yola,

bir yaz sabahında şimşəklər çaxar.

Boz bulud topası keçər gözündən,

lillənmiş illərin bataqlığında

qəfil

xatirə yağışı səni isladar…

 

 

 

Qoyarsan çəkiyə yanlışlarını,

iyirmilik yaşlar güldürər səni.

Otuzlar keçidmiş ağıllanmağa,

qırxda üzülərsən itirdiyinə,

əllidə –

geridə qalanlar öldürər səni…

 

 

 

Altmışdan sonrasın danışma daha,

yadından çıxarsan doğmanın, yadın!

Dilin topuq vurar, çənən də əsər,

səni çağırırlar, –  “kar, kor şoğərib”,

hətta

bir gün unudarsan nə imiş adın …

 

Adı və dadı olmayan şeir

 

 

 

Ölməyə nə var ki, gözünü yum, get…

Burax dünyanı da, qayğıları da.

Gələrlər, gedərlər, yolu ot basar,

bir gün tərgidərlər darıxmağı da…

 

Sonrasın düşünmə geyimlərini,

verərlər yoxsulun biri geyinsin.

Ya suya atarlar, ya basdırarlar,

insan qoxusuna torpaq sevinsin!

 

Bir gün dəyişərlər yataq yerini,

yığarlar paketə qalan nə varsa.

Atarlar çardağın tozlu küncünə,

ya da daş qəlblisi vurub yandırsa…

 

Bir göz qırpımında yaşandı, bitdi,

seyr etdin illərə sığışmağını…

İndi anladınmı doğulanların

dünyaya gələndə ağlamağını?!

 

Torpağın üstündə daşdan baş daşı,

torpağın altında bir qucaq sümük!

Bir neçə xatirə…yadlara düşsə,

bir də arxivlərə atılmış kimlik…

 

 

Zamanla sovrulanlar

 

 

Nə zamanı dayandırmaq istəyirəm,

nə əqrəbi geri çevirmək,

nə də irəli çəkmək…

Gəmi kayutuna bənzəyən,

kiçik pəncərəli

yarım qaranlıq otaqdan görünən

yamyaşıl ağacların,

tikilən hündür mərtəbəli binaların fonunda qarışqa kimi işləyən,

torpağın ciyərini söküb çıxaran fəhlələrin

və texnikanın hay – həşirində

yeni bir baharın səsi duyulur quşların civiltisində.

Nə olsun ki,

kükrəmiş dənizin üstündə uçan bir cüt qağayının hıçqırığına uğunub gedir dalğalar? !

Dəniz məhv etməyə,

qağayı isə yazda bala çıxarmağa öyrəşib…

Hüzur haradadır desəm,

hüzur hardaymış desən,

bir itin başını sığallayıb ona yemək verməyin,

ölməkdə olan ac pişiyə

bir tikə çörək atmağın həzzindəymiş, bil!

Zamanında çox şeyləri sevdim,

indi isə zamanı sevirəm!

Hər şeyi unutdurur deyə!..

 

 

Cənnətdən qovulanlar

 

 

 

Bir kişi həsrəti

intihar kəndiridir

Qadının ehtiras arzularına!

Hər gecə işlər arzu cinayətini,

“günah” adlı bıçaqla

doğrar bədənində hormonlarını!

Və istəyini könlündə boğmağa,

yatağında öldürüb

yorğanında basdırmağa,

məhkum, məhkum!

Hər gecə,

səhərə

içməyə yığar göz yaşlarını,

dodaqlarının

qəmli təbəssümündə dəmlər “şirin çayını”…

İstərsə töhmət,

edərsə lənət …

Və soxallar gözünə cahilbaşlar,

– siğə var,  kəbin var, – deyə…

Hər yerdə cəhənnəm atəşi, şəriət!

Hünərin var dilinə gətir Qadın,

ağızlarda saqqızsan çürümüş,

dedi – qodu, söz – söhbət…

Pulla alınar istəyi,

hər arzusu, – minnət, minnət!

Bir gün

qolundan sallanar bir Kişi əli,

bu daşlaşmış ölmüş bədənin…

Beləcə aldadıb

ovudallar

Cənnətdən qovulanların

bütün ağrı, əzablarını,

ki, – sənin ayağının altındadır Cənnət! 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)